adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
15 Yanvar 2019 00:34
9413
ƏDƏBİYYAT
A- A+

Cəlaləddin Budatoğlu

SEGAH

Qan ağlama, sarı simim,
Gülə həsrət arı dilim,
Yandı bağrım, yandı dilim,
Sükutum ahəstədi, ah...
Gəl, sevgilim, dindi segah...

Ağ üzündə cığa teli,
Qaşlar kaman, yığa teli,
Bir namədi durna teli,
Kərəmini verir Allah,
Nazənin gəlindi segah...

İlk sevgi, ilk bayatımız,
Bəzənmədi bəy atımız...
Ayrı düşdü həyatımız,
Dəli könlüm xəstədi, ah,
Hönkürəcək indi segah...

Çağırın dərviş lələmi,
Aparsın qəmi, ələmi,
Sazımda "Yanıq Kərəm"i
Məndən aman istədi, ah,
Can deyən dilimdi segah.

TOXUNMA, DAŞIMA,
O SƏNİN DEYİL

Toxunma, daşıma, o sənin deyil,
Daha çiçəkləmir qız baxışları...
O mənim olası, mənə gəl deyir,
Bizi göyərdəcək yaz yağışları...

Açıb tellərini hicran küləyi,
İndicə vüsala aparacaqmış...
O daş beşiyindən durub indicə,
Ruhumu bədəndən qoparacaqmış...

Bu, sevgi deyildi, ilahi bir hiss,
İlahi duyğunun təntənəsiydi.
Böyüyüb içimdə səssiz-səmirsiz,
Bir ömür mənimlə tən gələsiydi.

Axtarma özünü daş namələrdə,
Mənim sındırdığım daş çilik-çilik...
Məndən qisas alır pərvanələr də,
Məndən gileylidir xınalı kəklik...

Toxunma daşıma, ah çəkirəm ah,
Ahın nə faydası, min ahım kimi.
O, məni axtarır min ildi, Allah,
Gedr qiyamətə günahım kimi...

Nə üsyan eyləyim, nə sığal çəkim,
Nə sənsiz oxunsun, nə şəbi-hicran.
O daşın üzünə qara xal çəkin,
Öpüm, qucağıma alım bircə an.

Öpüm, qucağıma alım bircə an,
Bircə an kainat dalğalanaydı.
Ona can verəydi, böyük Yaradan,
Bir olub göylərə havalanaydıq...

Mənim novruzgülüm, mənim qar gülüm,
Nola, boylanaydın sən mənə sarı...
Nə yaxşı dünyada ölüm var, gülüm,
Daş olub, gəlirəm mən sənə sarı...

Toxunma, daşıma, o sənin deyil,
Daha çiçəkləmir qız baxışları...
O mənim olası, mənə gəl deyir,
Bizi göyərdəcək yaz yağışları...

NƏ YAMAN OXUDUN,
LƏLƏSİ ÖLMÜŞ

Məhəbbət Kazımova

Amandı, çıxarma məni halımdan,
Paşası paşamdı, xanı xanımdan.
Tifağı dağılan xanimanımdan,
Nə yaman oxudun, lələsi ölmüş....

Həm xanədən gəlir, həm şanəmizdi,
Candan ayrı düşən nişanəmizdi,
Bülbülün cəh-cəhi şah naməmizdi,
Nə yaman oxudun, lələsi ölmüş....

Mənim harayımdan uçan dağ deyil,
Qara meydan açır, qaçan ağ deyil,
Şuşasız Qarabağ, Qarabağ deyil,
Nə yaman oxudun, lələsi ölmüş....

Mən kiməm, sən kimsən, biz kimik belə?
Çoxunu çoxdandı vermişik yelə...
Dərd olduq, bənd olduq bir sınıq telə,
Nə yaman oxudun, lələsi ölmüş....

Yaramın üstündə yara, dan deyil,
Ürək sızıldayır, yaradan deyil,
Yaradan bir daha yaradan deyil,
Nə yaman oxudun, lələsi ölmüş....

Nə yaman oxudun, nə yaman, yaman,
Dağ üstə dağ çəkmə, aman ver, aman,
Lələsiz dünyamız ağlayan zaman
Nə yaman oxudun, lələsi ölmüş....

Gah salı yandırdın, gah alı tutdun,
Sarəng tir-tir əsdi, sarı qurutdun,
Dərdi dara çəkdin, barı unutdum,
Nə yaman oxudun, lələsi ölmüş....
Qalx, savaş yoludur, istiqlal yolu,
Torpağı suvardım, üstüm qan dolu,
Ya şəhid, ya qazi istə, mən dolu,
Nə yaman oxudun, lələsi ölmüş....

Hava süd qoxulu qaymaq havası,
Çalın tərəkəmə, yaylaq havası,
Düşüb sümüyümə bayraq havası,
Nə yaman oxudun, lələsi ölmüş....

Budatoğlu deyir sözün düzünü,
Yaşa Allah verən yüzdə-yüzünü,
Görək Kəlbəcərdə bir də üzünü,
Nə yaman oxudun, lələsi ölmüş....

SÖZ

Can sözüdür, əgər bilirsə insan,
Sözdür ki, deyirlər bir özgədir can.

M.Füzuli

Çoxunam, azınam, söz,
Sənə pənah gətirdim.
Qurbanlıq quzunam, söz,
Kəsməyə şah gətirdim.

Yarpağam, yaşıl yolum,
Torpağam, yanır gorum,
Nə ölümdü, nə olum,
Göydən Allah gətirdim.

Misra-misra söz andım,
Söz imanım, söz andım,
Mən Tanrıdan yarandım,
Bismillahla gətirdim...

Əyilmədim, əymədim,
Dünya, sənə bəy dedim,
Bir salama dəymədim,
Oldum agah, gətirdim...

Divarın üzü hamar,
Qalxıb yolumda durar,
Dindirsən, dilim yanar,
Çəkməyə dağ gətirdim.

Dar ağacı aradım,
Kəndirini yamadım,
Dağ sındırır inadım,
Daş nişangah gətirdim.

Qırmızı gül, sarı gül,
Qız qarıyır, xarı gül,
Yarı bülbül, yarı gül,
Haqdan nigah gətirdim.

Nə üsyandı, nə qandı,
Araz tilsimi yandı,
Mənsuriyyə qiyamdı,
Ya Rəbb, segah gətirdim.