adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
12 Yanvar 2019 00:40
8156
GÜNDƏM
A- A+

EHTİRAMLA YAD EDİLƏN KİŞİ


MUXTAR CAVADOVUN UNUDULMAZ XATİRƏSİNƏ

Həmzə Vəliməmmədov,
Əməkdar jurnalist.

Gecədən yağan qar dayanıb. Dağlar, dərələr ağ bəyaza bürünüb. Söyüdlər, qovaqlar başını əyib. Çardaqlardan saçaq-saçaq buz asılıb. Hər tərəf dərin sükut içindədir. Yolların qarını təmizləyən traktorun qırıq-qırıq səsi bu sükutu pozur. Qışın ilk günlərinin belə qarlı olması havaların sərt keçəcəyindən xəbər verir.
Təbiətin füsunkar gözəlliyini seyr edib otağıma qayıdıram. Qələmə aldığım yazının sənədlərini gözdən keçirirəm. Qat kəsmiş sarı vərəqlər, solmuş şəkillər, güclə oxunan yazılar. Muxtar əmi ilə gəncliyimdə görüşlər yada düşür...
Tatoni kəndi. Zuvand elində çox da böyük olmayan qədim yaşayış məskəni. Sərin bulaqları, yovşanlı təpələri, kəklikli qayaları mənə çoxdan tanışdır. Ilk dəfə yolum kəndə anamla düşüb, Mərcan xalanın kasıb evində bir neçə gün qonaq olmuşuq. Mərcan xala Tatoninin yaşlı ağbirçəyiydi, üç oğlan, üç qız anasıydı. Taleyinə köçkünlük düşdü. Övladlarını qanadının altına alıb Lerik kəndinə (indiki Lerik şəhəri) gəldi, ev-eşik sahibi oldu. Oğlanları Xamı, Sövzi, Nuru, qızları Suray, Yektarə, Kişvər ana çörəyi, ana öyüdü ilə boya-başa çatdılar, eldə-obada halal adamlar kimi tanındılar.
Kəndin sayılıb-seçilən ağsaqqallarından biri Rəzi kişi olub. Torpağın qədrini bilib. Lənkəranın Mollakənd kəndində əkin yeri alıb. Tərəvəz, çəltik becərib. Oğluna təhsil vermək üçün Lənkəran şəhərinə aparıb. Muxtar Cavadov 1918-1922-ci illərdə ibtidai məktəbdə oxuyub. Orta təhsilini fəhlə-gənclər məktəbində alıb. 17 yaşlı gənc Bakıya üz tutub, Suraxanı neft mədənlərində işə girib.
Ali təhsil almaq Muxtar Cavadovun ən böyük arzusu idi. 1931-ci ildə Müəllimlər İnstitutuna daxil olur. Ikinci kursda oxuyanda atası dünyasını dəyişir. Təhsilini davam etdirə bilməyib kəndə qayıdır. Böyük bir ailəyə - iki qardaşına, dörd bacısına dayaq olur, özünə gün-güzaran qurur. Rəzgov kəndinə müəllim təyin edirlər. Payızın yağmurlu, qışın şaxtalı günlərində 5-6 kilometr yolu piyada gedib gəlir. Gənc müəllimin savadı, təşkilatçılığı, camaat arasında nüfuzu rayon rəhbərliyinin diqqətindən yayınmır, partiya sıralarına qəbul edilir.
Muxtar Cavadov 1935-ci ildə Lerik Rayon Partiya Komitəsinə çağrılır. Birinci katib yarım saatlıq söhbətdən razı qaldığını bildirir. Bradi kəndindən Höccət Əsgərovla Muxtar Cavadov Bakı Partiya Məktəbinə təhsil almağa göndərilir. Elə həmin il Lənkəran partiya təşkilatından Xoşqədəm xanım Əhmədbəyli də bu məktəbə qəbul olunur.
Məhərrəməli müəllimin atası barədə xatirələrdən: "Kişi danışırdı ki, məktəbdə oxuduğum ilk aylar istirahət günləri yataqxanada tanımadığımız bir adam peyda olurdu. Foyedə oturub "Kommunist" qəzetindən yazıları gah ucadan, gah da yavaş avazla oxuyurdu. Hərdən şeirdə deyirdi. Onun bu hərəkəti bizi şübhələndirirdi. Qrupumuzdakı tələbələr məsələni direktora çatdırmağı mənə tapşırdılar. Araşdırmalar aparıldı. Məlum oldu ki, həmin şəxs Dövlət Təhlükəsizlik Komitəsinin agentidir. Məqsədi kimin namaz qıldığını, şəriətdən danışığını öyrənməkdi. Hədəfdə birinci məndim. Haradansa peyğəmbər nəslindən olduğumu, namaz qıldığımı sezmişdi. Allah məni onun şərindən qurtardı."
Muxtar Cavadov 1937-ci ildə Partiya Məktəbini bitirir. Bu vaxt rayon qəzeti nəşrə başlayır. O, yerli mətbuatın ilk redaktoru təsdiq olunur. 1940-cı ilə kimi "Zuvand kolxozçusu"nun redaktoru işləyir. Doxsanıncı illərdə, qəzetin 50 illiyi ərəfəsində Moskvadakı Mərkəzi Kitab Palatasına sorğu ilə müraciət elədim. Aldığım cavabda Muxtar əminin qəzetin ilk redaktoru olduğu təsdiqlənirdi. 
1941-1945-ci illər müharibəsinin ilk aylarından Muxtar Cavadov böyük qardaşı Mircəfərlə ordu sıralarına çağrılır. Onun döyüş yolu Qafqazdan başlayır. 1943-cü ildə səhhətinə görə tərxis olunub doğulduğu kəndə qayıdır. Lerik Rayon Partiya Komitəsinin birinci katibi Rəhimov Zuvand ərazisindəki kəndləri gəzərkən atını Tatoniyə sürür, Muxtar əmi ilə görüşür. Ona rayon icraiyyə komitəsində məsul vəzifə təklif edir. Üç il bu təşkilatda çalışır, yerli sovetlərin fəaliyyətinə əməli köməklik göstərir.
Müharibə başa çatan ili rayon partiya təşkilatına Hacıyev soyadlı ziyalı rəhbərlik etməyə gəlir. Yerli kadrlarla ünsiyyət yaradır, katib vəzifəsinə namizədlərin fəaliyyətləri ilə tanış olur, ağsaqqalların rəyini öyrənir. Muxtar Cavadovun bacarığı, savadı, ictimaiyyətdə hörməti katib işləməyə zəmanət verir. Növbəti konfransda nümayəndələr ona səs verirlər. Konfransdan sonra katiblər arasında vəzifə bölgüsü aparılır. Muxtar Cavadova kənd təsərrüfatına rəhbərlik tapşırılır. Qırxıncı illərdə Lerikdə kolxozların sayı çox idi. Təsərrüfatların iqtisadiyyatı zəifdi. Heyvandarlıqda və əkinçilikdə məhsuldarlıq aşağıydı. Yeni seçilmiş katib təcrübəli adamlarla məsləhətləşir, vəziyyətdən çıxış yolu axtarır. Onun təqdimatı ilə bir neçə kolxoza bacarıqlı mütəxəssislər rəhbər seçilir. Kəndlərdə heyvandarlığa diqqət artır. Fermalarda binalar tikilir, yollar qaydaya salınır.
Katib mütəxəssislərlə məsləhətləşmələr apararkən məlum olur ki, təsərrüfatlar lüzumsuz xərclərlə yüklənib. Briqadirlərin, ferma müdirlərinin bir qismi idarəçiliyi bacarmır. Texnikadan səmərəli istifadə olunmur. Iki-üç ilə bu qüsurlar tədricən aradan qaldırılır, kiçik kolxozlar birləşdirilir, məhsuldarlıq artır.
Muxtar Cavadov rayon partiya komitəsinin katibi işlədiyi dövrdə ictimaiyyətdə savadlı, təşkilatçı, sadə və təvazökar ziyalı kimi tanınıb hörmət qazanır. Onun el-obada sevilməsi bədxahlar tərəfindən qısqanclıqla qarşılanır, nüfuzuna xələl gətirmək üçün dəridən-qabıqdan çıxırdılar. Saf əqidəsi, gözütoxluğu, insanpərvərliyi onu təqiblərdən qoruyur.
Zuvandın sərhədyanı kəndlərinin zorla Muğana köçürülməsi ərəfəsində Muxtar Cavadov katib vəzifəsindən çıxır. Ərazidəki tanınmış ziyalılar əhalinin ata-baba yurdundan didərgin salınması əleyhinə çıxdıqlarına görə təqib olunurlar. Onlardan biri təminat şöbəsinin müdiri Muxtar əmi idi. Birinci katib Kamal Qəhrəmanovun hədə-qorxusuna baxmayaraq o prinsipial mövqeyini dəyişmir. Muxtar Cavadov rayon təminat şöbəsinə on ilə yaxın rəhbərlik eləyir, məsul vəzifənin öhdəsindən layiqincə gəlir. Şöbədə əyintilərə, süründürməçiliyə, yersiz şikayətlərin yaranmasına imkan vermir. Düzlük, təmizlik onun həyat kredosuna çevrilir. Səhhətilə əlaqədar ərizə yazıb işdən çıxır. 1959-cu ildə əlli yaşı hələ tamam olmamış haqq dünyasına qovuşur.

* * *
Öz dəsti-xəttilə yazdığı avtobioqrafiyasını oxuyuram. Səkkiz övlad atası olub. Ömür-gün yoldaşı Mirzəhra xala xanım-xatın, peyğəmbər övladı ağbirçəkdi. Qohum-əqrəba, qonum-qonşu bu nurani anadan ağızdolusu danışırdılar, məsləhətlər alırdılar.
Xatirə. 1966-cı ilin qışı bərk gəlmişdi. Kənd məktəbində direktor işləyirdim. Rayon mərkəzinə, birinci katibin qəbuluna çağırdılar. Katiblə söhbətimiz 15-20 dəqiqə çəkdi. Rayon qəzetində işləməyə dəvət edildim. Tərəddüd içindəydim. Iki gün vaxt istədim. Anamla, yoldaşımla məsləhətləşməliydim. Razı oldular. Müvəqqəti yaşamağa mənzil tapmalıydım. Məsələni Mirzəhra xalaya danışdım. "Ay oğul, sənə bir otaq lazımdır, ikisini verim. Köç-külfətini yığışdırıb gəl" dedi.
Ertəsi gün Lerik şəhərinə köçdük. Mirzəhra xalanın evində altı ay yaşadıq. Kommunal evində iki otaq aldıq. Ağbirçəyin xeyir-duası ilə təzə mənzilə köçdük.

* * *
Muxtar Cavadov yeddi oğul, bircə qız atası idi. Övladlarını oxutdurmaq üçün əlindən gələni elədi, atalıq borcunu yerinə yetirdi. Böyük oğlu Ağamməd Azərbaycan Politexnik İnstitutunda ali təhsil aldı. Uzun illər kənd təsərrüfatı idarəsində, texnika birliyində mühəndis işlədi. Peşəkar mütəxəssis kimi çalışdığı kollektivlərdə tanındı. Onun faydalı təklifləri müəssisələrdə həyata keçirildi. Heyif ki, qocalmaq ona da qismət olmadı, tez dünyasını dəyişdi.
Məhərrəməli müəllim Muxtar əminin ikinci övladı idi. Biz orta məktəbdə bir yerdə oxumuşduq. Müəllimlik peşəsini seçdi, Pedaqoji İnstitutun tarix fakültəsini bitirdi. Bir neçə il Qosmalian kənd orta məktəbində dərs dedi. Təcrübəli, savadlı, tariximizi, adət-ənənələrimizi dərindən bilən pedaqoq, valideynlər arasında rəğbət qazanmış ziyalı idi. Ömrünün son illərində Tatoni məktəbində işləyirdi. Üç ildir haqq dünyasına qovuşub.
Bəhrəm Muxtar oğlunun taleyinə hərbiçi olmaq düşüb. Orta məktəbi bitirdikdən sonra 1963-1966-cı illərdə Orconikidze şəhərindəki hərbi məktəbdə təhsil alıb. On il Bakı Hava Hücumundan Müdafiə Dairəsində xidmət edib, ərəb ölkələrindən respublikamızda təhsil alan zabitlərə ixtisasdan dərs deyib. 1979-cu ildə kapitan rütbəsi ilə Rusiyanın Tver şəhərindəki K.Jukov adına Komandanlıq Akademiyasına daxil olub. Akademiyanı bitirdikdən sonra Minsk şəhərindəki Ordu Qərargahına göndərilib. O, burada 1992-ci ilədək qulluq edib.
Bir çox Vətən oğulları kimi polkovnik Bəhrəm də Azərbaycan müstəqilliyini yenidən bərpa edəndən sonra respublikamıza qayıdıb, Silahlı Qüvvələrin Hava Hücumundan Müdafiə Qoşunlarında çalışıb. 2001-2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələr Akademiyasına kafedra müdiri təyin edilib. O, biliyini, seçdiyi peşənin sirlərini akademiyanın müdavimlərinə öyrədib. Zabitlər Bəhrəm Muxtar oğlunun zəngin təcrübəsindən faydalanıblar. Polkovnik təqaüddədir. Atanın yolunu oğlu Oqtay davam etdirir. O, da hərbi məktəbi bitirib, Belorusiya Dövlət Universitetinin hüquq fakültəsində ali təhsil alıb.
Firudin Muxtar oğlu iqtisadçıdır. Yollar Nazirliyində mühasib işləyirdi. Səhhəti ilə əlaqədar təqaüddədir, Bakı şəhərində ev-eşik sahibidir.
Miryusifin adını çəkməsəm günaha batmış olaram. Qoçaq, mərd, sözübütöv cavan idi. Yetmişinci illərdə mənim ilk övladımın xilaskarı olmuşdu. Qidadan zəhərlənən uşağı gecədən xeyli keçmiş qucağına alıb xəstəxanaya çatdırmışdı, səhərəcən həkimlərlə ayaq üstə dayanmışdı. Institutu bitirəndən sonra yanğından mühafizə dəstəsinin rəhbəri idi. Həyatdan vaxtsız getdi.
Mirməmməd Muxtar əminin kiçik qardaşı idi. Kənd Təsərrüfatı Texnikumunu bitirmişdi, sovxozda aqronom işləyirdi. Süfrəsi yoldan keçənə açıqdı. Mistana, Tülü-Conuya tərəf gedəndə görüşüb söhbətləşərdik. Kənddə ağsaqqal kimi hörmət sahibiydi. Qardaşlarına, bacılarına qədirbiləndi. Övladları baba ocağını gur yandırırlar.

* * *
Muxtar Cavadov yaşasaydı, bu il 110 yaşı tamam olardı, adı Lerikin uzunömürlüləri siyahısına düşərdi. Ancaq Tanrı 50 il ayırmışdı. Ömür payını ləyaqətlə, kişi kimi yaşadı. Xeyirxah, yurdsevər, elsevər insan kimi ürəklərdə qaldı. Cismən bu dünyada olmasa da, onu tanıyanlar ehtiramla yad edirlər.