adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
18 Yanvar 2019 15:07
7488
MƏMLƏKƏT
A- A+

20 Yanvar hüzn və qəhrəmanlıq tarixidir

Bakı şəhər Baş Polis İdarəsində 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi anılıb. Yanvarın 17-də keçirilən mərasim Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canlarından keçən qəhrəmanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb.

Tədbiri giriş sözü ilə Bakı şəhər BPİ-nin rəis müavini, polis general-mayoru Elxan Həsənov açıb və bildirib ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizəsini boğmaq, ona mənəvi zərbə vurmaq məqsədi daşıyırdı, ancaq xalqın iradəsi buna imkan vermədi.

Daha sonra Azərbaycan xalqına qarşı xüsusi amansızlıqla törədilən faciənin tarixi səbəbləri və onun doğurduğu nəticələr barədə Baş İdarə rəisinin şəxsi heyətlə iş üzrə böyük köməkçisi, polis polkovniki Əli Vəliyev geniş məruzə ilə çıxış edib.

Qeyd edilib ki, iyirmi doqquz il əvvəl, yanvarın 19-dan 20-nə keçən gecə döyüş meydanını xatırladan Bakıda ölçüyəgəlməz dağıntılar törədildi, televiziyanın enerji bloku partladıldı, inzibati və yaşayış binalarına, nəqliyyat vasitələrinə ciddi ziyan vuruldu. İnsanlıq simasını itirmiş hərbi canilər yaralıları çıxaran təcili tibbi yardım maşınlarını belə atəşə tuturdular. Nəticədə Bakıda və respublikanın rayonlarında 147 nəfər öldürüldü, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz olaraq həbs edildi.


Tədbir iştirakçılarının diqqətinə çatdırlıb ki, insanlığa qarşı ən böyük cinayətlərdən biri olan 20 Yanvar qırğınını nə qədər böyük ağrı hissi ilə xatırlasaq da, xalqımızın azadlıq uğrunda mübarizə əzminin yenilməzliyindən böyük qürur hissi də keçiririk. Çünki 20 Yanvar hadisələri ayrı-ayrı insanların deyil, bütöv bir xalqın taleyidir. Azərbaycanın müstəqilliyini bərpa etməsi şəhidlərin qanının yerdə qalmadığını göstərdi. Ümidsiz qaldığımız o ağır günlərdə imperiyanın paytaxtından eşidilən bir səs qəlblərdə azadlıq eşqini coşdurdu, işıqlı sabahımıza ümidlərimizi artırdı. Bu, ulu öndər Heydər Əliyevin səsi idi. Səhhətindəki problemlərə, ona qarşı təhlükələrə baxmayaraq, Heydər Əliyev bir daha xalqının imdadına yetişdi, səsinə səs verdi. Faciənin səhəri günü - yanvarın 21-də ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedib öz etiraz səsini ucaltdı, hadisəyə siyasi-hüquqi qiymət verilməsi də məhz ulu öndərin yenidən hakimiyyətə qayıdışı dövründə mümkün oldu.

Sonda Bakı şəhər BPİ-nin rəis müavini, polis general-mayoru Elxan Həsənov yanvar qırğınının şahidi kimi ölkədə yaşanan ağır günləri xatırladıb, o günlərin xalqımızın tarixində həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi yaşayacağını bildirib.

Şamxal ŞƏBİYEV