Avropa Atatürkün ölüsündən də qorxur

AQİL ABBAS
24802 | 2009-04-21 04:09
Son zamanlar Türkiyədə baş verən olaylara Azərbaycan mətbuatında geniş yer ayrılması, müxtəlif səpkili yazıların qəzet səhifələrinə çıxarılması, Türkiyə hökumətinə müəyyən təpkilər və etirazlar heç də təkcə Türkiyə- Ermənistan sərhədinin açılması ilə və Qarabağla bağlı deyil. Sərhədi açıb-açmaması Türkiyənin daxili işidi, biz heç bir dövlətin daxili işinə qarışmırıq, eləcə də Türkiyənin, qardaşımız olsa da. Bir evdə bir atanın belindən, bir ananın bətnindən gələn iki qardaş ayrı-ayrı fikrə sahib olduqları kimi, bir atanın belindən, bir ananın bətnindən gələn iki qardaş dövlət də ayrı-ayrı fikrə sahib ola bilər. Biz sadəcə olaraq umduğumuz yerdən küsürük. Heç ondan da küsmərik. Qarabağ bizim öz sorunumuzdur, bu sorunu da həll etməyə gücümüz və qüdrətimiz var və həll edəcəyik də.
   
   Azərbaycan aydınlarını ABŞ-ın və Avropanın qardaş Türkiyəni bir bataqlığa sürüklədiyi və Türkiyə hökumətinin bu məsələdə acizliyi narahat edir. Yəni Türkiyə hökuməti göz görə-görə və ən faciəsi budur ki, bilə-bilə bu bataqlığa girir.
   
   90-95 il bundan əvvəl Avropa Türkiyəni məhv eləmək üçün yüz minlərlə qoşunu dörd bir yandan Türkiyəyə soxdu, amma əliyalın türk xalqına qalib gələ bilmədi. Bir günəş kimi doğan Atatürk milləti toparlaya bildi və bütün işğalçı qoşunları dənizə tökərək Türkiyəni xilas elədi. Və artıq bütün dünya bildi ki, Türkiyəni silah gücünə, qol zoruna məhv eləmək mümkün deyil. Ona görə də indi Türkiyəni türklərin öz əlləri ilə içəridən məhv eləmək üçün illərlə hazırladıqları planı həyata keçirirlər.
   
   Necə ki, Sovet İttifaqını belə dağıtdılar. Bu ayrı bir yazının mövzusudu, yəqin ki, yaxın günlərdə qələmə alacam.
   
   Məsələ nədi? Srağagün Türkiyə kanallarının birində (gərək ki, "Bengütürk" kanalında) çox qəribə bir müzakirənin şahidi oldum. Heç demə, Avropa Birliyi bu xristian süfrəsində Türkiyəyə də küncdə bir yer ayıracağı nağılları ilə Türkiyənin qarşısına qoyduğu 99 öhdəliyə birini də əlavə eləyib. İnanmayacaqsınız! Verilişə özüm baxmasam, heç özüm də inanmazdım.
   
   Avropa Birliyi Türkiyənin qarşısına bir şərt də qoyur ki, Atatürkün portretləri dövlət idarələrindən yığışdırılsın. Al bu da sənə Avropa! Məqsəd açıqdı və ortadadı. Avropa çox gözəl bilir ki, bu gün Türkiyəni ayaqda saxlayan, Türkiyəni yenilməyə qoymayan heç də Türkiyənin gəlib-gedən hökumətləri və artıq yazıq duruma salınmış qüdrətli Türk ordusu deyil, Atatürkün ideyaları və bir Tanrı mələyi kimi bu dövlətin üstündə gəzən və bu dövlət üçün əsən Atatürkün ruhudur. Nə qədər bu ideyalar və bu ruh bu millətlədi, bu dövlətlədi Türkiyəni məhv eləmək olmaz.
   
   ABŞ-ın və Avropanın təhdidi ilə Atatürkçülərin həbsxanalara doldurulması da məhz elə bu plana xidmət edir. Türkün şüurundan Atatürkü çıxarmaq, müsəlmanın şüurundan peyğəmbəri çıxarmaq kimidir. İnsanın şüurundan onun Tanrı qədər sevdiyi müqəddəsləri çıxarandan sonra elə o şüurdan Tanrı da çıxır və həmin insanın heyvandan fərqi olmur, hara istəyirsən sür.
   
   Bəli, Avropa Atatürkün ölüsündən də qorxur. Türk qardaşlar, ehtiyatlı olun, özünüzü toparlayın! Atatürkə əl uzadanın əlini, dil uzadanın dilini kəsin.
   
   "Nəsimi" filmində belə bir qəribə yer var. Miranşah Azərbaycan sərkərdəsi Dövlət bəyin başını kəsdirir və kəsik başı bəyin sevgilisinə gətirir. Bəyin sevgilisi bir eşqlə kəsik başa baxır və deyir:
   
   - Dövlət bəyin ölüsü də gözəldi!
   
   Qalanı da qalsın sonraya.
   
   

TƏQVİM / ARXİV