adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
23 Yanvar 2019 00:47
14031
ƏDƏBİYYAT
A- A+

Vüsal Hicranoğlu

Nələri görmədim bu dünyada mən,
Bəzən doğmalar da mənə yad oldu.
Əqidəm, məsləkim, andım, ilqarım
Həyat yollarıma qol-qanad oldu.

Bir zaman üstümü unlu görənlər
" Dən, Koroğlu " deyib... çağırdı məni.
Vurdu ürəyimdən amansız həyat,
Küt gedən kündətək yoğurdu məni.

Üzüm gülər oldu, qəlbim pərişan,
Ancaq ürəyimdə ağladım, anam.
Sirri bölüşməyə adam tapmadım,
Sirrimi içimdə saxladım, anam.

Sözümdən istəyim göyərdi mənim,
Dalğatək köksümü döydü məhəbbət.
Deyirdim... əyilməz dağlar kimiyəm,
Görürəm qəddimi əydi məhəbbət.

Səadət atlıdır, mənsə piyada,
Yüyürdüm ardınca ... çata bilmədim.
Uçurdum əlimdən tale quşunu,
Hey qovdum... hey qovdum...
tuta bilmədim.
Nələri görmədim bu dünyada mən,
Bəzən doğmalar da mənə yad oldu.
Əqidəm, məsləyim, andım, ilqarım
Həyat yollarıma qol-qanad oldu.

MÜŞFİQİN SON ŞƏKLİNƏ

Necə qəribədir insan həyatı,
Bəzən an deyəni il deyə bilmir.
Xəyanət dilinə bir möhür vurur.
Gözlər söyləyəni dil deyə bilmir.

Şəklinlə durmuşam indi üz-üzə,
Həyat əzabıyla qandırır məni.
Məşəqqətlə dolu üzgün baxışlar
Qəlbimə od salır, yandırır məni.

Ahınla titrədi Azərbaycanım,
Ahınla buludlar saldılar kölgə.
Ahınla yanıbdır Xızı dağları,
Ahınla qırmızı boyanıb bəlkə.

Yaram köz bağlamır, nakam Müşfiqim,
Bu da bir qismətdir yaşayıram mən.
Yurdundan Müşfiqlər pöhrələnibdir,
Qəm yemə, ruhunu daşıyıram mən.

DAĞLARIN

Bulud sığallayır ağ saçlarını,
Bilmirəm neçədir yaşı dağların.
Çarpışır, vuruşur qarla, boranla,
Nələr çəkməyibdir başı dağların.

Yorulub yadları əzizləməkdən,
Yenə ayrılmayıb əsildən, kökdən.
Üzgün insan kimi yol gözləməkdən
Yaman çatılıbdır qaşı dağların.

Keçmişi sirr dolu, təlatüm dolu,
Rahat keçməyibdir bu sonsuz yolu.
Elə bil dil açır ağacı, kolu,
Bir tarix danışır daşı dağların.

Ey Vüsal, bu dağlar səni əzizlər,
Zirvələr əl elər, yolunu gözlər.
Bürüyər qəlbini duyğular, hisslər,
Anlamaz dilini naşı dağların.
BU MƏNZİLDƏ

Sinə daşı, baş daşları
Qarşılayar sirdaşları.
Daşlaşdırar yaddaşları,
Susar zaman bu mənzildə.

Halallığı seçən ömrün,
Gül əkib, gül biçən ömrün,
İbadətlə keçən ömrün
Olmaz peşman bu mənzildə.

Həyata düz aç gözünü,
Gecə sanma gündüzünü.
Ölməmişdən bir özünü
Düşün, bir an bu mənzildə.

Haram işə qursan tədbir,
Şeytan ilə olsan əlbir ,
Bil ki sənə İnkir, Minkir
Tutar divan bu mənzildə.