adalet.az header logo
  • Bakı 20°C
23 Yanvar 2019 00:37
12706
ƏDƏBİYYAT
A- A+

Şərəfli ömür yolu

Məşhur bir xalq kəlamında deyilir: "Ömrünü gününü el üçün sərf edənlər elin yaddaşında əbədiləşirlər". Məhz yaddaşlarımızda əbədiləşən şəxsiyyətlərdən biri də Gülsüm Fərzulla qızı Zöhrabovadır.
Elə insanlar var ki, onlar sağlığında öz əməlləri ilə insanların qəlbinə hakim kəsilir. Dünyasını dəyişdikdən sonra isə illər boyu yaddan çıxmır, xatirələrdə yaşayır. Gülsüm xanım Zöhrabova da belə insanlardan biri idi.
Hər bir insana qiymət onun yaşadığı illərə əsasən deyil, əməyinə zəhmətinə, əməllərinə görə verilir. Nəcib əməlləri, xoş məramı, qətiyyəti, düzlüyü, prinsipiallığı və qayğıkeşliyi ilə kollektivin sevimlisinə çevrilən Milli Aviasiya Akademiyasının "Qiyabi" fakültəsinin dekanı, dosent Gülsüm xanım Zöhrabova belə insanlardan olmuşdur.
Milli Aviasiya Akademiyasında yüksək ixtisaslı kadrların hazırlanmasında onun da böyük xidmətləri vardır.
Gülsüm Fərzulla qızı Zöhrabova 1941-ci il mart ayının 25-i Bakıda ziyalı ailəsində anadan olmuşdur.
Atası Fərzulla Zöhrabov o dövrdə Azərbaycanın ən məşhur iqtisadçı alimlərindən biri idi.
Anası İmmi Zöhrabova Azərbaycan Xalq Təsərrüfatı institutununu bitirmişdir.
Müəllim kimi əmək fəaliyyətinə Azərbaycan Dövlət Universitetində başlayan Gülsüm xanım Zöhrabova Şərqşünaslıq fakültəsində Rus dilini tədris etmişdir.
1989-cu ildə müsabiqə yolu ilə Universitetin "Xarici vətəndaşlar üçün rus dili" kafedrasına baş müəllim seçilmişdir. 2005-ci ilə qədər Gülsüm xanım Zöhrabova BDU-nun "Rus dili" kafedrasında baş müəllim işləmişdir.
1990-cı ilin ortalarından 2000-ci ilin əvvəllərinə qədər Gülsüm Zöhrabova Azərbaycan İctimai-Siyasi Universitetin "Beynəlxalq hüquq" fakültəsində dekan müavini vəzifəsində çalışmışdır.
2005-ci ilin sentyabr ayının 15-dən ömrünün sonunadək 16 dekabr 2018-ci ilədək Gülsüm xanım Zöhrabova Milli Aviasiya Akademiyasının "Qiyabi" fakültəsinin dekanı olmaqla yanaşı həm də, "Humanitar fənlər" kafedrasında dosent kimi çalışmışdır. Gülsüm xanım harada işləməsindən asılı olmayaraq həmişə məsuliyyətli və qayğıkeş olmaqla kollektivin sevimlisi olmuşdur. Qiyabi fakültənin işçisi Leyla xanım deyir ki, Gülsüm xanım işdə ciddi və tələbkar olmaqla yanaşı həm də bizə həmişə qayğıkeş ana münasibəti göstərməklə yanaşı dəyərli məsləhətlər verərdi.
Gülsüm xanım həmkarları arasında insanpərvərliyi ilə yanaşı, möhkəm iradəsi, maneələri dəf etmək bacarığı ilə də həmişə fərqlənərdi.
Gülsüm xanım elmi-pedoqoji fəaliyyəti ilə yanaşı Milli Aviasiya Akademiyasının ictimai həyatında da fəal iştirak edirdi. Həyat eşqi güclü olan Gülsüm xanım amansız xəstəliklə illər uzunu mübarizə aparsa da o həmişə ömrünün enişli-yoxuşlu anlarında da şən, nikbin görünürdü.
Gülsüm Zöhrabova iki övlad böyüdüb tərbiyə etmişdir. Hər iki övladı - oğlu Faiq də, qızı Ülviyyə də Azərbaycan Neft Akademiyasında təhsil almişlar.
Ömrünü neçə-neçə savadlı kadrların hazırlanmasına həsr etmiş, neçə-neçə nəslin zəkasına nur saçmış bu insan heç vaxt unudulmaz və həmişə xoş xatirələri ilə qəlbimizdə yaşayacaq.
Allah Rəhmət Eləsin!

Şöhlət Kərimov
Milli Aviasiya Akademiyası
"Hüquqşünaslıq"
kafedrasının dosenti,h.f.d.