bahis siteleri bahis siteleri deneme bonusu canlı bahis Adalet.az | TANRIDAN GƏLƏN NƏĞMƏLƏR Adalet.az | TANRIDAN GƏLƏN NƏĞMƏLƏR Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / Layihə

TANRIDAN GƏLƏN NƏĞMƏLƏR

1868    |   2019-01-11 00:30
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği


Hər bir söz, hər bir nəğmə o vaxt göyərir, o vaxt dillərə, ürəklərə yol tapır ki, onun mayasında Tanrı nuru olur. Və o Tanrı nuru da həmin sözü, həmin nəğməni elə kökləyir, elə cilalayır ki, bütün mizrabları dilə gətirir, bütün ürəklərdə o söz, o nəğmə zümzüməyə çevrilir.
Azərbaycan ədəbiyyatının oxucu üzünə hər zaman açıq olan bir söz adamı var. Bu ADAM Şahmar Əkbərzadədi! Ona görə bu adı və bu adamı xüsusi vurğulayıram ki, onun barəsində, harda, kimin yanında danışsan öncə təəssüf dolu bir "Ruhu şad olsun!" duasını eşidirsən. Və həmin an bir daha hiss edirsən ki, bu dünya Şahmar Əkbərzadəsiz qalmayıb. Və bu dünyanın xoşbəxtlik silsiləsində bir yer də Şahmar Əkbərzadəyə məxsusdu. Bu yerdə o, məhz damarında, mayasında Tanrı nuru olan nəğmələri, şeirləri ilə qazanıb... qələmiylə fəth edibdi...
Həyatımız bəzən anlarla, bəzən aylar, illərlə ölçülür.
Bu mənada mənim düşüncəmə, mənim inancıma görə, həyatları zamanın heç bir ölçüsüylə düz gəlməyən, necə deyərlər, zamana sığmayan, millətə Allah vergisi olan insanlar var, söz adamları var. Məsələn, Nəsimi, Füzuli, Xəqani, Molla Pənah Vaqif, Hüseyn Cavid, Müşfiq, Səməd Vurğun, Şəhriyar, Məmməd Araz, Xudu Məmmədov, Nüsrət Kəsəmənli... Və Şahmar Əkbərzadə! Bu adamlar zamansız yaşayanlar, zamanı öz sözləri ilə yaşadanlar, ifadə edənlər zümrəsinə aiddilər. Ona görə ki, onların sözünün damarında, mayasında Tanrı nuru var. Tanrı nuru isə solmazdı, sönməzdi, ölümsüzdü...
Əlimdəki kitabı neçə vaxtdı ki, vərəqləməkdən doymuram və səhifələri çevirdikcə Şahmar Əkbərzadə ilə söhbətlərim, görüşlərim canlanır yaddaşımda. Onu tanıdığım günlərin bu xoş təəssüratını yenidən yaşayıram. Və xüsusi olaraq Şahmar Əkbərzadənin Çingiz Aytmatov, Nurəddin, Rzayev, Xudu Məmmədov və Bəxtiyar Vahabzadə ilə bağlı etdiyi söhbətləri yaddaşımda təzələyirəm. Və bir də baxıb görürəm ki, "Xarıbülbül nəğmələri" özü dil açıb deyir:

Göyçən, Dəlidağın hanı?
Xanbağı tək bağın hanı?
Külli-Qarabağın hanı?
Tutub səni qan, ay Şahmar!

Qırxqız dərdin dənizləşir,
Gəlin qayan kənizləşir.
Ta Şuşan da Təbrizləşir,
Döy başına yan, ay Şahmar!

Bu səsi eşitmək, bu sədanı duymaq və ona dözmək o qədər də asan deyil. Amma Şahmar Əkbərzadə özü deyir ki:
İblis əməlindən heyrətlənirik,
Nə çıxar havayı heyrətimizdən.
Utanıb, qızarır şəhid heykəllər,
Birləşə bilməyən qeyrətimizdən.

Təbii ki, söhbət ermənilərin Qarabağda güllələdiyi abidələrdən - Natəvanın, Üzeyirin, Bülbülünün abidələrindən gedir. O abidələrdən ki, onlar həm də xalqın, millətin ruhudu, onun təmsilçisidi, onun dünyaya təqdimarıdı. Məhz bu yerdə Şahmar Əkbərzadə Azərbaycan poeziyasının minilliklərdən gələn bir üslubuna da, bir deyim tərzinə də, bir yanaşmasına da öz baxışını, öz münasibətini, öz düşüncə və əqidəsini hopdurur. Və nəticədə şeirimizin Şahmar Əkbərzadə məktəbi, olu, ulu Məmməd Arazın ifadə etdiyi fikir yoluyla paralelləşir. Xalq şairi Məmməd Araz deyirdi ki, "məni qınayanın beləsi belə". Şahmar Əkbərzadə isə deyirdi ki:

Şah babam Xətai, ey Sultan Səlim,
Çaldıran deyəndə odlanıram mən!
Neçə əsrdi ki, düzəlmir belim,
Sizin yerinizə utanıram mən!

Utanım yerinə, ey insan oğlu,
Bir yandan əcəldən fəryad edirsən.
O biri yanda da zirehli-zağlı,
Ölüm silahları icad edirsən!

Bir utanc qurumu qurardım hökmən,
Əgər olmasaydı məni qınayan,
Yerlərdən göylərdən utanıram mən,
Utanım yerinə, ay utanmayan!

Bəli, bax, sözün qüdrəti, sözün fəlsəfəsi, sözün kəsəri budur. Həmin qüdrəti, həmin fəlsəfi baxışı da, həmin kəsəri də Şahmar Əkbərzadə qələminə Tanrı veribdi. Özü də bütün dadıyla, tamıyla, şirəsiylə, şəkəriylə. Və bu böyük imkanların hesabına Şahmar Əkbərzadə hamımıza deyir ki, bu məmləkət təkcə Azərbaycan deyil. Bu məmləkət həm də Üzeyirbaycandı! Bunu deyən, bu hökmü verən Şahmar Əkbərzadə:

Aralı düşmərik bir-birimizdən,
Əsli sən olmusan, Yanıq Kərəm mən.
"Dayna" kəlmənin də gündə yüz kərə,
Başına dolanıb hərlənərəm mən...

... Torpağın nəğməkar, daşın nəğməkar,
Yayılıb şöhrətin, şanın hər yana.
Bir dahi oğlunun bar maqlarıyla,
Himni sən yazmısan Azərbaycana.

Adını Vətənə yaraşdırıram,
Üzeyirbaycanım, ey ulu binəm!
Ölməzlər yetirən boz torpağına,
Babam qurban olub, növbədə mənəm!

Burdakı real mənzərə, burdakı düşündürücü səhnələr əslində Şahmar Əkbərzadənin bir rəssam, bir rejissor qabiliyyətini də, imkanlarını da səpkiləyir.
Və oxucu görür ki, bu mənzərə, bu səhnə canlıdır. Özü də sözün qüdrətiylə canlandırılıbdı. Deməli, əvvəldə söylədiyim zamana sığmamaq fikri burda bir daha özünü büruzə verir...
Şahmar Əkbərzadə sözün şah damarından elə tuturdu ki, söz onun quluna çevrilirdi.Onun qələmin ucunda mum edirdi və istədiyi formada oxucuya təqdim etməklə oxucunu heyrətləndirdi.
Və oxucu sözü təzə donda, təzə biçimdə, təzə təqdimatda görürdü. Onun qatlarına endikcə sözün çalarları pardaxlanırdı və nəticədə həm oxucu, həm də Şahmar Əkbərzadə özü sözün sehrinə düşürdü. Bax, şəxsən bir oxucu kimi mən onun sehrində qurtara bilmədiyim bir nöqtədə dayanıb ONA YANIRAM Kİ...
Ona yanıram ki, əsrlaər boyu
Sabahı düşünüb, daşınmadıq heç.
Düşünmək haqqımız özgələrdədi,
Onu qaytarmağı düşünmədik heç.

... Ona yanıram ki, xeyiri şərdən,
Ayıra bilmirik, qana bilmirik.
Mən ona yanıram, ona yanıram,
Ona yanıram ki, yana bilmirik.

Bax, bu artıq sözün həqiqi mənasında bizim ürəyimizin, bütövlükdə iç dünyamızın mənzərəsidi. Bizim gücümüzün, yanmaq, yandıqmaq imkanımızın ölçüsüdür. Bu ölçüyə kim uyğun gəlirsə, kim bu ölçüyə sığırsa, elə o boyda da yanır, o boyda da yandırır. Axı yanmaq heç nədən elə-belə baş vermir. O yanmaq üçün işində təəssüfkeşlik, vətənsevərlik, millətsevərlik rüşeymi, hüceyrəsi, toxumu olmalıdır.Əgər bu varsa, qığılcımdan alov doğacağı qaçılmazdı, danılmazdı. Çünki o hisslər səni el-oba üçün, sənə layla deyən dil üçün yandıracaqdı. Bu gün başında turp əkilən dilimizin harayına səsləyəcək. Və sən o yanğıyla deyəcəksən: ELİM LAYLA, DİLİM LAYLA.

Zəngəzurda, Laçında kəndirləri kəsilən,
Xocalıda, Şuşada bağrına dağ basılan,
Mərcanlıda, Tərtərdə şaqqalanıb asılan,
Yolum layla, a layla!

... Bir vaxt nərələr çəkən, meydanda pələng olan,
Salur Qazan boyuyla başıma çələng olan,
Rəzillərin ucundan qısalıb gödək olan
Dilim layla, a layla!

Köksü çarpaz dağlanan, varı-yoxu dağılan,
Yad ələ baxa-baxa gözünə qan sağılan,
Çöllərdə çölsüz qalan, vətəndə elsiz qalan
Elim layla, a layla!

Məncə millətin, məmləkətin ağrı-acısını, sızılıtısını, faciəsini, itirdiklərini bundan bitkin, bundan duyumlu, bundan həssas şəkildə ifadə etmək mümkün deyil. Ona görə bu fikirdəyəm ki, dediklərimin mayasında yanğı var, yaşamaq, yandırmaq var. Bu da Şahmar Əkbərzadə yanğısıdır! Bu da Şahmar Əkbərzadə ismarıcıdır! Oxucu bu yanını, bu ismarıcı az qala gözüyumulu qəbul edir.

(ardı gələn sayımızda)

Əbülfət MƏDƏTOĞLU

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun
maliyyƏ yardımı ilƏ



İmza:
SON XƏBƏRLƏR
2019-06-19
2019-06-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (37.5%)
İşdə (62.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK