adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
14 Yanvar 2019 15:01
11342
ƏDƏBİYYAT
A- A+

Əbülfət Mədətoğlu - 60

Əbülfət Mədətoğlunun 60 illik yubileyi keçirildimi, dostlar?!

Yorucu yolun yorğunluğu...


...Qələmim əlimdə, kəlməm dilimdə, sözüm də, özüm də dərd gölündə əsir-yesirdir. Həmişə kövrələndə, hissə qapılanda açıb kitab oxuyar, dərdimi kitaba danışıram. Bu dəfə də eynən beləcə boylandı dərd içimdən. Bir neçə gündür ki, yanımda olan, Bakıdan, daha doğrusu, iş yerindən, 25 ildir ki, müvəqqəti sığındığım Müşfiqabaddakı fəhlə yataqxanasınadək (marşrut avtobusundakı basabasa baxmayaraq) vərəqləmək, bu üzücü, yorucu yolun yorğunluğunu unutmaq üçün açdığım kitabın ilk səhifəsində də qarşılaşdım "dərdim”lə. Demək, dərd yaxadan yapışırsa, ha çək kənara, xeyri yoxdu...

Qollarımı açmışam,
Dolan boynuma, dərdim,
Cani-dildən deyirəm,-
Bəlan boynuma, dərdim...


Bu bəndin məni özünə bənd eləməsinin səbəbləri çoxdur. Onlardan yalnız birini deyirəm: dərd mənim də ortağımdır, sanki tale payım, yol yoldaşım, sirdaşımdı. Mənnən əkiz doğulub. İkimiz də böyüyüb qocalmışıq. Və bu dərdin nəvazişini çəkdiyimi qələm dostlarım duyub, dəyərləndiriblər. Onlardan biri də Əməkdar jurnalist, "Ədalət” qəzetinin baş redaktorunun birinci müavini, şair-publisist, Qarabağ dərdli Əbülfət Mədətoğludur. Onun ömrünün 55-ci pilləsində bir məqalə yazmışdım, xoşuna gəlib-gəlmədiyinin fərqinə varmamışdım. Özündən xəbərsiz yazmışdım. Elektron dünyada yaxşı və çox oxunan yazılardan biri kimi diqqət çəkəndə, sevindiyimdən kövrəlmişdim də.


...Mənim dünyamın adamı...

Təvazökarlıqdan uzaq olsun, jurnalistlik fəaliyyətinə başladığım 1987-ci ildən bu günə kimi 26 kitabı nəşr etdirmək (7-8 kitab isə hazırda çapa hzırdır) o qədər də asan deyil. Onlardan yalnız biri – "Qala dərdim” qəlbimin poetik sızıltılarıdır, şeir deməyə dilim gəlmir, baxmayaraq ki, haqqında, hətta, Əbülfət Mədətoğlu da məqalə ilə çıxış edib ("Ədalət” qəzeti, 4 avqust 2015-ci il). Əbülfət müəllim də məni özünün dərd ortağı kimi tanıyıb və beləcə də dilə gətirib: "...Gördidüm ki, mənim dünyamın adamı olan Məhəmməd Nərimanoğlu çiynini dərdin altına vermiş, özünü Kəlbəcər həsrəti ilə əridən söz adamıdı...

...Araza qarğadıq, qurudu getdi,
Kürünə qarışıb əridi getdi.
Sanki günahkardı, kiridi getdi,
Əsrləri yola salan Vətənin.

Şəhriyar həsrətli, Təbriz nisgilli,
Qaçqınlı-köçkünlü, didərgin elli.
Məhəmməd, dərdimiz hamıya bəlli,
Olum qadasını alan Vətənin.


...Məhəmməd Nərimanoğlunun nə vaxtdı yazı masamın üstündə olan ”Qala dərdim” kitabının üz qabığı, tərtibatı məndə məhz həmin o Vətənin qadasını almaq istəyən oğulun xarici görünüşünü də, duyğularını da çox gözəlcə əks etdirir. Şəxsən mən bu kitabın üz qabığına baxıb onun müəllifini tanımasaydım da, birmənalı şəkildə deyərdim ki, bu kitab dərdin, həsrətin, yurd nisgilinin toplusudu. Elə kitabla baş-başa qalanda da yanılmadığıma bir daha əmin oldum”...
Sözü və özü ilə tanış olduğum qələm adamları arasında Əbülfət Mədətoğlunun bir ayrı statusu var. Sadəliyi və səmimiliyi ilə yaradıcılığı həmahəngdir, amma, hər iki halda fəlsəfəsi dərin, hissləri cilovlu, qəlbi alovludur. Kitablarını oxuduqca ürəyimdən keçib ki, haqqında nəsə yazım, amma, açığı, cəsarətimi sözə çevirə bilməmişəm, qələmim qəmə batıb, fikirlər dilimə yatsa da... Publisistikasında mövzuları o qədər rəngarəngdir ki, janr onu maraqlandırmayıb, çərçivə, qəlib Onun sözlərinə, fikrinə özünü uyğunlaşdırıb. Ədəbi aləmdə bu, fikir və söz azadlığıdır. Qəlbi azad düşüncələrlə silələnmiş qələm dostumun poeziyası isə bir başqa ovqata kökləyir oxucusunu.

Dərdin nazına dözən şair

Əbülfət müəllim peşəkar jurnalist-publisist kimi hər an Sözlə baş-başadır. Onun yanından "söz ötürmək” asan gəlməsin sizə. Mən də bunu bildiyimdən, demək, yazmaq istədiklərim dilimə gəlsə də, yazıb özünə çatdıra bilməmişəm, utanmışam, çəkinmişəm. Şeirləri bir çox xarici ölkədə nəşr edilən Əbülfət Mədətoğlu Qarabağın qarataleli obalarından biri olan Xocavənddə dünyaya göz açıb. Məşhur Tuğ kəndi onun dünyaya göz açdığı ata yurdu, ana laylalı beşiyi olub.Ona görə də itirilən, əldən çıxan körpəlik beşiyi, qabar əllərlə düzəldilən ev-eşiyi dilində bitib. Ha yana üz tutur, dərd qarşısına sevgi libasında çıxır:

Üzüyola uşağam,
Arx üstəyəm, başağam.
Çox qısnama, çaşaram,-
Yalan boynuma, dərdim.


Dərdin nazına dözən şair onu dilə tutur ki, bəlkə yaxasını buraxa. Hətta, yaxşı nə varsa onu seçib dərdin götürməsini də istəyir:

Min illərdi köç ötür,
Yüyrək ötür, gec ötür.
Sən yaxşını seç götür,-
Qalan boynuma, dərdim.

Əslində, kitabdakı şeirlərin əksəriyyəti çırpınan könül duyğularıdır. Burada sevgi də var, nifrət də, məhəbbət də. Bunların arasından dərdin elə ilk səhifədən boylanması şairin bugünkü ruhunun ifadəsi, ömür-gününün epiqrafıdır. Xəyalımda öz "Qala dərdim”i vərəqlədim. Elə adından dərd boylandı. Yoox. Dərdlərimin qalasından yurduzluq, yuvasızlıq, qaçqınlıq-köçkünlük, didərginlik boy verdi. Dərd içimdə qalalandı, qalaq-qalaq oldu:

Qalaq-qalaq qaldırmışam,
Qalaqlanıb qala dərdim.
Böyüyübdü, qocalıbdı,
Mənim kimi bala dərdim.


Əbülfət Mədətoğlunun ürəyi də dərdləmi dil açır, Allah?! Niyə əli qələm, dili kəlamlıların qəlbini bu qədər geniş yaradırsan ki, doldurasan da dərdlə, Tanrım?! Buna görəmi şairlər yerdə Peyğəmbərdən sonra tanrının ən çox sevdiyi bəndələridir?
İstədim ki, şairin dərdlərindən baş götürüb qaçdığı anlarında qələmə pıçıldadığı sevgi nəğmələrindən nümunə çəkim. Özüm də bir az uzaqlaşım bu dərd dəryasından. Açdım kitabın 17-ci səhifəsini. Adsız bir şeirlə qarşılaşdım. "Sağalmaz bir dərd oldu” misrasıyla başlayan şeir də dərd əlindən sanki bura pənah gətirib. Allah insaf versin şair qardaşımıza, yazır ki:

Sağalamaz bir dərd oldu,
Bu uzaq yolun mənə.
Dərdlə tək qalacağam,-
Siz uzaq olun mənə!..

...Pəncərəmin işığın
Pərdəylə bağlayacam.
Dərdin ölçü qaşığın,
Gizlədib saxlayacam...

Ölçəcəm otağımı,
O yolun boyu qədər!
Anladacam dərdimə,-
Onu sevmədim hədər...


Eyniliyə, oxşarlığa baxın. Sanki şairlə ikimiz də eyni duyğuların əsiri kimi dərdin qılığına girmişik. Məndə də dərdin nazıyla oynamaq var:

...Elə sevdim ki, alışdım,
Anam bilib qucaqlaşdım,
Oda dönüb ocaqlaşdım,
Bunları kim bilə, dərdim?

Anam bilib saxlamışam,
Qucağında yuxlamışam,
Oxşamışam, qoxlamışam,
Oxşadıb mən gülə dərdim.

İçində çölündəkindən daha uca,
özündən özünə nərdivan, baca olan Əbülfət Mədətoğlu


Ömür karvanının yol gəldiyi 55-ci ilində bir gecikmiş məqalə-təbrik yazmışdım Əbülfət Mədətoğunun yaradıcılığından. Sən demə, o zaman da elə diqqətimi çəkən onun poeziyasının dərd yükü olub. Heyran qalmışam ondakı mənəvi gücə. Necə də incə-incə anladır dərdin ağrısını, acısını. Həmin məqalədən bir seçməyə diqqət yetirək: "Həsrətini, hicranını yaşadığımız ellərimizdən gələn hər səs bizi qəhərləndirib, ağladıb, göz yaşlarımız qəlbimizə, köksümüzə süzülüb.

Sözün məqamına səbəb bu dəfə "cütbeş”dir ki, əsl söz adamını – içində çölündəkindən daha uca, özündən özünə nərdivan, baca olan Əbülfət Mədətoğlunu "dilə-dişə salıb”. Ürək və qələm dostları, "salam-əleyk” elədikləri şairin Söz meydanında zamanla oynadığı oyunda ömrünün "cütbeş”iylə qalib çıxmasını heyranlıqla seyr edirlər. Əllisində olduğu kimi, deyəsən, bu dəfə də təbrikə gecikənlərin arasındayam. Əslində, buna gecikmə deməzdim, cəsarətə gəlib Söz adamı haqqında nəsə deməyin asan olmadığının dərki, yaxud eləcə gecikmiş etiraf kimi qəbul eləsə, nə xoş...

Əbülfət Mədətoğlu imzası oxucu auditoriyasında (son illər isə elektron dünyada) axtarılan jurnalist kimi daha çox tanınsa da, sözün əsl mənasında şairdir, söz mülkü sahiblərindən, bu gün isə ərklə və ürəklə deyə bilərik ki, birincilərindən biridir. "Ədalət” qəzetinin hər sayında müxtəlif mövzularda oxucularının görüşünə gələn jurnalist Əbülfət Mədətoğlu şair Əbülfət Mədətoğlunu "kölgədə” qoymaq istəsə də, bunu bacaracağına əmin olmasın.

Mən bir az uzaqları
Yaxın etmək istədim,
Mən qapıya dəymədim –
Pəncərəyə toxundum,
Gül budağın əymədim,
Çiçək-çiçək oxundum, –
Deyəsən, alınmadı…

Mən özümdən özümə
Nərdivanam, bacayam,
Düşündüm ki, içimdə
Çölümdən çox ucayam, –
Deyəsən, alınmadı!..

Alındı, Əbülfət müəllim! Alınmayan Qarabağdır, onun kiçikdən-kiçik, böyükdən-böyük təsəvvür etdiyiniz Tuğ kəndidir, qardaş, doğulduğun və 35 yaşında qovulduğun, iyirmi ildən artıqdır ki, həsrətindən qovrulduğun kəndindir. Həsrətinə bələnmiş dərdli misralarından boylanan yurdların ağrısıdır səni təntidən, nəfəsini daraldan, qanını qaraldan, iynə-dərmana möhtac eləyən. Necə də dərd libaslıdır təkcə kəlmələrin yox, həm də misraların, bəndlərin:

Yüz dərdim dərmansız keçər,
Bir dərdə dərman özüməm.
Yüz dərdim yadımdan çıxıb,
Bir dərdin fikrin çözürəm.

Ocağım, közüm qaralıb,
Nur itib, gözüm qaralıb,
Utancdan üzüm qaralıb,
Yurd adlı dərdə dözürəm.

Əriyir ömrüm, yaşım da,
Əriyir dağım, daşım da.
Papağım düşmən başında...
Mən burda papaq gəzirəm”...


Hmm. Yüz dərdi yadından çıxıb, bir dərdin fikrini çəkən şair! Bu dərdin dərmanı özün və sözündü. Vallah bilmirəm dərd yumağını necə sarıyım. Kələfi (fikrim) dolaşıq düşdüsə, vay yumağın halına. Halına bələd olduğum qardaş, qələmin və qəlbin dərdə köklənməsin. İlham köhlənin Qarabağ kəhəri kimi baş aparsın!

Bu da 2019 adlı yeni bir ilin ilk günləri. İlin ilk ayının ilk günündə Tuğda dünyaya gələndə kimin ağlına gələrdi ki, bu cocuq özüylə birlikdə DƏRD də böyüdəcək, HƏSRƏT bəstiyəcək? Heç kimin ağlına gəlməsə də, sənin hisslərindəymiş bu hicran notlu DƏRD simfoniyası...
Dərd görməyəsiniz, ay 60-nı yelə verməyən şair dostum-sirdaşım! 70, 80, 90 yaşda da bugünkü kimi – gənclik təravətli sevgi dolu təbriklər yağışında islanasınız!

Məhəmməd NƏRİMANOĞLU