AY ALLAH, MƏNi OBAMANIN PiŞiYi ELƏ

AQİL ABBAS
24530 | 2009-04-22 00:11
Obama ...
   
   ... vəzifəsini yazmıram, bu bilirsiniz nəyə oxşayar? Bizim kənddən biri əsgərlikdə eşşəyin belinə minib şəkil çəkdirir və göndərir atasına. Şəklin altında da yazır: "Əziz ata, üstdəki mənəm".
   
   ... Ayasofya muzeyini gəzərkən bir pişiyin belini sığalladı. Ərdoğan da həmin pişiyin belini sığalladı. Yadıma Mirzə Cəlilin "Qurbanəli bəy" hekayəsində Qurbanəli bəyin Naçalnikin itini sığallayıb "Malades sobak" deməyi düşdü.
   
   Bəli, bir sığal pişiyi az qala Obama qədər şöhrətli elədi. İndi bütün dünyadan Obama ilə şəkil çəkdirə bilməyənlər tökülüb gəlir İstanbula Obamanın pişiyi ilə xoşbəxt-xoşbəxt şəkil çəkdirirlər.
   
   Pişik olasan bu boyda bəxtin ola.
   
   İndi məlum olur ki, bu da bir ssenari imiş. Ayasofyada yaşayan yeddi pişikdən biri olan bu Pişik (artıq indən belə bu Pişiyin adı böyük hərflərlə yazılmalıdı) seçilibmiş. Obamanın qorumaları əvvəlcədən səhər-səhər Pişiyin nə yediyini, aşpazının kim olduğunu dəqiqləşdirmək istəyiblər.
   
   Ayasofya muzeyinin müdiri də Obamanın qorumalarına deyib ki:
   
   - Nə aşpaz, kardeşim. Belə bir Pişiyi aşpaza etibarmı etmək olar? Bu Pişiyə hər gün bakanlardan biri özü öz yeməyindən yedizdirir, hər axşam da bakan yardımçılarından biri onu çimizdirir. Özü də Obamanın arxayın olması üçün Pişiyi əvvəlcə bizim öz başbakanımız sığallayacaq.
   
   Bu məlumat Obamaya veriləndən sonra o, Pişiyi sığallamağa razı olub. Və Pişiyi sığallayıb. Demokratiyanın bu parlaq nümayişi və Obamanın hətta bizim pişiklərə sevgisi nəinki bütün türk dünyasının, eləcə də islam dünyasının gözlərini yaşardıb.
   
   Aldığımız dəqiq məlumata görə, hökumət Pişiyə möhtəşəm bir heykəl yapmaq barədə qərar çıxarıb. Əvvəlcə Pişiyin heykəlini Qarsın ən hündür yerində türklərlə ermənilərin qardaşlığının nümayişini əks etdirən abidənin yanında qoymaq istəyiblər. O abidə ki onu Qarsın keçmiş AKP-li bələdiyyə başkanı Naib Əlibəyoğlu ucaltdırmışdı (düzdü, bir az yarımçıqdı). Amma sonra fikirləşiblər ki, ziyarətçilər bura gələrkən türklərlə ermənilərin qardaşlıq abidəsini deyil, Pişiyin heykəlini ziyarət edəcəklər, bu da abidənin üstünə kölgə salacaq. Ona görə də qərara alıblar ki, Pişiyin heykəlini Gümrünün türk hissəsində (Türkiyə ilə Ermənistanın sınır qapısı) ucaltsınlar. Artıq onlarla heykəltəraş Pişiyin heykəlini yapmaq üçün hökumətə müraciət edib. Müsabiqə elan ediblər, indi müsabiqədə kim qalib gəlsə, həmin heykəltəraş özü də Pişik qədər şöhrətlənəcək.
   
   Rəhmətlik Yusif Səmədoğlu it saxlamağı xoşlardı. Restoranda yeyib-içirmişlər. Söhbət itdən düşür. Yusif bəy deyir ki, mən itimə hər gün beş kotlet, yarım kilo soyutma ət, səhər-səhər də smetan yedizdirirəm.
   
   Gənc şairlərdən biri yazıq-yazıq deyir:
   
   - Ay Allah, sən məni Yusif Səmədoğlunun iti elə.
   
   İndi, ay Allah, sən məni Obamanın Pişiyi elə.
   
   REDAKSİYADAN: Oxucuların xahişi ilə təkrar nəşr olunur.
   
   

TƏQVİM / ARXİV