adalet.az header logo
  • Bakı 20°C
24 Yanvar 2019 00:11
1837
GÜNDƏM
A- A+

TƏHLÜKƏSİZLİYİNİZİ TƏMİN ETMƏK İSTƏYİRSİNİZSƏ...

"Yol hərəkəti haqqında" Qanun

Sürücülər, sizin üçün!

(əvvəli ötən saylarımızda)

1) yol-nəqliyyat hadisələrindən sürücünün sığortalanmasını təşkil etməlidir;
2) sürücülərin işini Azərbaycan Respublikasının qanunvericiliyinə, əmək və istirahət rejiminə uyğun olaraq təşkil etməlidir;
3) sürücülərin əmək gərginliyinin və yorğunluğunun səviyyəsini azaltmağa yönəldilmiş lazımi tədbirlər görməlidir.
II. Sürücülərinin sayı 100 nəfər və daha çox olan nəqliyyat vasitələrinin sahibləri ixtisaslaşdırılmış tibbi idarə və sağlamlaşdırma məntəqələri, tibbi-sanitariya hissələri, poliklinika bölmələri və səhiyyə müəssisələri yaradırlar. Sürücülərinin sayı 100-dən az olan nəqliyyat vasitələrinin sahibləri isə, onlara tibbi xidmət göstərilməsi üçün ərazi tibb müəssisələri ilə müqavilələr bağlayırlar.
Maddə 18. Yollarda təhlükəsiz davranma qaydalarının vətəndaşlara öyrədilməsi
I. Yollarda təhlükəsiz davranma qaydaları vətəndaşlara məktəbəqədər, ümumtəhsil və xüsusi təhsil müəssisələrində, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada razılıq almış digər müəssisələrdə öyrədilir.
II. Yollarda təhlükəsiz davranma qaydaları vətəndaşlara Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanmış və təsdiq edilmiş nümunəvi proqramlar və metodik tövsiyyələr əsasında öyrədilir.
III. Yollarda təhlükəsiz davranma qaydalarının vətəndaşlara öyrədilməsi barədə müddəa müvafiq dövlət təhsil standartlarına daxil edilir.
IV. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş müəssisələr tərəfindən, yollarda təhlükəsiz davranma qaydalarının vətəndaşlara öyrədilməsi işinə köməklik göstərməlidirlər.
V. Yollarda təhlükəsiz davranma qaydalarının vətəndaşlara öyrədilməsi üçün kütləvi informasiya vasitələrindən də istifadə oluna bilər.
Maddə 19. Yol hərəkəti təhlükəsizliyinin tibbi təminatı
I. Yol hərəkəti təhlükəsizliyinin tibbi təminatı sürücülüyə namizədlərin və nəqliyyat vasitələri sürücülərinin məcburi qaydada tibbi müayinədən və təkrar müayinədən keçməsindən, nəqliyyat vasitələri sürücülərinin reys qabağı, reysdən sonra cari tibbi müayinədən keçməsindən, yol-nəqliyyat hadisələri zamanı zərər çəkmiş şəxslərə tibbi yardım göstərilməsindən, yol-nəqliyyat hadisələri zamanı zərər çəkmiş şəxslərə, ixtisaslı həkim köməyinədək ilk tibbi yardım göstərilməsi üsullarının yol hərəkəti iştirakçılarına, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və ixtisaslaşdırılmış bölmələrin vəzifəli şəxslərinə, habelə əhaliyə öyrədilməsindən ibarətdir.
II. Məcburi tibbi müayinənin və təkrar müayinənin məqsədi sürücülüyə namizədlərin və nəqliyyat vasitələri sürücülərinin sağlamlığının sürücülük fəaliyyətinə zidd göstəricilərinin və ya digər məhdudiyyətlərin müəyyən edilməsindən ibarətdir.
III. Yol-nəqliyyat hadisələri zamanı zərər çəkmiş şəxslərə göstərilən tibbi yardım aşağıdakılardan ibarətdir:
1) yol-nəqliyyat hadisələrinin baş verdiyi yerdə ilk tibbi yardımın göstərilməsindən;
2) yol-nəqliyyat hadisələrinin baş verdiyi yerdə, tibb müəssisəsinə gedərkən və tibb müəssisəsində tibbi yardımın göstərilməsindən.
IV. Məcburi tibbi müayinənin dövriliyi, onun keçirilməsi qaydası, Azərbaycan Respublikası vətəndaşları tərəfindən nəqliyyat vasitələrinin idarə olunmasını qeyri-mümkün edən tibbi göstəricilərin siyahısı, habelə yol-nəqliyyat hadisələri zamanı zərər çəkmiş şəxslərə tibbi yardımın təşkili qaydaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Maddə 20. Yol-nəqliyyat hadisələrində zərər çəkənlərə tibbi yardım göstərilməsinin təşkili
I. Azərbaycan Respublikasının səhiyyə müəssisələri yol-nəqliyyat hadisələri nəticəsində zərər çəkənlərə yardım göstərilməsini təmin edir, nəqliyyat vasitəsini idarə edən şəxslərin alkoqoldan, narkotik vasitələr, psixotrop maddələrdən və onların analoqlarından və güclü təsir göstərən digər maddələrdən istifadə nəticəsində sərxoş vəziyyətdə olub-olmadıqlarını müəyyən edir, onların uçotunu aparır, nəqliyyat vasitələrini idarə etməyə yararlılıq haqqında arayış verirlər.
(ardı var)