adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
15 Yanvar 2019 13:18
6261
MƏMLƏKƏT
A- A+

Faiq QİSMƏTOĞLU: CAMAAT MÖHÜRƏ YOX, GÖRDÜYÜNƏ İNANIR

Uzun müddərdir ki, respublikamızda, o cümlədən Bakı şəhərində iribuynuzlu, xırdabuynuzlu heyvanların kəsimi necə gəldi həyata keçirilir. Bir balaca imkanı olan, yeri gəldi, gəlmədi bir köşk açır, lazımi şərait olmayan yerdə heyvan kəsimi ilə məşğul olur. Düzdür, bunların arasında sanitar-gigiyenik qaydalara və təmizliyə əməl edən köşklər də var. Ancaq bunlar o qədər də çox deyildir.

Hələ biz onu demirik ki, ət kəsimi ilə məşğul olan qəssabların bir çoxu vaxtında həkim müayinəsindən keçmir, səliqə-səhman yaratmır, üzü tüklü və xalatsız köşkdə ət satışı ilə məşğul olurlar. Burda qəribə heç nə yoxdur. Onsuz da çoxlarımız istər bazarlarda, istərsə də yarmarkalarda, istərsə də köşklərdə belə anlarla tez-tez rastlaşırıq. Belə məqamları görürük, heç təəccüblənmirik və hətta tüklərimiz belə tərpənmir. Guya tərpənsə nə olacaq?!

Və bir də bizdə hər hansı bir yenilik heç də asanlıqla qəbul edilmir. Ən əzından ona görə ki, bu yeniliyin içində bəzən elə eybəcərliklər olur ki, onu görəndə adamların gözü kəlləsinə çıxır. Bilmir ki, bu yenilikdir, yoxsa oyun. Amma ədalət naminə deyək ki, bizim məmləkətdə də yeniliklər olub, o, öz bəhrəsini verib və heç kəs ona qəmbərqulu, qulp qoya bilməyib.

Ölkəmizdə yeni yaradılmış Qida Təhlükəsizliyi Agentliyi də fəaliyyətə başladığı qısa zaman kəsiyində müsbət addımlar atmağı bacarıb. Gəlin onunla razılaşaq ki, həm respublika ərazisində, həm də Bakı şəhərində heyvan kəsimi sahəsində bu günün özündə də problemlər mövcuddur. Ancaq Qida Təhlükəsizliyi Agentliyi az bir vaxtda heyvan kəsimi sahəsində qayda-qanun yaratmağa və sistemli bir mexanizm qurmağa nail olub. Əlbəttə, bizim millətin bir çoxunun qanunlara əməl etməkdən xoşları gəlmir. Adını çəkdiyimiz agentlik son 5-6 ayda heyvan kəsimi ilə məşğul olan sahibkarlar və qəssablar arasında böyük maarifləndirmə, təbliğat işləri aparıb. Təbii ki, bu cür maarifləndirmə mövcud problemin bu və ya digər dərəcədə müsbət həllinə təkan verib.

Aydındır ki, qısa zaman ərzində heyvan kəsimi sahəsində yaranmış problemləri birdən-birə həll etmək elə də asan deyildi. Eyni zamanda Qida Təhlükəsizliyi Agentliyinin apardığı və həyata keçirdiyi bu islahatları da birdən-birə heyvan kəsimi və satışı ilə məşğul olan sahibkarlar, qəssablar birmənalı qəbul etmirlər. Çünki əksər heyvan kəsimi sexlərində köhnə metodlardan istifadə edilir və gigiyenik sanitar qaydalara lazımi qaydada əməl edilmir. Məhz bu problemləri həll etmək üçün həmin qurum heyvan kəsimi ilə məşğul olan sahibkarlar arasında izahat işləri apardı, nöqsanları aradan qaldırmaq üçün vaxt verildi. O vaxt tamam olandan sonra isə yenidən heyvan kəsimi sexlərində və köşklərində Qida Təhlükəsizliyi Agentliyi reydlərə, yoxlamalara başladı.

Keçirilən reydlər onu göstərdi ki, lazımi tövsiyələrə və göstərişlərə əməl edən köşklərlə yanaşı, əməl etməyənlər də çoxdur. Və qanunu pozan bu köşklər "İnzibati Xətalar Məcəlləsi”nin müvafiq maddəsi ilə cərimə ediliblər. Tərtib olunmuş protokolla bağlı razılaşan və razılaşmayan köşk sahibləri də var. Amma fakt faktlığında qalır ki, bu gün köşklərin çoxunda əvvəlki nöqsanlar tamamilə aradan qaldırılmayıb.

Qida Təhlükəsizliyi Agentliyi fəaliyyətə başlayandan sonra Bakının neçə-neçə yerində müasir tələblərə cavab verən və gigiyenik sanitar qaydalara əməl edən heyvan kəsimi sexləri yaradılıb. Və bu heyvan kəsimi sexlərində demək olar ki, çox unikal şərait var. Ancaq heyvan kəsimi ilə məşğul olan bir çox köşk sahibləri bildirirlər ki, yeni yaradılmış sexlər də müəyyən imkanlı adamların nəzarəti altındadı. Başqa sözlə demiş olsaq, köşklərin imkanları əllərindən alınaraq bu sexlərə verilib.

Sadəcə olaraq, mövcud məsələyə heç də sahibkarlar və qəssablar birmənalı yanaşmırlar. Onlar bildirilər ki, ayının qoz oyunu var, bir armudun başında. İndi bu sistemi də yaradan adamlar bir şeyi fikirləşiblər: bütün ət köşklərinin bazarını "öldürsünlər”. Deməli, bizim əlimizdə nəyimiz varsa, onu ələ keçirsinlər və artıq ələ keçiriblər. Əgər onlar ət satışında tamamilə qayda-qanun yaratmaq istəyirlərsə, şəffaflığı qorumağa çalışırlarsa, onda yüz bəhanə ilə bizə badalaq vurmasınlar. Axı biz uzun illərdi bu işlə məşğuluq.

Qida Təhlükəsizliyi Agentliyi yarandığı gündən Bakının neçə-neçə yerində heyvan kəsimi yerləri yaradılıb. Orda hər şey müasir tələblər səviyyəsindədir. Heyvan kəsilir, soyulur, laboratoriya analizindən keçirilir, müsbət rəy alınandan sonra həkim möhürü vurulur. Bunun nəyi pisdir?

Ancaq fikrini soruşduğumuz köşk sahibləri və qəssablar isə bildirirlər ki, bunlar bizim üçün əlavə xərc deməkdir. Məsələn, biz heyvanı maşınla kəsim sexinə aparmalıyıq, 15-20 manat pul verməliyik, üstəlik də maşın haqqı ödəməliyik. Və ordan yenidən maşınla heyvan cəmdəklərini köşkə gətirməliyik. Həm vaxtımız gedir, həm pulumuz xərclənir, həm də əziyyət çəkirik. Əgər Qida Təhlükəsizliyi Agentliyi camaatın və bizim halımıza acıyırsa, qoy onda həmin kəsimi pulsuz həyata keçirsinlər. Bu əlavə xərclər ki, var, yenidən ətin bahalaşmasına gətirib çıxarır. Məsələn, 10 manata satdığımlız əti indi 11-12 manata satırıq. Bu pul da yazıq camaatın cibindən gedir.

Yeni yaradılmış heyvan kəsimi sexlərinə əhali də fərqli yanaşır. Onlar deyir ki, hər bir yenilik xalqa yox, ayrı-ayrı vəzifəli şəxslərə və məmurlara xidmət eləyir. Bir tərəfdən qəssabların "çörəyi kəsilir”, digər tərəfdən də ətin qiyməti bahalaşır. Yəni burda qara camaat və qəssablar qara gün yaşayırlar.

Alıcılar da ət satıışındakı bu yeniliklə bağlı məsələyə birmənalı yanaşmır. Məsələn, Fatma Cabbarova deyir ki, mən bir dəfə bazardan, bir dəfə də yarmarkadan ət almışdım. Düz qazanda 4 saat qaynatdım, bişmədi. Hansı ki, o ətin üstündə həkim möhürü də vardı. Biz bilmirik baytar həkimləri necə işləyir? Ciblərinə 5-10 manat bas, gözlərini yumub ona möhür vuracaqlar. Nə qədər möhür vurulmuş ətlər sonradan yoxlama nəticəsində aşkar edilib və məlum olub ki, bu ət mənşəyi məlum olmayan ətdi və satışdan çıxarılıb.

Nadir Məmmədov adlı alıcı isə Qida Təhlükəsizliyi Agentliyinin ət köşklərini cərimələməsindən əsəbləşdiyini bildirdi. Dedi ki, biz demirik bütün ət köşklərində sanitar və gigiyenik qaydalar yüksək səviyyədədir. Ancaq camaat möhürə yox, gördüyünə inanır. Bizim gördüyümüz isə odur ki, hər gün səhər saatlarında qonşuluğumuzdakı ət köşkündə dana kəsirlər, onu səliqə ilə soyub təmizləyir, sonra doğrayıb cəmdəkləri asırlar. Biz də gedib bu təmiz əti alırıq. İndi o qədər dələduz peyda olub ki, hər adamın satdığı əti almaq olmur.

Rəyini soruşduğumuz digər bir alıcı Tahir Hacıyev bildirdi ki, bizdə hər hansı qurum yaradılan kimi "köhnə bazara” təzə nırx qoyur. Yəni onlarla razılaşmayan sahibkara göz verib işıq vermir, başına olmazın yüz oyununu açır. Ta o vaxta qədər ki, həmin sahibkar razılaşıb "tasa” düşür. Elə ki, razılaşma oldu, tay ona dəyib dolaşmırlar. Və bir də mən heç cürə qəbul eləyə bilmirəm ki, niyə hər yerdə yox, şəhərin müəyyən yerlərində kəsim sexləri yaradılıb? Təbii ki, bu isə monopoliya, inhisarçılıq deməkdir. Əgər məlum qurumun camaata yazığı gəlirsə, qoy əvvəlki heyvan kəsimi köşklərində lazımi şərait yaratsınlar və səliqə-səhman olsun. Onsuz da köşklərin əksəriyyətində gigiyenik-sanitar qaydalara əməl etmək bir o qədər də mürəkkəb deyil. Sadəcə olaraq, onlara kömək etmək, düz yol göstərmək lazımdır. Yoxsa badalaq atmaqla ən yaxşı halda onlar bu köşkləri özlərinin nəzarəti altında saxlayacaq, ətin qiyməti isə get-gedə bahalaşacaqdı.

Göründüyü kimi, Bakıda heyvan kəsiminin mərkəzləşməsinə nə sahibkarların, nə qəssabların, nə də alıcıların münasibəti birmənalı deyil. Başqa sözlə demiş olsaq, heyvan kəsiminin mərkəzləşdirilməsinə razı olanlardan narazılar daha çoxdur. Və buna görə də həmin insanları qınamaq olmaz. Çünki hərə bu məsələyə öz mənafeyi baxımından yanaşır. Nəyin düzgün, nəyinsə düzgün olmadığını isə gələcək göstərəcək. El dilində demiş olsaq, hər şeyin zamana ehtiyacı var. Ancaq alıcılarınsa bir şeyə ehtiyacı var: təki bundan sonra ət bahalaşmasın! Bax, bu çox qəliz məsələdi. O qədər qəliz məsələ ki, heç bundan nə sahibkarlar, nə də qəssablar baş çıxara bilmir. Çünki onlara hərə bir tərəfdən qəmiş qoyur, badalaq atır!..