SABiR ƏHMƏDLi CƏBRAYILA HƏSRƏT QALDI

AQİL ABBAS
33513 | 2009-04-18 03:08
Sabir Əhmədli öldü!
   
   Nədənsə əvəzsiz, böyük insanlar, müqəddəs insanlar öləndə yadıma həmişə Vaqif Bayatlı Odərin Səttar Bəhlulzadənin ölümünə yazdığı şer düşür.
   
   
   
   Çox
   
   Ölüm-ölüm deməyin
   
   Ölsəydi,
   
   Bu dünyanın qara torpaqları
   
   Doldurammazdı
   
   Qocanın üz qırışlarını...
   
   Çox ölüm-ölüm deməyin...
   
   Su kimi çəkilib torpağa
   
   getdi...
   
   
   
   İndi Sabir Əhmədlinin də nə üz qırışlarını, nə tale qırışlarını bu dünyanın qara torpaqları doldurammaz. O da Səttar Bəhlulzadə kimi suya dönüb çəkilib torpağa getdi.
   
   Sabir Əhmədli XX əsrdə Azərbaycan xalqının ən əjdaha yazıçılarından biridi. Biriydi yox, biridi. Çünki şairlər, yazıçılar, sənətkarlar, sərkərdələr cismən ölə bilərlər, amma onları doğuran xalq nə qədər var olduqca, onlar da var olacaqlar. Belə şəxslər ailələri, övladları, nəvələri üçün ölürlər, millət üçün ölmürlər.
   
   Tanrı Əhmədliləri bu torpağa qurban göndərib. Sabir müəllimin qardaşı Cəmil Əhmədli 19 yaşında bu torpağa qurban gedib və azərbaycanlılara son dərəcə qısqanclıqla verilən Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Az-çox araşdırmışam və görmüşəm ki, Sovet İttifaqı dönəmində bir azərbaycanlı general-mayor rütbəsi almaq üçün gərək general-polkovnik səviyyəsində olaydı ki, heç olmasa, ona general-mayor rütbəsi verəydilər. Müharibədə də. Gürcülərə, ermənilərə Sovet İttifaqı Qəhrəmanı adını xəlbirlə paylayanda bizimkilərə cirəylə verirdilər. Gərək iki Sovet İttifaqı Qəhrəmanı adına layiq qəhrəmanlıq göstərəydin ki, bəlkə birini sənə verəydilər. Məsələn, Mehdi Hüseynzadəyə ölümündən 13 il sonra verdilər, Həzi Aslanova ikinci Sovet İttifaqı Qəhrəmanı adını 50 ildən çox gizlətdilər. Cəmil Əhmədli bu adı, bax, beləcə qazanmışdı.
   
   Sabir Əhmədlinin oğlu Məhəmməd də bu torpağa qurban getdi. Qarabağ savaşında əmisi kimi Vətən torpağı uğrunda şəhid oldu. Qəribə bir mənzərəni deyim. Məhəmməd Toğanadan yuxarıda (taleyə bax, Sabir Əhmədlinin ən möhtəşəm əsərlərindən birinin adı "Toğana"dı) qızğın döyüşlərdə şəhid olarkən yazıçı özü həmin döyüş bölgəsində əsgərlərə həm yardım aparmışdı, həm də onlara mənəvi dayaq üçün özü səngərdəydi. Bakıya qayıtdıqdan sonra bilmişdi oğlu şəhid olub. Yardımı da oğlunun qulluq etdiyi hərbi hissəyə utandığından aparmayıb ki, deyərlər oğlu burdadı deyin yardım gətirib.
   
   Bəli, Allah Məhəmmədi də bu torpağa, bu millətə qurban göndəribmiş.
   
   Sabir Əhmədli də bu torpağa, bu millətə Allah tərəfindən qurban göndərilmişdi. Və qurbanı olduğu bu millətə, bu torpağa da elə qardaşı kimi, elə övladı kimi qurban da getdi.
   
   Yox, ona güllə dəymədi, döyüşdə ölmədi. Bu millət üçün, bu torpaq üçün şam kimi əridi, əridi, əridi və Vaqifin dediyi kimi, su kimi çəkilib torpağa getdi.
   
   Dünən səhər gördüm Sabir Rüstəmxanlı başı alovlu ora-bura qaçır. Sordum Sabir müəllim, nə olub, bu nə haldı? Dedi ki, Sabir Əhmədlini dəfn eləməyə qəbiristanlıq tapa bilmirik.
   
   Mən də dedim ki, Sabir Əhmədliyə torpaq darlıq eləyər, o, 300 milyonluq bir xalqın ürəyinə həkk olunub, bu azdırmı?!
   
   

TƏQVİM / ARXİV