adalet.az header logo
  • Bakı 18°C
23 Yanvar 2019 00:32
35499
LAYİHƏ
A- A+

Burulğanlı tariximiz

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

(əvvəli ötən sayımızda)

1917-ci ilin mart ayında yaradılmış Müsəlman Milli Şurasının müvəqqəti İcraiyyə Komitəsinin heyətinə ziyalılardan və neft sənayeçilərindən Ə.M.Topçubaşov, F.X.Xoyski, M.Ə.Rəsulzadə, M.Hacınski, A.Q.Tağıyev, Ə.Ə.Əmircanov, Y.A.Əliyev, M.Əsədullayev, M.Heydərov və sair daxil edilmişdir. Sədr Məmmədhəsən Hacınski, sədr müavini isə "Müsavat" partiyasının lideri Rəsulzadə seçilmişdir.
Bakıda fəaliyyət göstərən Müsəlman Mili Şürası Zaqafqaziya Milli Şuraları içərisində ən nüfuzlusu idi. Müsəlman Komitəsi özünün aprel ayında buraxdığı birinci müraciətnaməsində bütün müsəlmanları Milli Şura ətrafında birləşdirməyə çağırır və müsəlmanlar üçün dövlət idarəetməsinin forması, demokratik respublika quruluşu qəbul olunurdu.
Müsəlman Milli Şurası və komitələri, tezliklə Azərbaycanın bütün qəza mərkəzlərində təşkil edildi. Gəncədə, Şuşada, Şamaxıda, Nuxada, Lənkəranda, Qubada, Naxçıvanda və başqa yerlərdə də Müsəlman Şuralar meydana gəldi. Belə bir vaxtda Ümumqafqaz Müsləmanları Qurultaylarının çağırılması üçün ciddi hazırlıq işləri görülməyə başlamışdır. Qurultayda çox mühüm məsələlər müzakirə olunmalıydı. Xüsusən ölkənin milli dövlət quruculuğu məsələsi qurultayda əsas müzakirə obyekti olmalıydı. Həmin dövrün mətbuatında Zaqafqaziya azərbaycanlılarının, Dağıstanın, Türkmənistanın, Qırğızıstanın və Başqırdıstanın milli ərazi muxtariyyətinə nail olması məsələsi xüsusilə vurğulanırdı. Muxtariyyətlə bağlı Y.V.Çəmənzəminli yazırdı: "Biz, Azərbaycan türkləri bir millətdən ibarət olub geniş bir torpağa malik olduğumuz üçün muxtariyyət binası qurmaq istəyirik. Ölkəmizin sərhəddi Dərbənd şəhərindən tutmuş Osmanlı məmləkətinə qədər və Batumdan tutmuş Xəzər (Kaspi) dənizinin qiblə tərəfinədəkdir. Paytaxtımız Bakı şəhəri olacaq. Çünki bu şəhər həmişə bizə yol göstərib və bizə kömək əli uzadıb".
1917-ci il aprelin 15-də Bakıda keçirilmiş Ümumqafqaz Müsəlmanlarının Qurultayı Qafqaz müsəlmanları üçün, xüsusən də Azərbaycan üçün böyük əhəmiyyət kəsb edirdi. Çünki Bakıda yaradılan idarəetmə orqanların, təşkilatların, cəmiyyətlərin demək olar ki, böyük əksəriyyətinə ya rus, ya da erməni nümayəndələri rəhbərlik edirdi. Azərbaycanlıların mənafeyini müdafiə eləyən təşkilatlar isə "Müsavat" Partiyası və Müsləman Milli Şurası idi. Belə bir vaxtda Müsəlman Mərkəzi Bürosunun Bakıda təşkil edilməsi təşəbbüsü müsbət qiymətləndiriməlidir.
Qeyd etmək lazımdır ki, Qafqaz müsəlmanlarının qurultayı Azərbaycanda milli-azadlıq hərəkatının inkişafında əhəmiyyətli rol oynamışdı. Qurultayda nəzərdə tutulan ictimai-siyasi və mədəni məsələlərin həyata keçirilməsi məqsədilə Milli Fond yaradılmışdır. Milli Fonda birinci üzvlük haqqını H.Z.Tağıyev vermişdi (50 min rubl). 1917-ci il mayın əvvəllərində Moskvada keçirilmiş müsəlmanların Ümumrusiya Qurultayında isə Petroqradda yaradılmış müvəqqəti hökuməti müdafiə etdiyini bildirmiş, eyni zamanda böyük səs çoxluğuyla Rusiyada dövlət quruluşunun federativ demokratik formasında olması haqqında qətnamə qəbul etmişdir. Qurultayda müsəlman əhalisinin yaşadığı vilayətlərə milli-ərazi muxtariyyəti verilməsi zərurəti haqqında (717 səsdən 446 səslə) qətnamə də qəbul edilmişdir.
T.Svyatoxvski "Müsavat" partiyasının irəli sürdüyü Federolizm prinsiplərinin "Azərbaycanlıların tarixi təkamülündə yeni bir mərhələnin" olduğunu vurğulayır. Onun fikrincə "Müsavat" partiyasının irəli sürdüyü federolizm proqramı azərbaycanlıların tarixi təkamülündə yeni bir mərhələnin - milli dövlətə tədricən keçidinin başlanğıcının qoyulması demək idi (T. Svyatoxovski Rusiya və Azərbaycan: Sərhədyanı bölgə keçid dövründə. Azərbaycan dilinə tərcümə edən: Lalə Mircəfərova və Bəylər Hacıyev. Bakı: Xəzər Universiteti nəşriyyatı, 2000,366s. S.86).
Beləliklə, 1917-ci il aprel ayının 15-20-də Bakıda keçirilən Qafqaz Müsləmanlarının Qurultayı və 1917-ci il may ayının 1-dən 11-dək Moskvada keçirilən ümumrusiya müsəlmanlarının qurultayı Qafqazda, eləcə də Rusiya imperiyasının başqa ərazilərində yaşayan türk-müsəlman xalqlarının siyasi baxımdan təşkilatlanmasında və onların mənəvi cəhətdən bir-birilərinə yaxınlaşdırılmasında mühum rol oynamışdır.
1917-ci ilin fevral inqilabının yaratmış olduğu imkanlardan istifadə edərək, açıq siyasi fəaliyyətə başlayan "Müsavat" partiyası xalqın və torpağın müdafiəsini öz üzərinə götürmüş yeganə siyasi təşkilat idi. Müsavat partiyası hər hansı sinfin adından deyil, bütün millətin adından çıxış edirdi. Bu da partiyanın proqramında öz əksini tapmışdır. Orada deyilirdi ki, milli dövlət ancaq o vaxt həqiqi hesab edilir ki, o, seçilmiş bir sinfin deyil, bütün xalqın maraqlarını müdafiə edir və qoruyur.
"Müsavat" partiyasının siyasi həyatının başlıca qüvvəsinə çevrildiyini Bakı Sovetinə və Ümumrusiya Müəssisələri Məclisinə keçirilən seçkilərin nəticəsində təsdiqlənmişdi. 1917-ci ilin oktaybr ayının 22-də Bakı Sovetinə keçirilən seçkilərdə "Müsavat" partiyası səslərin 40 faizini toplayaraq birincilik qazanmışdır. Səslər aşağıdakı şəkildə bölüşdürülmüşdür:
- Müsavat - 8147, Bolşeviklər - 3883, Eserlər - 6305, Menşeviklər - 687, Daşnaqsütyun - 5289, (qaz. kaspiy, Baku: 1917, 25 oktyabr) eyni zamanda Cənubi Qafqaz komissarlığının fəaliyyət göstərdiyi ikinci həftəsində, yəni noyabrın 26-28-də Cənubi Qafqaz müəssisələri məclisinə keçirilən seçkilərdə Müsavat partiyası bolşevik və daşnaqsüytun partiyalarına nisbətən daha çox səs topladığını görmək mümkündür. Belə ki, 2.455.274 seçici səsi regionun iri partiyaları arasında aşağıdakı şəkildə bölünmüşdür:
Menşeviklər - 661, 934, Müsavat 615,816, daşnaqsüytun - 558, 400, müsəlman sosialist bloku - 159,770, eserlər - 117, 522, bolşeviklər 95, 581, hümmət - 84, 748, ittihad - 66, 504 (Svyatoxovski T. Rusiya Azərbaycanın 1905-1920-ci illər // Azərbaycan, 1989, №11, S.117-134).
Yuxarıda göstərilən səsvermənin nəticələri bolşeviklərin Cənubi Qafqaz əhalisi arasında nüfuzunun aşağı olduğunu göstərmişdi. Seçkilərin yekunlarının əsas nəticəsi bu idi ki, Azərbaycanın seçici kontingenti Müsavatın proqramındakı ərazi muxtariyyətinə, bütövlükdə olmasa da, böyük əksəriyyətlə səs vermişdi. Bu, həm də ondan irəli gəlirdi ki, Rusiya ilə bağlılıqdan xilas olmaq perspektivi gürcülər və ermənilərə nisbətən azərbaycanlılarda daha güclü idi.

(ardı gələn sayımızda)

Əbülfət Mədətoğlu

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun
maliyyƏ yardımı ilƏ