adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
10 Yanvar 2019 00:26
9161
GÜNDƏM
A- A+

MƏHƏMMƏD (Ə) VƏ QURAN ONUN ƏSƏRİDİR

Vaqif Cəliloğlu,
Tex. elmləri üzrə fəlsəfə doktoru

Məntiq və dünyəvi elmlərin bəzilərilə tanış olan hər kəs, Qurani Kərimi oxuyub səthi təh-qiq etdikdən sonra onun heç bir kitaba bənzəmədiyinə əmin olur. Quranın dil və ifadə tərzi isə, həmin əminliyi daha da möhkəmləndirir. Lakin 1400 il ərzində müqəddəs kitabın hər bir surəsinin enini-uzununu, solunu-sağını, yuxarısını-aşağısını ağlasığmaz dərəcə və sayda tədqiq, təhqiq, təf-tiş edən qərəzli qeyri-islam alimləri və hətta onların quranşünasları Quranı dünyaya Məhəm-məd(ə) tərəfindən yazılan bir bəşər kitabı kimi təqdim etmək istəyiblər və bunu indi də edirlər. Həqiqəti əsrlərlə bilə-bilə gizlədib, Qurana qərəzli mövqedən yanaşan belələri barədə Rəbb bu-yurub: "Kitab (Tövrat və İncil) verdiyimiz şəxslər onu (Məhəmmədi) öz oğullarını tanıdıqla-rı kimi tanıyırlar. (Buna baxmayaraq) onların bir qismi, şübhəsiz ki, həqiqəti bilə-bilə gizlə-dir" (Bəqara 146).
Əlbəttə, qeyri-islam aləminin "bir qisminin həqiqəti bilə-bilə gizlətməsi" nə Quranın səma-viliyinə, nə Məhəmməd (ə)-nin Onun peyğəmbəri olmasına, nə də dünyanın imanlı bəndələrinin inancına zərrə qədər kölgə salır və sala da bilməz! Çox kiçik dünyanın kövrəkliyini nəzərə alıb, belələrinə: "Sizin öz dininiz var, mənim də öz dinim!" (Kəfirun, 6) Rəbb kəlamı ilə cavab ver-mək də olar. Hərçənd ki, imanlı bəndə kimi, bizlərin ən ümdə vəzifələrindən biri də, həmin "bir qismi" zor, təhqir, rişxənd yolu ilə yox, iman, elm və iradə vəhdətilə maarifləndirib imana gətir-məkdir. Unutmamalıyıq ki, bu vəzifə peyğəmbərlər və onların varisləri olan ziyalıların, alimlərin işidir.
Bəzi müsəlmanların Quranı Rəbb kəlamı yox, Məhəmməd(ə)-nin sözü kimi (haşə!) zənn et-mələri isə, sözügedən mövzunun narahatlıq doğuran ikinci tərəfidir. Əlbəttə, həmin kiçik qrupun zənnini əsrlərin gətirdiyi şübhə və tərəddütlərlə əlaqələndirmək də olar. Lakin buradakı axsama və boşluq, əsasən dini maariflənmənin yetərsizliyindən irəli gəlir. Fəqət təəccüb, təəssüf, təərrüq (tər tökmə), ürək ağrısı, vicdan əzabı və xəcalət doğuran paradoks odur ki, təəccün (özünü böyük göstərmə) və təəzzümlü (təkəbbürlü) bir qrup, həmin "bəzi müsəlmanların" müəyyən hissəsini təşkil edir. Bəzi müsəlmanlardan (dini və dünyəvi savadı yetərli olmayanlardan) fərqli olaraq, bu qrup, əsas etibarilə, cəmiyyətdə qabaqda gedən, savadlı imicini qazanan və pendirin bıçağı kəsə biləcəyi qədər özləri barədə ifrat yüksək fikirdə olan bəzi "ziyalılardır". Hətta Həmd-surəni oxu-mağı bilməyən (və ya oxumağı qəbahət sayan) belələrinin durumu, "Quran kimin kəlamıdır" sua-lına cavab verə bilmədikləri üçün, "iki" verdikləri tələbənin durumu ilə eynidir.
Göründüyü kimi, istər Quranın məlum ayəsindəki əhli-kitabın qərəzini puç etmək, istərsə də bəzi müsəlmanların tərəddüt və zənninə yəqinlik gətirmək üçün məlum mövzunun şərhi hələ də aktuallığını itirməyib. Həmin səbəbdən, Qurani-Kərimin Allah kəlamı və onun Məhəmməd (ə)-nin peyğəmbərliyinə ən böyük şahidliyinin aşağıdakı bəzi dəlillərlə açıqlanması yerinə düşər-di.
I. Peyğəmbər(ə)-yə xitabən Rəbb buyurur: "(Ya Məhəmməd!) Sən bu Qurandan əv-vəl də nə bir kitab oxumusan, nə də onu əlinlə yazmısan. Əgər belə olsaydı, onda batilə uyanlar (onun barəsində) şəkk-şübhəyə düşərdilər" (Ənkəbut, 48). Bəli, 1400 il bundan öncəki oxuyub-yazmışlara, indiki və gələcəkdəki oxuyub-yazanlara oxuyub-yazmaqda meydan oxuyan şəxs, oxumağı-yazmağı bilməyən Peyğəmbər(ə) olub. Yaratdığı bütün bəşərə Məhəm-məd(ə)-nin savadsız olduğunu bəyan edən Rəbb deyir: "Hamınız köməkləşib, bir ayənin ox-şarını belə yaza bilməzsiniz". Deməli, Quran bəşər sözü yox, Allah kəlamıdır.
II.. "Əgər bəndəmizə (Məhəmmədə) nazil etdiyimizə (Qurana) şəkkiniz varsa, siz də ona bənzər bir surə gətirin və əgər sizin (bu, bəşər kəlamıdır) iddianız doğrudursa, Allah-dan başqa bütün şahidlərinizi bu işdə köməyə çağırın" (Bəqara, 23); "Bu Quran Allahdan başqasına aid edilə bilməz. Yoxsa: "(Peyğəmbər) onu özündən uydurdu!" - deyirlər. De ki: "Əgər doğru deyirsinizsə, ona bənzər surə gətirin və Allahdan başqa kimə gücünüz çatar-sa, onu da (köməyə) çağırın" (Yunus, 37,38). Zaman, məkan, şəraitdən asılı olaraq, bəşər sözündə yanlışlıq, ziddiyyət olduğuna işarə edən Rəbb sonra buyurur: "Onlar Quran barə-sində (onun Allah kəlamı olması haqqında) düşünməzlərmi? Əgər o, Allahdan qeyrisi tərə-findən olsaydı, əlbəttə, onda çoxlu ziddiyyətlər tapardılar" (Nisə, 82). Allah kəlamında isə ixtilaf, ziddiyyət olmadığı üçün Quran bəşər yox, Allah kəlamıdır.
III. Məlumdur ki, Quranla həz.Məhəmmədin ifadə və bəyan tərzləri müxtəlifdir. Quranın bəlağət (gözəl nitq, ritorika), fəsahət (gözəl, incə, aydın danışıq qabiliyyəti) və ifadə gücünə heç bir bəşər nail ola bilməz. Seçilən hər bir cümlə, söz və hərfin sıra, say, səs, daxili ahəng və enerji tutumu, olduğu yer və bütün bunların Quranın sonu ilə münasibət və əlaqəsi, hətta onların riyazi qanunlara tabeliyi, bir tabloda hər rəngin ayrı-ayrı ton və fonlarının müxtəlif mənalar ifadə etməsi, Rəbb kəlamının bəşər sözündən müqayisəedilməz dərəcədə üstünlüyünə dəlalət edir.
IV. Quran nazil olduğu dövrdə şeir çox dəbdə idi. Gözəl şeir nümunələri Kəbənin divarın-dan asılardı. Məkkə əhli isə gözlərinin qabağında boya-başa çatan həz.Məhəmməddən nə şeir, nə də nəsr eşitmişdi. Quranın dili də bunların heç birinə oxşamırdı. Həmin səbəbdən, Quranın dil və üslubu ilə heç vaxt rastlaşmayan müşriklər deyirdilər: "Quran şeir, nəzm, kahin və cin sözünə oxşamadığı üçün o, bir sehrdir".
Həmin dövrdə ərəb dili metafizik məna, elmi, dini, fəlsəfi məfhum və ifadələrdən, mədəni lüğətdən məhrum idi. Həmin dil sadəcə çöl ərəblərinin duyğu və düşüncələrini, dar həyatlarını ifadə etməyə yararlı bir vasitə idi. Lakin Quranın nazil edilməsilə bu dil dəyər və zənginliyinə gö-rə, Qiyamətə qədər ifadə oluna biləcək bütün məfhumları ehtiva etdi. 23 il ərzində bütün zaman və məkanı əhatə edən belə filoloji inqilabı təbii ki, bəşər edə bilməzdi və bu, mümkün də deyil. Digər tərəfdən, elə bir bəşər kitabı da yoxdur ki, alimindən avamına, uşağından ağsaqqalına qədər hamı onda təskinlik, rahatlıq, dərdinə əlac tapsın. Quran xaricində elə kitab yoxdur ki, o, usanma-dan dəfələrlə oxunsun və aktuallığını itirməsin.
V. İnsanı maddi-mənəvi tərəfilə anlatması, həyatın bütün sahələri üzrə düstur, təklif, tövsi-yə, icazə və qadağalar qoyması, dünya səadətilə yanaşı axirət xoşbəxtliyini, qəlbin rahatlığı və ru-hun tələbatını ehtiva edən prinsiplər baxımından da, Quran bəşər kəlamı deyil. Çünki ilahi vəhylərə söykənməyən hər hansı sənət əsəri zaman keçdikcə öz təravət və aktuallığını itirir. Sər-vətin sadəcə varlıların malı olmaması (Həşr,7), insan üçün səy və əməyin rolu (Nəcm,39), əmanət və vəzifələrin sədaqətli insanlara tapşırılması, hökmün ədalətlə verilməsi (Nisə,4), bir günahsız insan qətlinin bütün bəşəri öldürmək kimi qəbul edilməsi, ailə və cəmiyyət üçün faiz, qumar, içki, zinanın öldürücü zəhər olması, bəşər ağlına sığmayan axirət və onun təsviri və s. və i. olaylar Qu-ranın Rəbb kəlamı olduğunun sübutudur. Quran kainatın başlanğıc və sonuna, insanın yaradılışına aid qəti ifadələr işlədir. Heç bir yazar həmin işi görə bilmədiyi üçün o, "bunu bəşər edə bilməz" deyib, itaətcəsinə Ona həmd-sənada bulunur. Bir sözlə, insan və kainat kimin əsəridirsə, Quran da Onun əsəridir.
VI. Hansı vicdanlı yazar əsərinin heç bir tənqidə məruz qalmayacağı, qiyamətə qədər ona bənzər heç bir əsər yazılmayacağı iddiasında ola bilər? Əlbəttə, hər hansı yazar dünyanın məşhur siyasətçisi, hərbçisi və mütəfəkkirinə kitab həsr edib, onun adından danışa bilər. Lakin bu danış-malar, həqiqətən, onun bütün əmr, yasaq, qanun və tövsiyələrini olduğu kimi əhatə edərmi? Və əgər bu kitab həm müəllif anadan olmazdan çox-çox əvvəlki dövrü, həm də müəllifin vəfatından çox-çox sonrakı hadisələrdən bəhs edirsə, belə kitabın bəşər kitabı olması qeyri-mümkündür. Əgər yazar ədalətli, doğru danışan, əmin, mötəbər bir şəxsdirsə, belə bir kitab barədə yalnız bunu deyə bilər: "Bu, mənə Allah tərəfindən göndərilən bir kitabdır ki, sizə təbliğ edim".
Ağlı başında olan istənilən yazar, hətta elm və texnikanın inkişaf etdiyi indiki zamanda ya-ratma, həyat vermə, öldürməklə bağlı qərarlar verməkdə acizdir. Bəs dağ, okean, ağac, heyvan və insanların, Ay, Günəş, Yer, ulduzlar və qalaktikanın yaranması barədə hansı yazar və alim dəqiq məlumat verə bilər? Hansı yazar qəbr, Qiyamət, Axirət, Cənnət, Cəhənnəmdən yenidən dünyaya qayıdıb ki, onları təsvir etsin? "(Ya Rəsulum!) Sənə vəhy etdiyimiz xəbərləri bun-dan qabaq nə sən, nə də ümmətin bilirdi" (Hud, 49).
VII. Məlumdur ki, Quranda Allahın Peyğəmbərinə xitabən: "De (qul!) əmri 332 dəfə təkrar olunub. Hansı kitabda təbliğ belə ifadə tərzində və bu sayda işlədilib? Hansı yazar yazdığı kitabın-da həm özü-özünü, həm də başqası tərəfindən özünü təhdid etdirib, bilərəkdən özünü ittiham hə-dəfinə çevirər? Halbuki, Quranın: "Əgər (Peyğəmbər) özündən bəzi şeylər uydurub bizə is-nad etsəydi, Biz ondan mütləq şiddətli intiqam alardıq. Sonra onun şah damarını qoparar-dıq" (Haqqa 44-46) ayəsi, Tabuk hərbinə getməyənlər üçün Rəbbin Peyğəmbər(ə)-ə xitabən: "Onlara nə üçün izn verdin" - deməsi, onun Allah kitabı olduğunu təsdiq edir. Uca dağları görməyən və orada oksigen çatışmazlığından xəbəri olmayan (bax: Ənam, 125), "Yaxud (onların əməlləri) əngin dənizin zülmətinə bənzər. Onu bir dalğa, onun üstündən bir dalğa, onun üstündən bir bulud (dalğa) - zülmət üstündən zülmət örtər. O, əlini çı-xartdıqda, hardasa onu görməz" (Nur, 40) - kəlamındakı həqiqətləri bilməyən yazar, onları öz əsərində təfsilatı ilə necə yaza bilər?
VIII. Əsbəbi-Nuzul deyilən elm sahəsi hər hansı bir ayənin nazil olma səbəbindən bəhs edir. Quranda 15 ayədə "Yəsəlunəkə" (Səndən soruşurlar) şəklində Peyğəmbər (ə)-yə suallar ve-rilir və ondan cavab istəyirlər. Halal və haramlar, qənimətlərin bölünməsi, Qiblənin müəyyən edilməsi, aylar, Qiyamət, ruh və digər suallara həz.Məhəmməd yalnız Allahın öyrətməsilə cavab verir. Məsələn: "De ki, ruh Allahın əmrlərindəndir, aylar 12-dir..." və s. Bu sualların cavabla-rını bilən yazar, onları başqasının adına yazarmı?
IX. Əbu Ləhəb həz.Məhmmədin əmisi olmağına baxmayaraq, onun ən qəddar düşmənlərindən biri idi. Əbu Ləhəb Qurani-Kərimdə "Alov atası", yəni "cəhənnəmlik" adam kimi tanıdılır. Rəbbimiz Əbu Ləhəbin bu zülmünə görə hələ dünyada ikən cəzalanacağını belə bəyan edir. "Əbu Ləhəbin əlləri qurusun, qurudu da" (Əbu Ləhəb 1). Ayə nazil olduqdan sonra Əbu Ləhəbin əlləri qurudu. Soruşulur: Quranı Peyğəmbər (ə) yazsaydı, o necə bilərdi ki, onun əlləri quruyacaq...
X. Həzrəti Peyğəmbər azad etdiyi köləsi Zeydə "övladım" deyirdi. Rəbbin: "Allah oğulluğa götürdüklərinizi sizə doğma oğul etməyib" (Əhzab, 4) kəlamı ilə Peyğəmbər (ə) bir də həmin sö-zü işlətmədi. Zeynəblə izdivacda bulunmağı heç fikirləşməyən həz.Peyğəmbər, ilahi əmrlə onun-la evləndi (Əhzab, 37). Peyğəmbər (ə) Bədr döyüşündəki əsirləri əfv edib, azadlığa buraxmaq is-təyirdi. Allah isə fidyə (para, pul) verilməklə, azad olunmalarını hökm etdi. Bu və digər hadisələr göstərir ki, kainatın fəxri heç vaxt özbaşına iş görməyib. Onun bütün hərəkətləri Allahın hökmünə uyğun olub. Bir sözlə, həz.Məhəmməd Allahın elçisi olduğu üçün "Kefi istədiyini danışmır (O, vəhyə tabedir)" (Nəcm, 34).
XI. Məlumdur ki, heç bir kəs, xüsusən yazar, öz namusuna ləkə gətirmək istəməz və bunu əsərində heç vəchlə yazmaz. Əgər bu şəxs ömrü boyu "Əmin" kimi tanınan bir iffət və namus abidəsidirsə, onda onun öz əsərində bunu hallandırması hətta nəzəri cəhətdən qeyri-mümkündür. Halbuki, "ifq" hadisəsi (625 il) bunun tam əksindən xəbər verir. Belə ki, həz.Aişə Bəni Mustalıq hərbindən qayıdarkən, boyunbağısını yolda itirdiyi üçün geriyə qayıdır və nəticədə, karvandan xeyli uzaqlaşır. Lakin bir nəfər ona rast gələrək, dəvəsinə mindirir və karvana çatdırır. Fürsət ax-taran münafiqlər, xüsusən Abdullah ibn Ubeyy ona böhtan atır. həz.Peyğəmbər bu hadisədən çox sarsılır. Nəhayət, Peyğəmbər (ə)-nin zövcəsi Aişənin pak olduğu barədə bu ayə nazil olur: "Həqiqətən, (Aişə) barəsində yalan xəbər gətirənlər öz içərinizdə olan zümrədir (münafiqlərdir). Onu (o xəbəri) pis bir şey zənn etməyin. O, bəlkə də, sizin üçün xeyirlidir. O zümrədən olan bir şəxsin qazandığı günahın cəzası vardır. Onlardan günahın böyüyünü öz üstünə götürəni (Abdullah ibn Ubeyyi) isə (Qiyamət günü) çox şiddətli bir əzab gözləyir" (Nur, 11). Hansı yazar öz əlilə ailəsilə bağlı bu olayı öz qələmilə açıqlayar və onu bütün bəşərin malı edər?
Beləliklə, hətta qısa və azsaylı təhlillər göstərir ki, insan və kainatı Kim yaradıbsa, Quran da daxil olmaqla, bütün səmavi kitabların müəllifi də Odur. Həz.Məhəmməd isə Onun əmrilə Onun kitabını təbliğ edən bir Peyğəmbərdir. Bəli, biri Onun qulu, peyğəmbəri, seçdiyi dostu, sənətinin təməl-daşı, məhəbbətinin izharı, rəhmətinin misalı, qullarının müəllimi, digəri isə Onun açıq-aydın nuru, hakim bir zikri, ən doğru yolu, səmadan yer üzünə göndərdiyi xilas-qurtuluş kəlamıdır. Bu baxımdan Yer kürəsi bir auditoriya, dərsliyimiz Quran, müəllimimiz həz.Məhəmməd, dərsliyimizin müəllifi Allahu-Təalədir. Auditoriya var, dərslik var, müəllim var, dərsliyin Müəllifi var.
O ki qaldı həmin ilahi dərslikdən bizim necə yararlanmağımıza, bunu bir Allah, bir də Onun dəlili olan vicdanımız bilir.