warez script warez forum sanal santral orkide hacklink al Musa Yıldırım Musa Yıldırım Shell indir Adalet.az | Sarı simin pıçıltısı və bir stəkan çay... Adalet.az | Sarı simin pıçıltısı və bir stəkan çay... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

Sarı simin pıçıltısı və bir stəkan çay...

1477    |   2019-01-11 00:26
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

DƏYƏRLİ QƏLƏM SAHİBİ RAFİQ HACIYEVİN PORTRET CİZGİLƏRİ

Allahverdi EMİNOV

Qədim çin filosofu Konfutsinin sözüdür: "Müəllim yetişmir, doğulur" - bu kəlamları eynən jurnalistlərə də şamil edərdim. Hələ orta məktəbdə oxuyurdum, rayon qəzetinə (Salyanda çıxan "Sosializm yolu") məqalələr yazardım.
Bakı-Astara sərnişin qatarı ilə poçt gəlirdi, ilk intizarla gözləyəni məndim: yeddinci sinif şagirdi. Bu yeniyetmə həvəsi ötən əsrin 50-60-cı illərinin payına düşdü.., sonralar isə məni peşəkar jurnalistikaya apardı...
Mən bu kiçicik xatirəni imzasına çoxdan bəri rast gəldiyim, öz dəsti-xətti olan Rafiq Hacıyevi yaxından tanıyandan, ünsiyyət bağladığım və şəxsiyyət bütövlüyünə inamımdan sonra dilimdən çıxartdım. Getdikcə, illər ötdükcə bir nüansa da diqqət yetirdim:
- O, yalnız jurnalistdirmi?
- Vaxtilə müxtəlif nüfuzlu qəzetlərdə, digər kütləvi informasiya vasitələrində çalışmış qələm sahibidirmi?
- Yoxsa O, musiqi aləminə bələd, ədəbiyyat dünyasından xəbərdar bir erudisiya xadimidirmi?
Bu "üçlük" suala fikrimdə cavab axtarırdım. Nə gizlədim: Rafiq bəyin yeni məqalələrini, yaxud araşdırmasını oxuyurdum, düşünürdüm. Cavab Rafiq Hacıyevin hərtərəfli istedadından gələn yaradıcılığı: publisistikası, filoloqluğu, musiqişünaslığı və hüquqşünaslığı - bu sahələrdə ali təhsil alması, daha doğrusu, peşəkarlığı idi. Və "Azərbaycan" nəşriyyatının birinci mərtəbəsindəki kafedə onu görüb stola dəvət edərək yanımda əyləşdirdim. Çay içirdik, ötən illərə də qayıtdıq...
Bilirdim, ona mane oluram, bəlkə də beynində dolandırdığı hansısa mövzunun yetişməsinə əngəl yaradıram, tapdığı yaradıcı informasiyanı qırıram.
Bilirdim, amma nə edəsən ki, səni anlayan, səni tanıyan, sənə diqqət kəsilən bir insanı tapmaq bu gün üçün necə də çətindir. Həqiqətdir bu: ya eyforik hisslərini büruzə verir, ya pessimist əhvalından söz açır, ya da sağlam, düşüncəli qəlbdən uzaqlığını göstərir.
Bu baxımdan çay stolunda söhbət etməyə həmişə ehtiyac duymuşam. Kinliliyə nifrət etmişəm. Həzrət Əlinin kəlmələridir: "Kin saxlamaq ürək üçün böyük yükdür". Rafiq bəylə söhbətləşmək ona görə xoşdur mənimçün - kiminsə arxasınca gileylənmir, xeyirxah adamlardan söz açır, yaradıcılıq durumundan danışır və ilaxır. Bir kəlmə nə keçmiş nailiyyətlərindən, nə daşıdığı vəzifələrdən, nə də qayğıya ehtiyaclığından bəhs etmir. Onsuz da biz ziyalılar mövcud vəziyyətin, ictimai durumun, cəmiyyətdəki əksiklərin kökünü də bilirik...
Onu da bilirəm ki, Rafiq Hacıyev "Kommunist" (müxbir, baş müxbir, məsul katib müavini, məsul katib əvəzi), "Səhər" ("Kommunist" qəzetinə əlavə: məsul katib), "Azərbaycan" (məsul katib), "Həyat" (məsul katib), "Odlar Yurdu" ("Vətən" Cəmiyyəti: baş redaktor) qəzetlərində və AzərTAC-da (müxbir, buraxılış redaktoru, ilk hüquq məsləhətçisi) və digər sahələrdə çox gənc ikən çalışmışdır.
Onu da bilirəm ki, layiqli, nüfuzlu mükafatlar almışdır. "Qızıl qələm", "Həsən bəy Zərdabi", "Cəfər Cabbarlı", "Rəsul Rza" mükafatlarını, bu sıraya Fəxri Fərmanları da əlavə edərdim. Bu nailiyyətlər təsadüfi qazanılmamışdır, gənc ikən, ali təhsilli (Bakı Dövlət Universitetinin Jurnalistika və Hüquq fakültələrini bitirmişdir) jurnalist kimi daima fəaliyyətdə, hərəkətdə, axtarışda olmuşdur.
Oxuculara onu çatdırım ki, hələ tələbə ikən diqqətdə olan Rafiq Hacıyevin 1980-ci illərdə respublikamızın ən nüfuzlu və rəsmi qəzeti olan "Kommunist"dəki fəaliyyətini unutmaq olmaz. Xüsusən, məsul katibin müavini və mükəmməl maket ustası olaraq gündəlik mətbu nəşrin tərtibatındakı xidmətlərini, əsl rəssam zövqü ilə qəzetə necə maraqlı tərtibat verməsini. Hərçənd bu gün arxaik sayılsa da, hər şey kompüterin ixtiyarındadır. Sovet dönəmində isə maketin qabaqcadan kağız üzərində, məxsusi formada çəkilməsi qəzet buraxılışının ən mühüm məsələlərindən biriydi, hər jurnalistin də bacarığı deyildi... Yeridir haşiyəyə çıxım ki, belə səriştəlilik Rafiq bəyin rəssamlıq bacarığından irəli gəlirdi. Şagird ikən çəkdiyi şəkillər "Azərbaycan pioneri" qəzetində çap edilmişdir. O, saralmış bir qəzeti çıxarıb bir şəkili göstərdi, özünün də fotoportreti uzaq illərdən boylanırdı. Mən hiss olunmadan "iki Rafiqə" baxıb köks ötürdüm. Və illərin amansızlığını yaşadım. Bir uşaq Rafiq, bir də yaşa dolmuş Rafiq Hacıyev. İstedadlı qələm sahibi Müsəllim Həsənov demişkən: "O, gözəl rəssam da ola bilərdi"... 
Fikrimə qayıdıram. Hətta heç zaman dilinə gətirmədiyi bir görkəmli jurnalist və ictimai xadimin, "Kommunist" qəzetinin 2 dəfə baş redaktoru olmuş (mətbuat tariximizdə nadir hadisədir) Rza Quliyevin - dayısının böyük nüfuzundan heç bir vaxt istifadə etməməsidir. Rza müəllim Səməd Vurğun, Mirzə İbrahimov, Mir Cəlal, Nəsir İmanquliyev, Süleyman Rüstəmlə, digər görkəmli elm, ədəbiyyat, mədəniyyət xadimləri ilə dostluq və əməkdaşlıq etmiş, uzun illər Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti Rəyasət Heyətinin sədri işləmişdir.
Rza Quliyev eşidəndə ki, Rafiqin qələmi var, jurnalistikaya meyllidir, onu deyib ki, bala, hansı ixtisası seçsən, sənə kömək etməyə, irəli çəkməyə hazıram, ancaq, jurnalistikanı seçirsənsə, burada mənim köməyimə bel bağlama. Jurnalistikaya ürəkdən bağlanmalısan, heç bir kömək, heç bir dayı sənə yardımçı ola bilməyəcək. Müdrik nəsihət deyilmi? Bacıoğlu da bu məsləhəti layiqincə doğrultdu!.. Rafiq bəy nəzəri və praktik savadından istifadə üçün bölgələrə (Laçın rayonu) göndərilmiş, o da həmkarlarına təcrübəsini öyrətmiş, qəzetçiliyin və poliqrafiyanın sirlərini əyaniləşdirmişdir. Onun özü də heç vaxt öyrənməkdən - kamilləşməkdən çəkinməmişdir. Filosof Herbelin yazmışdır: "Həyat sona qədər kamilləşməyi tələb edir, öyrənməkdən imtina etmək özünü öldürmək deməkdir".
Rafiq Hacıyevin bir üstünlüyü də ondadır, bu vərdişindən, iradəsindən, hövsələsindən qalmır. Kim onunla üzbəüz söhbətdə bulunmuşsa, mənimlə razılaşar.
Belə xarakterli yaradıcılar nə bilirsə onu az hesab edir, kifayətlənmir, elmi, savadı, biliyi daha ucada görür və ora çatmağı arzulayır. Məhz müdriklik də o zirvədədir: öyrənə-öyrənə, oxuya-oxuya, anlaya-anlaya o pik nöqtəyə əlini vurasan və daha ucalığa can atasan...
Mən Rafiq bəyi yaxından tanıyandan sonra bu qərarımda israrlıyam. Onu nə üçün mən müdriklik sırasında görürəm - sual deyil, onun üçün ki, o, heç bir halda özünü vəzifəli adamlara möhtac hiss etməmişdir, əksinə, fəhmlə duymuş ki, belələri haçansa ona üz tutacaqlar. Bu yanaşmam oxucularda təəccüb doğurmasın: necə fəaliyyət göstərirsə, o rəsmi şəxs - özünü haqqında yazılanda görür, əbədiləşir, tarixləşir, bu da yazılara, o cümlədən, jurnalistlərə qismətdir. Rafiq bəyin sualımla bağlı söyləmələrindən bu qənaətə gəldim.
Bu fakt da maraqlıdır ki, geniş diapozonlu gənc jurnalist-publisist başqa bir sahədə özünü sınadı, doğrultdu. Belə ki, kriminal aləmin sirlərinin açılmasında, dedektiv yozumda Rafiq bəyə müstəntiqlər yanaşıblar, fikir mübadiləsi aparıblar, proqnozlar irəli sürüblər. Bu olaylar həqiqətdir, məsələnin dərinliyinə varanda Rafiq Hacıyev ali hüquq təhsili almış, cinayətlərin ört-basdır olunması, izlərin itirilməsi texnologiyası və digər faktorların nəzəriyyəsini Universitet auditoriyasında əxz etmiş, dedektiv yazıçıların romanlarını, hekayələrini oxumuşdur. Və qələmini də sınamışdır.
Bu problemdə iki nüans var: birincisi məlumatlıq məsələsidir, "özgə şeyi" bilmək intuisiyasıdır. Fransız yazıçısı A.Fransın bir hekayəsində zoologiya muzeyində məşhur geoloqa mamontun dişinə aid sual verir birisi. O, cavabında deyir ki, bu, mənim hissəmə aid deyil. Yazıçı belə düşünür ki, mən heç vaxt özümü "hissəyə" baxmaq ləzzətindən saxlaya bilmirəm. Mütəxəssis xeyli "özgə şeyi" bilməlidir. İkincisi, peşəkarlıq bir yana, bədii ədəbiyyatdan, xüsusilə macəralardan faydalanmaqdır.
Məşhur yazıçı Edqar Ponun "Oğurlanmış məktub" hekayəsini çox-çox qabaq oxumuşam, xatırlayıram: Səkkiz yaşlı oğlan "təkmi-cütü"nü məharətlə oynayır. Oyunçulardan biri ovcunda bir neçə kürəcik (deyək ki, fındıq) gizlədir, rəqibi tapmalıdır, sayı təkdir, ya cütdür. Taparsa udur, tapmasa uduzur. Səkkiz yaşlı uşaq hamını aparır, çünki oyundaşlarının fərasətini müşahidə edir dərindən. Məsələn: rəqiblərindən biri - sadəlövh - əlindəki kürəcikləri çıxarıb deyir ki, "təkmi-cüt", yəni təkmi, cütmü - tap! Səkkiz yaşlı "tək" cavabı ilə uduzur. Fikirləşir ki, sadəlövh birinci dəfə "cüt" götürüb, bicliyi bura qədərdir, indi "tək" götürəcəkdir, deməli, "tək" deməliyəm, "tək" deyib udur. Və səkkiz yaşlı oğlan mülahizə edir ki, mən ilk dəfə "tək" dedim, o isə yadında saxlayıb, belə hesab edib ki, gələn dəfə "cüt" deyəcəm. Deməli, o, "tək" götürməlidir, həm də fikirləşər ki, bu, çox sadə kələk oldu, "cüt" götürmək qərarına gələcək, deməli, ən yaxşısı mən "cüt" deyim və təxminində - məntiqində yanılmır, udur. Bu prosesdə rəqibin mimikaları və udanın sir-sifətinin də rolu az deyil. Oğlanın suala cavabı: "Rəqibimin nə qədər ağıllı, yaxud səfeh, xeyirxah və hirsli olduğunu, nə düşündüyünü ayırd etmək üçün sir-sifətimi onunkuna oxşadıram və bu halda ağlıma nələr gəldiyini fikirləşirəm".
Mən bu misalla o iddiada deyiləm ki, Rafiq bəy peşəkar kriminalistdir. Əvvələn, bu işin nəzəriyyəsindən məlumatlıdır, müşahidəçidir, ikincisi, yazıçıdır, fantaziyalıdır, bədii və elmi təfəkkürə malikdir, bu keyfiyyətlər məgər azdır?
Mən daim bir məsələni götür-qoy etmişəm ki, bizim hətta tanınan hüqüqşünaslarımız - praktik mütəxəssislərimiz bədii ədəbiyyatdan çox uzaq düşmüşlər, nə gizlədək, mütaliələri son dərəcə zəifdir, gülməlisi ondadır, ilhamları, poeziyada istedadları olmayan, hüquq təhsili alıb öz sahələrində işləyənlər şeir uydururlar, nə ehtiyac? Amma bizim hüquqşünas şəxslərimiz, bu sistemdə çalışanlarımız olub ki, öz təcrübələrindən irəli gəlib dedektiv romanlar, hekayələr qələmə almışlar. Onlara halaldır bədii yaradıcılıqları.
Bu haşiyəni təsadüfən vurğulamadım. Rafiq Hacıyev həzin və sərt (yeri gələndə) qələm sahibi olaraq kriminal aləmə dəvət almışdır, müşahidələrdə iştirak etmişdir, şəxsi mülahizəsini bildirmişdir. Bir fakt: R.Hacıyev Azərbaycan Respublikası Baş Prokurorluğu Mətbuat Mərkəzinin məsul əməkdaşı kimi bu orqanda səmərəli fəaliyyət göstərmişdir. Uzun illik müşahidələri, prokurorluğun məsul şəxsləri ilə söhbətləri toplanmış, şəxsiyyət əleyhinə törədilmiş ən maraqlı cinayət işlərinin istintaqına həsr olunmuş "İstintaqı peşəkarlar aparır" (ön sözün müəllifi, Əməkdar jurnalist Rəfael Nağıyevdir) bədii-sənədli kitabın müəllifidir. Xatırlayıram ki, əsər nəşrindən sonra əl-əl gəzirdi. Bir səbəb də o idi - istedadlı qələmin məhsulu idi! Bu kitab Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqının "Qızıl qələm" mükafatına layiq görüldü...
Bu məsələdə Müsəllim Həsənovun fikri maraqlıdır: "İstintaqı peşəkarlar aparır" adlı kitabında da, sonralar qələmə aldığı povest və hekayələrində də jurnalist peşəsi ilə hüquqşünas biliyinin sintezi hiss olunur..."
Bu o deməkdi, neçə-neçə maraqlı, sirli və sehirli kriminal hadisələr bizim peşəkar mütəxəssislər tərəfindən açılır, lakin qapalı qalır: niyə belə olmalıdır? Təbii ki, kriminalistlərin yazmaq imkanları məhduddur, amma qaçırlar yazıçılardan, jurnalistlərdən? Axı qarşıda gələcək nəsil: cavanlar, hüquqşünaslar, genində aqressivlik simtomları cücərən adamlar var ki, oxusunlar, ibrət götürsünlər, faydalansınlar. Bir şərtlə ki, müəllifdən "qan iyi" gəlməsin, qədim faciələrin dəhşətləri görünməsin, oxuyanı yormasın, bir işıq görsün, insan faktoruna həssas yanaşsın. Rafiq bəyin məhz bir üstünlüyü də belə metaformozalardan kənarda qalmasıdır. Axı onun içində insanlıq, humanizm, inam hissləri güclüdür...
Bir də çox istərdim universitetlərin hüquq fakültələrində "Ədəbiyyat: dedektiv və elmi-fantastika" xüsusi fənn kimi tədris olunsun. Bu, hüquq-mühafizə orqanlarında çalışacaq gələcək gənc mütəxəssislərin nitqinə, insana humanist yanaşma faktoruna yardımçı ola bilər. Eləcə də "Pedaqogika: sosial və əxlaq" fənni. Əlbəttə, bu təklif şəxsi fikrimdir, lazımsız fənləri proqramlardan çıxarmağın zamanı yetişmişdir, kənar informasiyaların mənbələri istənilən saydadır...
Mən bu faktları Rafiq Hacıyev haqqında yazımın süjetinə tam daxil etmək istəməzdim, lakin bir jurnalist, yazıçı və hüquqşünas olması heç də hər bir qələmdaşa nəsib deyil (Bu gün zootexnik də, inşaatçı da, mühəndis də hüquq təmayüllü qəzetlərə baş redaktorluq edirlər).
Rafiq Hacıyev bədii-sənədli "Başsız qadının sirri..." beş hissəli romanını tamamlamışdır. O, suallarımdan irəli gələn bu mövzudan elə maraqlı və təəccüb doğuran faktları, hadisələri danışdı, armudu stəkanda içməyə tələsdiyim çayım soyumuşdu. Və bu, onun gözündən yayınmadı.
- Allahverdi müəllim, - dedi. - Qalanları qalsın sonraya. - Gülümündü. - Sağlıq olsun, ilk nüsxəsini Sizə bağılayacağam avtoqrafım ilə...
Hərçənd çayım soyumuşdu, amma Rafiq bəyin "gizli" saxladığı sirlər istisini itirməmişdi...
Rafiq Hacıyevin yaradıcılıq diapozonu daha genişdir, onu yaxından tanıyanlara bəllidir bu. Və hər kəsə qismət olmayan tale yüküdür, bu "yükü" neçə illərdir beynində və hisslərində yaşadır: musiqiyə və poeziyaya aşinalığıdır. Bu, qoşa qanaddır, kimin yaradıcı bəxtinə düşübsə səadətli insandır.
Bu fakt, düzü, məni yaxşı mənada sarsıtdı, çün güman eləməzdim və təsəvvürümə gətirməzdim ki, Rafiq bəy Bakı Dövlət Universitetinin "bədii özfəaliyyətində" (1975) səhnələşdirilmiş "Leyli və Məcnun" operasında Məcnunu özünəməxsus şirin, məlahətli səs tembri ilə oxumuşdur. Təəssüf ki, o roldan, o səsdən yadigar heç nə qalmamışdır. Yalnız "Kommunist" qəzetində kiçik bir xəbərdən savayı. Bax, insanda və hər adamda olmayan, qismətinə düşməyən ilahi istedad! (görəsən o səs bu səslə yola gedirmi?)
Mən hər iki sahə ilə bağlı Rafiq bəylə söhbət etmişəm, həm də araşdırmalarını oxumuşam, nə gizlədim, məmnun qalmışam: nəzəri biliyinə və estetik zövqünə. Nə gizlədim, hər bir təhsil görmüş incəsənət əsərini birdən - birə qavramağı bacarmır. Bu, milli musiqi alətlərində, solo mahnıların ifasında və iri həcmli əsərlərin səslənməsində də mövcud vəziyyətdir. Bir nümunə gətirəcəyəm, vaxtilə oxumuşdum. Dahi bəstəkar Cüzeppe Verdinin "Traviata" operasının ilk tamaşası (06.03.1852) Venetsiyada keçirilmiş və uğursuz alınmışdı. Lakin bir ildən sonra dünyanın bütün teatrlarına ayaq açdı. Bəs səbəb? Rədd edənlər, bəyənməyənlər burjua əxlaqını daşıyanlardı, nə üçün bəstəkar romantik qadın obrazı yox, yüngül əxlaqlı bir qadını qəhrəman etmişdir. Digər səbəb: artistlərin səhnəyə müasir geyimlərlə çıxmasıydı. V.Şekspirin "Hamlet"ində Hamlet Poloniyə deyir ki, "Şeylər öz-özlüyündə deyil, bizim nəzərimizdə pis və yaxşı olur". Əsərin nə günahı?
Bu mövzuda söhbətində Rafiq bəy deyir ki, dinləyicinin, yaxud oxucunun hazırlıq səviyyəsi eyni olanlar bir-birini başa düşürlər o halda! Qarşılıqlı anlaşma və ilk ithaf səviyyəsi kifayət qədər yaxın olmalıdır, buna isə məlumat rezonansı tərzində baxmaq lazımdır, yəni birinin verdiyi məlumatın xeylisi o birinin yaddaşındadır. Üzeyir bəyi nəyə görə dərhal başa düşürlər, qavrayırlar? Yox ki sadə yazır, lap başlıca səbəb musiqisi dərhal xatırlanır, çünki fitri istedad sahibidir.

(Ardı var)



İmza:

Prezident daha bir publik hüquqi şəxs yaratdı

Ermənistana keçən Azərbaycan vətəndaşı ilə bağlı daha bir rəsmi məlumat

Vasif Talıbov 7 nəfəri əfv etdi

DTX-nin İctimai əlaqələr şöbəsi KİV nümayəndələrini Novruz bayramı münasibətilə təbrik edir

AŞPA-nın rəsmi saytı “Azərbaycan ədəbiyyatı antologiyası”ndan yazdı

Prezident və xanımı Novruz şənliyində - YENİLƏNİB 2

General iki oğlu şəhid olan ailəyə baş çəkdi - FOTO

Təmas xəttində yeni hərbi hissə istifadəyə verildi - General açılışda

Baş prokurordan yeni TƏYİNAT

Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Azərbaycanda yenilənmiş 10 manatlıq pul nişanı dövriyyəyə buraxılıb

KİVDF Müşahidə Şurası fərdi jurnalist yazıları müsabiqəsinin nəticələrini təsdiq edib

SON XƏBƏRLƏR
2019-03-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Doğrudanmı, əmiqızıyla əmioğlunun kəbinini göydə mələklər kəsir?

Hə (78.57%)
Yox (21.43%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Birlikdə 50 il ömür sürmüş ər-arvad boşanma üçün hakimin qarşısına çıxırlar. Kişinin 77, qadının 75 yaşı var. Hakim:

- 50 il birlikdə ömür sürmüsünüz, ayıb deyilmi, boşanırsınız?

Kişi əsəbiləşir:

- Yoldaş hakim, neynəyib dözmüşəm, sevmişəm deyə səsim çıxmayıb, amma hayasız qudurub, mən yatandan sonra mənim protez dişlərimi geyinib sarımsaq yeyir!





digər lətifələr
ARXİV
FACEBOOK