adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
16 Yanvar 2019 00:39
18793
ƏDƏBİYYAT
A- A+

Fevralda doğulanlar

Kəmalə Mirzəyeva,
telejurnalist, rejissor

Qədrini bilmədim nədənsə, sənin,
Unut keçənləri, qayıt, cavanlıq.
Dinlədim sözünü yoldan ötənin,
Unut keçənləri, qayıt, cavanlıq.

Bu misraların sahibi ilə tanışlığımın qəribə bir tarixçəsi var. Əvvəla onu deyim ki, cavanlıq həsrətilə yazılan bu şeirin müəllifini elə də "qoca" görmədim. Daimi təbəssümü və özünəməxsus bir yumor hissi onu cavan saxladığı kimi, ətrafdakılara da olduqca xoş bir təsir bağışlayır. Yaşadığı ömür yolu maraqlı insan və hadisələrlə zəngin olduğundan söhbətlərindən də kimsənin nə vaxtsa yorulacağına şübhə edirəm. Bir sözlə. son vaxtların dəbdə olan ifadələrindən biri ilə desək, çox "pozitiv" bir insandır. İndinin özündə də ailəsi, uşaqları, nəvələri onunla birlikdə belə bir xoş mühitdə nəfəs almaqda, böyüməkdədir.
Bir həqiqəti də deyim. Çünki elə bir səmimiyyətin qarşısında qeyri-səmimilik mənə bağışlanmaz yəqin. Şeirlərindən çox, bəlkə mən də fevralda doğulduğum üçün ilk olaraq onun adı məni özünə çəkdi: Fevral Həsənqala. Sonra kitablarını oxumağa başladım. Bir az keçdi, tale elə gətirdi ki, çəkilişlərin birində-qaynı rəhmətlik jurnalist Nəbi Rzayevdən bəhs edən bir filmin çəkilişləri zamanı görüşüb yaxından tanış olduq.
Həyat yolunu qısaca belə yazmaq olar: 1941-ci ildə Qusar rayonunun Həsənqala kəndində doğulub. Bakıda fəhləlikdən başlayaraq müxtəlif sahələrdə "sınaq"lardan keçib. Axır ki, özünü tapa bilib: uzun illər - ta təqaüdə çıxana kimi Bakı Şəhər Dövlət Avtomobil Müfəttişliyində çalışıb. İki övladı var. Nəvələri böyüməkdədir.
Əvvəldə dediyim kimi, Qusarda mərhum jurnalist Nəbi İbrahim Xəlil oğlu haqda sənədli filmin çəkilişləri idi. Onunla yaxın qohum olduğunu da orda bildik. Filmdə Nəbini xatırlayanlar arasında o da vardı. Necə şeirləri, eləcə də özü -dərhal başqalarından fərqlənirdi. Çəkilş arası evinə baş çəkdik. Xanımını gördük, övladları, nəvələri ilə tanış olduq. Hamısı ona və onun adına layiq mehriban və istiqanlı insanlar idi. Onun bütün "şıltaqlıq"larına səbr və məhəbbətlə dözən həyat yoldaşı Simnarə xanımın çayını içdik. Bir daha əmin oldum ki, belə insanların ömür-gün yoldaşı olmaq şərəfli olduğu qədər də çətindir.
Onun şeirlərində bütün sevinci, qüruru və itkiləri əksini tapıb. Evdən də yazan da, eldən də o, şəxsi dərdlərini el-obasının ağrı-acıları ilə ustalıqla əlaqələndirə bilir.

Sərin bulaqlardan su içən anda
Özünə bu yolu sən seçən anda,
Dünyadan, Nazilə, sən köçən anda
Daşlar dilə gəlib çaylar ağladı.

Bu şeirdə 1981-ci ildə baş verən bir ailə faciəsi əksini tapıb. Nəbi İbrahimxəlil oğlunun kiçik bacısı Nazilənin nakam taleyi, faciəli ölümü barədə Fevral Həsənqalanın qələmə aldığı ağrı-acılar uzun müddət yaddan çıxmır.

Gəl öpüm üzündən gözəl Nailə,
Ata ola-ola atasız nəvəm.
Ad günün mübarək, car çəkək elə,
Ata ola-ola atasız nəvəm.

Bu şeirdə isə atasız böyüyən bir uşağın və bu dərdi-nisgili yana-yana çəkən bir ata-ananın ağrı-acılarının səmimi ifadəsini tapdım. İndi həmin nəvə artıq böyüyüb və yaxınlarda onun toy məclisinə biz də dəvətliyik. Bununla belə o atanın övladı ilə yanaşı bu ailəyə belə bir müsibəti necə qıydığını hələ də anlaya bilmirəm.
Bacanaq mövzusu, yaxşı mənada, həmişə bizdə xoş zarafat və yumor mövzusu olub. Bəlkə ona görə heç kim, o cümlədən heç bir bacanaq ondan inciməyib. Fevral Həsənqalanın bacanağı Məcidə zarafatla yazdığı şeir də bu qəbildəndir və şirin təhkiyəsi, poetik obrazı ilə diqqəti özünə çəkir:

Nə üçün dərdimə olmursan şərik?
Sən belə deyildin əzəl, bacanaq.
Payızdır, bağımdan qurtarıb ərik,
Yarpağı olubdur xəzəl, bacanaq.
Yaxud "Kasıb" şeirinə nəzər salaq. Əbədi bir ağrı və cavabsız sualla doludur bu şeir: insan niyə, nə üçün gəlib bu dünyaya və hansı missiyanı yerinə yetirməli, hansı işləri görməlidir? Hər kəsin tale, qismət payı niyə belə fərqlidir görəsən?

Dərd-fikir çəkməkdən yatağa düşdün,
Ölüm badəsini tezliklə içdin,
Vaxt keçdi, yetişdi-dünyadan köçdün,
Qəbrin də darısqal qazıldı, kasıb.

Şeirlərində faciələrlə dolu tarixi də əksini tapıb. Xüsusilə şahidi olduğu 20 Yanvar faciəsi onun qələmində bütün çılpaqlığı ilə canlana bilir. Elə həmin günlərdə xidməti vəzifəsini yerinə yetirərkən gördüklərindən dəhşətə gələrək bu sözləri qələımə alıb. Bəlkə ona görə ordakı ağrı-acı bu qədər təzə-tərdir.
İyirmisi yanvar, gecə yarısı
Vətənçün min qurban oldu şəhidlər.
Məzarı seyr edən hər bir insanın
Gözləri yaş ilə doldu, şəhidlər.

Yaxud:

Bakının üstündə qara buludlar
Dəhşətli şimşəyin çaxdı bu gecə.
Vətəni qoruyan igid oğullar
Qanları su kimi axdı bu gecə.

Onun yaradıcılığı povest, hekayə, təmsillərlə, oçerklərlə də zəngindir. Onları birləşdirən əsas cəhət bir-birindən maraqlı hadisə və obrazlarla bol olmasındadır. Xüsusilə avtobioqrafik povestləri, hekayələri, demək olar ki, bir nəfəsə oxunur. Bu da onun gördüklərini və yaşadıqlarını özünəməxsus şirin bir dillə oxucuya çatdırmasından irəli gəlir.
Ömrün bu çağında doğma Qusar onu daha çox özünə çəkir. Son illər, demək olar ki, onu daha çox o yerlərdə görmək olur. Şahdağ, onun möhtəşəm əzəməti və gözəlliyi, özünəməxsus təbiəti onun yuxularından çıxmır və bu həsrəti sözə çevirmək səadətini də o, məmnuniyyətlə yerinə yetirməkdən doymur.

Yolumu saldım mən bir gün Şahdağa,
Döşündə nərgizdir, başında qardır.
Elə bil insandır bükülüb ağa,
Döşündə nərgizdir, başında qardır.

Yaxud:

Nə üçün boynunu bükmüsən belə,
Bəlkə itirmisən yarı, bənövşə.
Şöhrətin yayılıb obaya, elə,
Bilirəm sevmirsən xarı, bənövşə.

Sonda ömrünü-gününü sözə bağlayan, elinə-obasına, ailəsinə etibar ilə seçilən Fevral Həsənqalaya sevdiyi dağlar qədər ömür arzulamaqdan başqa bir sözümüz qalmadı. Çünki dağ adama, adam dağa yaraşır desəm, ümid edirəm ki, səhv olmaz.