adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
17 Yanvar 2019 22:21
16611
ƏDƏBİYYAT
A- A+

GÖZƏL YAZIÇI

ƏLİSƏFA AZAYEV

Yazıçı Əlibala Hacızadə XX əsr Azərbaycan ədəbiyyatının əsl mənada parlaq ulduzlarından biri idi. Necə ki, vaxtilə Vilyam Şekspir İngilis ədəbiyyatına, Viktor Hüqo Fransız ədəbiyyatına, Lev Tolstoy Rus ədəbiyyatına olduğu kimi, həm də dünya ədəbiyyatına işıq salıb, onu öz ölməz əsərləri ilə zənginləşdirdilər.
"Kitab mənim üçün tacdan qiymətlidir" - deyən böyük İngilis dramaturqu Vilyam Şekspiri necə unuda biləsən!.. Ya da ki, "Səfillər" romanını yazan böyük Viktor Hüqonu!.. Onun yaradıcılığı haqqında belə demişlər: "Dünya məhv edilsə, "Səfillər"in bir vərəqi qalsa da, ədəbiyyat haqqında təsəvvür olar". Lev Tolstoy, onun yaradıcılığı əsl mənada o vaxtkı Rus həyatının güzgüsü olmuşdur!..
Böyük ədibimiz Əlibala Hacızadə də belə taleli, belə timsallı yazıçı idi! Nə yazıq ki, bəzi nadanlar onu, yaradıcılığını kifayət qədər düzgün qiymətləndirə bilmədilər. Ona ögey münasibət bəslədilər. Yazıb-yaratdıqlarına sağlığında olduğu kimi, dünyasını dəyişəndən sonra da dəyərli qiymət vermək istəmədilər.
Halbuki, yetmişinci illərdə onun əsərləri göydə parlayan dan ulduzunu xatırladırdı, bütün yaradıcı adamları kölgədə qoymuşdu. Onun "Əfsanəsiz illər", "Təyyarə kölgəsində" əsərləri necə sevilə-sevilə oxunurdu, İlahi! Çoxları sanki bu əsərlərlə nəfəs alır, kitabları əllərdən düşmürdü! Hara gedirdin, kimə baş çəkirdin Əlibala Hacızadənin əsərlərini oxuyan görürdün...
Bəlkə də elə bu həvəsin, mütaliənin təsiri idi ki, Ulu Öndərimiz Heydər Əlirza oğlu Əliyev Sabirabada səfəri, əməkçilərlə görüşü zamanı, onlara nə köməklik lazım olduğunu soruşanda, pambıqçı bir qız demişdi: "Mümkün olsaydı, yazıçı Əlibala Hacızadənin kitablarından bizə də göndərərdilər".
Sözsüz ki, onda böyük rəhbərin tapşırığı ilə o şöhrətli yazıçının əsərləri on min yox, yüz min tirajlarla çap olunmağa başladı. Bir dəfə "Gənclik" nəşriyyatının redaktor müavini, hazırda həmin nəşriyyatın direktoru işləyən, əslən Zərdabdan, mətbuatımızın mənəvi atası Həsən bəy Zərdabinin ellisi, həmyerlisi olan bu adam dedi: "İnanın ki, yazıçı Əlibala Hacızadənin aldığı qonorarı üç böyük kağız torbaya güclə yerləşdirə bildik. İkisini həmin gün apardı. Üçüncüsünü apara bilmədiyi üçün mənim otağımdakı seyfə qoydu. Səhər onu da aparanda, bir ovuc dolusu göturub stolun üstə qoyaraq dedi: "Bu da sənin..."
Tale qismət elədi ki, bu gözəl, şöhrətli yazıçı ilə sağlığında bir neçə dəfə görüşə bildi. Özü də necə... Onda Kürdəmir rayon XDS İcraiyyə Komitəsinin təşkilat şöbəsinin müdiri işləyirdi. Şəhərdə idi. Rayona qayıdanda dedilər ki, səni bir yazıçı görmək istəyirdi.
Maraq ona üstün gəldi. Soruşdu. Dedilər ki, şair Fikrət Sadıqla hüzr yerinə gəlmişdi. Lenin ordenli həkim Soltanxanım İslamzadənin yerinə. Elə səhər də Bakıya yola düşüb, Fikrət müəllimlə görüşdü. Dedi ki, yazıçı Əlibala Hacızadə idi. Deyəsən sənin əsərin var onda. Rəydə...
Bəli, onda kitab çap etdirmək belə deyildi. Rəyi verilən kitabın kimə təqdim olunması məxfi saxlanılırdı. Fikrət müəllim dedi:
- İstəyirsənsə, zəng edim, görüşün.
- Əlbəttə ki... - deyə dərhal sevincək halda cavab verdi.
Fikrət müəllim telefonla onunla əlaqə saxladı. Dedi ki, gözləsin, gəlir... Bu müddətdə o daha Fikrət müəllimə mane olmaq istəmədi. Yazıçılar İttifaqının dəhlizində gəzinirdi. Birdən orta boylu, kürən bir adamın ona tərəf gəldiyini, yaxınlaşdığını gördü. Salamlaşandan sonra soruşdu:
- Əlisəfa Azayev sizsiniz?
- Bəli...
Onunla əl verib mehribanlıqla görüşərək, gülümsər halda dedi:
- Ə, sən nə cavan adamsanmış!.. Mən səni saqqallı-bığlı bir kişi bilirdim!..
O vaxtlar otuz yaşlarında olardı. Əlibala müəllimin belə deməsi onu fərəhləndirən kimi oldu. Onları qonaq etmək istədi. Təklif ondan olsa da, yeri onlar seçdi. Beləcə o vaxtlar Universitet, Nəşriyyat yaxınlığında olan xudmani bir yeməkxanaya gəldilər. Söhbət zamanı Əlibala Hacızadə dedi:
- Oxumuşam... Gözəl bir əsər yazmısan... Təbrik edirəm.
- Çox sağ olun... Zəhmət çəkib oxumusunuz.
- Nə zəhməti var... Borcumuzdur...
Bu səmimi insanın belə gözəl rəftarı ilk baxışdan onu valeh etmişdi. Həmin kitaba verdiyi rəydə yekun olaraq yazmışdı: "Nəticə etibarilə deməliyik ki, Əlisəfa Azayevin rəyə təqdim edilmiş kitabı çap olunmağa tamamilə layiqdir. "Əlbəttə, söhbət "Gecəyarı sui-qəsd" povestlər kitabından gedirdi.
Onda Əlibala müəllim çox maraqlı söhbətlər elədi. Dedi ki, adətən, o, birotaqlı evinin mətbəxində işləyir. Bir gün şahla əsas qəhrəmanının dialoq səhnəsini işləyirdi ki, birdən sakit halda qapının açıldığını, həyat yoldaşının dediyi sözləri eşitdi:
- "Əlibala, kartofumuz yoxdu ey..."
Deməsinə görə, onda o, dilxor halda deyib:
- "Mən nə hayda, sən nə hayda... Heç hənanın yeridi?!. Burada mən şahla Elməddini görüşdürür, mübahisələşdirirəm... Sən kartof dərdi çəkirsən..."
Bir də yadında qalan söhbətlərindən biri o idi ki... Deməsinə görə Əfqanıstanda tərcüməçi işləyirmiş. Kabulda olanda bir əfqan təyyarəçisi ilə onların evində imişlər. Zabit yaxşı qatıqlı ayranla ovduq, bizim tərəflərin ifadəsilə desək doğramac hazırlayıbmış. Elə yemək istəyirmişlər ki, zabitin ağsaqqal, dindar atası gəlir... Bir araqları da varmış. Heç cür içə bilmirlər. Zabit əlacsız qalıb onu xəlvətcə ovduğun içinə tökəsi, boşaldası olur. Bu an onlar tərəfə baxan kişi deyir:
- "Ondan mənə də bir az verin..." Oğlu əlacsız halda ona da bir kasanı doldurub verəndə, kişi ovduqdan yeyə-yeyə deyib:
- "Ə, bu nə əla yeməkdi..."
Notariuslar haqqında kitab yazmaq həvəsilə rayonlarda idi. Biləsuvarda olanda, hara baxırdısa gözləri önünə yazıçı Əlibala Hacızadənin, bir də Milli Qəhrəmanımız Mübariz İbrahimovun surəti gəlirdi... Biri qələm, söz əhli, o biri qüvvət, qüdrət, fədakarlıq rəmzi!
Yazıçılar Birliyinin son qurultayı ərəfəsində onu gördü. Xeyli yaşlaşmışdı. Ancaq həmmin sima, həmin gülən gözlər, həmin xoş baxış. Soruşdu:
- Necəsiniz?
- Çox sağ olun, Əlibala müəllim, yaxşıyam.
- Yenə də yazıb-yaradırsanmı?
- Bəli...
- Həvəsdən düşməyin...
- Minnətdaram... Allah sizdən razı olsun, kitablarım çap olunur...
- Çox yaxşı... Görmüşəm...
- Sizin ardıcıllarınızıq da...
- Yazmaq lazımdır...
- Kitab məsələsi indi bir qədər arxa plana keçib.
- Belə hallar həmişə olub. İnşallah, yaxşı olar, ruhdan düşmək lazım deyil.
- Siz necəsiniz?
- Belə də... Bağışla, deyəcəyəm... Cavanlıqda taqətimizi qızlar aldı, indi də duzlar... Bir az sıxır, ağrıdır...
Sonuncu dəfə onu metronun Elmlər Akademiyası stansiyası yaxınlığında, Universitetə gedən küçədə gördü. Onun üçün darıxdığını, tez-tez görmək istədiyini deyəndə, dedi:
- Elə çox vaxtlar burada oluruq.
Əli ilə yaxınlıqdakı obyektlərdən birini göstərdi. Daha bilmədi ki, ora kafedi, yoxsa çayxana... Məşhur, şöhrətli Azərbaycan yazıçısının o vaxtlar beləcə diqqətdən kənarda qalması, şəxsən onun üçün ürək ağrısı idi! Nə vaxtdan bəri idi ki, qəzet, jurnal, mətbuat səhifələrində Əlibala Hacızadə imzasına rast gəlinmir, onun kitabları görünmürdü.
On cildliyi çap olunanda elə sevindi ki! Hətta eşitdiyinə görə onlar Dövlət mükafatına təqdim olunubmuş. Nəticəsini bilmədi, xəbərsiz oldu.
Bir dəfə Elmlər Akademiyasında idi. "Ədəbi proses - 2017-ci il" tədbirində iştirak etmək istəyirdi. "Müasir Azərbaycan ədəbiyyatı" şöbəsində olanda həmin şöbənin müdiri Tehran Əlişanoğlunun dediyi sözlər onu lap təsirləndirən kimi oldu:
- Əlibala Hacızadə özünə nə gün ağladı ki, sənə də kömək edəydi. Heç özünü də təsdiq edə bilmədi...
Sözsüz ki, o bunu Əlibala Hacızadənin fəxri ad almamasına, son əsərlərinin, xüsusilə on cildliyinin hökumət mükafatına təqdim edilsə də, lazımı nəticənin olmamasına görə deyirdi...
Onu başa düşürdü: Ancaq, inanın, bu sözlər Əlibala Hacızadə kimi şöhrətli, gözəl bir yazıçının adına yaraşmır! Onun buna heç ehtiyacı da yox idi! Bəyəm vaxtında böyük İngiltərəni şöhrətləndirən Vilyam Şekspirə, Fransanın fəxri olan dahi Viktor Hüqoya, Rusiyanı əsl mənada tanıdan Lev Tolstoya, bu gün də ABŞ-la Kanada arasında az-çox mübahisəli yazıçı olan, hətta sərhəddə yerləşən mülkünü yarı bölüb, hər iki tərəfin muzey etdiyi şöhrətli yazıçı, Çek Londona xalq yazıçısı adı verilmişdi?!. Elə başqaları da onlar kimi... Bu yanlış fikir bizdə beləcə formalaşıb. Verirlərsə, daha yaxşı, vermirlərsə, yoxsa, bunu dərd etməyin, söz-söhbətə çevirməyin adı yoxdur.
Əlibala Hacızadə yaradıcılığı, onun çap olunmuş kitabları elə bir nur, elə bir gur işıqdır ki, hələ çox-çox nəsilləri nurlandıracaq. Onları əsl mənada işə, fəaliyyətə, gözəl həyata səsləyəcək!
Ancaq çox təəssüf ki, bu gözəl yazıçı bu gün lazımınca mütaliə olunmur, gənclərimiz onun yaradıcılığından çox da xəbərdar deyillər. Yaşlı nəslin bir neçəsindən soruşun, çox adam onun kitablarını oxuduğunu, qəhrəmanları haqqında məlumatları olduğunu deyəcək. Əfsanəni, Elməddini, Əbdülü kim unuda bilər?!. Onlar sadəcə Əfqanıstan yox, bəşəri, bütün dünyanın qəhrəmanları idilər!..
O vaxtın, zamanın tələbi belə qəhrəmanlar yaratmaq tələb edirdi. Nahaq demirlər ki, əsl yazıçılar həyatda öz qəhrəmanlarına, onları yaratdıqdan sonra rast gəlirlər.
Bu gün o qəhrəmanlar bizimlədi! Yaradıcı insanlarımızın içindədi! Heç vaxt səpilən toxumun hamısı zay ola bilməz. Yazıçı isə nə səpdiyini lap yaxşı bilir. O yaxşı bilir ki, ədəbiyyat sözlərin köməyilə özünü ifadə etmək sənətidi. Elmi ədəbiyyat insanı nadanlıqdan qurtarırsa, bədii ədəbiyyat isə nəinki onları kobudluq və bayaqlıqdan, həm də naxələflikdən, korafəhmlikdən xilas edir.
Başqalarını bilmir, Yazıçılar Birliyində olanda, xalq yazıçılarının şəkilləri, portretləri vurulan lövhəyə baxanda, sanki Əlibala Hacızadəni oradan boylanan görür. Bəli, əsas odur ki, sənətkar xalq ürəyində, qəlbində, ruhunda olsun, yaşasın, qalan hamısı boş şeydi! Ola da bilər, olmaya da! Axı bir vaxt bizdə də fikir mübadiləsi, müzakirəsi getdi: "Sovet təfəkkür tərzinin nəticəsi olan bu xalq yazıçısı adını yaşatmaq lazımdı, ya yox?!." Fikirlər müxtəlif olsa da, sağlam düşüncə üstün gəldi. Dövlət səviyyəsində onun davam etdirilməsinə rəvac verildi.
Ancaq Azərbaycan reallığıdı da... Bəzən elə adama da Milli Qəhrəman adı veririk ki, sonradan ölkəyə, vətənə qənim kəsilir, üsyankar olur, yolunu azır, ümumi işə ziyan vurur! Elə bir çox fəxri adlar da onun kimi. Düzdür, bu sahədə güclü, elə bir müayinə göstəricisi yoxdur.
Ancaq yenə də ehtiyatlı olunmalıdı da. Əlibala Hacızadə kimi şöhrətli bir yazıçı dura-dura, başqalarına bu adı vermək nə dərəcədə düzgün, doğrudur?!.
Axı onun qiymətini elə bir vaxtlar Ulu Öndərimiz, mərhum Prezidentimiz Heydər Əliyev vermişdi. Neçə-neçə kitabları kütləvi tirajla, yüz minlərlə çap olunanda!.. Yazıçıya bundan da böyük, gözəl hörmət, qayğı olarmı?!.
Allah sənə qəni-qəni rəhmət eləsin, Əlibala müəllim! Xalq yazıçısı adını ala bilməsən də, bu gün ölməz, işıqlı adınla bizimləsən, bizimlə də olacaqsan!
İnanın, vaxt olacaq ki, bəlkə də bu gün o fəxri adlara layiq olanlar, sonradan heç yada düşməyəcəklər, adları çəkilməyəcək. Ancaq sizin adınız!.. Əlibala Hacızadə adını, soyadını kim unuda bilər?!. Siz öz qiyməti, dəyəri milyonları sevdirən gözəl, ölməz əsərlərinizlə, yaxşı oxunaqlı kitablarınızla həmişə bizimlə olacaqsınız!
Ona görə ki, sizin əsərləriniz Mübariz İbrahimov kimi qəhrəman yetişdirdi! Böyük Rusiyanın prezidenti Putin də təsirlənmiş halda necə deyib: "Mübariz İbrahimov əsl canlı Rembo imiş ki..."
Bəli, əziz xalqım, Əlibala Hacızadəni, Mübariz İbrahimovu yetirən, yetişdirən Biləsuvar torpağıdı!.. O torpaq ki, sanki bu gün yurduma Günəş oradan doğur! Minlərlə vətənpərvər oğullar Mübariz İbrahimov ev muzeyinə baş çəkəndə təəssüflənir: "Bəs Əlibala Hacızadənin adı burada niyə anılmır?!." Ona görə ki, dünyanın yarıdan çox hissəsini fəth etmiş, fateh Makedoniyalı İsgəndər bu qabiliyyətinə görə müəllimi Aristotelə borclu idi! Əlibala Hacızadə də Mübariz İbrahimovun belə bir mənəvi müəllimi olmuş, onu nəinki yaradıcılığa, həm də ölməz qəhrəmanlığa ruhlandırmışdı!
Bəlkə də onun bu fikri, sözləri kiməsə xoş gəlməyə, təəccüb doğura bilər. Ancaq bir anlığa "qılınc və qələm" ifadəsini gözlərinizin önünə gətirin, fikirləşin! Tarix boyu belə olub!.. Qələm həmişə qılıncdan güclü olub, milyonları öz ətrafına toplaya bilib! Onun gücü, qüdrəti ilə qanunlar, ölməz əsərlər, kitablar yazılıb, qəhrəmanlar vəcdə gəlib, at oynadıb, qılınc çalıblar! Elə Mübariz İbrahimov, o ölməz qəhrəmanımız kimi!
Bakının küçələri ilə gəzir. Allaha şükür hər yanda insanlar hərəkətdə, fəaliyyətdədi... Çoxmərtəbəli, gözəl evlər, villalar göz oxşayır. Hər birinin həyətində neçə maşın, nəqliyyat vasitəsi. Çoxu da xarici markalı. Hərdən də yetim uşaqlartək köhnə sovet markalı maşınlar dəyir gözə... Çox yerdə səhərlər yeşik-yeşik çörəyi, tərəvəzi obyektin, mağazanın qarşısında qoyub gedirlər. Dəyib-dolaşan, tamah salan, toxunan, aparan yox...
Yadına Viktor Hüqonun "Səfillər" əsəri, ac olduğu üçün mağazanın şüşəsini sındırıb çörək oğurlayıb gəvələyən Jan Valjan, onu tutub aparmaq istəyən polis Javer düşür... Şükür, bizdə belə mənzərələr daha çox da yoxdur... Bax, Müstəqilliyin uğurları budur! Çox təəssüf ki, bu uğurları Əlibala Hacızadə kimi obyektiv vəsf edən qələm sahiblərimiz çox azdır. Olanlar da bir o qədər ciddi fəallıq göstərmirlər...