adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
14 Yanvar 2019 12:28
69850
MƏMLƏKƏT
A- A+

Faiq QİSMƏTOĞLU: 50 NÖMRƏLİ MARŞRUTDA NƏ VAXT QAYDA YARADILACAQ?

Avtobuslarda və metroda gediş haqqını qaldıranda bildirirdilər ki, bunu ona görə artırıq, əhaliyə xidmətin səviyyəsi yüksələcək. Təbii ki, buna inananlar da oldu, inanmayanlar da. Və bu gün inanmayanlar inananlardan daha çoxdur. Ən azından ona görə ki, qiymətlər 10 qəpik bahalaşdı, əksər marşrut xətlərində isə xidmətin səviyyəsi yüksəlmədi. Yəni hər şey olduğu kimi qaldı. El dilində demiş olsaq, "köhnə hamam, köhnə tas”oldu.

Bu gün əhalinin böyük bir hissəsi yenə ictimai nəqliyyatdan – metrodan və avtobuslardan istifadə eləyir. Burda da qəribə heç bir şey yoxdur. Elə insan var ki, artıq metrodan və avtobusdan istifadə etməyə öyrəşib. Hətta fərdi avtomobili olan yaxın dostlarımdan biri işə gedərkən maşını metronun "Xalqlar dostluğu” stansiyasının yaxınlığında saxlayır, ordan işə gedir, qayıdanda da stansiyadan çıxıb şəxsi maşınına əyləşərək yaşadığı ünvana yollanır.

Bütün bunların hamısı başa düşüləndir. Əgər ictimai nəqliyyat fasiləsiz işləyirsə və orda əhaliyə nümunəvi xidmət göstərilirsə, təbii ki, ondan insanlar daha çox istifadə edirlər. Amma gəlin onunla razılaşaq ki, bu gün şəhərin mərkəzi küçələrində hərəkət eləyən beş-altı marşrutdan savayı digərlərinin fəaliyyətində çoxlu sayda problemlər vardır. Xüsusən də Bakının qəsəbələrinə və bir qədər gözdən uzaq, könüldən iraq yerlərə gedən avtobuslarda nöqsanlar daha çoxdur.

Çox uzağa getməyək, metronun "Neftçilər” stansiyasından Yeni Günəşli yaşayış sahəsinə hərəkət edən 50 nömrəli marşrutu yada salmaq kifayət eləyər. Bu yerdən Yeni Günəşliyə başqa bir marşrut da işləyir. Həmin marşrut 64 nömrəli marşrutdu. Qeyd etdiyimiz bu marşrutda işləyən avtobuslar da köhnə idi, müasir tələblərə cavab vermirdi, istismar müddətində texniki nasazlıq yaranaraq sıradan çıxırdı.

Ancaq 2018-ci ilin dekabrın son günlərində əvvəlki marşrut sahibindən bu marşrutu aldılar və yeni sahibkara verdilər. Yeni sahibkar isə 64 nömrəli marşruta təptəzə və hər cür tələblərə cavab verən avtobuslar buraxıblar. Həmin avtobuslar ən müasir kondisioner sistemi və digər qurğularla təchiz edilib. İndi bu marşrutda mənzilbaşına gedənlər isti avtobuslarda və komfortlu şəraitdə rahatlıqla ünvana çatırlar.

Çox təəssüf ki, bu sözləri başqa bir marşrut – 50 nömrəli marşrut barəsində deyə bilmirik. Çünki 50 nömrəli marşrutda xəttə buraxılan əksər avtobuslar mənəvi və fiziki cəhətdən köhnəlib, istismar müddətini çoxdan başa çatdırıb. Amma buna baxmayaraq, marşrutu işlədən sahibkar bu avtobuslardan istifadə edən sərnişinlərin hələ də əsəbləri ilə oynayır. Belə ki, sahibkar gözdən pərdə asmaq üçün başqa marşrutda olan 5-6 iritutumlu avtobusu bu xəttə buraxıb. Guya nəsə bir dəyişiklik etməyə nail olub. Bu gün xətdə işləyən ortatutumlu və iritutumlu avtobuslarda istilik sistemi işləmir. Bəzilərində işləsə də soyuq qış günlərində avtobusun salonunu qızdırmaq mümkün olmur. Üstəlik də bir neçə ortatutumlu avtobusun yuxarı kiçik pəncərəsi sınsa da, ora yeni şüşə vurmaq əvəzinə karton qoyublar. Hava da bir balaca küləkli və soyuq olanda soyuq kütlə salona dolur. Hələ bu azmış kimi, ortatutumlu avtobusların ön və arxa qapıları yaxşı bağlanmadığına görə aradan içəri güclü soyuq daxil olur.

Qəribədir ki, bu marşrutda işləyən bəzi sürücülər soyuq qış günlərində hətta tez-tez qabaq qapını örtməyi belə yaddan çıxarırlar. Bir dəfə belə bir vəziyyətə görə, sərnişinlər sürücüyə dedilər ki, maşının qapısı açıq sürürsünüz, soyuqdan qırıldıq, qapını ört! Sürücü isə bu iraddan sonra qapını örtür, növbəti dayanacaqda yenidən qapını örtməyi unudurdu. Axırda sərnişinlərdən biri hövsələdən çıxıb dedi:

- Ay rəhmətliyin oğlu, bizi qırdın ey! Bizim qapını ört deməkdən dilimiz qabar oldu, sən də bağlamamaqdan yorulmadın. Belə də adam daşıyarlar?

Ümumiyyətlə, 50 nömrəli marşrutda bu cür nöqsanlara tez-tez rast gəlmək olur. Elə sürücü var ki, sərnişinlərə məhəl qoymadan siqaret çəkir, elə də sürücü var ki, apardığı insanların təhlükəsizliyini düşünmədən mobil telefonla danışır. Bəzi sürücü isə dayanacaq oldu-olmadı, sərnişin gördüsə, o dəqiqə saxlayıb onu götürür.

Bu xırda nöqsanları bəlkə də yola vermək mümkündür. Onsuz da Yeni Günəşli camaatı elə çətinliklərə uzun illərdir alışıb. Amma camaat ona alışa bilmir ki, qəsəbənin başqa istiqamətinə hərəkət edən 64 nömrəli marşruta yeni avtobuslar buraxıblar, 50 nömrəli marşrutda isə köhnə sınıq-salxaq avtobuslar işləyir. Havaların soyuq keçməsi isə bu marşrutdan istifadə edənləri daha çox narahat edir. Və belə getsə, hələ bundan sonra da narahat edəcəkdi.

Bakı Nəqliyyat Agentliyinin məsul şəxsləri dəfələrlə bəyan ediblər ki, hansı sahibkar əhaliyə nümunəvi xidmət etmir, istismar müddəti başa çatmış avtobusları xəttə buraxır, biz həmin marşrutu işinin öhdəsindən gələ bilməyən sahibkardan alıb digər işgüzar adamlara verəcəyik.

50 nömrəli marşrutu işlədən sahibkar da nə gizlədək, uzun illərdir insanlara nümunəvi xidmət göstərə bilmir, köhnə avtobusları xəttə buraxmaqla sərnişinlərin əsəbləri ilə oynayır. Ya sahibkar zəhmət çəkib xəttə yeni avtobus buraxmalıdır, ya da Bakı Nəqliyyat Agentliyi 50 nömrəli marşrutu işinin öhdəsindən gələ bilməyən sahibkardan alıb başqasına verməlidir ki, xəttə yeni avtobuslar buraxılsın. Bax, bu günü, bu anı 50 nömrəli marşrutdan istifadə edən sərnişinlər çox böyük ümidlə və səbrsizliklə gözləyirlər.