adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
21 Yanvar 2019 11:16
5919
MƏMLƏKƏT
A- A+

Əmək və əhalinin sosial müdafiəsi nazirinin yeni müşaviri təyin edilib

Mustafa Abbasbəyli Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri təyin edilib.

Bu barədə Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən deyiblər.

Bildirilib ki, nazirin yeni müşaviri yanvarın 21-dən vəzifəsinin icrasına başlayıb.

M.Abbasbəyli 1980-ci ildə Gəncədə anadan olub. 1996-2000-ci illərdə Xəzər Universitetinin Humanitar və sosial elmlər fakültəsində "Beynəlxalq hüquq” ixtisası üzrə, 2000-2001-ci illərdə Türkiyənin Ege Universitetinin Türk dili və ədəbiyyatı fakültəsində "Türk dili” ixtisası üzrə bakalavr səviyyəsində ali təhsil alıb. 2001-2003-cü illərdə Ankara Universitetinin Hüquq fakültəsində "Xüsusi hüquq” ixtisası üzrə magistratura pilləsində ali təhsil alıb.

2004-cü ildə Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutuna aspirant olaraq daxil olub, 2009-cu ildə "12.00.03 – mülki hüquq; ailə hüququ; sahibkarlıq hüququ; mülki proses; beynəlxalq xüsusi hüquq” ixtisası üzrə "Bazar iqtisadiyyatına keçid dövründə sığorta müqavilələrinin mülki-hüquqi tənzimlənməsi" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib və hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

2004-cü ildən "Standard Insurance" sığorta şirkətində baş hüquqşünas kimi fəaliyyətə başlayıb, 2005-2010-cu illərdə şirkətin Hüquq və Sığorta Hadisələri Departamentinə rəhbərlik edib. 2010-2011-ci illərdə İdarə Heyətinin üzvü olub, 2011-2014-cü illərdə şirkətin İdarə Heyətinin sədr müavini vəzifəsində çalışıb. 2011-2014-cü illərdə "Standard Insurance Georgia" sığorta şirkətinin Müşahidə Şurasının üzvü olub. 2014-2016-cı illərdə "ISR Auto/Toyota Baku” şirkətinin baş direktoru vəzifəsində fəaliyyət göstərib.

Bununla bərabər, 2013-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyat və idarəetmə kafedrasında müəllimdir.

2015-ci ildən 2018-ci ilədək "Caspian European Club"ın İdarə Heyətinin üzvü, Hüquq komitəsinin sədri, Vergi və gömrük komitəsinin sədri, klubun baş direktoru vəzifələrində çalışıb.

2016-cı ilin aprel ayından "Beyli Group" şirkətinin baş direktoru, 2018-ci ilin yanvar ayından isə Azərbaycan Sığortaçılar Assosiasiyasının sədridir.

Bundan başqa, 2007-ci ildən Azərbaycan Vəkillər Kollegiyasının, 2010-cü ildən isə Beynəlxalq Vəkillər Assosiasiyasının üzvüdür.

50-dən çox elmi əsərin, o cümlədən 2 kitabın müəllifi, 3-nün həmmüəllifidir.