adalet.az header logo
  • Bakı 12°C
17 Yanvar 2019 11:25
6796
MƏMLƏKƏT
A- A+

Bakıda polis kimsəsiz şəxsi sığınacağa apardı

"17 yanvar gecə saat 3 radələrində küçədə yaşayan kimsəsiz, baxımsız olan bir nəfər kişi polis əməkdaşı tərəfindən sığınacağa gətirilib”.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov bildirib.

"Dünən gecə saat 3-ün yarısında polis əməkdaşı tərəfindən Yasamal rayonunda küçədə yaşayan baxımsız vəziyyətdə olan bir nəfər kişi Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacağa gətirilib. Onun sığınacaqda yerləşdirilməsi, qidalanması və istirahəti təmin olunub”.

Şöbə müdirinin sözlərinə görə, müayinə zamanı şəxsin müəyyən xəstəlikləri olduğu aşkarlanıb:

"İlkin tibbi müayinə zamanı onda psixi xəstəliklərin əlaməti, eyni zamanda sağlamlığında problemlərin olduğu müəyyənləşib. Hazırda sığınacaqdadır. Amma yaxın saatlarda səhiyyə müəssisəsinə müalicəyə göndəriləcək. Sağlamlığı ilə bağlı müayinə və müalicə olunacaq”.

Ölkə ərazisində yanvarın 16-dan 17-ə keçən gecədən başlayaraq 18-i gündüzədək gözlənilən ifrat təhlükəli hidrometeoroloji hadisə ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial sığınacaqları gücləndirilmiş iş rejimində işləyir.

Kəskin hava şəraiti ilə əlaqədar sığınacağa ehtiyacı olanlar dərhal yaş səviyyələrinə uyğun olaraq Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacaqda və ya Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsində yerləşdiriləcəklər.