adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
27 Yanvar 2019 11:23
25003
SİYASƏT
A- A+

Ərdoğanın Maduronu dəstəkləməsi doğrudurmu? - SORĞU


Bildiyiniz kimi, Venesuelada gərgin anlar yaşanır. Xalq ayağa qalxıb və hazırki prezident Maduronu devirmək istəyir. Maduro isə deyib ki, məni xalq seçib və heç yerə getmirəm. O, ABŞ-la diplomatik əlaqələri kəsdiyini bildirərək bu ölkə diplomatlarına ölkəni tərk etmək üçün 72 saat vaxt verib. Lakin müxalif Xuan Quaydo dərhal bəyanat yayaraq heç bir dövlətlə diplomatik əlaqələri kəsmədiklərini və bu barədə hər hansı qərarın qanunsuz olduğunu açıqlayıb. Polis Maduronun tərəfindədir və nümayişçilərə güc edir. Ordu hələ ki reaksiya verməyib və neytraldır. Lakin bir general bəyanatla çıxış edərək Maduronu diktator adlandırıb və ölkədə kommunist rejimi qurulmasına imkan verməyəcəklərini bəyan edib.

Xuan Quaydo ABŞ və Amerika Dövlətləri Təşkilatı (34 ölkə) tərəfindən qanuni dövlət başçısı kimi tanınıb. Qərb yarımkürəsində yalnız 4 ölkə Maduronu dəstəkləyir: Meksika, Boliviya, Kuba və Nikaraqua. Fransa prezidenti Makron Avropa Birliyinin mövqeyini müəyyən etmək üçün digər üzv ölkələrlə məsləhətləşmələrə başlayıb.

Maduroya ən yaxın dəstəyi Türkiyə verib. Prezident Ərdoğan Maduroya telefon açaraq "Türkiyə və türk xalqı sənin yanındadır" deyib.

Adalet.az məsələ ilə bağlı sorğu keçirib. Cavabları təqdim edirik.


Ümid partiyasının sədri İqbal Ağazadə Ərdoğanın məsələyə Türkiyə ampluasından baxdığını bildirib:

"Venesuelada xalqın ayaqlanması və növbəti mərhələdə Maduronun hakimiyyəti zəbt etməsinə qarşı mübarizə aparması demokratik dünyanın yeni mərhələyə keçməsinin başlanğıcıdır. Və hesab edirəm ki, buna qarşı getmək xalqın iradəsinə qarşı getməkdir. Yaxud da bir növ demokratiyadan imtina etmək deməkdir. Təəssüf edirəm ki, Ərdoğan Maduro kimi diktatoru müdafiə edir. O Türkiyəni bununla da zərbə altına atmış olur. Ərdoğan məsələyə Türkiyə ampluasından baxıb. Və buna görə də hesab edirəm ki, yanlışdır. Hər kəs Maduro və Maduro tiplilərə qarşı olmalıdır ki, demokratikləşmə prosesi dünyada sürətli getsin. Nə qədər demokratik ölkə olsa, dünyada da problemlər az olacaq”.


Politoloq Şahin Cəfərli hesab edir ki, hətta Atatürk Qurtuluş savaşında bu qədər dəstək almamışdı:

 

"Sağçı-solçu, laik-islamçı, CHP-li - AKP-li, türk-kürd, ələvi-sünni, bir sözlə, daxildə heç bir məsələ ilə bağlı anlaşa bilməyən, fikirləri uyğun gəlməyən nə qədər antaqonist tərəf varsa, hamısı Maduro məsələsində yek vücud olub. (Təbii ki, kiçik istisnalar var.) Hətta Atatürk Qurtuluş savaşında toplumdan bu qədər dəstək almamışdı.

"Amerika qatığa ağ dedisə, deməli, həqiqət qatığın qara olmasıdır." Məntiq budur. Meydanlara çıxıb öz iradəsini sərgiləyən milyonların rəyi isə önəmsizdir. Ərdoğanın uğurlarının sirlərindən biri də əslində burada gizlənir. Demokratik dəyərlərə bağlı olmayan bir toplum və sistem var idi, ordu əslində demokratiyanı deyil, sadəcə laik sistemi qoruyurdu”.

Jurnalist Vüsal Məmmədov fikrini konkret ifadə etdi:


"Yəqin, qlobal imperializmə qarşı mübarizənin tərkib hissəsidir”.

Politoloq Natiq Miri Ərdoğanın Venesuela prezidentinə dəstək verməsini doğru hesab edib: 


"Açığı, Türkiyənin prezidenti Ərdoğanın dəstəyi tamamilə beynəlxalq hüquqa uyğundur. Çünki bilirsiniz ki, Venesuela prezidenti Maduro prezident seçkilərində Mərkəzi Seçki Komissiyası tərəfindən qalib olub və Konustitusiya məhkəməsi də bunu təsdiqləyib. Belə olduğu təqdirdə, Maduro tam legitim prezident olaraq fəaliyyətə başlayıb. Birdən-birə hansısa separat bir şəxsin – doğrudur, bu sıradan bir şəxs də deyil, qanunverici orqanın sədri Xuan Quaydodur – çıxıb özünü ölkənin prezidenti elan edir və Amerika da dərhal bu şəxsi ölkənin müvəqqəti prezidenti olaraq tanıyır. Açığı, ABŞA-ın bu cür davranışı bir müstəqil ölkənin daxili işlərinə kobud müdaxilədir. Və bu da beynəlxalq hüquqa görə qətiyyən qəbul olunacaq davranış deyil. Ərdoğan da dolayısıyla Maduroya dəstək verməklə bilavasitə beynəlxalq hüququn gərəyi olan addımı atdı. Bir şeyi diqqətinizə çatdırmaq istəyirəm. Amerika dövlətinin bu cür kobud müdaxiləsi təkcə Venesuela ilə məhdudlaşacaq hadisə deyil. ABŞ bununla bir çox dünya dövlətlərinə, xüsusilə də ABŞ-na qarşı olan ölkələrə göz daşı vermək istəyir. Onlar deyir ki, bizimlə razılaşmayan istənilən bir ölkədə hakimiyyəti asanlıqla dəyişə və istədiyimiz şəxsi ölkənin başına gətirə bilərik. Belə bir olay Türkiyədə də baş verdi. Məhz ABŞ-ın dəstəyi ilə Türkiyədə hakimiyyət çevirilişinə cəhd olundu. Prezident Ərdoğanın xalqı küçələrə çağırmağı və xalqın ciddi dirənişi nəticəsində bu çevrilişin qarşısı alındı. Ona görə də düşünürəm ki, Ərdoğanın bu addımı ciddi bir addımdır, cəsarətli addımdır”.

Tarix üzrə fəlsəfə doktoru, jurnalist Cavid İsmayıl Ərdoğanın bu addımının səhv olduğunu açıqlayıb:

 

"Türkiyənin Maduronu dəstəkləmək qərarını, yumşaq desək, tələskənlik, sərt desək, yanlışlıq sayıram. Çünki qardaş ölkəmizin beynəlxalq məsələlərə münasibətdə siyasətində heç vaxt insan faktoru dayanmayan Rusiya ilə eyni mövqeyi bölüşməsi ürəkaçan deyil. Sirr deyil ki, Azərbaycanda baş verən hər bir hadisəni anti-Rusiya prizmasından qiymətləndirirlər, Türkiyədə isə anti-Amerika. Yəni "Rusiya qatığa ağ deyirsə, deməli, qaradır” və ya "ABŞ qatığa ağ deyirsə, deməli, qaradır” prinsipi ortadadır. Görünür, Maduronu dəstəkləmək qərarı da bu prinsiplə verilib. Bir şeyi qəbul etmək lazımdır ki, insan hüquq və azadlıqları artıq heç bir ölkənin daxili işi deyil.

Uqo Çavesdən sonra Venesuela xalqının ikinci dəliyə ehtiyacı yox idi. Amma Maduro həyasızlıqla prezident "seçilib", Çavesə rəhmət oxutdurmağa başladı. Necə ola bilər ki, təbii sərvətlərlə, o cümlədən neftlə zəngin Venesuelada insanlar səfalət içində yaşayır? Və niyə yaşamalıdır? Ölkədə inflyasiya dördnala çapırsa, əhali iş tapmaq üçün qonşu ölkələrə mühacirət edirsə, bunun məsuliyyəti Maduro və onun komandasının üzərindədir.

Diktatorluq bir xəstəlikdir. Ağlı başında olan, psixoloji problemləri olmayan normal adam heç vaxt diktator ola bilməz. Necə olur ki, xalqdan oğurladıqları pulları böyük dövlətlərin banklarında saxlaya bilirlər, amma vaxtı çatanda onların məsləhəti ilə hakimiyyətdən getmək istəmirlər? Bu gün Qərb ölkələrində yüksək rifah təkcə hökumətlərin ağıllı siyasəti nəticəsində deyil, həm də ağılsız diktatorların öz xalqlarından oğurladığı milyardları onların banklarında yerləşdirməsi sayəsində qurulub. Siz indiyə qədər hansısa diktatorun xalqdan oğurladığı pulların sonradan tam həcmdə həmin xalqa, dövlətə qaytarıldığını gördünüzmü heç?

Hər bir diktatorun qələminin beynəlxalq güclər tərəfindən qırıldığı bir gün, əlbəttə ki, vardır. Görünən odur ki, Maduro ilə bağlı o gün artıq gəlib çatıb. Tanrı onun ağlını axıra qədər almayıbsa, o da Bəşər Əsəd kimi sona qədər dirəşib günahsız qanlar axıdılmasına və ölkəsinin xarabazara çevrilməsinə yol verməməli, üzüsulu hakimiyyətdən çəkilməlidir”.