adalet.az header logo
  • Bakı 16°C
17 Yanvar 2019 00:13
14873
GÜNDƏM
A- A+

QAYTARILMAYAN BORC - ÖVLAD BORCU

Xitab yaşından, başından və məqamından asılı olmayaraq bütün övladlaradır

Vaqif Cəliloğlu,
Tex. elmləri üzrə fəlsəfə doktoru

Dişi və erkək quşlar Allah sevgisilə sevişməzdən öncə həmin sevginin nəticəsinin (balalarının) taleyi barədə tədbir görürlər. Belə ki, yumurta qoymazdan öncə min bir zəhmətlə "ev tikən" (yuva quran), sonra yumurtalarını ora qoyan və nəhayət yumurtadan çıxan balalarını yedizdirmək, öz canları bahasına onları qorumaq, pərvazlandırmaq həmin valideynlərin ağlasığmaz fədakarlığının nəticəsidir. Lakin bu fədakarlıq heç də yalnız onlara aid bir iş deyil. Burada əsas məsələ həmin sevgi və ondan alınan mənəvi-cismani ləzzətin sonrakı məsuliyyətinin, cavabdehliyin ilahi bir diqtə ilə icra edilməsidir. Bu, bitki və heyvanlar aləmi üçün də belədir... Həmin səbəbdən bar verməyən ağacın altında baltanı, bala verməyən heyvanın boğazında bıçağı görmüşük (yeri gəlmişkən, həz. Peyğəmbər buyurub ki, uşağı olan çirkin qadın, uşağı olmauan gözəl qadından daha xeyirlidir). Hal belə ikən, bitki, heyvan və quşlardan fərqli olan ağıl sahibi insan başqa cür hərəkət edə bilərmi? Əsla yox! Çünki sevmək, izdivacda olmaq və nəticədə öz təsdiqini (övladlarını) dünyaya gətirmək bəndə yaratması yox, Allah istəyi və Allah yaratmasıdır. O ki qaldı Məbuddan (Allahdan) sonra itaət ediləsi ikinci varlıq olan valideynə, fəqət o, Allah ilə dünyaya gələn övladlar arasında bir vasitə, vəsilə və səbəbkardan başqa bir şey deyil.

Əvvəl verilir, sonra istənilir -
Verilmədən istənilməz

"Əvvəl verilir, sonra istənilir" ilahi bir düsturdur. Bu postulata əsasən, valideynə fitratdan verilən şəhvət və onunla bağlı müqəddəs hisslər ülvi ləzzətlərlə müşahidə olunur. Və izdivaca girənlər də çox gözəl dərk edirlər ki, qısamüddətli bu halal ləzzətin arxasında ananın hamiləliyi və yuxusuz gecələri, atanın isə "mən bu gün çörəyi necə qazanacam" problemi durur. Başqa sözlə, izdivaca səbəb şəhvət hissidirsə, həmin izdivacdan doğan övlad da nəticədir. Və Rəbb də məhz bundan sonra verdiyinin nəticəsini (övladı) boya-başa çatdırıb ərsəyə yetirməyi valideyndən bir borc kimi tələb edir. Bəndə Rəbb iradəsilə bu keçici, ani ləzzətin "fəsadını" başa düşsə də, fəqət o, nəinki bu "əzaba" məmuniyyətlə qatlaşır, hətta həmin "əzab" uğrunda canını belə fəda verməyə hazır olur. Göründüyü kimi, Adəm(ə)-dən sonrakı bəşər övladını palçıqdan yox, atanın belindən, ananın rəhmindən yaratmaqla məhəbbət və sevgini həm də konkret bioloji varlıq (qohumluq) müstəvisinə çevirmək, Rəbb hikmətinin bariz nümunələrindən biridir. Elə Rəbb ilə doğulan körpə arasında vasitəçi rolunu daşıyan valideynin öz ətindən, qanından dünyaya gələn övladına məhəbbəti də, bununla izah edilir.

Valideynin övlad üzərində haqqı

Övladın valideyn üzərində haqqını önə çəkən İslam, valideynin övlad üzərində haqqını da Allahdan sonra ikinci fərz hesab edir. Hələ İslamın çətin Məkkə dövründə nazil olan ayədə buyrulur: "(Ya Rəsulum!) De ki: "Gəlin Allahın sizə nələri haram etdiyini deyim: Ona heç bir şərik qoşmayın, ata-anaya yaxşılıq edin, kasıblıq üzündən uşaqlarınızı öldürməyin. Sizin də, onların da ruzisini Biz veririk... Yetimin malına... yaxın düşməyin. Ölçüdə və çəkidə düz olun. Biz heç kəsi gücü çatdığından artıq bir işə vadar etmərik. Ədalətli olun. Allah qarşısında əhdi (dini vəzifə və andlarınızı) yerinə yetirin" (Ənam 151-152). Ayədən göründüyü kimi, Allah övladın valideynə yaxşı münasibətini Özündən sonra ən vacib əməl hesab edir. Bu baxımdan, Quranda övladın dini vəzifələrinin, o cümlədən, hətta bəndənin meracı və dinin sütunu sayılan namazın valideynə yaxşılıqdan sonra təsbit edilməsi heç də təsadüfi deyil. "Biz insana ata-anasına yaxşılıq etməyi tövsiyə etdik. Anası onu (bətnində) çox zəif bir halda daşımışdı. (Biz insana buyurduq): "Mənə və ata-anana şükr et. Axır dönüş Mənədir! Əgər atan-anan bilmədiyin bir şeyi Mənə şərik qoşmağına cəhd göstərsələr, (bu işdə) onlara itaət etmə. (Qalan) dünya işlərində onlarla gözəl davran" (Loğman 14-15). Bu ayədə övladın valideynə hansı müstəsna halda itaət etməməsinin sərhədi göstərilib. Kəlamdakı "Mənə şərik qoşmağına cəhd göstərsələr, onlara itaət etmə" ifadəsi, heç də o demək deyil ki, övlad belə valideynə etinasız olmalıdır. Bunu növbəti ayə sübut edir: "O zaman ki, o (İbrahim), öz atasına və tayfasına demişdi: "Nəyə ibadət edirsiniz?" Onlar: "Bütlərə ibadət edir və onlara tapınmaqda davam edirik!"-deyə cavab vermişdilər... İbrahim demişdi: "Aləmlərin Rəbbi istisna olmaqla, onlar (bütlər) mənim düşmənimdir. Ey Rəbbim! Atamı bağışla! Şübhəsiz ki, o, (haqq yolu) azanlardan oldu!" (Ənbiya 70, 71, 75, 77, 86).
Göründüyü kimi, atasının bütlərə sitayişini görən İbrahim(ə) - Allahın seçib bəyəndiyi Peyğəmbər-ondan üz döndərmədi. Əksinə, Allahdan atası üçün əfv dilədi və oğulluq borcunu yerinə yetirdi. Qiyamətə qədər öz aktuallığını itirməyən həmişəcavan Quran, bu ayənin nazil olmasından 1400 il keçməsinə baxmayaraq, İslam düşmənlərinə cavab verir ki, o, humanist, tolerant dindir. Zorakılığı, zülmü rədd edən İslam təbil vurub bəyan edir ki, hətta ailə daxilində müxtəlif inanclı insanların qarşılıqlı hörmət və sayğı ilə yaşaması mümkündür. Bunu müsəlmanın əhli-kitabdan olan ismətli qadınlarla evlənməsini haram saymayan dinimiz də təsdiq edir (bax. Məidə 5).
Qureyş rəhbərlərindən biri olan Əbu Süfyan Peyğəmbər (ə)-nin ən qatı düşmənlərindən biri idi. Yeni yaranan İslam dövlətinin uğurları qarşısında aciz qalan Əbu Süfyan müxtəlif vasitələrlə həz.Peyğəmbərlə görüşməyə can atırdı. Bu məqsədlə o, Mədinəyə gəldikdə qızı Ümmü Həbibənin - Peyğəmbər (ə)-nin arvadının evinə gəldi. Qızı İslamı qəbul etməyən atasını qəbul etdi. Lakin atasının həz.Peyğəmbərin yerində əyləşməsini istəmədiyi üçün mindəri (döşəkçəni) götürdü. Bu məqam Əbu Süfyanin nəzərindən qaçmadı və o dedi: "Qızım, mindəri məndən əsirgədin, mənimi mindərdən?". Qızı cavab verdi: "Bu, Peyğəmbərə aiddir. Sən isə müşriksən, ona görə üstündə əyləşməyini istəmədimg" Bəli, Peyğəmbər (ə)-in arvadı müsəlman Ümmü Həbibə atasını qəbul etdi, lakin atası müşrik olduğu üçün bu işdə ona itaət etmədi.

"...Anam bu dünyadan köçəndən bəri,
Özüm də bilmədən harada olsam
Evə tələsirəm cümə günləri..."

(M.Araz)

İslam ailəsinin mehriban və firavan yaşamasının təməlini ailə üzvlərinin bir-birinə olan məhəbbəti müəyyənləşdirir. Atanın başçı, ananın isə idarəçilik məqamını gözlədiyi ailələrdə bir qayda olaraq, cəmiyyətin saf üzvləri yetişdirilir. Adətən belə ailələrdə hər kəs öz yerini çox gözəl bilir. Valideyn-övlad münasibətlərinə həsr olunan "Qəvaid" kitabında müəllif (mərhum Şəhidi Əv-vəl) yazır: "Valideynlərin hüquq və ixtiyarlarının ən mühümləri aşağıdakılardır:
1. Onlara tabe olmaq övladlara hər bir işdə, hətta (vacib olub-olmaması) şübhəli olduqda belə vacibdir. Çünki belə hallarda ehtiyat etmək müstəhəb, valideynə itaət etmək isə vacibdir.
2. Əgər valideyn namazın fəzilətli vaxtlarında övladından bir şey istəsə, övlad namazı təxirə salaraq, onun əmrinə itaət etməlidir. Çünki namazı ilk vaxtda qılmaq müstəhəb, valideynə itaət etmək isə vacibdir və vacib hər bir müstəhəb işdən müqəddəmdir (əvvəldir).
3. Əgər övladın camaat namazında iştirak etməsi, bu namazın bütün qeyd olunan savabları ilə belə, valideynin narazılığına səbəb olarsa, övlad namazı camaatla qılmamalıdır.
4. Əgər övlad müstəhəb namaz qılarkən valideyn onu çağırarsa, övlad namazı pozub ona cavab verməlidir".
Valideyn-övlad münasibətlərində elə bir zirvə var ki, ikinci bir tandemin onu fəth edə biləcək ehtimalı iynənin deşiyindən dəvənin keçməsi kimidir. Belə ki, yuxusuna görə İsmail (ə)-nin Allah yolunda qurban verilməsi atanın - həz.İbrahimin səxavət və imanı, atanın Allah qarşısında əhdi yerinə yetsin deyə, oğulun - həz.İsmailin qeyrət və səbirliyi hər iki şəxsiyyətə əzəmət gətirirdi. Oğlunun qurban kəsiləcəyini ataya Allah demişdi. Ata bu yuxunun həqiqiliyinə inandı. Oğul isə qurbanlıq olmasını Allahdan yox, atasından eşitdi və ata əmrinə itaət etdi. Bununla da o, "valideynə itaət Allaha itaətdir" kəlamının felən təkrarolunmaz zirvəsinə ucaldı...

Valideynə yaxşılıq etməyin
faydaları

Valideynlərə yaxşılıq etmək, onların fədakarlığı müqabilində maddi-mənəvi ehsanlarda bulunmaq İslamın əsas şərtlərindən biridir. İslama görə, Allahın razılığı və qəzəbi valideynin razılığı və qəzəbilə bağlıdır. Valideyn övladından razı qalarsa, Allah da həmin övladdan razı qalar. Quran və Peyğəmbər(ə) kəlamlarından aydın olur ki, valideynlərə ehsan və yaxşılıq etmək axirət savabı və Rəbb razılığı qazanmaqdan əlavə, bəndəni digər fəzilətlərə də qovuşdurur. Peyğəmbər(ə) bu-yurub: "Əgər başında behişt sevdası varsa, ata-anana yaxşılıq et; əgər Cəhənnəm oduna nifrət edir və oraya girmək istəmirsənsə, valideynə əzab-əziyyət verməkdən uzaq ol". Valideynə yaxşılıq etməyin xeyirli nəticələrindən biri də, canvermənin asan olmasıdır. Deməli, övladlıq borcunu layiqincjə yerinə yetirənlər, hamının dadacağı ölüm şərbətini yüngül içəcəklər. Validey-nə hörmət və itaət, həm də günahların bağışlanmasına səbəb olur. Bir nəfər həz.Peyğəmbərə dedi: "Elə bir günah yoxdur ki, onu etməyim. Mənim üçün bir yol, tövbə qapısı varmı ki, bu günahlar yox olsun?" Peyğəmbər(ə) soruşdu: "Atan-anan sağdırmı?" O dedi: "Atam sağdır". Həzrət buyurdu: "Get atana yaxşılıq et". Həmin kişi gedərkən Peyğəmbər(ə) dedi: "Kaş onun anası da sağ olaydı!" Kəlamın hikmətinə görə, həmin şəxsin anası da sağ olsaydı, onun günahları daha tez və asan bağışlanardı... İslam hesab edir ki, övladın valideynin qulluğunda durması, onun həm ömrünün uzun, həm də ruzisinin bol olmasına bir vəsilədir. Bu barədə bəşəriyyətin iftixar Tablosu buyurub: "Hər kəs ömrünün uzun, ruzisinin bol olmasını istəyirsə, ata-anasına yaxşılıq etsin. Çünki, valideynə yaxşılıq və xidmət, Allaha ibadət etmək və Ona tabe olmaq deməkdir".
Əziz oxucu! Valideyn-övlad münasibətlərində İslamın xoşvarislik prinsipinin ən müasir nümunələrindən birini sizinlə bölüşmək istəyirəm. Ağzı oruclu, alnı səcdəli, qəlbi imanlı, dili həmd-sənalı və müasir texnologiyalarla işləyən bir jurnalist dostum Miladi bayramı ərəfəsində dedi ki, tətili rayonda keçirəcək. Soruşdum: "Ailənlə birlikdə?". Cavab verdi: "Xeyr, tək gedəcəm. 75-80 yaşlı valideynlərimə namaz qılmağı öyrədəcəm". Qeyd edim ki, onun valideynləri Rəbbin halalından dolanan, kənddə hörmət edilən imanlı bəndələrdəndir. Çatışmayan ibadətləri namazdır... Rəbbimiz belə ehsanları bədvarislərimizə qismət etsin...

"Uf!" - deməyək

"(Ya Peyğəmbərim!) Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi bu-yurub. Əgər onların biri və ya hər ikisi sənin yanında (yaşayıb) qocalığın ən düşgün çağına yetər-sə, onlara: "Uf!" - belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış. Onların hər ikisinə acıyaraq, mərhəmət qanadının altına alıb: "Pərvərdigara! Onlar məni körpəliyimdən (nəva-zişlə) tərbiyə edib bəslədikləri kimi, Sən də onlara rəhm et!" - de" (İsra 23,24). Bu ayə əsrin gətirdiyi şübhə və tərəddütlər içərisində, həm də "atalar-oğullar" probleminin həllini göstərən ilahi bir kəlamdır. Çağdaş dünyada qocalar evlərinin mövcudluğu da, bu problemin varlığından xəbər verir. Çox təəssüflə qeyd edilməlidir ki, həmin qocalar evində bivarislərlə yanaşı, "biz də Allahı se-virik"-deyən imkanlı övladların valideynləri - bədvarislər də yaşayır. Təbii ki, həmin övladlar, öz övladlarını valideynləri onları sevdiyi qədər sevirlər. Lakin "biz də Allahı sevirik" - deyənlər unudurlar ki, onlar tərəfindən qoyulan bu "ənənə" çox keçmədən elə onların özünə tətbiq ediləcəkdir və edilir də. Məsələyə İncil hikmətindən baxılarsa, belə "övladlar" əslində həm də riyakardırlar. Çünki o kəs ki, mən Allahı sevirəm deyir, lakin valideynlərinə ehtiram göstərmir, bilin ki, o, riyakarın biridir. Zira gördüyü valideynini sevməyən, görmədiyi Allahı sevə bilməz.
Elə isə, Allahı riyakarcasına yox, həqiqi sevmək üçün ailə və millətimizin diriliyi və dirriyi, nuru və bərəkəti olan valideynlərimizə "Uf!" - deməmək arzusu ilə.
Postscriptum. Valideyn-övlad mövzusunda çox düşündürücü və ibrətamiz misallardan biri də, Rusiya İmperiyası Elmlər Akademiyasının üzvü, azərbaycanlı şərqşünas (!) professor Mirzə Kazım bəyin şəxsi faciəsidir. Atasının Şimali Qafqazda şeyxülislam olmasına baxmayaraq, o, hələ çox gənc ikən xristianlığın protestantlıq məzhəbini təbliğ edən missionerlərin təsirilə həmin məzhəbi qəbul etmişdi. Atası onunla əlaqələrini kəsmiş, qohumları isə onu öldürməyə dəfələrlə cəhd etmişdilər. Quranı və onun Bəqara surəsinin 217-ci ayəsinin təfsirini mükəmməl bilən şeyxülislam atanın son nəfəsinə qədərki oğul xiffəti onun bədvarisliyini təkzib və ya təsdiq edirdimi? Bilmirəm. Və ya elmi-pedoqoji fəaliyyətində həmişə müsəlman qiyafəsində olan (Mirzə Kazım bəyin bu tələb-şərtinə müstəsna hal kimi şəxsən çar özü icazə vermişdi!) Mirzə Kazım bəy bu qiyafə ilə xristian cəmiyyətinə nəyi demək istəyirdi? Bilmirəm. Hər şeyin əsl həqiqətini bilən də, hakimlərin hakimi də bəndə yox, Odur!