adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
15 Yanvar 2019 00:18
3346
GÜNDƏM
A- A+

TƏHLÜKƏSİZLİYİNİZİ TƏMİN ETMƏK İSTƏYİRSİNİZSƏ...

"Yol hərəkəti haqqında" Qanun

(əvvəli ötən saylarımızda)

IX. Avtomobil yollarında yol hərəkətini nizamlayan texniki vasitələr Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının icazəsi ilə quraşdırılır.
X. Avtomobil yollarının layihələşdirilməsini, tikintisini, yenidən qurulmasını və təmirini həyata keçirən hüquqi və fiziki şəxslər yol hərəkəti təhlükəsizliyinə dair standartlara, qaydalara vənormativlərə əməl edilməməsinə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
Maddə 9-1. Piyada keçidləri arasında məsafə və yerüstü və ya yeraltı keçidlərin tikilməsi
I. Avtomobil yollarında piyada keçidləri təhsil, səhiyyə, iri ticarət (xidmət, istehsalat) müəssisələrinin, nəqliyyatın dayanacaq məntəqələrinin, idman, istirahət və turizm obyektlərinin və insanların kütləvi toplaşdığı digər obyektlərin yaxınlığında olmalıdır. Piyada zolağında hərəkətin svetoforla nizamlanması vacib olan hallar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
II. Avtomagistralların yaşayış məntəqələrindən keçən hissələrində yerüstü və ya yeraltı keçidlər arasında məsafə 400-800 metr, digər avtomobil yollarının yaşayış məntəqələrindən keçən hissələrində isə piyada keçidləri arasında məsafə 150-300 metr (yolayrıcıları arasında daha az məsafə olduğu hallar istisna olmaqla) olmalıdır.
III. Avtomobil yollarında yerüstü və ya yeraltı keçidlər aşağıdakı hallarda tikilməlidir:
1. avtomagistrallarda - bu Qanunun 9-1-ci maddəsinin I və II hissələri nəzərə alınmaqla;
2. digər avtomobil yollarında - nəqliyyat vasitələrinin hərəkət şiddəti 300 avtomobil/saatdan, piyadaların hərəkət şiddəti 3000 adam/saatdan və yolun hərəkət hissəsinin eni 14 metrdən çox olduqda.
IV. Bu Qanunun 9-1-ci maddəsinin III hissəsinin 2-ci bəndində nəzərdə tutulan avtomobil yollarında yerüstü və ya yeraltı keçidlərin tikilməsi vacib olan digər hallar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.".
Maddə 10. Avtomobil yollarının saxlanılması, qorunması və abadlaşdırılması zamanı yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi
I. Avtomobil yollarının saxlanılması və abadlaşdırılması yol hərəkəti iştirakçılarının tələbatlarının maksimum ödənilməsinə və yol hərəkəti təhlükəsizliyinin təmin olunmasına xidmət etməlidir. Bu məqsədilə:
1) avtomobil yolları yol hərəkətinin iştirakçıları üçün sərfəli və rahat şəraitdə saxlanılmalı, qorunmalı və daha da yaxşılaşdırılmalıdır. Yol hərəkətinin təhlükəsizliyi üçün qorxu törədən şərait yarandıqda, yol hərəkəti qadağan edilməli və ya məhdudlaşdırılmalıdır, təhlükəsiz hərəkət şəraitinin bərpası üçün təxirəsalınmaz tədbirlər görülməlidir;[32]
2) avtomobil yollarında nişanlama xətləri çəkilməli, yol nişanları və göstəriciləri (o cümlədən təhlükəli və çətin keçilən sahələri əks etdirən marşrut xəritələri və sxemləri), svetoforlar və yol hərəkəti təşkilinin digər texniki nizamlama vasitələri quraşdırılmalıdır;
3) avtomobil yolunun yaxınlığında xəstəxananın olması, onun istiqaməti, yerləşdiyi məsafə, xəstəxananın telefon nömrəsi barədə məlumat verən müvafiq yol nişanları quraşdırılmalı, yolların yaxınlığında tibb müəssisələrinin yerləşməsi "Tibbi yardım məntəqəsi" yol nişanı ilə bildirilməlidir;
4) texniki qurğuların quraşdırılması, kommunikasiyaların çəkilməsi, mühafizə işlərinin görülməsi, xidmət obyektlərinin tikilməsi və avadanlıqlarının qurulması təmin edilməlidir;
5) avtomobil yollarında yol şəraiti və hərəkət rejimi haqqında yol hərəkəti iştirakçılarına vaxtında məlumat verilməli, yol şəraitinin xeyli pisləşməsi zamanı (qar yığınları, yolun buz bağlaması) isə, bu məqsədlə radio və televiziya vasitələrindən istifadə olunmalı, əlverişsiz hava şəraitində yol hərəkəti iştirakçılarının təhlükəli yol sahələrini qəzasız keçmələri təmin edilməlidir;
(ardı var)

Sürücülər, sizin üçün!