adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
17 Yanvar 2019 00:19
4127
GÜNDƏM
A- A+

TƏHLÜKƏSİZLİYİNİZİ TƏMİN ETMƏK İSTƏYİRSİNİZSƏ...

Sürücülər, sizin üçün!

"Yol hərəkəti haqqında" Qanun

(əvvəli ötən saylarımızda)

Maddə 11. Avtomobil yollarından istifadə olunması zamanı yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi
I. Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər bu maddənin tələblərinə riayət etməklə avtomobil yollarından istifadə edə bilərlər. Avtomobil yollarında yalnız dövlət qeydiyyatından keçmiş, texniki cəhətdən saz vəziyyətdə olan nəqliyyat vasitələrinin hərəkətinə yol verilir.
II. Nəqliyyat vasitələri yol hərəkəti qaydalarına uyğun olaraq, ancaq yolun hərəkət hissəsində hərəkət edə bilərlər. Nəqliyyat vasitəsinin yol çiyini ilə hərəkətinə yalnız dar yollarda başqa nəqliyyat vasitəsi ilə toqquşmamaq, habelə qısamüddətə dayanmaq üçün icazə verilir.
III. Nasaz nəqliyyat vasitələrinin, yüklərin, materialların sahibləri onları ümumi istifadədə olan yolun təhkim zolağı (yolların tikintisi və ya çəkilmiş yol üçün ayrılan zolaq) hüdudlarından kənara çıxarmadıqda, avtomobil yollarına xidmət edən yol təsərrüfatı müəssisələri özləri bu nəqliyyat vasitələrini, yükləri, materialları təhkim zolağının hüdudlarından kənara çıxarmaq hüququna malikdirlər. Bu zaman avtomobil yollarına xidmət edən yol təsərrüfatı müəssisələri nəqliyyat vasitələrinin, yüklərin və materialların salamatlığı üçün məsuliyyət daşımırlar.[36]
IV. Avtomobil yollarında və təhkim zolağında aşağıdakılar qadağandır:
1) örtüyü təkmilləşdirilmiş yollarda avtomobil yollarını korlayan konstruksiya elementləri olan, tırtıllı, yaxud metal tikanlı şinləri olan nəqliyyat vasitələrinin hərəkəti (dolayı yollar olmadıqda, onların körpülərdən, bəndlərdən, bataqlıq yerlərdən keçən yol sahələrindən hərəkəti, yol örtüklərinin zədələnməməsi şərti ilə, yollara xidmət edən yol təsərrüfatı müəssisələrinin yazılı icazəsi ilə həyata keçirilə bilər), həmçinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən karxana avtomobillərinə aid edilmiş avtonəqliyyat vasitələrinin ümumi istifadədə olan avtomobil yolları ilə yüklə hərəkəti;
2) yolların və ya yol qurğularının kənar predmetlərlə zibillənməsi, yaxud tutulması, yolda kənd təsərrüfatı məhsullarının qurudulması, zibil və qar yığınlarının yaradılması;
3) yolların hərəkət hissəsinə yanacaq-sürtgü materialları, kimyəvi maddələr, bitum və beton axıdılması, habelə daş, çınqıl, qum və ot tökülməsi, yolu və təhkim zolağını zibilləyə bilən materialların və yüklərin müvafiq qaydada qablaşdırılmadan aparılması;
4) avtomobil yollarının körpü keçidlərində çayın məcrası boyu körpüdən hər tərəfə bir kilometr məsafədə yol fəaliyyətinə aid olmayan tikinti işlərinin aparılması, habelə torpaq və çınqıl kütləsinin götürülməsi;
5) xüsusi olaraq buna uyğunlaşdırılmamış körpülərin altından taxta-şalban axıdılması;
6) avtomobil yollarının torpaq sahələrində mal-qaranın otarılması, respublika əhəmiyyətli avtomobil yolları ilə mal-qaranın aparılması, habelə avtomobil yollarının sahiblərinin razılığı olmadan müəyyən edilən yerlərdən kənar avtomobil yolundan və ya bu məqsədlə xüsusi olaraq yaradılmış keçidlərdən kənar mal-qaranın keçirilməsi;
7) üzən nəqliyyat vasitələrinin körpü dayaqlarına yan alması, körpülərin altında qayıq stansiyalarının, digər qurğuların yerləşdirilməsi;
8) avtomobil yollarının saxlanılması və təmiri ilə bağlı işlər istisna olmaqla, torpağın şumlanması, çimin çıxarılması və qruntun götürülməsi, oradakı otların biçilməsi, ağacların və digər yaşıllığın qırılması;
9) kütləvi istirahət yerlərinin təşkil edilməsi;
10) suvarma, sənaye, çirkab və kanalizasiya sularının avtomobil yoluna və yağış sularının avtomobil yolundan kənarlaşdırılması üçün tikilmiş kanalizasiya sisteminə, suyu kənara axıdan qurğulara və yolboyu torpaq sahəsinə axıdılması, avtomobil yollarının təhkim və qorunma (mühafizə) zolaqlarının, yol örtüyünün çirkləndirilməsi;
11) yolu və təhkim zolağını zibilləyə bilən materialların və yüklərin müvafiq qaydada qablaşdırılmadan aparılması;

(ardı var)