"QURDLAR VADiSi" AKP-nin PUSUSUMU?!

AQİL ABBAS
25634 | 2009-05-01 00:00
(birinci seriya)
   
   
   
   "Qurdlar vadisi" - son illərin ən çox baxılan, bəyənilən və sevilən dizisi. Gülməli də olsa mənə elə gəlir ki, adamlar növbəti həftəni ona görə yaşayırlar ki, dizinin sonrakı seriyasına baxa bilsinlər. Məsələn, mən daha dörd il ona görə yaşamaq istəyirəm ki, görüm sevdiyim Braziliya futbol üzrə dünya çempionatında təzə nə tamaşa göstərəcək. Bəli, bu gün bizim yaşam stimulumuzun biri də "Qurdlar vadisi"dir.
   
   Məmləkətin yarısı özünü Polat Elemdara, Mematiyə, Muroya, Buluda oxşadır. Polat kimi yeriyir, Memati kimi qaşlarının düyününü açmır, Bulud kimi hərəyə bir espiri yapır, Muro kimi yanında şapalaqlamaq, üzünə tüpürmək üçün Çetin axtarır və sair və ilaxır.
   
   Yəqin ki, özünü İsgender Böyük sayanlar da az deyil. Bəlkə də İsgender Böyüklər məmləkətdə Polat Elemdarlardan, Mematilərdən daha çoxdur.
   
   Telefonların az qala 90 faizi bu filmin musiqisi üstə köklənib. Fikir vermisinizsə, yas mərasimlərində adamlar mollanın "Fatihə"sindən daha çox çaşıb bu musiqiyə salavat çevirirlər.
   
   O gün bir yas yerində mollanın telefonu zəng çalanda "Qurdlar vadisi"nin melodiyası səsləndi. Özümü saxlaya bilməyib dedim:
   
   - Molla, telefonu aç, Polat Elemdar zəng edir.
   
   Oturanların dodağı qaçdı, molla pərt oldu, amma özünü toparlayıb dedi:
   
   - Müəllim, vallah, nəvələrim yazıb, poza bilmirəm.
   
   Bir sözlə, "Qurdlar vadisi" bizim həyatımızın ayrılmaz bir parçasına çevrilib.
   
   Bir neçə kəlmə film haqqında.
   
   Hövsələm çatmadığına görə mən diziləri sevmirəm və baxmıram. Amma bu film haqqında o qədər danışdılar, danışdılar, axırda məni də yoldan çıxartdılar. Bilmirəm, 11, ya 12 seriyasına baxmışam. Və indi mən də hamıya qoşulub növbəti həftəni yeni seriyaya baxmaq üçün yaşayıramg
   
   ...Tapançalar çəkilmişdi. Birini Polat, birini Memati, birini də adını unutduğum, sovet ədəbiyyatşünaslarının dili ilə desək, mənfi qəhrəman deputatın qoruması tutmuşdu...
   
   Allah-Allah, bu yerdə bitdi. Görən bu gecə nələr olacaq (mən yazını dördüncü cün bilgisayara diqtə edirəm)?
   
   Yazını bilgisayarda yazan Mehriban xanım:
   
   - Müəllim, Polat Cavidi öldürməyəcək.
   
   Mehriban xanım deputatın adını da bilirmiş.
   
   - Nə bilirsən?
   
   Camaat danışır.
   
   Heç demə həftəni gözləməyə səbri çatmayanlar da var, internetə-zada girib özləri üçün bir təskinlik tapırlar.
   
   Nə isə qayıdaq filmə.
   
   Filmə heç bir söz ola bilməz. Və bir türk filminin belə bir reytinq qazanmasına çox sevinirəm. Çox gözəl bir ssenari, güclü rejissor işi, ən adi detallarla belə bu "xəyal ürünü"nə həqiqətdən də artıq həqiqət donu geyindirə bilməsi, tamaşaçıları bir "xəyal ürünü"nə inandırmaq qeyrəti. Rejissorun bəlkə də yüzlərlə aktyorun içindən seçdiyi bu adi aktyorları bir yerə yığıb takım halında oynatmaq bacarığına qibtə etməmək olmaz. Heç Braziliyanın texnik direktorları da belə belə bir takım yarada bilməyib. Hollivudun məşhur rejissorları da bir filmdə belə bir aktyor ansamblı ortaya qoya bilməyib.
   
   Rejissorun və aktyorların məharətinin nəticəsidir ki, adamlar filmdəki obrazları bir obraz kimi deyil, hər gün rastlaşdıqları insanlar kimi qəbul edirlər.
   
   Necə ki, Səməd Vurğun insanları həyatda olmayan Xuramanı özünün Cıdır düzündəki bir qayadan atdığına inandıra bilmişdi. Və minlərlə insan Xuramanın "özünü atdığı bu qaya"ya baxmaq üçün Cıdır düzünə axışırdı. Və Xuramanın "özünü atdığı qaya"dan baxmaq istəyirdi Topqapıya, ordan da üzü Qarabağa. Artıq bu filmin tamaşaçıları da Polatı, Mematini, Buludu, Muronu, İsgender Böyükü elə qəbul edirlər. Şəksiz bu rejissorun və aktyorların böyük qələbəsidir.
   
   Və təbii ki, filmin hətta mollalarımızın telefonlarında da səslənən musiqisi də "Qurdlar vadisi"nin insanların ürəyinə işləməsində qeyri-adi bir rol oynayır.
   
   Bir sözlə: "xəyal ürünü"nü həyat həqiqətləri kimi təqdim etməyi bacaran ssenari, güclü rejissor işi, qeyri-adi aktyor ansamblının qeyri-adi ifası, ruhu oxşayan, iliyə işləyən musiqi - bərabərdi "Qurdlar vadisi"nə.
   
   Bu film Türk sinemasının böyük bir uğurudur. Çox sevinirəm ki, son illər türklər dünyaya uğurlu filmlər çıxara bilirlər ki, "Qurdlar vadisi" də bunlardan biri, daha dəqiq desək, birincisidi.
   
   Kəsəsi. Bu filmi mən də sevdim və növbəti həftəni yaşayıram, görüm Mehriban xanım düz deyir, ya yox. Mənim filmə heç bir iradım yoxdu. Düzdü, film realizmdən çox uzaqdı, bu başqa bir konudu, heç mən o konuya da gəlməyəcəm.
   
   Bəs məsələ nədi?
   
   Məsələ ondadır ki, elə baxdığım iki-üç seriyadan sonra gördüm ki, bu film hətta adından başlamış ideoloji bir filmdir. Biz sovetlər dönəmində illərlə və bu illərdə də yüzlərlə ideoloji filmlərə baxdığımız üçün bunu tutmaq bizim üçün o qədər çətin deyil. Amma ömrü boyu heç bir ideoloji film görməyən...
   
   ... Əslində Türkiyəyə ideoloji filmlər çox lazımdır, amma təbii ki, "Qurdlar vadisi" kimi yox...
   
   ... türk qardaşlarımız üçün bu filmin arxasında nələrin gizləndiyini, bu filmin nəyə və nələrə, kimə və kimlərə xidmət etdiyini tutmaq, nəinki çətindi, heç mümkün də deyil. Bunu yalnız aydınlar tuta bilərlər. Güman ki, aydınlar da diziləri sevmirlər və izləmirlər.
   
   Bu filmin arxasında nələr var?!
   
   
   
   (Birinci seriyanın sonu, ikinci seriya gələn həftənin bu günü)
   
   

TƏQVİM / ARXİV