adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
16 Yanvar 2019 19:01
8243
MƏMLƏKƏT
A- A+

Abşeronda paleolit dövrünə aid düşərgə tapıldı

2018-ci ilin dekabr ayında AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru İdris Əliyevin rəhbərlik etdiyi Abşeron arxeoloji ekspedisiyasının bölgədə apardığı kəşfiyyat işləri zamanı Balaxanı və Məhəmmədi qəsəbələri arasında, Qırməki adlanan sahədə daş dövrünə aid çoxlu sayda alətlər aşkar olunub.

AMEA-dan Adalet.az-a bildirilib ki, İdris Əliyev alətlərin böyük sahədə tapıldığından burada qədim dövrə aid düşərgənin yerləşməsini istisna etməyib. Həmçinin Abşeronun paleocoğrafiyası aşkar edilmiş abidənin yerləşmə topoqrafiyası ilə ziddiyyət təşkil etmir.

Mütəxəssislər tərəfindən materialların müqayisəli təhlili aparılıb və ilkin rəyə görə, bu tapıntıların paleolitin orta mərhələsinə aid olduğu bildirilib.

İdris Əliyevin sözlərinə görə, geoloji çöküntülərdə aşkar edilmiş qədim paleontoloji materiallar bölgənin paleolitdə zəngin faunaya malik olmasını göstərib. Son tapıntılar isə paleolit dövründə göstərilən ərazinin qədim ovçuları da cəlb etməsi barədə fikir yürütməyə əsas verir.

Arxeoloq qeyd edib ki, Binəqədi və Balaxanı qəsəbələri arasında olan ərazilərin, xüsusilə, Binəqədi Qırgölü ətrafındakı ərazilərin daha diqqətlə tədqiq olunması bölgədə bu dövrə aid məskunlaşma probleminin öyrənilməsinə səbəb olacaq.