adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
12 Yanvar 2019 00:29
9580
GÜNDƏM
A- A+

Görkəmli kimyaçı alim

Aşqarlar kimyası sahəsində görkəmli alim, akademik, kimya elmləri doktoru, professor, respublika Dövlət mükafatı laureatı Kamil İsmayıl oğlu Sadıqov 1927-ci il fevralın 27-də anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin kimya fakültəsində təhsil almışdır. İlk tədqiqatlarını aşqarlar kimyası sahəsində aparan alim bu günədək həmin ənənəyə sadiq qalmışdır.
Aşqarlar az miqdarda sürtkü materiallarına və motor yanacaqlarına əlavə edilməklə onların istismar xassələrini yaxşılaşdıran üzvi maddələrdir. Sürtkü materiallarının istifadəsinə hələ eramızdan çox-çox əvvəl, qədim dövrlərdən başlanmışdır. Sürtkü materiallarından istifadənin başlanğıcı bəzi məlumatlara görə, təkərin icad edilməsi tarixinə təsadüf edir.
Ötən əsrin böyük nailiyyətlərindən biri texnikanın sürətlə inkişaf edib, insan həyatının bütün sahələrinə daxil olmasıdır. Hər hansı texnikanın isə sürtkü materialı olmadan işləməsi qeyri-mümkündür.
Qədim dövrlərdə sürtkü materialı kimi təbii yağlardan, bitumlardan və neftlərdən, sonrakı dövrlərdə, o cümlədən, XX əsrin 30-cu illərinə kimi neftin ilkin emalı nəticəsində alınan yağlardan olduğu kimi istifadə edilirdi. Sonralar yüksək istismar xassələrinə malik yeni növ yağların yaradılması problemi meydana çıxdı.
Həmin problem digər ölkələrdə olduğu kimi Azərbaycanda da yağların tərkibinə xüsusi aşqarların əlavə edilməsi yolu ilə həll olunurdu. Aşqarların sintezi və xassələrinin öyrənilməsi məqsədilə 1948-ci ildə Azərbaycan Elmi-Tədqiqat Neft Emalı İnstitutunun tərkibində gənc alim Əli Quliyevin rəhbərliyi ilə ixtisaslaşdırılmış aşqarlar laboratoriyası yaradıldı. Laboratoriya əməkdaşları tərəfindən aparılmış ilk fundamental tədqiqatlar nəticəsində Sovet İttifaqında keyfiyyətli aşqarların sənaye istehsalının yaradılmasının təməli qoyuldu.
Aşqar probleminin vacibliyini, bir sıra nümunələrinin yaradılması və tətbiqində əldə edilmiş nailiyyətləri, həmçinin aşqarlar kimyasının fundamental məsələləri üzrə əldə edilən mühüm elmi nəticələri nəzərə alan SSRİ-nin görkəmli alimlərinin təklifi ilə 1965-ci ildə AEA Neft Kimya Prosesləri İnstitutunun bu laboratoriyası əsasında SSRİ-də ilk ixtisaslaşmış institut - Azərbaycan Elmlər Akademiyasının Aşqarlar Kimyası İnstitutu (AEA AKİ) yaradıldı. Bu institutun yaradılmasında akademik Kamil Sadıqovun müstəsna rolu olmuşdur.
Onun elmi fəaliyyəti neft kimyasının bir sıra fundamental və mühüm təcrübi məsələlərinə - motor yağları və yağlayıcı-soyuducu mayelərə (YSM) yüksək təsirli aşqarların sintezi, tədqiqi, istehsal texnologiyasının işlənib-hazırlanması, effektiv aşqar kompozisiyalarının tərtibi, bu aşqarların və kompozisiyaların sənayedə tətbiqinə həsr edilmişdir.
O, zəhməti və istedadı sayəsində sıravi laborantdan görkəmli alim, akademik səviyyəsinə yüksəlmişdir. Əmək fəaliyyətinə 1948-ci ildə, hələ ADU-nun V kurs tələbəsi ikən, V.Kuybışev adına AzETNİ-də başlamış, sonralar onun bazasında yaradılan Neft-Kimya Prosesləri İnstitutunda (NKPİ) və 1965-ci ildən Aşqarlar Kimyası İnstitutunda (AKİ) çalışmışdır.
Kamil Sadıqov 1956-cı ildə "Avtotraktor yağları üçün sulfonat aşqarların sintezi, tədqiqi və tətbiqi" mövzusunda namizədlik, 1967-ci ildə "Avtotraktor yağları üçün yuyucu və oksidləşməyə qarşı aşqarların sintezi, texnologiyalarının işlənməsi və sənayedə tətbiqi sahəsində tədqiqatlar" mövzusunda doktorluq dissertasiyalarını müvəffəqiyyətlə müdafiə edərək 1957-ci ildə kimya elmləri namizədi, 1968-ci ildə texnika elmləri doktoru alimlik dərəcəsi, 1969-cu ildə kimya və neft kimyası ixtisası üzrə professor elmi adını almışdır.
Alim 1965-1988-ci illərdə "Mühərrik yağlarına sulfonat aşqarlarının sintezi və YSM-lər" laboratoriyasına, sonrakı 10 il ərzində "Mühərrik yağlarına aşqarlar və YSM-lər" şöbəsinə, 1998-ci ildə şöbələr ləğv edildikdə 2000-ci ilə kimi "YSM-lərə aşqarlar" laboratoriyasına rəhbərlik etmişdir. 2001-ci ildən baş elmi işçi vəzifəsində fəaliyyət göstərir.
Asan əldə edilən xammal əsasında yeni aşqarların yaradılması məsələsinin orijinal sintez üsulu və mükəmməl texnologiyadan istifadə etməklə kompleks şəkildə həlli, ona işləyib hazırladığı mürəkkəb texnoloji prosesləri nisbətən qısa müddətə istehsalata tətbiq etməyə imkan vermişdir. Sürtkü kompozisiyalarının əsas yuyucu-dispersedici komponentlərindən olan sulfonat aşqarları belələrinə aiddir.
Professor Kamil Sadıqov tərəfindən işlənib-hazırlanmış yüksək təsirli neft sulfonatlarının sintezində xammalın seçilməsinin elmi əsasları bu sahədə məqsədyönlü sintezlər aparmağa, bir sıra yüksək təsirli sulfonat aşqarların (AzHİİ-5, CB-3, CB-3y, CK-3) alınma texnologiyasının sənayedə tətbiqinə imkan vermişdir. Sulfonat aşqarların kimyəvi quruluşları ilə təsirli olmaları arasındakı asılılığı da ilk dəfə o, müəyyən etmişdir. Adıçəkilən aşqarların 30 ildən artıq müddət ərzində xalq təsərrüfatında tətbiqindən əldə edilən iqtisadi səmərə kifayət qədər böyükdür və on milyon manatlarla ölçülür.
Akademik son illər apardığı tədqiqatlar nəticəsində neft, sintetik və yarımsintetik xammal əsasında müasir tələblərə cavab verən və effektivliklərinə görə xarici analoqlardan geri qalmayan bir sıra neytral (HCK tipli), orta və yüksək qələvili (C-75, C-150, C-300 tipli) sulfonat aşqarların istehsal texnologiyasını işləyib-hazırlamışdır. Aparılmış tədqiqatların nəticələri Bakı baza yağları əsasında yuyucu-dispersedici, yeyilməyə və s. qarşı xassələrə malik olan yüksək keyfiyyətli mühərrik yağlarının sənayedə istehsalını təşkil etməyə və bu yağların istismar müddətini 2-3 dəfə artırmağa imkan verir.
Kamil Sadıqov iş yoldaşları ilə birlikdə Bakı baza yağları və təsirli aşqar paketləri əsasında yüksək keyfiyyətli motor yağlarının yaradılması sahəsində geniş tədqiqatlar aparır. O, "Azərneftyağ" NEZ-də istehsal olunan M-8B, M-10B2 (Novo-Kuybışevsk NEZ-də buraxılan M-16İXP-3) və digər motor yağlarını yaratmış əsas müəlliflərdən biridir.
Professor digər tədqiqatçılarla birgə aşqarlar sahəsindəki işlərinə görə 1970-ci ildə elm və texnika sahəsində Azərbaycan Dövlət mükafatına layiq görülmüşdür.
Kamil Sadıqovun kükürd, fosfor və azot elementləri saxlayan üzvi birləşmələr əsasında külsüz və azküllü yuyucu, oksidləşməyə, yeyilməyə və korroziyaya qarşı aşqarların sintezi sahəsində apardığı böyük elmi-tədqiqat işləri sayəsində 300-dən artıq yeni kükürd, fosfor və azotsaxlayan üzvi birləşmələr sintez edilmişdir. Daha sonra həmin birləşmələr tədqiq edilmiş, ilk dəfə olaraq fosfor-5-sulfidin doymamış karbohidrogenlə reaksiyasının mexanizmi barədə fikir söylənilmiş, sürtkü yağları və YSM-lər üçün külsüz və azküllü yuyucu, yeyilməyə, oksidləşməyə, siyrilməyə və korroziyaya qarşı aşqarların yeni alınma üsulları işlənib-hazırlanmışdır.
Alimin oksipropilləşmiş spirtlər və dikarbon turşularının mürəkkəb efirləri əsasında yüksək keyfiyyətli sintetik yağların alınması sahəsində apardığı tədqiqatlar da diqqətəlayiqdir.
Hələ ötən əsrin 60-cı illərinin axırlarında professor Kamil Sadıqov digər tədqiqatçılarla birlikdə turş qudron əsasında yüksək keyfiyyətli İKCQ-1 korroziya inhibitorunun alınma texnologiyasını işləyib-hazırlamışdır. Bu inhibitordan 1969-1975-ci illərdə Rusiyanın Krasnodar diyarındakı qaz-kondensat quyularında polad avadanlıqlarını korroziyadan mühafizə məqsədilə geniş istifadə edilirdi.
Respublika EA-da həyata keçirilən ilk perspektivli elmi istiqamətlərdən olan su, emulsiya və yağ əsasında YSM-lərin yaradılması problemini başlayanlardan biri də Kamil Sadıqovdur. Bu mayelərin metalların kəsici alətlərlə emal prosesinə tətbiqi emal texnologiyasını təkmilləşdirməyə, məhsulun keyfiyyətini yaxşılaşdırmağa və bununla da əmək məhsuldarlığını əhəmiyyətli dərəcədə artırmağa imkan verir.
Alim müxtəlif üzvi birləşmələr və onların kompozisiyalarının kəsmə prosesinə təsirinin öyrənilməsi nəticəsində bir sıra yüksək təsirli YSM-lər (HCK-5y, İXP-45E, Azepol-1,2 və 3) işləyib-hazırlamış və onlar istehsala tətbiq edilmişdir.
Uğurlu işlərinə görə Kamil Sadıqov dəfələrlə SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin medalları, D.İ.Mendeleyev adına Ümumittifaq Kimya Cəmiyyətinin diplomları və Fəxri fərmanları ilə, "SSRİ ixtiraçısı" döş nişanı ilə mükafatlandırılmışdır.
Akademikin uzun illər ərzində apardığı dəyərli tədqiqat işləri 400-dən çox elmi əsərində, o cümlədən, 100-dən çox müəlliflik şəhadətnaməsi və patentdə öz əksini tapmışdır.
Bu ixtiralardan yalnız 16-nın nəticələrinin sənayedə tətbiqi xalq təsərrüfatına milyonlarla manat iqtisadi səmərə vermişdir.
Alim mütəxəssislər tərəfindən geniş istifadə olunan 4 kitabın - digər müəlliflərlə birlikdə qələmə aldığı "Almaz və cilalayıcı alətlər üçün yağlayıcı və soyuducu mayelər" (1978), "Sürtkü yağlarına sulfonat aşqarları" (1982) və tək yazdığı "Motor yağlarına neft və sintetik sulfonat aşqarları" (2006), "K.İ.Sadıqovun elmi əsərlərinin külliyyatı" (2006) kitablarının müəllifidir.
Kamil Sadıqov apardığı çoxşaxəli elmi-tədqiqat işlərinin nəticələri əsasında Beynəlxalq və Ümumittifaq konfrans və simpoziumlarda məruzə etmiş, Azərbaycan elminin layiqli təmsilçisi olmuşdur. O, respublikamızın elmi-tədqiqat və sahə institutlarında, ali məktəblərində uğurla çalışan 19 elmlər namizədi və 4 elmlər doktoru hazırlamışdır.
Akademik məhsuldar elmi fəaliyyəti ilə yanaşı, ictimai işlərlə də məşğul olur. "Neft kimyası və neft emalı" Koordinasiya Şurasının, doktorluq və namizədlik dissertasiyalarının müdafiəsi üzrə ixtisaslaşdırılmış elmi şuraların üzvüdür. 1989-2000-ci illər ərzində AEA Kimya Bölməsinin büro üzvü, dəfələrlə BDU-da və Azərbaycan Dövlət Neft Akademiyasında buraxılış imtahanları üzrə dövlət komissiyalarının sədri olmuşdur.
O, son illərdə respublikamız üçün mühüm olan layihələrin və dövlət proqramlarının həyata keçirilməsində də yaxından iştirak edir. Ukrayna Texnoloji Mərkəzinin maliyyə köməyi ilə respublikamızın ekologiyası ilə əlaqədar "Neftlə çirklənmiş torpaqların təmizlənməsi" layihəsinin icraçılarındandır.
Kamil Sadıqovun xidmətləri layiqincə qiymətləndirilmişdir.
O, elm və texnikanın inkişafına, əldə etdiyi elmi nəticələrin sənayedə tətbiqinə və yüksək ixtisaslı elmi mütəxəssislərin hazırlanmasına görə 1980-ci ildə Azərbaycan EA-nın müxbir üzvü, 1996-cı ildə Nyu-York EA-nın həqiqi üzvü, 2001-ci ildə AMEA-nın həqiqi üzvü seçilmiş, 1987-ci ildə "Şərəf nişanı", 2004-cü ildə "Şöhrət" ordenləri ilə təltif edilmişdir.
Akademik Kamil Sadıqov bu gün də elmi işlərin yerinə yetirilməsində fəal iştirak edir, gənc tədqiqatçılara məsləhətlərini əsirgəmir. İstedadlı alim və nəcib insan olan Kamil müəllimi 85 illik yubileyi münasibətilə təbrik edir, ona cansağlığı, işlərində yeni uğurlar arzulayırıq.

Namiq RƏSULOV,
Azərbaycan Tibb Universitetinin dosenti