adalet.az header logo
  • Bakı 18°C
17 Yanvar 2019 22:32
11575
ƏDƏBİYYAT
A- A+

GÜNDƏN-GÜNƏ ÖLƏN DİLİM- ANA DİLİM

Hər bir millətin öz dili olur. Ona ana dili deyilir. Bizim də bir millət olaraq ana dilimiz Azərbaycan dilidir. Bu dil biz dünyaya gəldiyimiz andan canımıza, qanımıza. beynimizə və ürəyimizə anamızın südü, laylası ilə daxil olur.
Əsrlərdir dünya şöhrətli sənətkarlar bu dildə bəşəri dəyərlərə söykənən çox böyük incilər yaratmışlar. Bu incilər dünya xalqlarının dillərinə tərcümə olunub, insanlığa xidmət edir.
Şah babamız, şair babamız Şah İsmayıl Xətai bu dili dövlət, diplomatik yazışma və hərbi təlim dili kimi işlətmişdir. Bu dil Şərqdə ünsiyyət vasitəsi olmuşdur.
Bir çox tarixi şəxsiyyətlər Azərbaycan dili haqqında yüksək fikirlər söyləmiş, bu dili öyrənməyə çalışmışlar. Böyük rus şairi M. Lermontov Avropada fransız dilini, Asiyada isə Azərbaycan dilini bilməyin vacib olduğunu göstərmişdir.
Erməni əsilli rus yazıçısı və alimi Moratta Şoqenyan N. Gəncəvinin əsərlərini rus dilinə tərcümə etmiş, şair haqqında elmi məqalələr yazmışdır. O yazırdı ki, Azərbaycan dilini bilməklə Avropadan vurub, Asiyadan çıxmaq olar. "Bu dil tez anlaşılan və musiqili dildir".
Şah İsmayıl Xətai bizə Azərbaycan dilini və 2, 7 milyon kvadrat km sahəsi olan böyük bir dövlət əmanət qoyub getdi. Biz bu əmanətləri qoruya bildikmi? Zaman- zaman torpaqları rusa, erməniyə, gürcüyə payladıq. Pay- püş etdiyimiz ata- baba torpaqlarımızdan gəlmələrin sayəsində tərki vətən olduq. Adımız "gılmə" dedilər, insani hüquqlarımız tapdalandı. Təhqir olunduq. Arxamız, dayağımız olmadı.
Gəlmələr məktəblər açıb, elm öyrənib irəli getdilər, biz məktəb aça bilməyib, tənəzzül elədik.
Rus imperiyasının boyunduruğu altına düşəndən sonra bizdə ruslaşmaya mey yarandı. adımızı, soyumuzu belə ruslaşdırdıq. dil açanda da yad dildə açmışıq.
"Ana" kəlməsi bu gün unudulub. Anamız beşiyimiz başında bizə öz dilində "layla" çalıb. Bu layla o qədər şirindir ki, çalınan kimi şirin yuxuya gedirik. Bəs görəsən, dil açanda nə üçün, bu böyük varlığa "Ana" yox, "mama" deyirik. Fikirləşəndə ki, bu yabançı söz bizə döşündən süd əmdiyimiz Ananı öz adıyla çağırmağa qarşı manqurtlaşdırıb, doğrusu, adamı üşütmə tutur. Öz dilimizdə "ana" deyənlərə təəccüblə baxmışıq.
... Sahil bağında oturub qəzet oxuyurdum. Çiçək ləçəyinə qonmuş kəpənək tutmağa çalışan bir fidan bala əldən düşərək, üzü Xəzərə tərəf oturmuş gənc qadına:- Ana, ay ana, bu kəpənəyə de, qaçmasın dəə...- dedi və ondan bir qədər aralıda asfalt qırıntılarını üst- üstə qalaqlayan yaşıdının cingiltili gülüşündən diksindi. Gülən uşağın anası uşaqdan niyə güldüyünü soruşdu. uşaq qəribə bir təəccüblə anasına dedi:- Bu qaqaş "mama"sına "ana"deyir.
Anaların hər ikisi gülümsündü. Kim kimə güldü.
Gülən uşağa "ana" kəlməsi tam yad idi. çünki gözünü açıb "mama" demişdi. Bu səhnə məni sarsıtdı. İçimdən analara bunları demək keçdi: "Ana sevincinizin ilk payından son beşiyinizədək könlünüzdən şirin laylaları əksik eləməyin, layla çalın. Layla ilə yatırın. qızıl gülə batırın baldan şirin balalarınızı. Laylayla yatırıb bayatıya oyadın körpələrinizi. Layla toxumu, bayatı toxumu səpin körpə qəlbinə, görün nələr göyərəcək!" Sədaqət göyərəcək. məhəbbət dilinə bağlılğq göyərəcək və günlərin bir günü Azad Vətən göyərəcək!
Yadımdadır, Sovet vaxtı hamı uşağını rusca oxutmaq yarışına qoşulmuşdu. hətta ölkənin ən ucqar yerlərində belə rus məktəbləri açılmışdı. Bunun da müəyyən səbəbləri vardı. Rus dilini bilməyən dövlət idarələrində işləyə bilməzdi. Rus dili Azərbaycanlıların ana dili olmuşdu.
Bir dəfə bir nəfər erməni mənə dedi ki, belə getsə bir neçə ildən sonra Azərbaycanda Azərbaycan dilində danışan olmayacaq. O, bunu azərbaycanlıların əksəriyyətinin rus dilində danışmağına istinadan deyirdi. Haqlıydı. Şər atmırdı, böhtan demirdi. Həqiqəti deyirdi.
İllər keçdi, dünya dəyişdi. Müstəqillik əldə etdik. İndi hamımız öz dilimizdə danışa bilərdik. Bütün kargüzarlıq işi Azərbaycan dilində aparılmağa başladı, qeyri millətlər üçün Azərbaycan dilli kurslar yaradıldı. Soyumuzu dəyişmək məsələsini gündəmə gətirdik. Lakin bunlar kampaniya xarakterli olduğuna görə, uzun sürmədi. Hər şey unuduldu. Hamı bir nəfər kimi ruslaşmadan ingilişməyə meyl elədi. Ona görə ki, ingilis dilini bilmədən xarici şirkətlərdə işləmək mümkün deyildi. Maşallah, ölkədə olan şirkətlərin çoxsu da xaricidir.
İngilis dilini bildinsə, babat işin və çörəyin var deməli. Yox. əgər dili bilməyib həmin əcnəbilərin əlində işlədinsə, başın qapazlı, üzün tüpürcəkli olacaq. Qeyrət damarın oyanıb etiraz filan eləsən, işdən qovulacaqsan. Onda da gərək özünü verəsən piştaxta arxasına, ya da qul bazarına.
Rəhmətlik Heydər Əliyev sağ olanda hərdən məmurlarını danlayırdı ki, ana dilinizi öyrənin, o dildə danışın. Məmurların çoxsu qorxudan dili ala- babat öyrəndi. İndi nə Heydər Əliyev var, nə də məmurlarda qorxu. Kim hansı dildə istəyir, o dildə də danışır.
Ən acınacaqlısı odur ki, bəzən dövlət səviyyəsində keçirilən rəsmi görüşlər də yad dildə aparılır.
Azərbaycan dilinə biganəlik danışıqda olsaydı nə vardı ki. Bakının küçələrinə çıxın, əhalisinin sayından çox olan mağazaların, xidmət yerlərinin, iaşə ocaqlarının adlarına baxın. Azərbaycan sözlərindən və Azərbaycan dilindən başqa, istədiyiniz dildə yazılmış lövhələrə rast gəlirsiniz: "Skazka", "Yıska", "Peçka", "Orion", "Lodes", "Ronika", "Solure", "Lame", "Ramix", "Mini Ledi", "Ramos", "Çeşka", "Elida", "Çeburaşka"...
Bu adları küçələrdə görən kənddən gəlmiş adam özünü Bakıda yox, əcnəbi ölkədə hiss edir. Bütün bunlardan sonra ayağının altındakı torpağın Azərbaycan torpağı və vətəndaşı olduğum ölkənin Azərbaycan ölkəsi olduğuna şübhə edirəm.
Məhərrəm Şəmkirli