adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
21 Yanvar 2019 10:33
11404
ƏDƏBİYYAT
A- A+

Xalq şairi Zəlimxan Yaqubun doğum günüdür

Bu gün xalq şairi Zəlimxan Yaqubun doğum günüdür. Adalet.az bu münasibətlə şairin seçmə şeirlərini təqdim edir.


PORTRET

Mən bir dağ çayıyam, dağ bulağıyam,
Mənim çoxalmağım, azalmağım var.
Gəlir bu bağların təbiətindən,
Coşub-daşmağım var, sozalmağım var.

Sözdən öz ömrümə bir heykəl yonub,
Gözəllik önündə heyrətdən donub,
Arıtək çiçəkdən-çiçəyə qonub,
Dədə ocağından köz almağım var.

Suyam – damla-damla daşdan çıxmışam,
Gözəm, göz yaşıyam, yaşdan çıxmışam.
Bir qarlı, boranlı qışdan çıxmışam,
Təzə çiçəklənib yaz olmağım var.

Duyğular bağında güllər bitirib,
Bir ömrün içində min ömür sürüb,
Şairtək əlinə qələm götürüb,
Aşıqtək sinəmə saz almağım var.

Bənzər xəyalımız uçan quşlara,
Tarix qiymət verər uca başlara.
Ulu qayalara, qızıl daşlara,
Qədim əlifbatək yazılmağım var.


HEÇ VAXT MƏNİ TƏRK ELƏMƏ

Sənsiz tüstü-duman olub,
Göyə qalxar ahım mənim.
Heç vaxt məni tərk eləmə,
Eşqim mənim, ruhum mənim.

Dağa çıxsam inadım ol,
Quşa dönsəm qanadım ol.
Sən ünvanım, sən adım ol,
Eşqim mənim, ruhum mənim.

Sular kimi saf ol yaşa,
Hər şeydə sərraf ol yaşa.
Ürəkdə insaf ol, yaşa,
Eşqim mənim, ruhum mənim.

Gözdə işıq, canda heysən,
Sehirli yer, sirli göysən.
Dodaqlarda yanan neysən.
Eşqim mənim, ruhum mənim.

Başım üstə yanan şamsan,
Əlimdə bir dolu camsan.
Füzulimsən, Mövlanamsan,
Eşqim mənim, ruhum mənim.

Gələcəyim, sabahım ol,
Döyüşlərdə silahım ol.
İnamımda Allahım ol,
Eşqim mənim, ruhum mənim.

Fikir vermə ağlı kəmə,
Vaxtsız batma dərdə, qəmə.
Heç vaxt məni tərk eləmə,
Eşqim mənim, ruhum mənim.


İSTİQLAL ŞAİRLƏRİ

Məndən salam olsun gündə yüz dəfə,
Yurdumun dili bal şairlərinə.
Ürəyi dumduru, ruhu tərtəmiz,
Halaldan da halal şairlərinə.

Sözü dünyamızın sirdaşı, yarı,
Fikri ağılların meyvəsi, barı.
Allah özü verib ucalıqları,
Bu ulduz, bu hilal şairlərinə.

Yerlərə yerləşməz, göylərə sığmaz,
Oğulsan ondakı şücaəti yaz.
Min ömür versək də yenə azdır, az,
Vətənin istiqlal şairlərinə.


ŞEİRİMİN DOĞUM GÜNÜ

Bu gün şeirin dünyasıdı,
tәptәzә şeirim doğulub,
O şәrәfә süfrә açıb
sözdәn ziyafәt verirәm.

Sözsüz dünya lal-kar olar,
yer çevrilәr cәhәnnәmә,
Qәlbimin hәr bucağında
sizә bir cәnnәt verirәm.

Yer üzünün rәssamıyam,
fırça mәnim әlimdәdir,
Hәr sözә bir naxış vurub
tәzә bir zinәt verirәm.

Arı ilә dost olmağım
bu gün verib bәhrәsini,
Hәr sözümә bal qatılıb,
hәr kәsә nemәt verirәm.

Mәnim şeirim gülüstandı,
hәr çiçәkdәn dәrmәk olar,
Kim nә dәrsә halalıdır,
halal bir nemәt verirәm.

Tәzә ruha, tәzә sәsә
әl qaldırıb amin deyin,
Bu gün candan can ayrılıb,
könüldәn sәrvәt verirәm.

Qәbul etsin dәvәtimi,
unutmasın söhbәtimi,
Gәlәn mәni bağışlasın,
bir azca zәhmәt verirәm.

Safdı ruhum, safdı eşqim,
nәfәsim dә saf qalacaq,
Mәn dә şeirin dünyasına
bu cür tәravәt verirәm.

Ölüm haqdı, Zәlimxan da
bu dünyadan köçüb gedәr,
Şeirim könül әmanәti,
sizә әmanәt verirәm.