adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
12 Yanvar 2019 00:33
9874
GÜNDƏM
A- A+

Nədəndirsə hər zaman adım söz-söhbətlərdə hallanır


Hər dəfə Mingəçevir Dövlət Dram Teatrına yeni tamaşanın baxışı üçün gedərkən kənardan diqqətimi bir xanım cəlb edirdi. Həddən artıq sifət cizgilərində bir az tələbkarlıqla yanaşı daha çox səmimilik, işinə böyük bir sevgi və həm də qayğılı bir sima olaraq təssürat bağışlayırdı. Onun kim olduğunu öyrənə bildim. Teatrın truppa müdiri vəzifəsində çalışırdı. Sadə və təmkinlə. İlk vaxtlarda qonaqları olduğum üçün diqqət görürdümsə sonradan bu münasibət sözün həqiqi mənasında böyük bir dostluğa çevrilə bildi. Hətta elə məqamlar yarandı ki, dostluqda sınaqlar da oldu. Əslində bu sınaqlar elə mənim özüm üçün də lazımlı idi. Kimin kim olduğunu bilməm üçün daha çox önəm kəsb edirdi. Ancaq o, bu sınaqlardan çıxa bildi. Sözün əsl mənasında özünü təsdiqlədi. Daha sonra onu səhnədə aktrisa olaraq gördüm. İlk olaraq Mingəçevir Dövlət Dram Teatrının səhnəsində dövlət sifarişi ilə Sənətşünaslıq üzrə fəlsəfə doktoru, rejissor Xəzər Gəncəlinin quruluşunda hazırlanan Qoqoqlun "Müfəttiş" komediyasında Təhsil müdiri Xlopovun həyat yoldaşı obrazında məharətlə iştirak etdi. Ardınca yenə də Xəzər Gəncəlinin quruluşunda Mirzə Fətəli Axundzadənin "Sərgüzəşti-vəziri-xani-Lənkəran" komediyasında Şölə xanım obrazı ilə səhnədə göründü. Maraqla baxılan hər iki obraz səhnə traktofkası və aktrisa ifası ilə diqqəti cəlb edirdi. Hər iki obraz maraqlı ştrixlər fonunda təqdim edilməklə, vəziyyətlər axınında tamaşaçını hadisələrin reallığına inandıra bilirdi. Sözssüz ki, burada onun köməyinə real həyat müşahidələrinin daha dolğun bir formada olması əsas şərt kimi göstərilməlidir. Deyim ki, onun aktrisa kimi fəaliyyət göstərə bilmə qabiliyyətinin olması da səhnədə rejissor Xəzər Gəncəlinin adı ilə bağlıdır. Hətta söhbətlərimizin birində Xəzər Gəncəlinin fikirlərini yaxşı xatırlayıram. O, deyirdi: "Sovet ideologiyasının bizə təbliğ etdiyi Şölə xanımı artıq səhnədə görməyə ehtiyac yox idi. Bu gün yeni bir Şölə xanıma ehtiyac vardı. Öz mənafeyini, var-dövlətə hərisliyini, ən yaxın bir adamını hakimiyyətdə görmək istədiyini nümayiş etdirməyi bilən və maraqlı surət olaraq təqdim etməyi bacaran bir aktrisaya ehtiyac vardı. O isə bunu bacardı".
Bu gün onun teatrda olan fəaliyyətinə elə özünün söhbətləri ilə nəzər salacaq, onu daha yaxından tanıya biləçəyik. Müsahibim Mingəçevir Dövlət Dram Teatrının truppa müdiri Könül xanım Hacıyevadır.

- Könül Hacıyeva teatr aləmindən uzaq bir insan olsa da taleyini bu sahəyə bağladı. Niyə?
- Əslində düz deyirsiz. Mənim bu sahə ilə heç bir əlaqəm yoxdur. İncəsənət Universitetində belə təhsil almamışam. Ancaq uşaqlıqdan içimdə belə bir hisslər vardı. Kəndə qohumlarımgilə gedərkən mənim bir mikrafonum olurdu uzun bir don və anamın ayaqqabılarını tapıb geyinirdim ki, guya mən müğənniyəm, mən aktrisayam. Bu kimi parodiyalar edirdim. Bu məndə uşaqlıqdan vardı. Düzdür, mən Mingəçevir Politexnik İnstitutunu bitirdim. İnstitutu bitirdikdən sonra ailə qurdum və bir müddət işləmədim. Teatrın binasının yanından keçərkən gördüm bir kişi dayanıb. Yaxınlaşdım ona və dedim ki, mən iş axtarıram. O da məndən soruşdu ki, təhsilin varmı? Dedim ki, Politexnik İnstitutunu bitirmişəm. Cibindən bir kart çıxarıb verdi. Sentyabr ayı idi. Mənə dedi ki, burada açılış olacaq bir həftə sonra gələrsən. Bu söhbətdən sonra bir ay ötdü curət edə bilmədim, iki ay ötdü curət edə bilmədim. Noyabr ayının 30 günü idi. Anamla birgə gəldim teatra. Beləcə işlə bağlı təsadüfi olaraq Mingəçevir Dövlət Dram Teatrının direktoru Həsən Həsənova müraciət edərək qəbul olundum. Bu görüşdən sonra məni kondisioner mühəndisi kimi işə qəbul etdilər. Dedim ki, yox işləyə bilmərəm. Bu kişi işidir. Hətta Həsən müəllim gülə-gülə dedi ki, hələ bir bu işə gəl. Ali təhsillisən. Bəlkə elə istedadın olacaq ki, aktrisa kimi fəaliyyət göstərəcəksən. Gələn gündən aktyorların içində idim. Gələn bir gündən texniki heyyətlə oturub-dura bilmirdim. Hətta dəfələrlə irad tuturdular ki, niyə aktyorlarla bir aradasan? Amma buna baxmayaraq sanki bir qüvvə məni aparırdı aktyorların içinə. Artıq onlarla dostlaşandan sonra özümü kabinetdə yox, aktyorların içində, səhnədə görürdüm. Beləcə özümdə güc tapıb o zamanlar yaxınlaşdım baş rejissorumuz olan Günay xanıma. Aktrisa olmaq istəyimi bildirsəmdə artıq yaş dövrümün imkan verməməsini deyərək etiraz etdi. Bir müddət sonra Həsən müəllim məni dekorasiya sexinin rəisi vəzifəsinə təyin etdi. Daha sonra teatrımızn direktoru dəyişdi və Səxavət müəllim təyin olundu. Artıq səhnəsiz qala bilmirdim. Aktyor heyyəti ilə eləcə də rejissorlarla birgə iş prosesləri məni səhnəyə daha çox bağlayırdı. Özümə qarşı daha çox inam yaranırdı ki, mən səhnədə işləyə bilərəm. Ancaq o zamanlar heç düşünmürdüm ki, mən truppa müdiri kimi fəaliyyət göstərə bilərəm. Fikrim ancaq aktrisa olmaqda idi. Sonra bütün sexləri birləşdirib məni rəhbər təyin etdilər. Yenə də aktyorlarala birgə olmaq istəyirdim. Səxavət müəllim mənim truppa müdiri kimi təyinatımı verdi. Teatrımızda baş rejissor ştatı Günay xanımdan sonra bir müddət boş qaldı. Truppada aktyorlarla yeni təyinata qədər tək işləməli oldum. Xəzər Gəncəli teatrımıza baş rejissor olaraq Mədəniyyət Nazirliyi tərəfindən təyin olundu. O, gəldikdən sonra bir çox xüsusiyyətlərimiz əsasən də iş prinsiplərimiz bizi tamamalayırdı. Yaxınlaşdım Xəzər müəllimə ki, aktrisa olmaq istəyirəm. O da bu təklifimi bəyəndi. Məhz Xəzər Gəncəlinin dəstəyi ilə ilk dəfə olaraq onun quruluşunda hazırlanan Qoqolun "Müfəttiş" komediyasında səhnədə özümü sınamalı oldum. Sonradan isə Mirzə Fətəli Axundzadənin "Sərgüzəşti-vəziri-xani-Lənkəran" komediyasında ikinci bir rolum Şölə xanım obrazı oldu.
- Truppa müdiri kimi aktyorlarla işləmək, onların hər addımına cavabdeh olmaq. Bu mənada çətin deyil?
- Düzdür, çətin tərəfləri çoxdur. İnanın ki, aktyorlarla işləmək çox çətin və məsuliyyətlidir. Ancaq bu çətinliyə baxmayaraq mənim üçün xoşdur. Hətta aktyorların kaprizləri belə mənim aləmimdə özü-özlüyündə ayrılıqda bir sənət əsəridir. Deyim ki, ən böyüyündən tutmuş, ən kiçiyinə qədər kaprizləri var. Bunların hər birinə ayrı-ayrılıqda vaxt ayırmaq lazımdır. Ancaq bu gün etiraf edim ki, kaprizlərə baxmayaraq hər aktyorun öz dilində danışmağı bacarıram. Bu xüsusiyyəti özmdə bilmirdim. Ancaq bir müddət işlədikdən, çətinlikləri gördükdən sonra bu xüsusiyyətimi hiss etdim. Bu vəzifəyə təyin olunduğum zaman direktor qarşımda bir çox vəzifələr qoydu. Bu elə bir dövr idi ki, mənə tək işləmək çox çətin idi. Hətta elə məqamlar olub ki, bu işin öhdəsindən gələ bilmədiyimi düşünüb uzaqlaşmaq istədiyim vaxtlarımda olub. Ancaq daxilimdə olan bu sənətə məhəbbət və məsuliyyət məni hər zaman saxlayıb. Bütün hallarda yaradıcı kollektivimizdə mənə dəstək olduğundan bu vəzifənin öhdəsindən gələ bildim. Bəlkə də onlara olan daha çox səmimiyyətim idi ki, bu qədər doğmalaşa bildim. Bu kollektivin hər bir üzvü mənim üçün əzizdir.
- Daxilinizdə bir istedadınız vardı. Bu istedadı hər zaman göstərmək istəyirdiniz. Rejissorlarla səhnədə iş birliyini necə görürdünüz?
- Dəfələrlə bu barədə Xəzər Gəncəliyə bildirmişdim. İstəyirdim ki, rejissorlar bir dəfə mənə inanıb, etimad göstərsinlər. O da məni həmişə dəstəkləyirdi. Belə oldu ki, Xəzər Gəncəli mənə kiçik bir epizodik obraz həvalə etdi. Onunla ilk işimiz Qoqolun "Müfəttiş" komediyasından başladı. Demək olar ki, ilk işim onu qane etdiyindən növbəti bir əsərdə, klassik dramaturgiyada mənə Şölə xanım obrazını ikinci dəfə həvalə etdi. Səhnədə ikinci obrazım isə məni daha çox ruhlandırdı. Bilmədim necə alındı. Ancaq çalışdığım qədər oynadım. Əslində mən heç düşünməzdim ki, Şölə xanım obrazını bu cür ifa edə bilərəm. Bu mənim daxilimdən gəldi.
Sözsüz ki, burada rejissor Xəzər Gəncəlinin də çox böyük rolu vardı. Onun traktofkasından irəli gələrək bu obraza belə yanaşa bildim. Bu gün də səhnədə obrazlarımın təsdiq olunmasında bir rejissor olaraq Xəzər Gəncəliyə minnətdaram.
- Deyərdim ki, truppa müdiri yaradıcı kollektivin mənəvi valideyinidir ki, onları qoruyur. Gənclər var, orta nəsil var və yaşlı nəsl var. Çətin deyil?
- Əlbəttə çətindir. Dediyiniz o məsuliyyəti özümdə görürüəm. O, üzdən də daha da məsuliyyətlə çalışıram. Bunu çəkinmədən deyirəm bu gün. Çəkinmədən deyirəm ki, hər kəslə öz dilində ünsiyyət qurmağı və onları bir mənəvi ana olaraq qorumağı bacarıram. Sözsüz ki, həm də artıq təcrübəm və teatra olan məhəbbətim bütün bunların qarşılıqlı işlənməsinə böyük yardımcı ola bilir. Düzdür, olur ki, yoruluram. Hətta müəyyən mənada əzildiyim anlarda olur. Ancaq nə qədər ki, Mingəçevir Teatrında çalışıram qorxmuram. Elə bunun nəticəsidir ki, yaradıcı kollektivimizlə birgə hər addımda çiyin-çiyinə çalışıram. Heç zaman istəmərəm ki, teatrımızın əziyyəti itsin. Hər hansı bir iş prosesində mənim sahəm deyil deyib kənara dayanmamışam və dayanmayacağam da.
- Dövrü mətbuata adınız daha çox intiriqalarda və çəkişmələrdə çəkilib.
Necə oldu ki, adınız daha çox hallandırıldı?
- Bu sualı çox yaxşı oldu ki, verdiniz. İstəyirdim ki, elə bu suala cavab verim.
Heç zaman istəməmişəm teatrda söz-söhbət olsun. Ancaq nədəndirsə hər zaman adım bu kimi söz-söhbətlərdə hallanıb. Düzdür, bu kimi hallar çox zaman qadın kimi hisslərimə toxunub. Ancaq yenə də özümü doğrultmağa çalışmışam və bacarmışam. Əlbəttə, bu gün yenidən həmin söhbətlərə qayıtmaq belə istəmirəm. Ancaq çox pis iddihamlar olub. Ancaq bu kimi hallar məni heç vaxt teatrdan uzaqlaşdırmayıb. Hətta sizə deyim ki, bu kimi hallar çox zaman qəsdlə olub. Bilərəkdən olub. Heç zaman düşünməmişəm ki, teatrdan çıxım gedim. Əksinə, teatrı daha çox sevmişəm. Teatr mənim ikinci evimdir. Çalışmışam ki, sənətkarlarımızdan öyrənim. Yaxşı mənada hərəsindən bir xüsusiyyət "oğurlamışam". Söz-söhbətləri, intiriqaları yaradanlar istəyirdilər ki, mən teatrdan uzaqlaşım. Ancaq teatra olan məhəbbətim o kimi qara kabuslu insanlara qalib gələ bilib. Haqqımda yazılan həqarətlər məni daha da güclü edib. Bu gücü topladığım üçün elə o insanlara da minnətdaram.
- Heç olurmu ki, səhnədə aktrisa olaraq bir obrazı oynayarkən paralel olaraq truppa müdiri olduğunuzu unudub bu vəzifənizin məsuliyyətindən qaçasınız?
- Olur, olur, müəyyən mənada küsəndə olur (gülür-A.B). Səmimi deyirəm, tamaşada oynayarkən belə unutmuram truppa müdiriyəm. Hətta tamaşalar zamanı paralel olaraq assentlə səhnə arxasında da işləyirəm. Doğrusu, həm səhnədə özümü görmək istəyirəm, həm də elə aktyorlarla, onların kaprizləri ilə işləmək, truppa müdiri kimi çalışmaq daha xoşdur.
- Aktyorlarla tərəfmüqabili və truppa müdiri. Bu kmi hallar səhnədə olarkən necə nizamlanır?
- Düzdür, ciddi tərəflərim çoxdur. Ancaq səmimiyyəti də sevirəm. Aktyorlarla ciddi münasibətləri saxlamaqla heç zaman səmimiyyətimi də pozmamışam. Səhnədə olarkən daha çox səmimiyyətimi qoruyub saxlayırdım ki, tərəfmüqabili olaraq narahatlıq yaranmasın.
- Aktrisa olaraq daha hansı obrazlar üzərində işləmək istərdiniz?
- Klassik dramaturgiyada və lirik-psixoloji pyeslərdə rol almaq istərdim.
Bəlkə komediyada ola bilər. Bilmirəm. Ancaq daha yaxşısını bundan sonra rejissorlar bilər.

Anar Burcəliyev
Teatrşünas