adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
25 Yanvar 2019 00:21
14396
ƏDƏBİYYAT
A- A+

MİR CƏLAL ƏDƏBİ İRSİ AZƏRBAYCAN MİLLİ KİTABXANASININ NƏŞRLƏRİNDƏ

(əvvəli ötən sayımızda)

Ədibin ayrıca kitab şəklində ən çox çap olunmuş bədii əsəri 1940, 1949, 1953, 1970, 1980, 1984 və 2016-cı illərdə müxtəlif redaktorlarla nəşr edilmiş "Bir gəncin manifesti" (7 dəfə) əsəridir. Bu əsər ümumilikdə həm ayrıca kitab şəklində, həm "Seçilmiş əsərləri"nin içində, həm də orta məktəb dərsliklərində 80 dəfə çap olunmuşdur.
"Füzuli sənətkarlığı" monoqrafiyası Həmid Araslının redaktorluğu ilə 4 dəfə - 1958, 1994, 2007 və 2018-ci illərdə işıq üzü görmüşdür.
Ədibin Firidun Hüseynovla birgə yazdığı "XX əsr Azərbaycan ədəbiyyatı" da 1969, 1974, 1982 və 2018-ci illərdə 4 dəfə çap olunmuşdur. İlk iki nəşrin elmi redaktoru B.Nəbiyev, son 2 nəşrinki isə T.Mütəllimov olmuşdur.
Ədibin hekayələri arasında həm "Seçilmiş əsərləri"nin içində, həm də ayrıca dövri mətbuat səhifələrində çap olunmuşları bunlardır: "Gülbəsləyən qız" (20), "Ərik ağacı" (19), "Ləyaqət" (16), "Söyüd kölgəsi" (14), "Badam ağacları", "Plovdan sonra" (13), "Məşriq" (12), "Nanənin hünəri", "İnsanlıq fəlsəfəsi", "Göylər adamı", "Elçilər qayıtdı" (11), "Aqil", "Bostan oğrusu", "İki rəssam", "Kəmtərovlar ailəsi", "Mərcan nənə", "Oğul" (10).
Oçerkləri arasında "Qələbənin açarı", "Zavodun tərcümeyi-halı" və "Marksın dostu" əsərləri 4 dəfə həm "Sağlam yollarda" (1932) oçerklər, həm "Gözün aydın" (1939) hekayələr və oçerklər kitabında, həm "Seçilmiş əsərləri"nin içində, həmçinin ayrıca mətbuat səhifələrində nəşr edilmişdir.
Novellalarından "İşıqlı yollarda" və "Myaxqıy" əsərləri 3 dəfə həm "Gözün aydın" (1939) hekayələr və oçerklər kitabında, həm "Seçilmiş əsərləri"nin içində, həmçinin ayrıca mətbuat səhifələrində çap olunmuşdur.
Felyetonlarından "Dardanel" 2 dəfə "Seçilmiş əsərləri"nin içində, həmçinin ayrıca mətbuat səhifələrində nəşr edilmişdir.
Şeirlərindən "Anamın vəsiyyəti", "Dənizin cinayəti", "Müxbir" və "Qızıl oktyabr" şeirləri 2 dəfə "Seçilmiş əsərləri"nin içində, həmçinin ayrıca mətbuat səhifələrində çap edilmişdir.
Mir Cəlal Paşayevin ədəbi-tənqidi və publisistik məqalələri arasında ən çox çap olunanı Azərbaycan SSR EA-nın Xəbərlərində nəşr edilmiş H.Araslı və F.Qasımzadə ilə birgə qələmə aldığı "Azərbaycan ədəbiyyatı lüğətinin "A" hərfinə aid hissəsi" (18 dəfə) adlı məqaləsidir ki, hər dəfə müxtəlif ədəbiyyat nümayəndələrimiz haqqında yazıları əks etdirir.
Ədibin Abbas Səhhət haqqında məqaləsi 10, Məmməd Səid Ordubadi haqqında məqaləsi 6, Nəriman Nərimanov və Cəlil Məmmədquluzadə haqqında məqalələri isə 5 dəfə həm "XX əsr Azərbaycan ədəbiyyatı" adlı ali məktəblər üçün dərslikdə, həm "Azərbaycanda ədəbi məktəblər (1905-1917)", həmçinin digər kitablarda çap olunmuşdur.
Mir Cəlal Nizaminin "İlin fəsilləri", "Xeyir və şər", "Kərpickəsən", "Fitnə", "Yeddi gözəl" əsərlərini müxtəlif illərdə kitab şəklində çap etdirmişdir ki, bunlardan ən çox nəşr ediləni "Fitnə" (6) və "Yeddi gözəl" (4) əsərləridir.
Ədib Həmid Alimcan, S.Xaldarova, Batı, Bəhram İbrahim, V.Mayakovski, Mir Təmir, Muratsan, Fəxri Erdincdən tərcümələr etmişdir.
Mir Cəlal haqqında ən çox çap olunmuş müəlliflər bunlardır: H.Hüseynova (49), B.Nəbiyev (34), N.Həsənzadə, Ə.Hüseynov (24), H.Əfəndiyev (23), M.Arif (21), Z.Əliyeva (20), T.Salamoğlu (17), N.Cəfərov, T.Mütəllimov (15), M.Cəfər (14), C.Xəndan (13), N.Babayev, A.Hacıyev, İ.Əliyeva, Y.İsmayılov, C.Muradov (11), Y.Seyidov, D.Səlimxanlı, Q.Namazov, Q.Xəlilov, X.Əlimirzəyev, C.Abdullayev (10).
Ədibin "Seçilmiş əsərləri" və "Bir gəncin manifesti" əsəri rus dilində kitab kimi 5 dəfə, "Ürəkdə yazı" və "Tamaşa" hekayələri 4 dəfə, uşaqlar üçün işlədiyi Nizaminin "Fitnə" əsəri kitab şəklində 4 dəfə işıq üzü görmüşdür. Mir Cəlal haqqında bu dildə ən çox yazı ilə çap olunan H.Hüseynova (10), əsərlərini ən çox tərcümə edənlər isə S.Bəylərova və Ə.Şərif (7), E.İbrahimov (5) və V.Vasilevskiy (4) olmuşdur.
Akademik Nizami Cəfərovun müəllifi olduğu "Mir Cəlalın milli idealları" adlı kitab da Milli Kitabxananın nəşridir.
Kitabın elmi məsləhətçisi Xalq şairi Nəriman Həsənzadə, elmi redaktoru isə Milli Kitabxananın direktoru prof. Kərim Tahirovdur. "Ön söz", "Milli tərəqqidən milli müstəqilliyə", "Milli ədəbi irsg Və milli ideallar", "Ədibin ailə metafizikası", "Son söz"dən ibarət olan kitabda ""Bir gəncin manifesti"ndən "Bir səfirin manifesti""nə adlı əlavə də verilmişdir.
"Ön söz" məqaləsində müəllif görkəmli ədibin həyat və yaradıcılığını dövrlər üzrə vermiş, yazıçını "öz taleyi ilə Azərbaycanın Şimalı ilə Cənubunun ümummilli bütövlüyünün həyati simvolu" adlandırmışdır. ""Bir gəncin manifesti"ndən "Bir səfirin manifesti""nə adlı əlavədə görkəmli Azərbaycan ziyalı-intellektualı Hafiz Paşayevin "Bir səfirin manifesti" kitabı ilə Mir Cəlalın "Bir gəncin manifesti" əsəri arasında müxtəlif dövrlərdə, müxtəlif janrlarda yazılsalar da, həm ideya-məzmun, həm də ifadə üslubca kifayət qədər dərin əlaqələrin olmasından bəhs edilmişdir.
Milli Kitabxana Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birlikdə Azərbaycanın görkəmli şəxsiyyətlərinə dair tanıtım nəşrləri layihəsinin icrasına başlamışdır. Bu layihəyə əsasən görkəmli şəxsiyyətlərin, alim və ziyalıların heç zaman çap olunmayan əsərləri, habelə onların dünyada tanıdılmasına xidmət edən bioqrafik materialların nəşri nəzərdə tutulur. Həmin seriyadan Mir Cəlal Paşayevin indiyədək ayrıca kitab şəklində çap olunmayan ədəbi-tənqidi və publisistik məqalələri küll halında 2 kitabda toplanaraq oxuculara və tədqiqatçılara təqdim olunmuşdur. "Mir Cəlal. Publisistika (1926-1977)" və "Mir Cəlal. Ədəbi tənqid (1931-1974)" adlı bu iki nəşrdəki materiallar əsasən Milli Kitabxananın arxiv fondunda mühafizə olunan dövri mətbuat nəşrlərindən, ölkəmizin digər iri kitabxanalarının zəngin kolleksiyalarından və Dövlət Mədəniyyət və İncəsənət Arxivinin fondlarından toplanmışdır.
Layihənin rəhbəri Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev, elmi məsləhətçi akademik Nizami Cəfərov, tərtibçi və elmi redaktoru prof. Kərim Tahirov, ön sözlərin müəllifləri professor Asif Rüstəmli və "Ədibin evi"nin əməkdaşı Elnur İmanbəyli, redaktor və çapa hazırlayanları kitabxananın əməkdaşları Əməkdar mədəniyyət işçisi Ədibə İsmayılova və fəlsəfə doktoru Validə Həsənova, dizayneri Fikrət Məlikov olan bu kitabların hazırlanması zamanı əski əlifbada, köhnə latın əlifbasında və kiril qrafikası ilə Azərbaycan dilində dərc olunmuş materiallar bir-bir zərgər dəqiqliyi ilə nəzərdən keçirilmiş və yaradıcı kollektivin gərgin əməyinin bəhrəsi olaraq meydana gəlmişdir.
"Mir Cəlal. Publisistika (1926-1977)" adlı kitabda ədibin kitab, kitab mədəniyyəti, kitabxana və qiraətxanalar haqqında fikirlərini əks etdirən bir neçə məqaləsinə rast gəlirik. 1932-ci ildə "Gənc işçi" (18 sentyabr, №216 (1276) və "Pioner işçisi" (№7-8 (116)) qəzetlərində çap olunmuş "Gənc okucuları təşkil edəlim!" adlı məqaləsində ədib gənc işçi oxucuların tələbatlarının ali və orta ixtisas məktəblərinin kitabxanalarında və nəşriyyatlar tərəfindən ödənilməsi sahəsindəki problemləri önə çəkmiş, hələ o vaxt üçün böyük kitabxanalarda gənclər bölməsinin yaradılmasını, ayrıca işçilər vasitəsilə gənc işçi oxucularla praktiki iş aparılmasına müvəffəq olmağın lazımlığını yazmışdır. Ədib qeyd etmişdir ki, gənclərin əməli göstərişləri, tənqidi təhlili, çıxışları, kitablar haqqındakı təklifləri sistematik surətdə çap edilməli, gənclərə aid kitablara tənqidlər yazılmalı, mədəni cəbhəmizin ən aktual və plan məsələsi kimi gəncliyin kitaba olan ehtiyacı təşkilatlı və müvəffəqiyyətli şəkildə ödənilməlidir.
1945-ci ildə "Ədəbiyyat" qəzetində çap olunmuş "Kitab mədəniyyətimiz haqqında" (№10 (408), 12 aprel) adlı məqaləsində isə ədib M.Ə.Sabirin cəhalətə gülərək nicat yolunu kitabda, oxumaqda gördüyünü əks etdirən bir misrasını yazaraq kitabın gördüyü böyük mədəni, inqilabi işi nəzərə alaraq ölkədə kitab mədəniyyətinə, nəşriyyata, mətbəələrin güclənməsinə, kitabxana şəbəkələrinin hər zaman və hər yerdə genişlənməsinə verilmiş xüsusi fikirdən, kitab ilə oxucu arasındakı maneələrin (savadsızlığın, cəhalətin, avamlığın...) tezliklə aradan qaldırılmasına yönəlmiş diqqət, vəsait və sərf edilmiş səydən danışır. O, yaxşı kitab yaratmaq sahəsində qarşıda duran vəzifələrin hər hansı bir sahədəkivəzifələrdən daha çox olduğunu, ədəbiyyatımızın yaxşı nümunələrinin 5-10 ildə bir yenidən nəşr edilməli olduğunu yazır. Ədib və şairlərimizin şöhrət qazanan əsərlərinin yenidən nəşrinin mədəniyyətimizin, oxucularımızın tələbi hesab edir, nəşriyyatlarımız bu vəzifələrin öhtəsindən hansı səviyyədə gələ bilməsindən, kitab nəşrinin çətinliyindən danışır.
Hər iki kitabda məqalələr xronologiya üzrə verilmişdir.
"Mir Cəlal. Publisistika (1926-1977)" adlı kitaba 119, "Mir Cəlal. Ədəbi tənqid (1931-1974)" adlı kitaba isə 92 məqalə daxil edilmişdir..
Məqalələr əsasən "Ədəbiyyat və incəsənət", "Azərbaycan müəllimi", "Kommunist", "Azərbaycan gəncləri", "Gənc işçi", "Zəhmət", "Azərbaycan pioneri" qəzetlərində, "Ulduz", "Elm və həyat", "Azərbaycan", "İnqilab və mədəniyyət" jurnallarında çap olunmuşdur.
Kitabxananın hazırladığı bu fundamental əsərlər ədəbiyyatşünaş tədqiqatçılar üçün qiymətli mənbələr hesab edilir və ədibin irsinin araşdırılmasında istiqamətverici məxəz rolunu oynayırlar.

Aygün Hacıyeva,
Azərbaycan Milli Kitabxanasının şöbə müdiri, AMEA-nın doktorantı