adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
10 Yanvar 2019 13:11
5947
MƏMLƏKƏT
A- A+

Faiq QİSMƏTOĞLU: AVTOMOBİL YOLLARINDA QƏZALARIN QARŞISINI NECƏ ALMAQ OLAR?

Ötən yazımızda respublikanın avtomobil yollarında baş vermiş qəzalarla bağlı bir rəqəmi xatırlatmışdıq. Bildirmişdik ki, ötən ilin dekabr ayında respublikanın avtomobil yollarında baş vermiş qəzalar zamanı 60 insan dünyasını dəyişib. Bu rəqəm belə baxanda adi görünür. Ancaq insan teleyinin göstəricisi kimi cox narahatedici faktdır. Ən azından ona görə ki, heç bir günahı olmayan hərəkət iştirakçıları "trafik canavarın” qurbanı olub. Narahat olmağa və həyəcanlanmağa dəyər. Hətta bu barədə "sos” da verilməlidir. Çünki söhbət insan taleyindən gedir. O insan taleyi ki, sürücülərin əlində olur və adi bir diqqətsizlik nəticəsində həyatları ilə vidalaşırlar.

Dünyanın hər yerində avtomobil qəzaları qaçılmazdır. Sadəcə olaraq, elə ölkələr var ki, orda qəzaların qarşının alınması üçün uzun illərdir böyük tədbirlər görülüb və bu da öz nəticəsini göstərib. Hansı ölkədə ki, nəqliyyat vasitələrinin sayı artıb, həmin yerlərdə qəzalar da çoxalıb, ölüm halları da yüksəlib.

Bu gün məmləkətimizdə 1 milyon 200 mindən çox nəqliyyat vasitəsi var. Deməli, ölkəmizdə də əvvəlki vaxtlarla müqayisədə avtomobillərin sayı dəfələrlə çoxalıb. Belə bir məntiqi nəticə çıxır ki, avtomobillər çoxalırsa, deməli, qəzaların da artma ehtimalı yüksəkdir.

Əlbəttə, baş verə biləcək qəzaların qarşının alınması üçün davamlı olaraq Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qabaqlayıcı tədbirlər həyata keçirilir. Əgər qabaqlayıcı tədbirlər zamanında gerçəkləşməsə, onda görün qəzalar necə çoxalar, ölüm və xəsarətalma halları necə yüksələr. Ümumiyyətlə, aparılmış statistik hesablama göstərir ki, əvvəlki vaxtlarla müqayisədə ölkəmizdə qəzalar aşağı enib, ölüm və xəsarət alma halları azalıb. Bu göstərici də nəqliyyat vasitələrinin sayıyla hesablanır.

O da sirr deyil ki, bu gün dövlət səviyyəsində yol hərəkətinin təhlükəsi üçün böyük proqram hazırlanıb. 2019-2023-cü illər arasında respublikanın avtomobil yollarında təhlükəsizliyin təmin edilməsi üçün Dövlət Proqramı qəbul edilib. Bu Dövlət Proqramına əsasən 5 il ərzində ölkə ərazisində zaman-zaman baş verəcək qəzaların qarşısını almaq üçün davamlı tədbirlər nəzərdə tutulub.

Hamıya gün kimi aydındır ki, respublikanın avtomobil yollarında əksər sürücülər yol hərəkəti qaydasını ya bilərəkdən, ya da bilməyərəkdə pozurlar. Yol hərəkəti qaydasının pozulması isə birmənalı olaraq qəzalara münbit şərait yaratmaq deməkdir. Əgər sürücü tez-tez qaydaları pozursa, intizamsızlıq edirsə, başqasının həyatını təhlükədə qoyursa, deməli o, bunun üçün birbaşa məsuliyyət daşıyır.

Bəzi sürücülərin istirahət etmədən avtomobilləri idarə etməsi və bu zaman respublika əhəmiyyətli yolun kənarında fərdi və iri yük maşınlarının saxlanılması üçün şəraitin olmaması elə özü mövcud qəzalara təkan verir. Yeni Dövlət Proqramına əsasən bu cür mövcud nöqsanların aradan qaldırılması və təhlükəsizlik tədbirlərinin görülməsi diqqət mərkəzində saxlanılır. Belə ki, respublika əhəmiyyətli yolların müəyyən yerlərində sürücülərin istirahət etməsi üçün əlverişli şərait yaradılması nəzərdə tutulub.

Bununla yanaşı, avtomobil yollarında baş verən ağır qəzalar zamanı təcili tibbi yardım maşını hadisə yerinə lazımi vaxtda çata bilmir. Bu isə qəza zamanı ağır xəsarət almış sürücülərin və sərnişinlərin həyatını xilas etməyə imkan vermir. Yəni həkimlərin hadisə yerinə gec çatması ağır vəziyyətdə olan insanlara yetərincə yardım etmək üçün bəs deyil. Ona görə də yeni qəbul edilmuş Dövlət Proqramında magistral yolların bir neçə hissəsində tibb məntəqələri yardılacaq və hadisə yerinə həmin məntəqədən həkimlər daha tez çatacaqdı.

Göründüyü kimi, hərəkətin təhlükəsizliyinin təmin edilməsi üçün, eləcə də sürücülərin və sərnişinlərin magistral yollarda daha rahat hərəkət etməsi üçün çox böyük önəmli işlər görüləcək. Ancaq gəlin onunla razılaşaq ki, bütün bu tədbirlər hamısı öncədən görüləsi işlərdir. Ancaq elə qəzalar var ki, nə qədər qabaqlayıcı tədbirlər görülsə də, bunlar qaçılmaz olur.

Yəni sürücü yuxulu halda, sərxoş vəziyyətdə, səhhətində problem yarandığına baxmayaraq, avtomobili idarə etməyə çalışır. Sadaladımız bu məsələlər öncədən sürücüdən böyük məsuliyyət tələb edir. Çünki sürücü sükan arxasında əyləşməmişdən öncə bütün qaydalara əməl etməli, maşını işə salmamışdan təhlükəsizlik kəmərini vurmalıdır. Və eyni zamanda yanındakı sərnişinlərdən də tələb etməlidir ki, təhlükəsizlik kəmərini taxsınlar.

Təhlükəsizlik kəmərini vuran və vurmayan sürücülər, sərnişinlər arasında çox böyük fərq olur. Çünki mütəxəssislər hesablayıblar ki, hər hansı avtomobil qəzası zamanı təhlükəsizlik kəmərini vuran hərəkət iştirakçısını bu kəmər ölümdən xilas edir. Vurmayanlar isə maşınlar toqquşanda, yaxud idarəetməni itirib aşanda ya qapı açılıb maşının altında qalır, ya da yüksək zərbə onu qabaq şüşədən yola atır. Bu ağır qəza isə birbaşa ölüm deməkdir.

Avtomobil yollarında qəzaların qarşısının alınması üçün bütün tədbirlər yetərlidir. Göründüyü kimi, dövlət səviyyəsində də bu tədbirlər artıq 2019-2023-cü illərdə zaman-zaman həyata keçiriləcəkdir. Dövlət bu tədbiri həyata keçirirsə, sürücülər və hərəkət iştirakçıları da zəhmət çəkib öz üzərlərinə düşən vəzifələri yerinə yetirməlidilər. Bax onda istər respublika əhəmiyyətli, istərsə də şəhərdaxili yollarda baş verə biləcək qəzaların qarşısını almaq mümkün olacaqdır.