adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
21 Yanvar 2019 14:39
17375
ƏDƏBİYYAT
A- A+

Fuad Cəfərli: Heç kəs inanmırdı...

Heç kəs inanmırdı...

Heç kəs inanmırdı,

nə atam, nə anam.

Nə də kürək-kürəyə verib

savaşdığım dostlar, heç kəs...

Bircə sən inanırdın mənim şair olacağıma,

misralarda yox olacağıma.

Üç rəngli bayrağım kimi

o yoxluğun içindən

yenidən ucalacığıma...

Heç kəs inanmırdı,

bir sən inanırdın, bir də mən!

Gecəmizi güdüzümüzə qatdıq,

oturub ölümü gözlədik.

Fəqət, qaçmadıq.

Arımız yad baxçadan gəldi deyə,

o şanını, o balı nemətimizə qatmadıq.

Hamı bizi ağılsız xəyalpərəst bildi.

Yalnız biz inanırdıq vətənin azad,

mənimsə şair olacağıma,

yalnız biz.

Axı Şəhriyar, Məmməd Araz

elə-belə keçməmişdi ki,

illər də elə-belə keçə.

Səhv salma şair,

bənzəməzlər onlar günlərini yaşayan heçə.

Vətənimizin bütün, mənimsə şair olmağım üçün

arzularımızı qurban etdik seçə-seçə...

Heç kəs inanmırdı,

nə atam, nə anam,

nə də kürək kürəyə verib

savaşdığım dostlar –

heç kəs...


Sən bilirsən kimsən?!

Sən bilirsən kimsən?!

Bilmirsən, suya and olsun, bilmirsən.

Yoxsa Teymur Bəyazidə gülən kimi gülərsən.

Sən bilirsən kimsən?!

sus, mən deyim:

-Qorxma, yalan sussa da güzgülər,

uzaqlardan aydın görünər şəkillər.

Yox, sən şəkil deyilsən,

bu dünyada şəkillərin də heç bəxti gətirməyib.

Kaş bütün şəkillər sən olaydı,

sənin kimi

öz boyasıyla yuyulaydı,

qırılmadan fırçaları...

Sən – Venesiyada

yar qoynunda sol,

Troyada isə dost boynunda

sağ qolunu itirən kişisən.

Sən – Paqanini axtaran

kimsəsiz skripkasan.

Sən – Məmməd Arazın

"uçan qalacığı”san.

Sən ağcaqayın ağacısan Sibir çöllərində,

qatarlar nəfəs dərəndə

qızların sarılıb hönkür-hönkür ağladığı.

Sən insanların anlamadığı

Puşkini qucaqlayan o gülləsən.

Gecələr

üzünü aya tutan səssən.

Sanma ki, səni kimsə görmür,

eşitmir, duymur.

Demə ki, onları buna əclaflıq qoymur…

Hərçənd əclaflığın boyu o qədər də bəstə deyil.

Bir vaxt qayıdacağımız Tumas da gedəcək.

Sən də gedəcəksən, mən də gedəcəyəm.

O zaman səni gizli tarix qaldırıb çiyinlərə,

dirək edəcək göylərə -

ahlar yerə düşməsin deyə…

Sən bilirsən kimsən?!

Bilmirsən, oda and olsun, bilmirsən,

yoxsa, çoxdan qanad olmuşdun tüstülərə...