adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
19 Yanvar 2019 10:36
82818
MÜSAHİBƏ
A- A+

"Qorxuruq, iş gedib çıxa ATƏT-ə" - YUĞ-da direktor-rejissor çəkişməsi

Son vaxtlar əsas xəbərlər ölkə teatrlarının səhnəsindən çox, kulis arxasından gəlir. Bu həftə rejissor Sahib Ağayevin "YUĞ”dan çıxarılması məsələsi gündəmdədi. İki gündür "Adalet.az" saytı da bu məsələni diqqət mərkəzində saxlayır. Bu informasiya ilə bağlı ən maraqlı məqam: sən demə, Sahib Ağayevin cinayət işi varmış. Məsələni dəqiqləşdirməkçün direktora müraciət elədik.

YUĞ teatrının direktoru İslam Həsənov:



- İslam bəy, rejissor Sahib Ağazadənin teatrdan azad olunması ilə bağlı nə deyə bilərsiniz? Səbəb nədir?

- Sahib bəy bizim teatrda 2009-cu ildən fəaliyyət göstərir. Bu 9 il ərzində səhnəyə cəmi iki tamaşa qoyub. Onu teatrın baş rejissoru da, mən də çağırdım ki, görək nə məsələdir. Ona işləməyə maneə olan nəsə var. Hüquqşünaslarla da məsləhətləşdim. Əmək Məcəlləsinin 74-cü bəndinə əsasən onu işdən azad etdim. İşçinin nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum etmə, müəyyən fəaliyyətlərlə məşğul olmaq hüququndan məhrum etmə, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasıyla məhkum edildiyi barədə məhkəmənin hökmü qanuni qüvvəyə minib və o, 5 il müddətinə azadlıqdan məhrum edilib. Sahib bəy avtoqəza keçirib, qəzada bir nəfər ölüb, 14.04.2018 tarixindən 13 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alınıb. Mən ona neçə dəfə dedim ki, mənə qətnaməni gətirib göstər, görüm, sənə işləməyə icazə verirlər, ya yox. O isə bu məsələni uzatdı. Mən də cəzaçəkmə müəssisəsinə zəng vurdum, oradan mənə məlumat verdilər ki, o hansı maddə ilə təqsirli bilinib. Və hüquqşünaslarla məsləhətləşdim, qərara gəldim ki, o bu vəziyyətdə işləyə bilməz.

- Sahib bəy qeyd edir ki, Əmək Məcəlləsinin 74-cü bəndinə əsasən mənim işləməyimə heç bir maneə yoxdur və arayışı rəhbərliyə təqdim etmişəm.

- Bəli, o arayışı gətirib və mən də lazımi yerlərə göndərmişəm. Onlar da deyiblər ki, bu arayışa görə o, teatrda işləyə bilməz.

- İslam bəy, belə çıxır ki, siz Sahib bəyi bayaq dediyiniz kimi 9 ildə 2 tamaşa qoyduğu üçün işdən azad etmək fikrində idiniz və bu məhkəmə qərarı da sizə bəhanə oldu. Elədirmi?

- Bəhanə niyə olur ki? Əmək Məcəlləsinə görə onun işləməyə hüququ yoxdursa, mən onu teatrda necə saxlaya bilərəm?

- Siz bu qərarı nə vaxt bildiniz?

- Mən qərarı sentyabr-oktyabrdan bilmişəm. O vaxta kimi də teatra onun məhkum olunmasə ilə bağlı heç bir məktub göndərilməyib. Mən onu sırf məhkumluğu ilə bağlı işdən azad etmişəm, başqa heç bir səbəb yoxdur.

Direktor İslam Həsənovun bütün dediklərinə Sahib Ağazadə belə cavab verdi:


- Sahib bəy, teatrın direktoru İslam bəylə əlaqə saxladıq. O dedi ki, Sahib bəyi 5 il azadlıqdan məhrum olunduğu məhkəmə qərarını əsas tutub işdən azad etmişəm. Üstəgəl də o, işlədiyi müddət ərzində səhnəyə cəmi 2 tamaşa qoyub.

- Əvvəla mənim bu illər ərzində cəmi iki tamaşa qoymağımın İslam bəyə heç bir dəxli yoxdur. Siz bilirsiniz ki, bu illər ərzində teatrımızın binası dəyişib, ondan qabaq Vaqif İbrahimoğlu dünyasını dəyişib. Bu mənada mənim teatrda kəmiyyətə görə yox, keyfiyyətə görə tamaşa hazırlamağım həmişə özüm üçün bir prinsip olub. Bu məsələ istər Vaqif İbrahimoğlunun vaxtında, istərsə də ondan sonra bizim tamaşalar adətən plan üzrə olmayıb. Yəni elə olub ki, bir tamaşanı dörd aya da hazırlamışıq, elə olub ki, Vaqif İbrahimoğlu 14 günə də tamaşa hazırlayıb səhnəyə qoyub. Məsələn, "Kafkadan salam” kimi. Bu sırf yaradıcılıq prosesinə aid olan məsələdir. Buna görə də İslam bəy YUĞ teatrını başqa teatrlarla, məsələn, "Sumqayıt” , "Lənkəran” teatrları ilə müqayisə etməsin. Bütün bunlar əsas səbəbdən yayınmaq üçündür. Haqqımda başqa sözlər də çıxartdılar ki, guya mən aktyorları təhqir etmişəm. Hamısı cəfəngiyyatdır.

- Bəs bu müddər ərzində hansı işləriniz olub?

Bu insanlar teatra rəhbərliyə gələndən mən tamaşa qurmaq üçün 2 pyes, 3 səhnələşdirmə təqdim etmişəm. Heç birini qəbul etməyiblər. Çünki keçən ildən bu yana mənimlə şəxsi qərəz aparmaqdadırlar. Görəndə ki, iddia etdikləri məsələ qanunsuzdur və tamaşa hazırlamır bəhanəsini ortalığa atırlar.

Bir də bu illər ərzində Mingəçevirdə, Dərbənddə tamaşalar hazırlamışam. Aktyor kimi filmlərə çəkilmişəm. Müxtəlif layilərdə iştirak etmişəm. Təkcə keçən il iki layihə olub. BMT-nin qaçqınlarla iş üzrə təşkilatı ilə "Poliqon" yaradıcılıq mərkəzinin birgə layihəsi olan "Limbo" tamaşasında aktyor-ikinci rejissor, Qənirə Paşayevanın "Nəsimi dünyası" konsert tamaşasının rejissoru olmuşam. Yəni məni passiv yaradıcılıqda heç vaxt iddiham edə bilməzlər. Mən gözə kül üfürən, bioqrafiyamda say çox olsun deyə tamaşalar qoymamışam.

- Bəs azadlıqdan məhrum edilməniz?

- Buna gələndə isə onlar çox şişirdirlər və bunu mətbuata belə təqdi etməklə əslində başqa məqsəd güdürlər. Bu şərti cəzadır və məntəqə tipli cəzaçəkmə müəssisəsinə aid edilir. Bütün qanunlarla yaxşı tanışam. Qanunla bu vəziyyətdə ali, peşə təhsili almaq, əmək fəaliyyəti göstərmək kimi fəaliyyətlər Azərbaycan sərhədləri hüdudunda 12 saat ərzində icazə var. Nə dəxli var mən məntəqədə qeydiyyatdayam yoxsa yox. Və qanunda qeyd olunub ki, heç bir nəzarət olmadan, məntəqə rəhbərliyinin icazəsiylə fəaliyyət göstərmək olar. Yenə deyirəm, Əmək Məcəlləsinin 74-cü maddəsinin "c” bəndinə görə mənim teatrda işləməyimə heç bir maneə yoxdur. Yəni mən tamamilə azadlıq hüququmdan məhrum olunmamışam.

İslam bəy mətbuata açıqlamasında yalan ifadə işlədib ki, biz məntəqəyə müraciət etdik, cavab gəldi ki, Sahib işləyə bilməz. Halbuki məntəqədən məktub gətirmişəm və bu məktub Nazirliyə də gedib. Şəxsən özüm bu məktubu İncəsənət şöbəsinin müdiri İsmayıl bəyə göstərdim və dedi ki, bu məktubu direktorunuza göstərin, bizim səlahiyyətlərimizə aid deyil. Direktor özü bu məsələ ilə məşğul olsun. Mən də gətirib direktora təqdim etdim. O da məktubu götürüb yenidən Nazirliyə getdi. Bu məsələ çox uzandı. Onlar istəyi bu idiki mənim keçən il verdiyim müsahibədən sonra və şəxsən bir neçə dəfə baş rejissora bildirdiyim iradlara görə rəhbərliyə yarınım. Mən də nə vəzifəsinə, nə cəmiyyətdəki mövqeyinə nə də maddi imkanına görə heç vaxt heç kimə yarınmamışam. Odur ki, bu iddianı ortaya atıblar. Hüquqşünasla danışmışam, bu məsələlərin tamamilə mənim xeyrimə olduğunu deyib və bu hüquqi müstəvidə də həllini tapacaq. Hətta onlar cərimə oluna bilərlər və mən təzminat tələb edə bilərəm.

- Sizcə bütün bunlarla teatrın gündəmə gəlməyi kənardan pis qarşılanmırmı?

Sadəcə bu məsələnin bu qədər şişməyini, gündəmə gəlməyini istəmirdim. Mən istəmədikcə onlar məni vadar edirlər. Qıraqdan belə görünür ki, mən özümü gündəmdə saxlayıram. Əksinə buna görə utanıram. Çünki bu teatrın adına mənfi təsir göstərir. İsətəydim ki, teatrın adı yaradıcılıq uğurları ilə gündəmdə olsun.