adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
10 Yanvar 2019 00:28
8669
GÜNDƏM
A- A+

Biz dostlardan həmişə bir addım öndə

Ramiz Əskər - 65

Bu günlərdə tanınmış alim, tərcüməçi, jurnalist, filologiya elmləri doktoru, professor Ramiz Əskərin 65 yaşı tamam olur. Bu 65 ilin 47-si mənim gözlərimin qarşısında keçib. Bəri başdan deyim ki, onun coşğun və səmərəli fəaliyyətini üç sahə üzrə müəyyənləşdirmək olar: jurnalistika, elm və tərcümə.
1972-ci ilin yayında biz Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olmaq üçün imtahan verirdik. 50 yer uğrunda təqribən 500 nəfər mübarizə aparırdı. Avqustun elə ilk həftəsində bu yarışın ilk qalibi məlum oldu: orta məktəbi qızıl medalla bitirmiş Ramiz birinci və ikinci imtahandan "əla" qiymət alaraq digər imtahanlardan azad edildi və tələbə adını qazandı. O, Bakının istisindən xilas olub evlərinə qayıtdı, biz isə hələ xeyli müddət tər tökməyə davam etdik.
Dərslər başlananda biz Ramizin dərin savadına, erudisiyasına yaxından bələd olduq. Onun bilmədiyi şey yox idi, orta məktəb proqramını mükəmməl şəkildə mənimsəmişdi, saysız-hesabsız kitab oxumuşdu, dəmir məntiqi, güclü hafizəsi, çox bəlağətli, səlis və aydın nitqi vardı. Danışanda bir sözü iki dəfə təkrar eləməzdi. Bir dəfə professor Qulu Xəlilov dedi: "Qırx ildir filfakda və jurfakda dərs deyirəm, hələ bu cür dəqiq və sərrast nitqi olan tələbə görməmişəm". Başqa epizodlar da yadımdadır. Məsələn, müəllimlərdən biri belə bir sual verdi: "Assent" sözünü kim yaza bilər? Doğru variantı (assistent) ancaq o bildi. Başqa bir müəllim soruşdu: "Sələbiyyənamə" nə deməkdir? Düzünü ("Tülkünamə") yenə o bildi. Bir dəfə mərhum Nəsir İmanquliyevin dərsində Ramiz ABŞ-ın siyasi xadimlərindən Din Raskın və Maknamaranın adını çəkdi. Nəsir müəllim heyrət elədi: "Sən bunları haradan bilirsən?" Mərhum Nəriman Zeynalov 20-ci illərə aid "Azvin" termininin mənasını soruşdu: -Azərbaycan şərabçılıq idarəsi. Bəli, yenə Ramiz bildi. Ərəb əlifbasını müstəqil şəkildə özü öyrənmişdi, rusca, almanca, hətta ermənicə bilirdi. Bir dəfə bizə İrəvandan bir alim gəlmişdi, mətbuat tarixi üzrə Zaqafqaziyada ilk professor idi, erməni bolşevik mətbuatı tarixindən mühazirə oxudu. Ramiz ayağa qalxıb ermənicə beş-altı cümlə dedi. Biz gülüşdük. Sən demə, ona sual verirmiş.
Ramiz çox parlaq tələbə idi. Hamımızdan seçilirdi. Bütün imtahanlardan yalnız "əla" qiymət alırdı. Hər gün Axundov adına kitabxanaya gedirdi. Gecələr də hamını yuxuya verib kitab oxuyurmuş. Bunu tələbə yoldaşımız Adil Cəmil danışıb: "4-cü Yasamal küçəsində kirayənişin idik. Gecələr oyanıb görürdüm ki, Ramiz durmadan oxuyur. Onun alim olacağını elə o vaxtdan bilirdim".
Ramizin mühüm bir cəhətini də deyim: o dövrün KİV-ində keçən bütün siyasi xadimləri, bütün ölkələri, paytaxtları əzbər bilirdi. Məsələn, Tanzaniya və Zənzibar Birləşmiş Respublikası adlı bir dövlətin varlığını mən ondan eşitmişdim. Bilirdim ki, gecələr türk radiolarına, Bi-Bi-Si yə və Azadlıq radiolarına qulaq asır.
1975-ci ildə üçüncü kursu bitirdik. Həmin il M.V.Lomonosov adına Moskva Dövlət Universitetinə göndərmək üçün bir tələbə seçilməli idi. Təbii ki, Moskvaya ancaq Ramiz getməli idi və getdi. Bundan sonra onu ancaq yay-qış tətillərində qısa müddətə görürdük. Ali təhsili başa vurduqdan sonra hamımız təyinatla rayonlara getdik, ancaq əlaqələrimiz davam elədi.
Ramiz bir neçə il "Azərbaycanın səsi" radiosunda işlədi. Sonra yeddi dildə (Azərbaycan, türk, ərəb, fars, ingilis, fransız, alman) çıxan "Azərbaycan bugün" jurnalının, daha sonra "Odlar yurdu" qəzetinin baş redaktoru oldu. Ərəb, latın və kiril əlifbaları ilə nəşr olunan bu qəzetin tiraji 248 min nüsxə idi və tək bir nüsxəsi geri qayıtmırdı. Həmin dövrdə ondan populyar qəzet yox idi. "Odlar yurdu"nun səhifələrində Azərbaycan Demokratik Respublikasının qurulması, gerbi, himni, bayrağı, dövlət qurumları, parlamenti, siyasi və hərbi xadimləri, pulları və s. və i.a. haqqında çox maraqlı yazılar verilirdi. Xaricdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları, dərnək, cəmiyyət və birliklər, mətbu orqanlar, tanınmış elm və mədəniyyət xadimləri, görkəmli azərbaycanşünas alimlər haqqında materiallar dərc olunurdu. Qətiyyətlə deyə bilərəm ki, milli şüurun oyanmasında və milli-azadlıq hərəkatının formalaşmasında bu qəzetin və onun baş redaktoru Ramiz Əskərin müstəsna rolu vardı. Yaşlı nəsil bunu gözəl bilir.
Ramiz yeddi il "Oılar yurdu"nda işlədikdən sonra İstanbulda çıxan məşhur "Hürriyet" qəzetinin Qafqaz üzrə xüsusi müxbiri oldu, bir müddət isə "XXI əsr" adlı qəzeti redaktə etdi, Azərbaycan Jurnalistlər Birliyində baş katib vəzifəsində çalışdı, "Azərbaycan mətbuatı bugün" adlı jurnal, əyalət mətbuatına kömək üçün xüsusi bülletenlər buraxdı, jurnalistlər üçün treninqlər təşkil etdi. O, Beynəlxalq Mətbuat İnstitutunun (Vyana) və Avrasiya Yazarlar Birliyinin (Ankara) üzvüdür.
Elə bir məqam gəldi ki... Ramiz Əskər bu barədə belə deyir: "Jurnalistika çox ağır sənətdir. Qəzetçilik çox çətin peşədir. Məni düzgün başa düşün. Allahın günü, sabahı, həftəsi bitmir. Qəzet daim çıxmalıdır. Jurnalistin beyni bir an belə yatmır, dincəlmir, daim axtarır. Nəticədə beyin yorulur, sovrulur, gücdən düşür. Məsələn, gedib aspirant olursan, bir il minimumları verirsən, bir il materialları toplayırsan, bir il dissertasiyanı yazırsan, bir il də müdafiəni gözləyirsən. Nəticədə elmi ad alıb elmlər namizədi (fəlsəfə doktoru) olursan. Halbuki jurnalistikada hər həftə olmasa da, hər ay əlindən bir dissertasiya həcmində yazı gəlib keçir və bu iş illərlə təkrar olunur, sən isə yerində sayırsan. Bir də yaşının üstünə yaş gəlir, sən hər mitinqə, hər olaya, hər tədbirə yetişə bilmirsən. Bunları nəzərə alıb bir az mürəkkəb, bir az da oturaq iş olan elmi seçdim".
Ramiz Əskər 2002-2006-cı illərdə Bakı Dövlət Universitetinin türkologiya kafedrasında əvəzçi-müəllim kimi işlədi, rus və Azərbaycan bölmələrində "Qədim türk yazılı abidələri", "Orta türk dövrü abidələri", "Türkologiyaya giriş", "Türk mədəniyyət tarixi" fənlərindən dərs dedi, xüsusi kurslar apardı. Elmlər namizədi və elmlər doktoru dissertasiyaları yazdı, müdafiə elədi. 2007-2012-ci illərdə mühacirət ədəbiyyatı və bədii tərcümə elmi-tədqiqat laboratoriyasının baş elmi işçisi və müdiri oldu, 2012-ci ildə türk xalqları ədəbiyyatı kafedrasının, 2016-cı ildə isə türkologiya kafedrasının müdiri seçildi.
Ramiz Əskərin qələmindən indiyədək 16 monoqrafiya, kitab və tədris vəsaiti, 250-yə yaxın elmi məqalə çıxıb. Onun yazdığı irihəcmli "Qutadğu Bilig", "Mahmud Kaşğari və onun "Divanü lüğat-it-türk" əsəri", "Orxon abidələri", "Türk xalqları ədəbiyyatı oçerkləri", "Bağımsızlık Dönemi Azerbaycan Edebiyatı" monoqrafiyaları mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib. Alimin tərtib etdiyi biblioqrafiyalar da çox məşhurdur. Məsələn, o, "Divanü lüğat-it-türk" əsəri üzrə 22 dildə 1.500, "Qutadğu Bilig" üzrə 22 dildə 3.000, Kitabi-Dədə Qorqud üzrə 43 dildə 8.841 məxəzin (kitab, monoqrafiya, məqalə, dissertasiya, tezis) toplandığı bir neçə biblioqrafiya hazırlayıb.
Türk dünyasında yaxşı tanınan Ramiz onlarca beynəlxalq konfransa, foruma və simpoziuma qatılıb, maraqlı məruzələrlə çıxış edib. O, Orxon-Yenisey abidələrini öz gözü ilə görən, bunun üçün Monqolustana, Xakasiyaya, Altaya, Tuvaya gedən yeganə Azərbaycan alimidir. Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Tatarıstan, Türkiyə onun tez-tez ziyarət etdiyi məkanlardır.
Bu fədakar elm adamını başqalarından fərqləndirən digər mühüm cəhət onun tərcüməçilik fəaliyyətidir. İndiyə qədər Ramiz Əskər türk, özbək, uyğur, qazax, qırğız, türkmən, tatar, qaqauz dillərindən 50-dək kitab tərcümə edib. Bunların arasında Faruq Sümərin "Oğuzlar", Bahəddin Ögəlin "Türk mifologiyası", Yusif Balasağunlunun "Qutadğu bilig", "Monqolların gizli tarixi" kimi mühüm əsərlər vardır. Dahi dilçi Mahmud Kaşğarinin 4 cildlik fundamental "Divanü lüğat-it-türk" əsərini ana dilimizə tərcümə etməsi isə alimin milli mədəniyyətimiz və elmimiz qarşısında ən böyük xidməti sayıla bilər.
Ramiz Əskər son dövrlərdə türk xalqları arasında ədəbi əlaqələrin inkişafına mühüm töhfələr verib, türk xalqları ədəbiyyatının parlaq simalarından Babur, Mehri Xatun, Əndəlib, Azadi, Məxdumqulu, Molla Nəfəs, Toktoqul, Çobanzadə, Tukay və digər ədiblərin kitablarını ana dilimizə çevirib, onlara ön söz, qeyd və şərhlər yazıb, özbək və türkmən şeiri antologiyalarını hazırlayıb.
Bu sahədəki böyük uğurlarına görə Türkiyənin "Türk dünyasına xidmət" və "Qızıl alma", mükafatları, Özbəkistanın beynəlxalq Babur mükafatı, Qazaxıstanın Qasım Amanjolov və Mağcan medalları, Türkmənistanın "Altın əsr" mükafatı və Məxdumqulu medalı, Ukraynanın Bəkir Çobanzadə medalı, Qırğızıstanın Toktoqul medalı, Tatarıstanın "Mədəniyyətə xidmət" medalı, Rusiyanın Qaysın Quliyev medalı, TürkSOY-un xüsusi mükafatı və yubiley medalları ilə təltif edilib.
Ramiz Əskərin əməyi dövlətimiz tərəfindən də yüksək qiymətləndirilib, o, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncami ilə 2014-cü ildə "Şöhrət" ordeni ilə təltif edilib, 2010-cu ildə isə "Əməkdar jurnalist" fəxri adına layiq görülüb. Gözəl jurnalist, tanınmış alim və mahir tərcüməçi Ramiz Əskəri 65 illiyi münasibətilə təbrik edir, ona yeni-yeni uğurlar arzulayırıq.