adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
12 Yanvar 2019 00:24
37289
GÜNDƏM
A- A+

Sənətşünaslığımızın sərt sütunlarından biri

Ziyadxan Əliyevin düşüncə quraması

Tanınmış sənətşünas alim, Əməkdar incəsənət xadimi, Rəssamlar İttifaqı İdarə Heyətinin üzvü və bu yaradıcı təşkilatın bölmə rəhbəri Ziyadxan Əliyev verdiyi sözü tutdu. 70 illik yubileyi ilə bağlı sərgi də təşkil elədi, "Sənətşünas taleyi" adlı yeni kitabını da oxucuların ixtiyarına verdi.

"Acı dil"

Ötən il yubileyi ərəfəsində Ziyadxan müəllimlə görüşüb qəzetimiz üçün material hazırlamışdım. "Ədalət"-də çap olunan "Rəssamların 70 yaşlı düşməni" adlı müsahibədə maraqlı məqamlara toxunmuşdu. Söhbətimizin sonunda da yaradıcılığını araşdırdığı rəssamların seçmə əsərlərindən ibarət sərgi açacağına və növbəti kitabını çap etdirəcəyinə dair söz vermişdi.
O vaxtdan bəri hər görüşümüzdə Ziyadxan müəllim yaxın vaxtlarda vədənə əməl edəcəyini deyirdi. Zaman yetişdi və o, rəssam və jurnalist həmkarlarını, dostlarını, tələbələrini Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Sərgi Salonuna topladı. 
Əvvəlcə Ziyadxan Əliyevi bir xeyli təriflədilər, sənətşünas alim, pedaqoq kimi gördüyü işlərə yüksək qiymət verdilər. Xalq rəssamı, Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, akademik, Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı Ömər Eldarov, Mədəniyyət Nazirliyinin sektor müdiri Qalib Qasımov, Əməkdar mədəniyyət işçisi Zərifə Salahova, Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtma müşaviri İrfan Ciftçi, tanınmış yazşıcı-publisist Azər Abdulla və başqaları bildirdilər ki, yubilyar 70 illik ömrünün 40 ildən çoxunu incəsənətimizin, mədəniyyətimizin tədqiqinə, təbliğinə həsr edib. Bu illər ərzində həmişə prinsipiallığı, obyektivliyi ilə seçilib, peşəsinin namusunu qorumağı bacarıb. Təsadüfi deyil ki, onu "Acı dil", "Rəssamların düşməni", "Sənətşünaslığımızın Sabiri" də adlandırıblar. Çıxış edənlər Ziyadxan müəllimin pedaqoji fəaliyyətinə də dəyər verdilər, tələbələri arasında böyük hörmət qazandığını xüsusi qeyd etdilər. Yeri gəlmişkən, Ziyadxan Əliyev bu gün Dövlət Rəssamlıq Akademiyasının "İncəsənət tarixi" kafedrasının dosenti kimi də səmərəli fəaliyyət göstərir.
Çıxışlardan sonra qonaqlar sərgi ilə tanış oldular. Sərgidə sənətşünas alimin uzun illər haqqında araşdırma apardığı və yazdığı rəssamların ən dəyərli əsərləri nümayiş etdirilirdi. Tədbir iştirakçıları Toğrul Nərimanbəyovun, Mikayıl Abdullayevin, Arif Hüseynovun, Eldar Mikayılzadənin, Sirus Mirzəzadənin, Vaqif Ucatayın, Cəmil Müfidzadənin, Adil Əsədlinin, Tamilla Seyidovanın, Tünzalə Məmmədzadənin, Adil Şıxəliyevin, Cəlal Ağayevin, Elşən Sərxanoğlunun və digər sənətkarların seçmə əsərləri ilə bir daha tanış olmaq şansı qazandılar.

"Sənətşünas taleyi"

Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyevin araşdırmaları, elmi məqalələri təkcə Azərbaycanda deyil, ABŞ-da, Rusiyada, Ukraynada, Rumıniyada, Ukrayna və Özbəkistanda dərc edilib və maraqla qarşılanıb.
O, müxtəlif illərdə "Famil Əliyev", "Azərbaycan eklibrisi", "Mir Möhsün Nəvvabın rənglər aləmi", "Naməlum Səttar", "Azərbaycan gömrüyünün tarixi təsviri sənətdə", "Xilas olmuş gözəllik", "Sənətin Məcnunu", "Günahlı dünyanın günahsız adamı və yaxud Səttar Bəhlulzadə romantizmi", "Azərbaycan rəqs geyimləri", " Səməd Vurğun təsviri sənətdə", "Cizgilərə hopan ömür. Cəmil Müfidzadə", Tənha döyüşçü. Zakir Hüseynov", "Sabir təsviri sənətdə", "Boyalı gülüşlər", "Gerçəkliyin rəngi. Tamilla Seyidova" və s. kitablarını ərsəyə gətirib.
70 yaşlı sənətşünas alim həmişə olduğu kimi, bu gün də müntəzəm çalışır, dövrü mətbuatda məqalələri, layihələri ilə diqqət çəkir. Ziyadxan müəllimin yeni kitabı "Sənətkar taleyi" adlanır. Yeni kitabında müəllifin müxtəlif illərdə çap olunan 70 məqaləsi və sənət haqqında düşüncələri toplanıb. Kitabdakı "Keçmişə salam", "Bir əsərin tarixçəsi", "Müasirlərimiz", "Düşüncə quraması" bölmələrində verilən məqalələr oxucuların marağına səbəb olacaq.
Gənclik enerjisi ilə çalışan, mübariz ruhlu Ziyadxan Əliyev yəqin ki, bundan sonra da peşəsinin namusunu qorumaqda davam edəcək.