adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
16 Yanvar 2019 00:43
15887
ƏDƏBİYYAT
A- A+

Malik Atilay Darıxan şeirlər

Sən olmasan çox şey dəyişməz ki,
Yenə döyüşərəm özümlə,
Yenə uduzaram
Səni ürəyimdə tapa bilməyib
Sənə şeir yazaram.

Sən olmasan
Tanıdığım qızlardan biri azalar uzağı
Əllərinin istisi uçub getmiş əlimi
Qoyaram sancan ürəyimin üstünə
Sənə şeir yazaram.

Sən olmasan
Sənli xatirələri sapa keçirib
Boyunbağı kimi asaram keçmişimin
boynundan...
Hərdən
Bir az çiynim,
Bir az şeirlərim darıxar sənin üçün
Yarpaqlara sığınan küləklər,
Səsini xatırladar
Sənə şeir yazaram.

Üçüncü dərəcəli siqaret

İnadının tutub əlindən
gedirsən,
Sən uzaqlaşdıqca ağrı gəlir
sevginin yerini tutur sinəmdə

Gedirsən
Gözlərinə dəsmal tutur xatirələr
Sənə ki, demişdim, sən ki bilirsən
Üçüncü dərəcəli siqaret kimi
Ağırdır sənsizlik
Çəkilmir asan
Gedirsən bəlkə,
Səni mənə unutdurmayan
xatirələrin bir azını da sən aparasan?


Ayrılığın paytaxtında sərgərdan

Sən məni anlamazsan, gözəl gözlüm
Sonluğu olmayan kitabam sənə
Mən nə sual kimi sualam indi
Nə də cavab kimi cavabam sənə.
Sümüyünə düşməyən küskün havayam
Baxıb anlamadığın hansısa şəkiləm
Rənglə, boyayla yox
Ümidsizliklə çəkilmiş şəkil...

Bənd olur insan
bəzən anlamadığı adama
Sən məni sevsəndə özündən çıxa
bilməzsən
Qorxu filmindən bir kadrdır həyatım
Gəlib yetişdiyimiz bu yolun hər tərəfi
ayrılığa aparır
Mən sərgərdan qalmağa öyrəşmişəm
ayrılıqların paytaxtında
Sən məni unut gözəl gözlüm
Necə ki, yuxularını unudursan
Necə ki unudursan hər yox olanı.


Deyirdi, Abbas kişi

Həyatı əzab içində keçən insanın
ölümü gözəl olmalıdı
İki dünyadan heç olmasa birində
Ədalət olduğuna inanırdı Abbas kişi

Deyirdi, öldüyün zaman
Ən çox qarışqalar və uşaqlar yeməlidir
ehsanını

Deyirdi, Qurban olduğum Allah
bilir hər işi

Ölümündən bir gün qabaq
Dəli olmuşdu Abbas kişi


Və hər ayrılıq acıdı

Döngələr tək küçələrin deyil
İnsanların da ayrıcıdı,
Hər tində
Bir kimsə çıxıb gedir həyatından,
Dayanacaqda sərnişinlərindən
Ayrılan avtobus kimi qalırsan
Yaraları köz bağlamış asfalt üzərində...
Axı,
Biz də daşıyırıq insanları ürəyimizdə
Və hər ayrılıq acıdı...
İnsanlarla darıxırsan,
İnsanlardan darıxırsan...
Xəyanət edirsən hər axşam özünə
Kəsdirdiyin saçlarının xatirəsinə
Saçların kimi dalğalanan hansısa bir
radio dalğasında
Bu gecə bir mahnı eşidilir:
"Ay, qız sənin nə vədəndi,
Kəsilib qısa tellərinin".