adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
23 Yanvar 2019 00:29
5301
GÜNDƏM
A- A+

MİNNƏTDARLIQ

ƏLİSƏFA AZAYEV

Nədənsə bəzən müəyyən məsələlərə soyuqqanlı yanaşır, öz ürək sözlərimizi, minnətdarlığımızı da xeyirxahlıq edən şəxsə çatdırmaqda səriştəlilik göstərə bilmirik. Elə biri Siyəzən rayonu, Böyük Həmyə kənd sakini Məşədi Alim kimi... Ürəyindən ağır xəstələnib, neçə xəstəxana, həkim qapısı döyəndən sonra gəlib Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə çıxmışdı...
Ancaq ürək ürəkdi də... Əsl mənada başı qarlı uca dağı xatırladan idmançı görkəmli Alim qardaşımız bir yumruğu boyda ürəyinin əlində əsir-yesir olmuşdu.
Özü də necə... Hələ evlərində olanda birdən titrədən, heysizləşən, taqətsizləşən kimi olub, yıxılma anında yaxınlarını səsləsə də, sanki səsi də çıxmadı. Onu beləcə halsız vəziyyətdə tapıb, bir hay-küylə özünə gətirməyə başladılar. O isə həmişə özünü qüvvətli, sağlam bildiyi üçün elə hey öz-özünə soruşurdu:
- Axı niyə belə olsun ey?..
- ...
- Mən ki ürəyimdən bir o qədər şikayətli deyildim...
- ...
- İşə bax da... İndi mən nə edim? Bu vəziyyətdə necə hərəkət edə, camaat içinə çıxa, yaşaya bilərəm?..
Bu suallara isə o, cavab tapmaqda çətinlik çəksə də, xəstəxanada olanda hər şey aydınlaşdı. Onlara tibb üzrə fəlsəfə doktoru, ürək cərrahiyyə şöbəsinin həkimi Həsənov Anar Fizuli oğlu cavab verəsi oldu:
- Ürəyinizdə arta-koronoz şuntlama əməliyyatı aparılmalıdır.
- Doktor... - Alimin həyəcandan səsi titrəyəndə, həkim öz sözünü dedi:
- Ehtiyat eləməyin... Gündə belə açıq əməliyyatın neçəsini aparırıq... Allaha şükür, hələlik heç bir xoşagəlməzlik də olmayıb.
Anar həkim ilk baxışdan öz söz-söhbəti, səmimiyyəti, mehribanlığı ilə Məşədi Alimi valeh etmişdi. Odur ki dedi:
- Həkim, and verirəm sizə... O getdiyim müqəddəs yola... Mənə hər şeyi açıq deyin... Allaha şükür, iki oğlum var, hər ikisini evləndirmişəm. Gözəl ailə sahibidirlər. Nəvələrimdən birinə də elə öz adımı qoyublar...
- Çox gözəl... Böyük oğlan olsun... Allah xoşbəxt eləsin.
- Bunlar hamısı öz yerində. Ancaq insan bir dəfə gəlir də dünyaya. Yaşamaq istəyir... - Bu sözləri deyəndə o, kövrələn, doluxsunan kimi oldu. Sanki o ağır anlarda onu səsləyən, onun üçün narahatçılıq keçirən həyat yoldaşının, oğlanlarının, gəlinlərinin, nəvələrinin səslərini eşidirdi: "Baba, getmə, sənsiz darıxacağıq..."
Həyat yoldaşı Valya xanım bu an onun qoluna toxundu:
- İş adamıdı... Həkimi çox da söhbətə tutma.
- Qoy həkim də bilsin ki, mən rəhbərə - Heydər Əliyevə rəğbət bəsləyən bir adam olmuşam. İlk dəfə Prezident seçiləndə ona teleqram vuran, alqışlayan...
Valya xanım onun qulağına pıçıldadı:
- Bir sakit də... Bəlkə elə müxaliflərdəndi...
Alim istilənən kimi olub dilləndi:
- Olsun da... Əqidə başqa, iş başqa... Bir də ki, onlar Hippokrat andı içiblər axı...
Valya xanımın deməsinə baxmayaraq, o, həkimi söhbətə tutub, əsl mənada ondan bütün anket məlumatlarını soruşdu. Məlum oldu ki, həkim Anar Həsənov 10 iyul 1979-cu ildə Qubadlı rayonunun Həkəri kəndində anadan olub. Bu barədə eşidəndə Alim canıyananlıqla dedi:
- Qayıdarıq inşallah o torpaqlara!..
- Təki Allah ağzınızdan eşitsin.
- Erməni kimdi ey... Bayaqdan deyib-danışır... - Valya xanım işarə etdi: - Elə bunun qohumlarıdı da suyu bulandıran...
Həyat yoldaşı gülümsəsə də, yenə onu sakitləşdirməyə başladı. Alim ehtiyatlanırmış kimi dediyi sözləri, fikri yumşaltmağa başladı:
- Deməyimə baxma, həkim... Bu elə qədim Altay türk tayfalarının nəslindəndi. Sonradan xristianlaşıblar da. Çar hökumətinin ruslaşdırma siyasəti vaxtı... İndi müsəlmançılığın incəliklərinə məndən yaxşı bələddi. Şəriət qaydalarına ciddi əməl edir.
- De, əsl müsəlmandı da.
- Bəli...
- Bir də ki, biz sivil bir xalqıq, millətik...
- Multikulturalist... İnşallah, Həkəri çayı yenə bizim olar, onun suyundan doyunca içərik.
Məlum oldu ki, Anar həkim 2002-ci ildə Azərbaycan Tibb Universitetini, 2004-cü ildə Moskvada A.N.Bokuliev adına ürək-damar Cərrahiyyə Elmi Mərkəzi: klinik ordinoture şöbəsini, sonra da həmin Elmi Mərkəzin aspiranturasında oxuyub, oranı 2008-ci ildə qurtarıb. 2010-cu ildən Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzində koroliacərrah həkim kimi əmək fəaliyyətindədir.
Alimdən söhbət düşəndə dedi:
- Bir xəstə kimi məsuliyyətli idi. Bir insan kimi də çox xoşuma gəldi.
Həkim söhbət zamanı şöbə rəhbərləri prof. F.E.Abbasov haqqında bəhs etdi, onun xeyirxahlığından danışdı. Açıq ürək əməliyyatlarını birgə apardıqları həkim yoldaşlarını, onların kimliyini dedi, xatırlatdı:
- T.ü.f.d E.Ş.Əliyev...
- Bəlkə ad-familiyasını açıq deyəsiniz.
- Deyim də... Eldəniz Şahsuvar oğlu Əliyev. Sonra da t.ü.f.d. İ.M.Bağırov...
Həkimin özünü reklamla arası olmadığını, elə beləcə yığcam danışmağı sevdiyi üçün daha bir söz demədi. O, özü haqqında da beləcə çox təvazökarcasına danışırdı. Əməliyyat üzrə tibb bacısı Maya xanımın adını çəkəndə dedi:
- Onlar çoxdular... Hansını deyim. Sonra məndən inciyərlər.
Həkimdən ayrılıb dəhlizə çıxır. Buradakı səliqə-səhman elə ilk baxışdan onu valeh etmişdi. Şikayət və təkliflər kitabı öz yerində idi. Növbətçi cərrahların qrafiki. Elan vardı. Hörmətli tibb bacıları ürəyin tac damarlarının tutulması ilə əlaqədar təşkil olunan seminara dəvət olunurdular.
Qapının yanındakı iri lövhəyə bir daha nəzər salır: "Ürək cərrahiyyə şöbəsi". Alimin həyəcanla dediyi sözlər qulaqlarında səslənir:
- "Cərrah Anar Həsənov çox gözəl, mehriban, qabiliyyətli, öz işinin adını bilən həkimdir. Cavan olasan, belə gözəl, müdrik, namuslu olasan... Hiss olunur ki, görüb-götürmüş bir ailənin, nəslin övladıdı. Üz-gözündən mehribançılıq, alicənablıq yağır. Bir mənə yox, bütün xəstələrə belə, xoş münasibətdədi. Halal olsun ona".
Daha doğrusu onda, Alimin bir vaxtlar "Çıraq" qəzetində dərc olunmuş "Niyə oxşamayır mənə qardaşım?" şeirinə şərh vermək istəyirdi. "Ədalət" qəzetində dərc etdirmək üçün. Bir neçə gün əvvəl onunla zəngləşib danışmış, etiraz etməmişdi. Bu dəfə zəng çalıb, şəklini istəmək istəyəndə, heysiz bir səsldə dedi:
- Qardaş, mən evdə deyiləm ey...
- Hardasan?!.
- Xəstəxanada...
Dərhal yanına getdi. Onu nə gündə gördü, İlahi!.. Açıq ürək əməliyyatından sonra tamam üzgün bir vəziyyətdə idi. Qırmızıyanaq Alimdən əsər-əlamət yox idi. Ağappaq ağarmış, bozarmışdı... Üz-gözündən məyusluq, bədbinlik yağırdı. Beləcə də dilləndi:
- Görək də... Çox çətin əməliyyat idi.
- Yaxşı olar, inşallah... - deyə ona ürək-dirək versə də, hər yanına gedəndə onun halının yaxşılaşdığını gördü.
Valya xanım da kəsdirmişdi yanını, gəlib-gedənlərə Alimdən çox qayğı göstərməyə çalışırdı:
- Orada yox, burada əyləşin, bura rahatdı...
- Eybi yoxdur...
- Narahat olarsınız...
Alimin isə sözü-söhbəti Anar həkim idi. Bilmirdi ki, ondan necə razılıq etsin. Hey ona deyirdi:
- Məndən də çox elə ondan yaz. Mənim minnətdarlığımı bildir.
Sağ olsun "Ədalət" qəzetinin redaktor müavini Əbülfət Mədətoğlunu. Söhbət zamanı dedi:
- Əbülfət müəllim, bilirəm o "Nur payı..." yazısını təzəcə təqdim etmişəm. Növbəsini gözləməlidi. Ancaq inanın, haqqında yazdığım o Alim qardaşımız sadə, zəhmətkeş bir adamdı. Akademik M.A. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində ürəyi açıq əməliyyat olunub. Deyirəm ki, bu yazı çap olunsa, ona bir təsəlli olar.
- Yaxşı, çalışaram...
- Alim elə oğul deyil... Vaxt olar ki, bizi Siyəzəndə, doğma kəndi Böyük Həmyədə səmimiyyətlə qarşılayar.
Şükürlər olsun ki, həmişə olduğu kimi Əbülfət müəllim bu dəfə də sözünə tezcə əməl etdi. Bəlkə də onu təsirləndirən Alimin şairliyi, xəstə olması oldu...
Axı Əbülfət Mədətoğlu özü şairdi... Bu zəhmətin nə olduğunu lap yaxşı bilir, başa düşürdü. Nahaq demirlər ki, zər qədrini zərgər bilər.
Görüşəndə də soruşdu:
- Xəstə qardaşın necədi?
- Çox sağ olun. İndi yaxşıdı. Şükürlər olsun ki, ayaq üstə durub, gəzinir.
Alim artıq xəstəxanadan çıxmışdı. Arada telefonla danışanda da dedi:
- Anar həkim yaxşı oğlandı ha. Onun haqqında yazmağı unutma.
Hətta ona telefonla həkimə aid bir şeir göndərmişdi. Müəllifin kim olduğunu o da bilmirdi. Şeir beləcə təsirli idi:

Sağlamlıq sərvətdi insandan ötrü,
Həkim müqəddəsdi qanandan ötrü!
Həyatda hamımız sağ candan ötrü,
Sizlərə borcluyuq, əziz həkimlər!

Siyəzənə, Böyük Həmyə kəndinə ona dəyməyə gedəndə, gəlişini eşidib qardaşları Əli müəllim, Şərafəddin də gəlmişdi. Əli müəllim uzun müddət dil-ədəbiyyat müəllimi işləmiş, bir müddət Böyük Həmyə kənd XDS İcraiyyə Komitəsinin sədri olmuşdu. Əsl sənət adamı idi. Gözəl şeirləri vardı. Arada aşıqlıq edib, toylar, el şənliklərini yola vermişdi. Şərafəddin isə polisdə işləsə də, oranın qayda-qanunları ilə barışa bilməyib, tez təqaüdə çıxmışdı.
Alim bolluca süfrə arxasında onu, etibarlılığını öysə də, daha çox elə Anar həkimdən danışmaqda idi. Kövrəklik içində dedi:
- Bir də gördüm ki, əməliyyatdan sonra bir adam dayanıb başımın üstə, qarşımda... Məni dindirib-danışdırmağa çalışır...
- Bax da...
- Soruşdu: necəsən? Bəyəm mənim dilim vardı ki, ona cavab verim. Heysiz halda başımı tərpətdim, razılıq elədim...
- Açıq ürək əməliyyatı çətindi də...
- Dedi ki, əlimi sıx... İnanın, bacarmadım... İşə bax, cöngəni, maşını yerindən qaldıran bir adam, indi bir əli sıxa bilmədi...
- ...
- "Kövrəlmə, yaxşı olarsan, inşallah" deyib getdi...
Məşədi Alim onun şərəfinə sağlıq deyiləndə, dedi:
- Bu sağlıq məndən əvvəl elə ona - məni əməliyyat edən Anar həkimə ünvanlanmalıdı.
Sonra bir daha üzünü ona tutdu:
- Sən də söz vermisən də. Ona "Minnətdarlıq" yazısını yazacaqsan. Xoşuna gəlmisən. O gün yanında olanda dedi. Dedi ki, maskalı idim... Qardaşın elə dedi ki, həkim onu bir anlıq çıxart, üzünün cizgilərini görə bilim.
Həqiqətən də onda cərrah onun sözlərini yerə salmayıb, üzündəki maskanı yana edərək, nurlu sifətini ona göstərmişdi. İlahi, belə oğullarla necə fəxr etməyəsən?! Şükürlər olsun ki, Müstəqilliyimiz yurdumuza əmin-amanlıq gətirməklə yanaşı, həm də belə gözəl kadrların yetişməsində əvəzsiz rol oynayıb. İndi gör onların səsi haralardan gəlir.
Böyük lövhədə Ulu Öndərimiz Heydər Əliyevin səhiyyə haqqında dediyi qiymətli sözləri oxuyur: "Səhiyyə bizim üçün əziz, qiymətli bir sahədir və onun inkişafı üçün lazımi tədbirlər görüləcəkdir".
Daha bir lövhədə oxuyur: "Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin" Stasionar şəraitdə istifadə olunan ən vacib dərman pereparatları və tibb ləvazimatları siyahısının genişləndirilməsi barədə" 22.12.11.-ci il tarixli 130 saylı əmrinə əsasən Stasionar şəraitdə istifadə olunan ən vacib dərman pereparatları və tibb ləvazimatlarının siyahısı". Onlar 166 adda göstərilmişdi. Qaynar xəttin telefon nömrələri göstərilmişdi: 598-50-94, 495-50-84, 495-40-15.
Prezident İlham Əliyevin sözlərini oxuyur:
"Bizim səhiyyə sahəsinə Azərbaycan standartları sözlərini deməyə mənəvi haqqımız var".
Bəli, həqiqi mənada etiraf etmək, demək lazımdı ki, son iyirmi beş ildə müsbət işlərimiz, uğurlarımız çoxdur. Elə onlardan birinə bariz nümunə səhiyyə sahəsində əldə olunanlardı. Daha heç yanda uçuq-sökük, tör-töküntülü tibb ocaqlarına bir o qədər təsadüf olunmur. Belələri artıq yox dərəcəsindədi. Bax, Müstəqilliyin uğurları budur!
Xoş düşüncələr içində bütün xəstələrə şəfa diləyərək Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzindən ayrılaraq, uzaqlaşır və öz-özünə gülümsəyir. Yadına "Axmaq tələsi" söhbəti düşür. Həqiqətən də şirin vəd vermək elə tələ imiş. Düşdün çıxa bilmirsən də... "Minnətdarlıq" yazısını az-çox beləcə yazmaqla özündə bir yüngüllük hiss etdi. Məşədi Alimə yalançı çıxmaq istəmirdi axı.
Əslində isə bu tək Məşədi Alimin yox, onun kimi Anar həkimin xəstəsi olmuş onlarla, yüzlərlə, minlərlə onun yanına ümidlə gəlmiş, əməliyyat olunmuş, ailəsinə, doğma ocağına sağ-salamat qayıtmışların minnətdarlıqlarıdı bu yazı...
Qaldı ki, Məşədi Alimə... Maşallah, indi yenə əvvəlki kimi buz baltası tək sağlamdı. Elə hər dəfə onu görəndə soruşur:
- Mənə o dar gündə arxa olan, mənim haqqımdakı yazını çap etdirməkdə mənə mənəvi təsəlli, arxa olan Əbülfət müəllimi nə vaxt görəcəyik?
- Anar həkimi qonaq çağıranda.
- Sən ki məni az-çox tanıyırsan. Bilirsən ki, belə tədbirlərdən qaçan oğul deyiləm.
Qonaqlıq, belə bir görüş, ziyafət olsa, olmasa da olar. Əsas odu ki, insanlıq qalib gəldi, Alim sağaldı!.. Həmişə ailəsi ilə bir yerdə, xoşbəxt olsun!.. Prezident Putinə bir məktub yazsın ki, sizin yeznəniz, kürəkəninizəm də, məni həmyerlilərimin yanında çox da utandırmayın... Bu Qarabağ söhbətini qurtarın, məni müalicə edən həkimin, cərrahın da üzünə ürək açıqlığı ilə baxa bilmirəm... Doğma rayonları, kəndləri düşmən əlindədi axı... Valla-billah, hər şey bircə kəlmə sözə bənddi: "Çəkilin!".
Onda minlərlə ürək xəstəliyinə tutulmuş adamlarımızın, soydaşlarımızın, bu dərddən qübar olmuş, xəstəliyə düşmüş ürəkləri, inanın, bəlkə də heç əməliyyat olunmadan sağalar, dirçələr...Vətən, torpaq həsrətini heç bir dərdlə müqayisə etmək, eyniləşdirmək olmaz! Qadın tanıyıram ki, oğul, kişi tanıyıram ki, o yerlərin həsrəti ilə gözləri tutuldu, kor oldu!.. Kaş o gün olsun ki, bu üzücü həsrətlərə son qoyulsun!..
Onda Müstəqilliyimiz necə gözəl, işıqlı olar! İnsanlarımızın üzü, çöhrəsi gülər! İndi nə qədər yeyib-içsələr də sanki bir boşluq, ümidsizlik onları təqib edir, sıxır, ürəkləri açılmır... İşıqlı sabah, görüşmək arzusu ilə sizdən ayrılıram, Anar həkim, Alim qardaşımız!..