adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
16 Yanvar 2019 00:22
2870
GÜNDƏM
A- A+

20 Yanvara gedən yol

Ələmdar Məmmədov
Təqaüddə olan
Baş ədliyyə müşaviri

Azərbaycan tarixində qələbə zəfəri ilə də, məğlubiyyət acısı ilə də bağlı günlər var. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş verən hadisələr xalqımız üçün böyük bir imtahan oldu. Azadlıq uğrunda mübarizəyə qalxan əliyalın insanların üzərinə yeriyən sovet qoşunları tarixdə misli görünməmiş vəhşiliyə əl atdı.
Həmin hadisədən 29 il keçir. Baş verənlər barəsində çox deyilib, çox yazılıb. Amma hələ hər şeyə tam aydınlıq gəlməyib. O zaman ayrı-ayrı rayonlarda baş verən olaylar bizi 20 Yanvara addım-addım yaxınlaşdırırdı. Azərbaycana ordu yeritməyə tələsən Kreml rəhbərləri o zamankı yerli, mərkəzi hakimiyyətin səriştəsizliyindən istifadə edərək müxtəlif rayonlarımızda münaqişə ocaqları yaradır, necə deyərlər, belə bir vaxtda sanki həm də 20 Yanvarın məşqi gedirdi. Cəlilabad rayonunda yaşananlar da bu böyük və məkrli planın tərkib hissəsi idi.
Geniş ərazisi, məhsuldar torpağı, zəhmətkeş insanları ilə tanınan Cəlilabad Azərbaycan büdcəsinə əhəmiyyətli dərəcədə öz töhvəsini verirdi. Respublikada ilk dəfə məhz Cəlilabadda 260 min ton üzüm yığılmışdı. O zaman bu çox böyük nailiyyət hesab olunurdu. Cəlilabadın respublikanın həyatında əhəmiyyətini yaxşı dərk edən ümumilli liderimiz Heydər Əliyev həmişə bu rayona xüsusi diqqət və qayğı ilə yanaşırdı. Belə münasibət təbii ki, müxtəlif dairələrdəki bədxahları qane etmirdi. Yadımdadır, 1986-cı ilin iyul ayında indiki Şəmkir rayonunda Moskvadan ezam olunmuş, "pambıq işlərini" araşdıran SSRİ DİN-nin xüsusi istintaq əməliyyat qrupunun 4 əməkdaşı Nikolay Reşetnyakın rəhbərliyi ilə Cəlilabada gələrək,eyni vaxtda 8 ticarət obyektində və 6 sovxozda yoxlama apardılar.Bu işdə onlara Respublika Daxili İşlər Nazirliyinin 30-a yaxın əməkdaşı və xüsusi seçilmiş mütəxəssislər də yardım edirdi. Əslində buna rayona qəfil hücum da demək olardı. Fərəh hissi ilə qeyd edim ki, 22 gün intensiv və gərgin yoxlama aparılmasına baxmayaraq, cəmi bir ticarət obyektində xırda cinayət faktı tapa bildilər. Bunun da öz səbəbləri vardı. Belə ki, həmin dövrə qədər prokurorluq xətti ilə yoxlama aparıb nöqsanları aradan qaldırmağa nail olmuşduq. Moskvadan gələn əməliyyat qrupunu Cəlilabaddan əliboş qaytarandan sonra o zaman Respublika Prokuroru İlyas İsmayılov bildirdi ki, siz böyük bir qəhrəmanlıq göstərdiniz. Çünki həmin vaxt Moskvanın məqsədi Cəliabadda da Şəmkirdə olduğu kimi, kütləvi həbslər həyata keçirmək, Azərbaycanı Özbəkistan kimi korrupsiyaya bulaşan respublika elan etmək idi. Bir şikayətçinin 2 vərəqəlik ərizəsinə görə bu qədər adamla üç həftə yoxlama aparmağa başqa nə ad vermək olardı?! Çox keçmədi ki, rayondakı kadrlara qarşı hücum planı həyata keçirilməyə başladı. 1987-ci ildə 20 ildən çox milis rəisi işləmiş Sədr Mirzəyev rayon milis şöbəsinin rəisi vəifəsindən azad olundu. Dövlət Təhlükəsizlik Komitəsində 35 illik staja malik DTK-nin rayon şöbəsinin rəisi Yavər Ələkbərov işdən kənarlaşdırıldı. Rayon Aqrar Sənaye Birliyinin rəisi, mükəmməl partiya savadına, böyük nüfuza malik Vəkil Zeynalova əvvəlcə töhmət elan olundu, sonra isə işdən çıxarıldı. Məhkəmənin sədri, 35 illik hakimlik təcrübəsi olan Qəni Kazımovu təkrar seçkiyə buraxmadılar, bununla da onu "oyundankənar" vəziyyətdə qoydular. İbrahim Qurbanov rayon partiya komitəsinin birinci katibi vəzifəsindən azad olundu. Rayonda boş qalan postlara cavan, təcrübəsiz və bəzən də səriştəsiz insanlar təyin edildi. Cəlilabad İranla həmsərhəd olduğundan Prişib ( indiki Göytəpə) şəhərində bir neçə hərbi hissə var idi. Zaqafqaziya Hərbi Dairəsinin ən böyük sərhəd dəstəsinin, habelə başqa 3 hərbi hissənin ehtiyat qərargahı da bu şəhərdə yerləşirdi. 1988-ci ildə respublikada siyasi vəziyyət bir qədər də gərginləşmişdi. İnsanlar Topxanada baş verənlərə ciddi etiraz bildirir, kütləvi aksiyalar keçirirdilər. Respublika rəhbərliyi isə vəziyyətə nəzarət edə bilmirdi. Belə bir zamanda mühüm əhəmiyyətə malik məlumat aldım. Məlum oldu ki, Göytəpədəki hərbi hissələrdən birini komplektləşdirərək orada 300 yeni əsgər yerləşdiriblər. Onlardan 170-i azərbaycanlı, 130-u isə erməni idi. Hər əsgərin əlinə də bir "Kalaşnikov" avtomatı verilmişdi. Ermənilərdən ikisi İran sərhəddini keçmək istəyəndə yaxalanmışdı. Erməni və azərbaycanlı əsgərləri silahlandırıb bir hərbi hissəyə yığmaqla böyük bir təxribat hazırlandığını hiss etməmək mümkün deyildi. Mən bu təhlükəni hiss edən kimi, dərhal Lənkəran Qarnizon Hərbi Prokuroruna və Tbilisidə yerləşən Zaqafqaziya Dairəsinin Hərbi Prokuroruna təcili teleqram vurdum, baş verə biləcək təhlükə barədə onları xəbərdar etdim.
Bir gün sonra rayon partiya komitəsinin birinci katibi Eybalı Ağayev məni yanına çağırıb dedi ki, sənin teleqramlarınla əlaqədar MK-dan zəng etmişdilər. Bunu özbaşınalıq kimi qiymətləndirirlər. Vəziyyəti ona başa salmağa çalışdım, əsgərlər arasında böyük bir silahlı qırğın hazırlandığını bildirdim. Xahiş etdim ki, o da səlahiyyətindən istifadə edib yuxarı təşkilatlara rayondakı vəziyyət barədə məlumat versin. Görünür mənim göndərdiyim teleqramın xeyri oldu. Bir gündən sonra bütün əsgərlər həmin hərbi hissədən köçürüldülər.
Az sonra növbəti təxribatla üzləşdik. Məlumat aldım ki, Göytəpədə yaşayan 18 erməni ailəsini köçürmək üçün mitinq təşkil olunub. Rayonun vəzifəli şəxsləri mitinqdə söz demək istəsələr də, aksiyaçılar onları qovmuşdular. Mən dərhal ora yollandım.Mitinqi alovlu şair Abbasağa idarə edirdi.O,məni görən kimi dedi:
- Onlar xalqdan qorxub qaçdılar.Sən necə, xalqın qarşısında çıxış etmək istəyirsənmi?
- Əgər xalqın şairi söz verərsə, əlbəttə danışaram,-deyə cavab verdim.
Abbasağa məni lazım olduğundan da artıq təqdim etdi və mən mitinqdə 35 dəqiqə çıxış etdim, insanları başa salmağa çalışdım, təxribatdan çəkinməyə səslədim. Dedim ki, bu gün erməni evlərinə hücum etmək düşmənə dəstək verməkdir. Çoxsaylı suallara cavab verdikdən sonra aksiyaçılar dağılışıb getdilər.
Səhərisi gün 1-ci katibin otağında MK-dan gələn yoldaşla aramızda xoşagəlməz söhbət oldu.Adını çəkmək istəmədiyim həmin şəxs məndən soruşdu:
-Yoldaş Məmmədov, nə üçün katibi və milis rəisini fitə basıb qovan aksiyaçılar, Sizi alqışlarla qarşıladılar?
Mən çox pərt olmuşdum.Təşəkkür və minnətdarlıq gözlədiyim halda çətin sual qarşısında qalmışdım. Bir qədər susduqdan sonra ironiya ilə dedim:
- "Yoldaşların bəziləri heç bir il deyil ki,Cəlilabadda işləyirlər. Mən isə 4 ildir işləyirəm.Yəqin ki, camaat onları tanımayıb.Ona görə də fitə basıblar".
Görünür hadisələrin belə sakit sonluqla, qansız-qadasız ötüşməsi kimlərəsə sərf etmirdi. Bəzi rəhbər şəxslərdə mənə qarşı qısqanclıq baş qaldırdı. Elə bilirdilər ki,mənim mitinqçilərlə əlaqəm var. Əslində mitinqdə iştirak etməkdə bir məqsədim var idi: törədilə biləcək təxribatları önləmək, baş verə biləcək cinayətlərin qarşısını almaq.(Təəssüf hissi ilə bildirirəm ki,gündüzlər Raykomda,axşamlar cəbhəçilərin yanında olub onlara dəstək verən,əslində ikili oyun oynayan rəhbər işçilər,o cümlədən hüquq-mühafizə orqan əməkdaşları da var idi.) 1989-cu ildə Xalq Cəbhəsi yaranandan sonra bütün rayonlarda olduğu kimi, Cəliabadda da bu təşkilatın yerli şöbəsi fəaliyyətə başladı. Qonşu rayonlarda 10-15 gün əvvəl mitinqlər başlasa da, Cəlilabadda sentyabrın 13-də cəbhənin ilk mintinqi oldu. Mitinqdə siyasi şüarların, hakimiyyətin əleyhinə çağırışların səslənməyəcəyi qərara alınmışdı. Çünki əsas məqsəd Qarabağda baş verənlərə etiraz etmək idi. Bu şərtlərlə tanış olduqdan sonra rayon rəhbərliyi də mitinqdə iştirak etdi.
(ardı gələn sayımızda)