adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
10 Yanvar 2019 00:30
36011
GÜNDƏM
A- A+

Şərq musiqisinin incisi

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

Seyid Şuşinski 1889-cu il aprelin 12-də Şuşa qəzasının Horadiz kəndində anadan olub. Musiqiçilərin hörmətlə "Ağa" deyə üz tutduğu Seyid Şuşinskinin tam adı Mir Möhsün Ağa Seyid olub. Seyid nəslindən olduğuna görə ona "Ağa" deyə müraciət ediblər.

Uşaqlıq

Balaca Seyid atasını uşaq yaşlarından itiridiyindən onun tərbiyəsi ilə xalası Məşədi Hürzad məşğul olub. Dövrünün savadlı və açıqfikirli qadını olan Məşədi Hürzad Qarabağın qadın toylarında xanəndəlik edərmiş.
İlk təhsilini mədrəsədə alan Seyid, dini mərasimlərdə və xalq şənliklərində çıxış edir. Seyidin peşəkar xanəndə kimi tanınmasında Azərbaycan xanəndəlik sənətinin beşiyi olan Şuşa mühitinin həlledici rolu olmuşdur.
Nadir və gözəl səsə malik Seyid Şuşinski xanəndəlik sənətinin sirrlərinə yiyələnmək üçün iki il Mir Möhsün Nəvvabın yanında oxumuşdu. Onun xanəndə kimi yetişməsində Cabbar Qaryağdıoğlunun böyük təsiri olmuşdur. O, Seyid Şusinskini Şərq musiqisinin incisi adlandırmışdı.

Qısa arayış

Seyid yüksək diapazonlu səsi və muğamları düzgün, səlis oxumaq qabiliyyəti ilə dinləyiciləri, hətta, məşhur xanəndələri heyran qoymuşdu. Seyidin muğam öyrənməsində əmisi Məşədi Seyidəlinin böyük əməyi olmuşdur. O, Seyidin musiqi təhsili ilə məşğul olur, Sədinin, Hafizin, Füzulinin və Zakirin şeirlərini Seyidə əzbərlədib, muğam üstündə oxudarmış. Seyid Şuşinski ifa üçün mürəkkəb muğam olan "Cahargah"ı xüsusilə böyük məharətlə oxuyardı, özü də həmişə onu "mayə"dən yox, "Mənsuriyyə"dən başlayardı.
Seyid həyatının son illərində, yaşı artıq 74-ü ötmüş olsa da, "Mənsuriyyə"ni eyni şövqlə oxuyarmış. O, öz ifaçılığında klassik şairlər-Hafiz Şirazi, Məhəmməd Füzuli, Seyid Əzim Şirvaninin qəzəllərilə yanaşı, Hüseyn Cavidin və Mirzə Ələkbər Sabirin şerlərinə müraciət edərdi.
Seyid 1911-ci ilədək Şuşada yaşamışdı. Həmin il o, toy məclislərinin birində Məşədi Cəmil (böyük bəstəkar Fikrət Əmirovun atası) Əmirovla tanış olur. O, Şuşinskinin ifasını bəyənib və özüylə onu Gəncəyə aparıb.
"Ağa" gəncəlilərin də sevimlisinə çevrilir, o qədər məşhurlaşır ki, onu Tiflisə çağırırlar. Tiflis o zamanlar Qafqazda mədəni həyatın mərkəzi sayılırdı. Beləliklə, Seyid Tiflisə köçərək, 1919-cu ilədək orada yaşayır. 22 yaşlı xanəndə bu həyata həvəslə qatılır, teatrlara gedir, tamaşalararası fasilələrdə konsertlər verirdi.

Mirzə Cəlilin dostu

O, ömrünün 60 ilini Azərbaycan musiqi mədəniyyətinin inkişafına həsr edir, gözəl səsi ilə xalqımızın sevimli müğənnisi olub, Yaxın və Orta Şərqdə şöhrət tapır. Seyid Şuşinski, Mirzə Cəlil, Əbdürrəhim bəy Haqverdiyev, Hüseyn Cavid, Hüseyn Ərəblinski kimi sənətkarlarla dostluq etmişdi. Molla Nəsrəddinin bir neçə nömrəsinin çıxmasına maddi yardım göstərmişdi.
S.Şuşinskinin ilk çıxışı 1908-ci ildə şuşalılar qarşısında "Yay klub"unda olmuşdur. Məşhur xanəndə İslam Abdullayev həmin konserti belə xatırlayır: "Biletlər bir həftə qabaq satılıb qurtarmışdı. Axşam saat 9-da konsert başlandı. Cabbar, Qasım, Məşədi Məmməd, Həmid və Keçəçioğlu oxuduqdan sonra Azad bəy Əmirov gənc Seyidin "Mani" oxuyacağını elan etdi. Sonra Seyidə "Bayatı-Şiraz" oxutdular. Seyid "Bayatı-Şiraz"ın "Xavərən" şöbəsindən "Qatar"a keçəndə nəinki dinləyiciləri, hətta məşhur xanəndələri belə heyran etdi. Çünki "Xavərən"dən "Qatar"a keçmək xanəndədən zil səsdən başqa, həm ustalıq, həm də cəsarət tələb edir. Gənc Seyidini ustalıqla bir muğamdan başqa bir muğama keçməsi, doğrusu, mənə möcüzə kimi göründü. Seyid tarın son pərdələrindən aşağı enərək, təkrar zəngulələr vuranda, Cabbar əlindəki qavalı kənara qoyub, böyük bir heyrət içərisində Seyidə tamaşa edirdi". Seyid dəstgahı qurtarıb ayağa qalxdıqda salondakı tamaşaçılar uzun zaman gənc xanəndəni alqışladılar. Camaat sakitləşmirdi. Nəhayət, xan sarayında xidmət etmiş, şəhərdə hörmətli şəxslərdən biri Xanlıq Muxtar iki dəfə göyə güllə atdıqdan sonra tamaşaçılar sakit oldular. Keçəçioğlu Məhəmməd əlini göyə qaldırıb deyir: "İlahi, şükür yaratdığına!.." Seyidə üçüncü dəfə "Şəkər oğulun şikəstəsi"ni oxutdular. Sonra Cabbar Qaryağdıoğlu səhnəyə qalxıb Seyidi bağrına basaraq, gözləri yaşarmış halda dedi: "Camaat! İndi mən ölsəm də, daha qəmim yoxdur, çünki məndən sonra Seyid vardır". Sonrakı çıxışlarının birində isə Cabbar Seyidin oxumağından riqqətlənərək öz qavalını ona bağışlamışdı və onu Şərq musiqisinin incisi adlandırmışdır. Bəlkə də "2-ci xanəndə" adlandırılması bundan irəli gəlir...

Musiqi təhsili...

O gündən Seyidin şöhrəti artır, onun cazibəli səsini dinləməyə hamı can atırdı. Əmisi Məşədi Seyidəli Seyidin toylarda oxumasına icazə vermirdi ki, o hələ uşaqdır, Seyid xanəndəlik etməkdən əvvəl, musiqi aləminin sirlərini öyrənməlidir. Ona görə klassik Şərq muğamlarını və xalq musiqisini dərindən öyrənmək üçün Seyidəli gənc Seyidi Nəvvabın yanına aparır. Seyid Nəvvabın hücrəsində iki ildən artıq musiqi təhsili alır. 1910-cu ildə Nəvvab gənc Seyidə şənliklərdə, musiqi məclislərində oxumasını məsləhət görür.

Yaradıcılığı

Seyid Şuşinski yaradıcılığında Hafiz Şirazi, Məhəmməd Füzuli, Seyid Əzim Şirvani qəzəllərilə yanaşı, Hüseyn Cavidin və Mirzə Ələkbər Sabirin şeirlərinə də müraciət edirdi. Sabirin "Millət necə tarac olur-olsun, nə işim var" şerini "Müxalif"də oxuyardı. Seyid Şuşinski siyasi-ictimai mövzuda şeir və qəzəl oxuyan, xalqı mübarizəyə çağıran ilk xanəndə olmuşdur. O, bir sıra mübariz ruhlu mahnılar da oxumuşdur. "Ayıl ey millət", "Mən bir türkəm", "Millət istərsə" və s.
Ümumiyyətlə, Seyid Şuşinski böyük mesenat idi, o dövrün teatr aktyorlarına çox kömək etmişdi, özü də aktyor kimi bir sıra rolları oynamışdı. Seyid Şuşinski "Çahargah"dan başqa "Mahur", "Nəva", "Məsnəvi", "Osmanı", "Arazbarı", "Heyratı" kimi muğamların gözəl ifaçısı idi. O, novator sənətkar olaraq, bir çox muğamları birləşdirib onları yeni variantda oxumuşdur. ("Rast-Humayun", "Qatar-Bayatı", "Şur-Şahnaz") "Rast"da və "Kürdi-Şahnaz"da "Dilkəş"i ilk dəfə Seyid Şuşinski ifa etmişdi.
1911-1919 illərdə Seyid Şuşinski Tiflisdə fəaliyyət göstərmiş, xanəndəlik sənətini daha da təkmilləşdirmiş, onun bədii zövqü və səhnə ustalığı formalaşmışdı.
Məşhur xanəndə Əbülhəsən xan İqbal Sontanla tanışlığı da onun ifaçılıq üslubunda əhəmiyyətli iz buraxmışdır. Bu illərdə o, Azərb. bəstəkarlarının muğam operalarında çaxış etmişdir. 1913-1914 illərdə Seyid Şuşinski "Ekstrafon" səhmdar cəmiyyəti tərəfindən iki dəfə Kiyev şəhərinə dəvət edilərək səsi vala yazılmışdır. Onun oxuduğu "Çahargah", "Nəva", "Bayatı-İsfahan", "Humayun", "Rast", "Mahur", "Zabul", "Şahnaz", "Mirzə-Hüseyn segahı" muğamları, "Mani", "Arazbarı", "Mənsuriyyə" zərbi muğamları musiqi xəzinəmizdə bənzərsiz sənət əsərləri kimi özünəməxsus yer almışdır.
Xanəndənin oxuduğu "Cahargah" muğamı öz ifaçılıq təfsiri ilə fərqlənmişdir. S.Şuşinski "Çahargah" muğam dəstgahını yüksək zirvədən - zil şöbə olan "Mənsuriyyə"dən başlayırdı ki, bu da muğama döyüş ruhu aşılayırdı. S.Şuşinskinin yaradıcılığının sonrakı dövrü Bakı ilə bağlı olmuşdur.
Bu dövrdə onun müəllimlik fəalliyəti genişlənir. 1926 ildə Üzeyir Hacıbəyovun təşəbbüsü ilə ADK-da, sonra isə ADMM-də muğam sinfində müəllimlik etməyə başlayır. O, bir sıra görkəmli xanəndələrin müəllimi olmuşdur. Seyid Şuşinski bəstəkarlara da çox kömək edərək, muğam sahəsindəki bilikləri ilə bölüşmüşdür.
Xüsusilə simfonik muğam janrında əsərlərini ("Şur", "Kürd-ovşarı") yaradarkən Fikrət Əmirov Seyid Şuşinskinin sənətindən bəhrələnmişdir. Seyid Şuşinski daim yeniliyə can atır, öz yaradıcılığını yeni keyfiyyətlərlə zənginləşdirməyə çalışırdı. O, bir çox muğamlara yeni guşələr əlavə etmiş, bir çox muğamları birləşdirib oxumuşdu. Bunlardan "Rast-Humayun", "Qatar-Bayatı", "Şur-Şahnaz" dəstgahları diqqətəlayiqdir.Seyid Şuşinskinin görkəmli bəstəkarımız Fikrət Əmirovun ilk dəfə yaratdığı və dünyada şöhrət qazandığı "Şur" və "Kürdi-Ovşarı" simfonik muğamlarının yazılmasında məsləhətçi kimi böyük köməyi olmuşdu.

Son

Dahi bəstəkar Üzeyir Hacıbəylinin məsləhəti ilə Seyid Şuşinski musiqi təhsil ocaqlarında muğam dərsləri deyir, gənc nəsilə muğamın sirlərini öyrədirdi. Görkəmli bəstəkarımız, Fikrət Əmirovun ilk dəfə yaratdığı və dünyada şöhrət qazanmış "Şur" və "Kürdi-Ovşarı" simfonik muğamlarının yazılmasında məsləhətçi kimi Seyid Şuşinskinin böyük köməyi olmuşdu.
Zəngin yaradıcılıq yolu keçmiş, Qarabağ xanəndəlik məktəbinin ən böyük simalarından biri olan Seyid Şuşinski musiqi xadimi, pedaqoq, Xalq Artisti, Əməkdar Müəllim kimi Azərbaycan milli musiqi mədəniyyətinin inkişafında çox mühüm rol oynamışdır. Görkəmli xanəndə 1965-ci ildə vəfat etmiş, Fəxri xiyabanda dəfn olunmuşdur.

Oğuz Ayvaz
AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ