adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
16 Yanvar 2019 00:36
33979
LAYİHƏ
A- A+

Mil Minarə şəhəri

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

(əvvəli ötən sayımızda)

Araz çayının orta və aşağı axarında yaşayan əhalinin bu çaydan təsərrüfat və gəmiçilik məqsədilə istifadə etdiklərini qeyd edən səyyahlar da vardır.
Örənqalanın şərq tərəfində bir neçə alçaq və yastı təpələr vardır. Bu təpələrdə qazıntılar zamanı müsəlman qəbirlərinə təsadüf edilmişdir. Ümumiyyətlə, yerüstü abidələrdən aydın olur ki, Örənqala (Mil-Minarə) vaxtı ilə geniş əraziyə malik imiş. Hazırda Örənqalanın şəhər yerində heç bir yaşayış yoxdur. Bu da buranın arxeoloji cəhətdən öyrənilməsi işini xeyli asanlaşdırır.
Maraqlıdır ki, heç bir mənbədə, yaxud tarixi sənədlərdə Örənqala adlı orta əsr şəhərinin mövcudluğu barədə bilgi yoxdur. Tarxi mənbələrdə bu şəhərin adının çəkilməməsi Örənqalanın təqdiqini çətinləşdirir. Tarixçi Q.Əhmədov yazır ki, tarixi mənbələrdə Örənqala adlı orta əsr şəhərnin adı çəkilmədiyinə görə Örənqalada arxeoloji qazıntı işləri aparmış bütün ekspedisiyalar eyni zamanda şəhər haqqında yazılı mənbələri toplamaqla da məşğul olmuşlar. Buna görə də Örənqalanın hansı orta əsr şəhərinin xarabası olduğunu aydınlaşdırmadan, qazıntı materiallarının, tarixi cəhətdən şərhini tam düzgünlüyü ilə vermək çətinlik törədirdi. Örənqala haqqında tarixi məlumat toplamış bütün tədqiqatçılar əsas etibarı ilə onun hansı şəhərin xarabalığı olduğunu aydınlaşdırmaq məqsədini güdmüşlər.
Nəticə etibarı ilə vaxtilə Mil düzündə mövcud olduğu ilk mənbələrdə qeyd edilən Paytakaran, Beyləqan və Yunan adlı şəhərlər haqqında xeyli tarixi məlumat toplanmışdır.
Beyləqan şəhərinin tarixi haqqında çoxlu sayda tarixçilər, səyyahlar, coğrafiyaşünaslar məlumat vermişlər. Bu barədə ilk məlumatı alban tarixçisi Musa Kalankaytuqlu (Dastxuranski) vermişdir. Xİ əsr, Xİİ əsrin əvvəllərində Beyləqanda naib və mustofi vəzifəsində işləmiş Məsud ibn Namdarın əlyazmasında da məlumat verilir. Əlyazması 4433 № ilə Parisin Milli Kitabxanasında saxlanılır. 1960-cı ildə Z.M.Bünyadov həmin əlyazmasının foto-surətini Azərbaycana gətirmişdir. Bu əlyazmada Azərbaycanın Xİ-Xİİ əsrlər tarixi və xüsusilə Beyləqanda həmin dövrdə baş vermiş ictimai hərəkat, siyasi hadisələr haqqında çoxlu qiymətli məlumatlar vardır.
XİX və XX əsrin əvvəllərində fəaliyyət göstərən rus tarixçilərinin çoxu Beyləqan adına onun xarabalıqlarının qısa təsvirinə aid məqalələr yazmışlar. Mil düzündə olmuş rus müəlliflərindən Umantes (Araks i oçerk mestnostey po kotorım on protekaet "Kavkazskiy kalendar" na 1851 q. Tiflis, 1850, otd. İV), V.Bezmenov (Materialı dlya derevnoy qeoqrafii Zakavkaziya. " İzv. KOİRQO" İ №1, Tiflis 1894.), M.Xanikov (Memorie sur les instriptions misilmanes du Cancase. İ.A.Vserie. t XX, № 78, 1862), N.Tropv (Opıt meditsinskoy qeoqrafiya Kavkaza otnositelno peremejavşixsya lixoradok. SPb, 1864,), S.Beysenqrof (Svedeniya o Milskoy stepi. "İzv. KOİA" 1, vıp. 2, Tiflis 1884).
Sovet tarixşünaslığında da Beyləqan şəhərinin öyrənilməsinə aid əsərlər yazılmışdır. B.B.Bartold, S.B.Aşurbəyli, Ə.Ə.Əlizadə, Z.M.Bünyadov, M.M.Beylis və b. da maraqlı məqalələri vardır.
Şəhərdə bir neçə mollaxananın və mədrəsələrin olduğunu iddia edənlər vardı. Mollaxanalarda ibtidai dini təhsil kimi zümrə fərqi olmadan bütün uşaqlar yaşından asılı olmayaraq oxuya bilərdilər. Onlara əsasən ərəb və fars dilində yazıb-oxumağı öyrədirdilər. Mədrəsələr isə dini təhsil verirdi. Burada proqram əsasında ərəb-fars dilləri, islam tarixi, təbiyyət, astronomiya, riyaziyyat, həndəsə, ədəbiyyat və s. elmlər tədris olunurdu. Mədrəsələrdə ümumtəhsil fənləri ilə yanaşı, dünyəvi (ali) fənlər də keçilirdi.
Mədrəsələrdə təhsil pulsuz idi. Mədrəsələr iki növə-ibtidai və ali dərəcələrə bölünürdü.
...Dediyimiz kimi Mil-Minarə şəhərinin Mil düzündə yerləşməsi də təsadüfi deyil.
Mil düzü Kür-Araz ovalığının bir hissəsi, Azərbaycanın düzənliklərindən biridir. Qərbdən Qarabağ silsiləsi ilə əhatələnir.
Şimal-qərbdə Qarabağ düzünə qovuşur. Şirvan düzündən Kür çayı, Muğan düzündən Araz çayı vasitəsi ilə ayrılır. Hündürlüyü dağətəyi hissədə 500 metrə qədər; şərqdə okean səviyyəsindən aşağıdır. Səthi hamar, zəif pilləlidir. Kür və Arazın qədim yataqlarına, kol və bataqlıqlarla tutulmuş dayaz çökəkliklərə rast gəlmək olur.
Antropogen çöküntülərindən təşkil olunmuşdur. Faydalı qazıntılarını neft (Muradxanlı yatağı) və müxtəlif tikinti materiallarıtəşkil edir. Yayı quraq keçən mülayim isti yarımsəhra və quru çöl iqlimi var. Çay şəbəkəsi seyrəkdir. Gölləri isə Sarısu, Ağgöl və Mehman gölüdür.
Sonradan tənəzzül etmiş Mil-Minarə şəhəri Mil düzündə mövcud olan və eyni adı yaşadan , özünəməxsus mədəniyyətə maliki olan bir şəhər idi. Bu gün Beyləqan rayonunda Milabad adlı qəsəbə də mövcuddur.
Rayon mərkəzindən 15 ki cənubda, Mil düzündə yerləşən bu qəsəbənin əhalisi də köhnə Mil-Minarənin əhalisi kimi üzümçülüklə, pambıqçılıqla məşğul olur. Qəsəbədə şərabçılıq zavodu, orta məktəb, mədəniyyət evi, kitabxana, uşaq bağçası, xəstəxana vardır. Mil və Qarabağ kollektoru Azərbaycanda dernaj kanalı Mil və Qarabağ düzündədir. Bu kanal 1966-cı ildə istifadəyə verilmişdir. Beyləqan və İmişli rayonlarının şor suları toplanaraq Baş Şirvan Kollektoru vasitəsi ilə Xəzər dənizinə axıdılır.
Mil düzündə yaşayış lap qədimlərdən başlamışdır. Arxeoloji materiallar bu tarixi 6 min il bundan qabağa aparıb çıxarır. Eneolit dövründən başlamış bütün tunc dövrünü əhatə edən və Dəmir dövrünün əvvəllərinə aid olan bir sıra abidələr qeydə alınmışdır.

Faiq ŞÜKÜRBƏYLİ,
tədqiqatçı-etnoqraf

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun
maliyyƏ yardımı ilƏ