adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

ƏRDOğAN YOX HA, HADiSƏ OXUYACAQ

AQİL ABBAS
27191 | 2009-04-11 00:27
Türkiyə-Azərbaycan münasibətləri Obamanın saçı kimi qarışıb. Əslində bu qarışıqlığı bir az da bizlər, yəni qələm sahibləri yaradır. Bizlər deyəndə təkcə bizlər yox, türkiyəli qələm qardaşlarımız da nəzərdə tutulur. Əsəblərimizi cilovlaya bilməyib bəzən həddini aşırıq. Amma yazılarımızın 90-95 faizində biz bu məsələdə türkləri deyil, Türkiyəni yönəldənləri qınayırıq.
   
   Mən bütün yazılarımda və televiziya çıxışlarımda dəfələrlə qeyd eləmişəm və yenə deyirəm ki, bu sorumda Türkiyə türklərinin zərrə qədər də günahı yoxdur, onlar Azərbaycan türkləri ilə eyni mövqedədirlər, bizim yanımızdadırlar. Qısası, Türkiyə türkləri Azərbaycan tırklərinin şah damarından axan qandı, Azərbaycan türkləri də Türkiyə türklərinin şah damarından axan qandı.
   
   Dünən Türkiyənin bir televiziya kanalında, özü də bizi istəməyən bir televiziya kanalında, AKP yanlısı bir kanalda aparılan sorğu da bunu nümayiş etdirdi. Belə bir sual qoyulmuşdu: "Türkiyə Ermənistanla sərhədi açsınmı; əvət və xeyr". Sorğuya cavab verənlərin yalnız 6 faizi "əvət" dedi, 94 faizi isə "xeyr" dedi. Bu həm də onu göstərir ki, Türkiyə iqtidarının nüfuzu 13-14 gün öncəki yerəl seçimlərdəki 38 faizdən 6 faizə düşüb. Məhz elə bu məsələdə.
   
   Dünənki Türkiyə qəzetlərində belə bir xəbərə rast gəldim. Bildirilir ki, "Evrovision" yarışmasında Azərbaycan Hadisəyə 0 xal verəcək. Məlumdur ki, biz həmişə bu yarışmalarda Türkiyəyə ən yüksək - 12 xal vermişik. Çox axmaq və mənasız bir xəbərdi. Biz heç vaxt Türkiyəni və türk xalqını Türkiyəni yönəldənlər kimi özümüzdən ayırmamışıq. Atatürkün sözü bizim üçün də müqəddəsdir və biz də Atatürkün sözünü belə ifadə edirik: "Türkiyənin kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdi".
   
   Yeri gəlmişkən, keçən il yarışma zamanı Yessentukidəydik. Rəşad Məcidlə Qədir adlı bir dostum ciblərində pul qoymadılar qala. Türkiyənin xeyirinə adama 1000 SMS göndərdilər, sonra məlum oldu ki, hər birinin 980 SMS-i boşuna gedib. Heç demə, 1 telefon nömrəsindən cəmi 20 SMS qəbul olunurmuş. Özü də bu SMS-lərin qəbul müddəti 20-cə dəqiqəymiş.
   
   Bir məsələni də qeyd edim. Biz təbii ki, yarışmanı Rusiya kanalından izləyirdik. Aparıcı Azərbaycanın xalı hələ söylənilməmiş dedi ki, 12 xal. O biri aparıcı da soruşdu ki, nədən deyirsən. Cavabı: "Bunu bilməyə nə var ki, özlərinə səs verirlər də". Yəni artıq dünya da bizləri bir-birimizdən ayırmır. Və dünya da bundan qorxduğundan başımıza bu bəlalar gəlir. Və bu bəlalara da birgə sinə gərəcəyik.
   
   Bu il də belə olacaq. Azərbaycan bu yarışmada Türkiyəyə 12 xal verəcək, Rəşad Məcidlə Qədir dostum yenə də Türkiyənin xeyirinə adama 1000 SMS göndərəcəklər ki, bəlkə bu dəfə qəbul olundu.
   
   Və sonda "Evrovision" yarışmasında Ərdoğan oxumayacaq ha, Hadisə oxuyacaq. Ərdoğan oxusaydı bu başqa məsələ.
   
   

TƏQVİM / ARXİV