adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
23 Yanvar 2019 12:36
29012
MƏMLƏKƏT
A- A+

Faiq QİSMƏTOĞLU: DUMANLI HAVA, BUZLU YOLLAR...

Bir neçə gün bundan əvvəl ölkə ərazisinə qar yağdı. Xüsusən də Quba, Qusar Qəbələ, İsmayıllı, Zaqatala, Balakən rayonlarında bu qarın qalınlığı xeyli yüksək oldu. Təbii ki, qışda hava soyuq keçməli, qar yağmalı və yollar buz bağlamalıdır. Mürəkkəb hava şəraiti ilə bağlı öncədən milli hidrometroloqlar adiyyəti qurumları və əhalini xəbərdar eləmişdi. Hətta həmin günlər Təhsil Nazirliyinin əmriylə ümumtəhsil, orta ixtisas və ali məktəblərdə dərslər iki gün dayandırıldı.

Təsadüfi deyildir ki, güclü külək Bakıdakı tam orta məktəblərdən birinin damını yerindən qopararaq ətrafa atmışdı. Əgər dərs keçilsəydi, bu təbii fəlakət nəticəsində neçə-neçə məktəbli ağır xəsarət ala bilərdi . Hələ biz ölüm-itimi demirik. Ümumiyyətlə, havanın həddindən artıq küləkli keçməsi bu və ya digər dərəcədə ölkə ərazisində öz fəsadlarını göstərdi.

Qarlı günlərdə isə Bakı-Quba, Bakı-Şamaxı, Bakı-İsmayıllı, Bakı-Qəbələ avtomobil yolunda isə qarın yağması nəticəsində vəziyyət daha da çətinləşdi. Xüsusən də Ağsu dolaylarında və İsmayıllı yolunda avtomobillərin hərəkət etməsi müşkül bir məsələyə çevrildi. Aydındır ki, belə bir şəraitdə nəqliyyat vasitəsini idarə etmək o qədər də asan deyildi. Xüsusən də şinləri köhnə olan və nasaz avtomobillərlə bu yollarla hərəkət etməyi hər sürücü bacarmır. Elə buna görə də qarlı, buzlu günlərdə Ağsu dolaylarında nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırıldı və yol polisi yol istismar idarələri ilə birlikdə qabaqlayıcı tədbirlər gördü. Belə ki, qarlı yollar qısa zaman kəsiyində açıldı, həmin istiqamətlərə yol istismar idarələrinin əməkdaşları tərəfindən duz qarışıq qum töküldü. Hər iki qurumun birgə səyi nəticəsində qarlı günlərdə baş verə biləcək qəzaların qarşısı alındı.

Bu tədbirlərin gerçəkləşməsində və təhlükəsizliyin təmin olunmasında Yol Patrul Xidməti Alayının 1-ci, 2-ci, 3-cü tağımlarının peşəkarlığını və ekstrimial şəraitdə çevik hərəkətini, qabaqlayıcı tədbirlər görə bilmək bacarığını xüsusilə qeyd etmək lazımdır. Təbii ki, həmin günlər də respublika yollarında qəzasız keçməyib. Ancaq yol polisi əməkdaşları tərəfindən həyata keçirilmiş profilaktik işlər bu qəzanın böyük bir hissəsinin qarşısını alıb.

Havaların dumanlı keçməsi də nəqliyyat vasitələrinin hərəkətində bir çox problemlərin yaranmasına gətirib çıxarır. Ona görə də dumanlı havalarda yol polisi öncədən sürücülərə xəbərdarlıq edərək diqqətli olmalarını bildirir. Xüsusən də respublikanın avtomobil yollarında bu cür hava şəraitində sürücülər sürət həddinə əməl etməli, ara məsafələri saxlamalı, yaxın məsafələri işıqlandıran işıq sistemindən istifadə etməlidilər. Çünki dumanlı hava bəzən yollarda elə bir vəziyyət yaradır ki, sürücü 3-5 metrdən qabağı görə bilmir. Belə də olanda hər hansı qəzanın baş verməsi üçün münbit şərait yaranır.

Bir neçə gün bundan əvvəl dumanlı hava şəraitində Bakı-Qazax yolunun Goranboy rayonu ərazisindən keçən hissəsində yük maşınının sürücüsü idarəetməni itirərək maşını dəmir arakəsməyə çırpıb və nəticədə yük maşını aşaraq sürücü ağır xəsarət alıb. Sürücü xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Ümumuyyətlə, sükan arxasında əyləşən hər bir sürücü qarlı, şaxtalı, buzlu və dumanlı hava şəraitində xüsusilə ehtiyatlı olmalıdır. Çünki qeyd etdiyimiz amillər hər an avtomobil yollarında nəqliyyat vasitələri üçün böyük təhlükə mənbəyidir. Birmənalı olaraq belə havalarda texniki cəhətdən nasaz olan avtomobillərdən ehtiyatlı olmaq lazımdır. Eyni zamanda səriştəsi və təcrübəsi az olan sürücülər sükan arxasında əyləşməməlidilər.

Hələ nə yaxşı ki, havalar bir o qədər də qarlı, covğunlu və soyuq keçmir. Çünki havaların belə kəskin olması bilavasitə həm sürücülər, həm də hərəkət iştirakçıları üçün yeni təhlükə yaradır. Amma buna baxmayaraq, hələ yanvar ayıdır, qarşıda bizi kiçik çilə gözləyir. Kiçik çilə isə öz çovğunu, qarı, soyuğu ilə həmişə bizi sınağa çəkib. Ona görə də həm sürücülər, həm də hərəkət iştirakçıları belə qarlı, çovğunlu havalara hazır olmalı, öz təhlükəsizliklərini qorumalıdırlar.