adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
25 Yanvar 2019 00:26
12025
ƏDƏBİYYAT
A- A+

Sənətkarın gileyi


YASIN QARAYEV
Azərbaycan Respublikasının
Xalq Artisti, Fərdi Prezident
təqaütçüsü

"Mədəniyyət uşaq kimidir. Həmişə tumar və qayğı istəyir: əlinin tumarı,ürəyinin qayğısı azca azalan kimi o, hiss edir, küsür, inciyir. Bunu hamı bilməli və bir an belə yaddan çıxarmamalıdır."

Heydər Əliyev

Nə baş verir? Bu "islahat" lar bizi hara aparır?Necə adlandıraq bu "repressiv" ":::islahatları;ixtisarmı? "Təqaüd oyunu"mu(sənətşünaslıq doktoru,professor İ.Rəhimli)yoxsa soyqırımmı?
Bəs islahatların müəllifləri xalqa,tamaşaçıya, incəsənətə, yoxsa yalnız teatra düşmən kəsilənlərdir? Axı sirr deyil ki, bir aktyorun kamilləşmiş bir sənətkara çevrilməsi üçün onilliklər tələb olunur.
Hər sahədə olduğu kimi aktyor da anadan olandan ta ki, institut skamyasınadək-diplom alandan baş rollar ifaçısına çevrilənədək yetişir, püxtələşir, inkişaf edir. Və bu inkişaf prosesində də onilliklərlə səhnədə olan -tanınan, stajlı aktyorlardan öyrənir.
Doğrudanmı bir dəstə veteran-aktyorun gedişi ilə bu teatrın çiçəklənməsi və büdcəyə qənaət faktoru üzə çıxacaq?
"Dünyanın heç bir teatrında aktyoru, ya rejissoru yaşının çoxluğuna görə işdən çıxarmırlar. Çünki teatrda (eləcə də həkimlərdə, müəllimlərdə, ifaçılarda,rəssamlarda, elmi işçilərdə) əsas meyar istedad və işgüzarlıq qabiliyyətidir.
Hansısa aktyor 30-40 yaşında da teatra yararsız ola bilər. Yaxud əksinə, hansısa aktyor 80-90 yaşında teatr üçün səmərə verə bilər. Bu asılıdır onun istedadının hansı yaşa qədər bəhrə verməsindən.Gəlin unutmayaq ki, yaşlı-lakin yaradıcılığı teatra uğur gətirən aktyorun səsinin səhnədən gəlməsi mənsub olduğu sənət ocağının illər boyu formalaşan ənənəsinin layiqli davamı deməkdir. Çox-çox təəssüflər olsun ki, son illər Azərbaycan aktyorları yaş senzi ilə (65) teatrdan uzaqlaşdırılmadı olurlar. Bu teatrlara qarşı ağlagəlməz məntiqə sığmayan münasibətdir.Adını da qoyurlar ki, təqaüdə çıxan aktyor gəlib müqavilə ilə oynaya bilər.Belə düşünənlər unudurlar ki, aktyorun teatrın ştatında olmaması balığın sudan çıxarılıb yarısına qədər su tökülmüş çəlləkdə yaşamağa məhkum edilməsinə bənzəyir. Yaddaşı zəif olanlara son nəfəsinədək səhnədə çalışmış məşhur sənət fədailərinin ömür yaşlarını xatırlatmaq istəyirəm:

İsmayıl Osmanlı-76 yaş;
Füruzə Əlixanova-77;
Əkbər Dadaşbəyov-78;
Sədayə Mustafayeva-78;
Rəmziyyə Veysova-79;
Roza Sərxanova-83;
Eyyub Haqverdiyev-85 yaş;
Sofiya Hüseynova-89;
Elməddin Abbasov-92;

...Teatrı uğursuz işlərdən, yaşadıqları acınacaqlı böhranlardan "Təqaüd oyunu" ilə çıxarmaq mümkün deyil.İlk növbədə teatr sənətinə cavabdeh məmurların səhnə sənətinə yaradıcı münasibətini kökündən dəyişmək lazımdır."(İlham Rəhimli)
Yuxarıdakı "ağsaqqallar" siyahısını uzatmaq da olar; məsələn:

Vladimir Etuş-96;
Rejissor Mark Zaxarov-85;
Valentin Qaft-83;
Aleksandr Şirvind-83;
Sergey Yurskiy-84.

Bir təsiredici məqamı qeyd edim: Moskvanın Lenkom teatrının mərhum aktyoru(2018-ci ildə dünyasını dəyişdi-Y.Q.) 13 il əvvəl qəza nəticəsində əlil arabasına məhkum olduğundan nəinki səhnəyə çıxmaqdan-hətta yeriməkdən də məhrum olmuşdu.Buna baxmayaraq teatr rəhbərliyi onu teatrın ştatında saxlamaqla hər ay əmək haqqı alması qayğısına qaldılar. N.Karaçintsev ömrünün sonuna əlil arabasında yalnız teatr mövsümünün açılışında iştirak edirdi...
İstərdim ömrümün 45 ili keçən bu teatr barəsində məlumat verim:
Öncə bu sənətin incəliklərini dərindən qavrayan, ona yüksək qiymət verməklə səhnə istedadına hər kəsin malik olmadığını ərz edən dahi şəxsiyyətin söylədiyi fikirləri Sizə çatdırım: "Əfəndilər, bilin ki, hər biriniz nazir, millət vəkili, hətta cümhur başqanı ola bilirsiniz. Gəlin həyatını bu müqəddəs işə qurban vermiş bu insanları sevək!" (Mustafa Kamal Atatürk).
Sevmək nədir? Ey bizə məsuliyyəti çox, məvacivi az olan sənəti miras goyub gedən ustatlar. Təməlini qoyduğunuz teatırın 90 illik yubileyi oldu. Ruhlarınız doğma sənət ocağının əhatəsində-səhnədə, grim otaxlarında dolaşır. Lakin unudulmuş şəkilləriniz doğma sənət ocağının soyux divarlarındada yoxdur.
Allah Sizə rəhmət eləsin ruhunuzda şad olsun!
Gənc Tamaşaçılar Teatrının kollektivi demək olar ki, həmişə bir ailə kimi çalışıb və burada istilik, sevgi hökm sürüb. Bu teatra gəlişimin ilk günlərindən həmin o sevginin istisini hiss etdim: istər rəhbərlik, istərsə də yaşlı nəslin nümayəndələri olan aktyor və rejissorlardan özümə qarşı hörmət və gözəl münasibət gördüm.

Ulduz xanım və uşaqların
sevimlisi "Xoruz baba"
barədə ayrıca...

Rəhmətlik Ulduz xanım Əliyeva(baş rejissor-Y.Q.) indiki Sankt-Peterburqda təhsil almış ilk qadın rejissorlardan idi.Bu gözəl insanı daima xatırlayır, Allahdan ona rəhmət diləyirik. Teatrın kollektivinin üzvləri içərisində kimin əynində nimdaş geyim görürdüsə min-bir bəhanə ilə ( ad günü və ya obrazı layiqincə yaratması münasibətilə)o adama zənbillərlə geyim alır, hər kəsin dərdinə şərik olurdu. Xalq artisti Lətifə Əliyevanın çətin vəziyyətini nəzərə alıb "qapılar döymüş" ona Füzuli meydanından yuxarıda yerləşən Zərgərpalan küçəsi yaxınlığında mənzil verdirə bilmişdi. Xanım rejissor bu köməyini aktrisa Zərnişan Fətəliyevadan və Sona Babayevadan da əsirgəməmişdi. Axı həqiqətən də, teatrın kollektivi məhz belə insanların hesabına ailəyə çevrilir, söz-söhbət yarananda da "ailə" daxilində həll olunur.
"Xoruz baba"-yəni Hüseynağa Sadıqovsa başqa aləm idi: yaxşı xatirimdədir: bu insan sanki problem həll etmək üçün yaranmışdı: bir dəfə o, istedadlı bir rejissorun (mərhum Ələkbər Kazımovski) əsgəri xidmətə yollanmasının onun gələcək yaradıcılıq yolunda bir boşluq yaradacağından ehtiyat edib məsələnin "otsroçka"-yəni müvəqqəti olaraq əsgəri xidmətdən yayınma yolu ilə həllinə nail olmuşdu. Və təbii ki, enerjili və istedadlı gənc məqamında istedadını üzə çıxarandan və püxtələşəndən sonra vətənə əsgəri borcunu verməyə yollandı. (Qeyd edim ki, bu güzəşt tələbə olarkən (institutun rektoru, rəhmətlik Rahib Hüseynovun köməyilə) mənə də şamil olunmuşdu)
Humanizm və insana fərdi yanaşma prinsipləri barədə danışarkən mərhum direktor Məmməd Mərdanovun (xalq artisti Mustafa Mərdanovun oğlu-Y.Q.) adını çəkməyə bilmərəm: qastrol səfərləri zamanı aktyorların normal qidalanmasının qayğısına qalır, müxtəlif yollarla-bəzən şəxsi vəsaiti hesabına onların maliyyə vəziyyətinin yaxşılaşmasına yardımçı olurdu. Gənc Tamaşaçılar Teatrının tarixinə nəzər salanda görürsən ki, burada nəinki direktorlar-hətta teatrın təməlini qoyanlar: Məmmədağa Dadaşov, Susanna Məcidova,Süleyman Ələsgərov, Kərim Həsənov, Hüseynağa Sadıqov kimi korifeylər də biz gənclərə əzizləri kimi yanaşırdılar.Həmin insanların səs ucaltmaq, göstəriş vermək, tənbeh etmək haqqı vardı.Amma bu onların ağlına belə gəlmirdi.Çünki onlar əsil insan-əsil sənət fədailəri-sənət aşiqləri idilər: təkəbbürdən uzaq, sənət yolunda-əsil istedad yolunda hər bir şey etməyə hazır olan sənət aşiqləri.
Azərbaycan xalqının görkəmli yazıçısı, dramaturq Ə.Haqverdiyevin dediyi kimi: "Dünyada insaniyyətə, millətə və mədəniyyətə ən böyük xidmətlərdən biri artistlikdir. Artist üzünü unlayıb, acı həqiqətləri sənətin şəkəri ilə şirinləşdirib camaata yedirdir. Bu cəhətdən artistliyin yolları nə qədər ağır və tikanlı olsa da,qiymətlidir; çünki nəticəsi parlaqdır".
Sirr deyildir ki, ümummilli liderimiz mərhum H.Əliyev cənabları incəsənətə,teatra və teatr xadimlərinə bağlı bir insan idi. O, hələ Naxçıvanda orta təhsil alarkən sinif yoldaşı olan gələcəyin xalq artisti Zəroş Həmzəyevanın gələcək həyat yoldaşı Miribrahim Həmzəyevin dram dərnəyində, sonralar-Bakıda keçən tələbəlik illərində isə müxtəlif dram dərnəklərində məşğul olurdu.Onun sözlərilə desək: "Şərqdə ilk teatr olan Azərbaycan teatrı maarifçilik və azadlıq ideyalarının carçısına çevrildi,köhnə dünyanı dağıdıb alt-üst etməkdə mühüm rol oynadı...."
1978-ci ildə Heydər Əliyev əfsanəvi səhər meri Əliş Ləmbəranskiyə yeni teatr binasının tikilməsi barədə tapşırıq verdi. (memarlar Sənan Salamzadə və Rəhim Feyzullayev) və 1988-ci ildə teatrın binası istefadəyə verildi.
Yəqin ki, bu sənət ocağının sözün əsil mənasında təməlini qoyan sənətkarların ruhu məni bağışlayar: təvazökarlıqdan uzaq da olsa qeyd edim ki, hazırkı binanın sözün əsil mənasında özülü qoyulanda biz üç aktyor-mən, Azər Mirzəyev və Gülşən xanım Qurbanova müvəqqəti quraşdarılmış taxta duracaqda dayanıb minnətdarlıq çıxışımızı etmişdik.
Doğma Teatrımızın 90 illik yubileyi günləri də yetişdi. Yola saldığımız 2018-ci ilin son ayında 90 illik yubileyini qeyd edən Gənc Tamaşaçılar Teatrı buna hazırlaşmaqla kifayətlənmədən, teatrın təməlini qoymuş, artıq dünyasını dəyişmiş korifey sənətkarlarla çiyin-çiyinə çalışıb, tamaşaçı sevgisi qazanmış aktyorlar da daxil olmaqla bir sıra veterana yubiley "hədiyyə"si etməklə "Yaxşı yol" arzuladı.(necə məsləhətdir)... Bu "hədiyyə", o qədər yerinə düşdü ki, aktyorlar rəhbərliyə təşəkkür etməyi belə unutdular...

5 min manatlıq ABSURD

Az qala unutmuşdum: xanım-direktor ərz edir ki, "yaşı keçmiş" aktyorların işləməsinin hər ili ona 5 min manat cərimə hesabına başa gələcək. Əlbəttə, biz hüquqşünas deyilik, amma bu mətləbi "Tarixi-nadir"i yarıya kimi oxuyanlardan xəbər alanda məlum oldu ki, belə bir qərar yoxdur.
79 yaşlı Xalq Artisti, Fərdi Prezident təqayütçüsü, Şöhrət ordenli Cənnət Səlimova GTT rəhbərliyinin yaşlı aktyorlarla bağlı gərarına nərazılığını bildirib.
"Böyük ədalətsizlikdir. Dramaturgiya təkcə gənclər üçün yazılmır. Orada ata,ana,nənə və babalar iştirak edir. Mən başa düşə bilmirəm ki,bəs bu yaşlı rollarını kim oynayacaq? Qocaları qovub truppanı gənclərlə doldurmaq düşünülməmiş qərardır.
Gənc Tamaşaçılar Teatrının 56 illik "sakini":
Sona xanım Babayeva: "Heç bir fəxri adıvm yoxdur. 56 ildir ki, bu teatrın işçisiyəm. Sakini də deyə bilərəm: çünki evim yoxdur: kirayədə qalıram. Bu sənətə hələ uşaq evində yaşadığım çağlardan vurğunam.
60-cı illərdən taleyimi GTT ilə bağlamışam. Amma bu gün bəlli olur ki, mədəniyyətə həsr etdiyim ömrümün bu çağında teatra lazım deyiləm. Nə deyim? Qarşımıza 1 vərəq kağız, 1 vərəq də "nümunə" qoydular ki, ərizə yazın... Bu yaş senzini, belə başa düşdüm ki, yalnız bizim teatra "aiddir".
Teatr aktyorun evidir və aktyoru teatrdan çıxarmaq onu öz evindən qovmaq kimi bir şeydir. Axı hələ qolunda qüvvət, ürəyində sənət eşqi, "canında su" olan aktyorları mənəvi cəhətdən öldürmək kimə lazımdır? Direktora, Mədəniyyət nazirliyinə, xalqa, yoxsa Maliyyə Nazirliyinə? Bəlkə büdcəyə külli miqdarda ziyan vuran da bizik?
Sözümü yenə də Azərbaycan xalqının görkəmli oğlu Heydər Əliyev cənablarının yaddaşlarda iz buraxmış sözləri ilə davam etdirirəm:
"Teatr və incəsənət sahəsində çalışanlar çox fədakar insanlardır. Səhnədə onlara baxanda çox qayğısız, xoşbəxt insan kimi görünürlər, həmişə şəndirlər. Ancaq onların həyatının səhnə arxasında necə olmasını çoxları bilmir, heç təsəvvürlərinə də gətirmir. Mən bunları bilirəm. Ona görə də incəsənət adamlarını cəmiyyətdə çox yüksək tuturam... (Heydər Əliyev).
HARA GEDİRİK? Yenə də anlamıram: məmurlar bu istedadlı və təcrübəli insanlara mənəvi zərbə vurmaqla nə qazanırlar ? Teatra olan bu münasibəti tərbiyə etdiyimiz uşaqlara nə cür təqdim edib-bu "sağollaşma"nı nə cür "malalayaq?"
Milli-mənəvi dəyərlərimizi və konkret olaraq Gənc Tamaşaçılar teatrının səhnəsini kim və niyə çökdürür sualına hansı cavab var?
Budur əsas məsələ...