Əbülfət MƏDƏTOĞLU: Küləkli havada...

ƏBÜLFƏT MƏDƏTOĞLU
41943 | 2019-01-22 10:07
BAXIŞ BUCAĞI

Bəri başdan deyirəm. Bu yazı içimdəki bütün ağrı-acı, sevinc, kədər, bir sözlə, duyğu, hiss nə varsa hamısı sarı simin üstündə köklənib. Ona görə də yazını oxuyanda rica edirəm ağlınıza gerçəklikdən başqa heç nə gətirməyin. Düşünün, hətta inanın ki, bu sarı simdə səslənən, daha doğrusu, yazılan yazı gerçək həyat hekayəsinə bənzəyir və bir az da onun kopyasıdı. Ola bilər ki, siz oxşarı ilə qarşılaşmış olarsınız. Onda təəccüb etməyin. Axı, Tanrı hər şeyin özü kimi oxşarını da yaradıb. Üstəlik, hər kəsin yarısı da var. Yarı yox ha, yarısı!..

Hə, deməli, insanların yaranışdan ilk öyrəndikləri, daha doğrusu, böyüklərin kiçiklərə təlqin etdikləri bir deyim var. Əslində bu həm də dinimizdən, inanclarımızdan gələn bir fikirdi. Söyləyirlər ki, bu dünya və o dünya, cənnət və cəhənnəm də var. Və biz də böyüdükcə içimizdə o cənnət və cəhənnəmin həm müzakirəsini, həm də təftişini aparırıq. İnanclılar, inamlılar özünü cənnətə hazırlayır, əks qütbdə dayananlar isə hər şeyi taleyin öhdəsinə verir. Necə deyərlər, su hara axır axsın. Və bəzən də bu axan suya bir etinasız, ya da ironik şəkildə "cəhənnəm də boş qalmamalıdır" deyirlər. Bax, mən də zaman-zaman bu iki qütbun arasında necə deyərlər, orta xəttin üstündə dayanıb payıma düşən ömrü yaşamağa çalışmışam. Amma hər iki tərəfdən fəprnli olaraq Allahımı və Peyğəmbərimi unutmamaq şərtiylə. Çünki birincisinə bütün varlığımla, ruhumla bağlıyam, ikincisini də Allahın elçisi olduğuna görə sevirəm. Başqa üz tutası kimsəni aramamışam, axtarmamışam və düşünmüşəm ki, Yaradanın yazdığı yazı pozulmazdı. Ona ən böyük güc sahibləri belə düzəliş etmək qüdrətində deyillər. Olsa-olsa nəyinsə üst qatına bir görüntü verə bilərlər. Amma alt qat olduğu kimi qalacaq. Dəyişən zahir dəyişməyən batili heç vaxt kölgələyə bilmir. Zahirdən olsa o özünü göstərir. Elə mənim duyğularım kimi, mənim yaşantılarım kimi...

Günün, ayın bəlli tarixində hətta ilin də yaddaşıma yazıldığı o zaman kəsiyində mən ruhuma, qəlbimə, varlığıma göy üzündən gələn işığı hopdurdum. Və o işıq mənim bir az xaotik, bir az qarmaqarışıq, bir başına buraxılmış həyatımı istiqamətləndirdi, cilovladı və yavaş-yavaş mən ona bələndim, ona büründüm. Anladım ki, bu dünyanın gördüyüm, oxuyub öyrəndiyim, eşidib bildiyim ən böyük həqiqəti məhz o işıq imiş. Ona tapınan həm də Tanrısına tapınır. Çünki o, yerə, göyə, suya, oda, insana, bütün Yer kürəsinə sevgidi. O sənin içində varsa, sən yaşayırsan. Sənin içində diridi, canlıdı. Mən bunu dərk edəndə anladım ki, o göy üzündən gələn mənim elə cənnətə də, cəhənnəmə də olan yolumu müəyənləşdirmək üçün bir ipucudur. Və özüm də bilmədən könüllü şəkildə tutdum o ipucundan və başladım o işığın göstərdiyi yolla getməyə. Özü də təkcə getməyə yox, həm də yaşamağa, düşünməyə, yazmağa, boynuma düşən işləri görməyə. Və bir də onda başımı qaldırıb ətrafıma baxanda elə cənnətimin də, cəhənnəmimin də mənimlə çiyindaş, mənimlə bir məkanda olduğunu təxmin etdim!..
İlahi, sənin pay verdiyin işıq nə boyda gücə malik imiş. Bunu dərk etməyən, görməyən duymayan canlı deyil. O, ən yaxşı halda qara bir daş və yaxud da quru bir kötükdü. Nə isə...
Hə, bu düşüncələrin, bu duyğuların hakim kəsildiyi iç dünyam gözlərimi dörd açmağa, ancaq o işıq üçün yaşamağa məni həm məcbur etdi, həm də həvəsləndirdi. İnanın ki, o həvəs mənə ikinci bir nəfəs kimi gəlmişdi, qanadlandırmışdı məni. Adına uçurdum, ünvanına qaçırdım. Yerimək yadımdan çıxmışdı, ancaq yüyürürdüm. Elə yüyürə-yüyürə də pıçıldayırdım. Deyirdim ki:

Gözlərinin
rəngi qarışıb
demək ki,
ağlamısan
nə mən
yanında olmuşam
nə sən
güzgüyə baxmısan...
baxıb
gözlərinin
rəngini qaytarasan
gözünə!..

***
İndi barəsində danışdığım, daha doğrusu, vəsf etdiyim o gözlər qan çanağına dönüb. Elə dolub ki, qara buludlar onun heç kölgəsinə də bərabər tutula bilməz. Bu da səbəbsiz deyil. Çünki həmin o cənnət, cəhənnəm adlı anlayış o gözlərin sahibinə seçim sualını göndərib. Və bu seçim də elə-belə gözüyumulu ediləsi deyil. Bunun üçün təkcə düşünmək, məsləhətləşmək, öz-özünü sorğu-suala tutmaq və... Və bir də o gözlərin baxdığının hansı istiqaməti seçdiyini bilmək vacibdir. Bax elə gözlərin rəngi burdan qarışır, burdan bulanır gözlərin dibi. Mən dünyanın çaylarından, dəryalarından az-çox xəbərdaram. Və bilirəm ki, sulu çaylar heç vaxt qurumur. Əgər təbii bir hadisə baş verməsə və yaxud insanlar o sulu çayların məcrasını ədyişməsələr o elə axacaqdır. Bunu ona görə deyirəm ki, tanıdığım, gözümün önündə olan, həyatımda nəfəsi, əlinin istisi, bişirdiyi yeməklərin özəl dadı olan adamlar var ki, mən onların göz yaşlarının quruduğunu görməmişəm, elə anamın da, elə onun da. Elə bil ki, qaçqınlıq deyilən gündən, daha doğrusu, yəni Dərələyəzdən, doğulduğu yerdən didərgin düşəndən gözünün yaşı ovcunda olub anamın. Yurd itirib... qardaş itirib... ata-ana itirib... övlad itirib... doğmalarını itirib... qurduğu evi itirib... Elə o da - gülüşləri, təbəssümləri bütöv olmayıb, yarımçıq olub. Bax, ona görə deyirəm ki, insanın göz yaşı bitib-tükənmirmiş. Ağladıqca, kövrəldikcə, xatırladıqca kipriklərdən üzü aşağı cığır salırmış. Elə həmin o dolmuş gözlərlə eyni məqamı yaşayır. Mənim o göz yaşlarını dayandırmaq, qurutmaq, bir hovur da olsa o gözün dibini işığa qərq etmək gücüm yoxdur, gücsüzəm. Üstəlik həm də günahkaram. Çünki gücsüz olduğumu əvvəldən dərk etməmişəm, əvvəldən bilməmişəm. Büründüyüm, bələndiyim işığın hər şeyə hökm edəcəyinə, aydınlığa çıxaracağına inanmışam. Sən demə, mənim içimdəki işıq məni kökləmək üçün, məni dəyişmək üçün, məni yönəltmək üçün, məni ona qovuşdurmaq üçün imiş, onu mənə yox. Ona görə də:

İçimdəki təkliyi
Ovuduram, ovuram...
Bu təkliyin şəklini
Göz yaşımla qovuram-
Gücüm çatmır...

Dilim sanki qıfıllı
Ruhum tikan üstündə...
Kipriklərim qovuşmur
Yuva tikəm üstündə-
Gücüm çatmır...

Öz-özündən çoxalır
Sinəmdəki göynərti...
Bu göynərti tay məni
Gücsüzlüyə öyrətdi-
Gücüm çatmır!..

***
Deməli, öz gücsüzlüyünü dərk edəndə adam sən demə fağırlaşırmış, yazıqlaşırmış. Bu mənada mən də quruda bilmədiyim gözlərim önündə, içimdəki işığa bələyə bilmədiyim sevginin qarşısında ancaq boynubükük dayanıram. Və mənə elə gəlir ki, bu mənim haqq etdiyimin özüdü. Mən bundan artığına layiq deyiləm. Deməli, həm də mən bu gücsüzlüyümlə, bu fağırlığımla sevginin özünə də bir probleməm, bir yükəm. Onu da yaşamağa qoymuram. Onda nə etmək, necə etmək suallarının nişangahına çevrilirəm. Daha doğrusu, çevrilmişəm. Atılan oxların qarşısından yayınmaq ikinci bir namərdlik olar. gücsüzlükdən sonrakı namərdlik. Bunu anlamaq üçün alim olmağa ehtiyac yoxdur. Bu, həyatın ən böyük şriftlərlə yazdığı bir lövhədir. Eləcə o lövhəyə göz yetirmək, nəzər salmaq kifayət edər. İndi mənim hansı durumda olduğumu, nədən iç dünyamın duyğularımın, düşüncələrimin sarı simdə danışdığını hiss edirsiniz. Və elə bu yerdəcə onu da etiraf edim ki, bus arı simin zil nöqtəsi çox üzücüdür. Çünki:

Söndü bütün ulduzlar
Ay da, Günəş də söndü...
Həyat mənim gözümdə-
Bütün heçliyə döndə...

Axarından qaldı su
Nə zülmdü axı, bu?!
Şair - bir yaralı qu-
Üzü qibləyə çöndü...

Dağ idi külükləndi
Qırıldı çilikləndi...
İçindən dilikləndi-
Öldü, Əbülfət öldü!..
***
Düşünürəm ki, bütün bu yazdıqlarımın fonunda mən necə görünürəm. Məncə bu, həyatın bütün uğursuzluqlarını uğur kimi qəbul edən, bütün dərdlərini sevinc kimi qarşılayan və hərdən də bunların heç birinə əhəmiyyət verməyib yolunu davam edən birisiylə çox üst-üstə düşən, bir-birini tamamlayan insanın obrazıdı. Yəni bu elə mənəm. Ona görə də başımdan keçənlər, ürəyimə köçənlər məni hamının, daha doğrusu, inanclıların yön tütdüğü istiqamətdən yayındırıb. Və mən daha çox cəhənnəm adamına çevrilirəm. Doğrudur, orda da dost-tanış yəqin ki, çıxacaq qarşıma. Çünki Allah məni tək yaratmayıb. Burda, ya orda oxşarım var. Deməli, artıq cəhənnəmə gedəcəyim bəllidi. Bu bəlli olan özümün günahlarım, özümün yaşaya bilmədiklərim, özümün biganəlik göstərdiklərimdi. Və mən Allahımı və peyğəmbərimi varlığında duya-duya, sevə-sevə gedirəm cəhənnəmə. Olsun! Ora da kimsə getməlidi də. Və gedənləri saxlamazlar deyiblər. Amma tez də yola salmazlar deyənlər də var. Mən də yola çıxmamışdan öncə içimdəkini şeirə çevirirəm, misralayıram və yazıram:

Mey süzüb-badə verməyə
Gəldim, can fəda verməyə...
Tələsmə fatihə verməyə-
Ruhumu tapşırmamışam...

Ölümü yazan bilməyib
Günümü pozan silməyib...
Hələ qapıdan girməyib-
Ruhumu tapşırmamışam...

Ayırma candan canımı
Ayırma qandan qanımı...
Boş qoyma sən sol yanımı-
Ruhumu tapşırmamışam...

Mələksən, həm də bəndəsən
Dində, imanda öndəsən...
Amma sən də mən gündəsən-
Ruhunu tapşırmamısan...

***
Hə, bütün olanlardan və olmuşlardan sonra nələr olacağını bilmədiyim halda belə bir fikir mənə rahatlıq vermir. O da Tanrıdan gələnin Tanrı adıyla məndən alınması istəyidi. Yəni içimə göy üzündən axıb gəlmiş işığı elə göy üzünün xatirinə geri qaytarılması istəyi məndə yalnız sənin xatirinə susmaq, dayanmaq, durmaq məntiqini doğurur. Bir az da xırdalasam, yalnız sənin cənnətə getməyin üçün mən o işıqdan uzaqlaşmağa, o işığa göz yummağa məcburam. Və deməli, burda ikinci yol olmadığından mən özümü işıq üçün bağlı elan edirəm. Qoy belə olsun! Sənə xoş olan mənə də xoş olar. Sənə təbəssüm gətirən mənim də yanımdan laqeyd ötməz. Bu da o deməkdir ki, cəhənnəm yolunda işığa ehtiyac olmayacaq. Yəqin ki, heç ehtiyac da yoxdu. Bir də ki, mən o yolu tək gedəcəm.
Yıxılsam da, büdrəsəm də özüm görəcəm, özüm biləcəm, bir də Allahım!


TƏQVİM / ARXİV