adalet.az header logo
  • Bakı 16°C
09 Yanvar 2019 00:21
34148
ƏDƏBİYYAT
A- A+

TANIDIĞIM YAZIÇI...

ƏLİSƏFA AZAYEV

Gözəl yazıçımız Mustafa Çəmənlini ilk dəfə "Yazıçı" nəşriyyatında görmüşdü. Nəşriyyaiın nəsr şöbəsinə baxırdı. İlk vaxtlar onu çox ciddi, qaradinməz, adamayovuşmayan bir adam kimi bilsə də, demə, heç də belə deyilmiş. O ərəfədə onun "Çin qızılgülü" kitabı nəşriyyatda idi. Çapı üçün üzərində iş gedirdi. Təəssüf ki, həmin kitabın həcmi nəzərdə tutulduğundan çox çıxdığı üçün "Bir gecənin sirri" povestinin çıxarılması, əlbətdə, onu açmadı.
Əlbəttə, bütün bunlar əvvəlki şöbə müdirinin vaxtında olmuşdu. Mustafa müəllimin vaxtında "Sirli qətl" povestini rəyə verdi. Nəticəsi uzun çəksə də, heç də yaxşı olmadı. Aydın idi ki, onda, elə indi də, dedektiv janra ögey münasibət var. Bu janrda yazılan yazılar ədəbiyyatımızda tam oturuşmayıb.
Haqlı sual çıxır meydana, hüquqi dövlət qururuqsa, hüquqi ədəbiyyatdan niyə kənar qaçırıq? Dünyanın ən qabaqcıl ölkələrində bu janr diqqət mərkəzindədir. Bayağı yazılarldan hələ çox yapışacağıqmı?! Əgər bir məktəbli qanunun, hüququn nə olduğunu oradan öyrənə bilirsə, məlumatlı olursa, bunun nəyi pisdir?!.
İyirmidən artıq kitabına redaktorluq etmiş gözəl insan, sevimli yazıçı Mustafa Çəmənlinin haqq-sayı onun üzərində çoxdur. Bu xeyirxahlıqları Ağdam torpağının oğlu olan mərhum yazıçımız Əlfi Qasımovdan, bu gün Milli Məclisin deputatı, "Ədalət" qəzetinin təsisçisi və baş məsləhətçisi olan Aqil Abbasdan da görür...
Mustafa müəllim! Həqiqi mənada, ədəbiyyatımızın, söz sənətimizin müsəlləh əsgəri, onun dönməz keşikçilərindən biridi. Bunu ötən iyirmi il ərzində daha yaxından görüb, duymuşdur. Hətta özünə də demişdi ki, kitablarını redaktə edəndə səlahiyyət sahibisən. Nə, hansı yazı, söz, fikir sənə xoş gəlmirsə, xətlə, aradan çıxart. Çünki kitab geniş kütlə, oxucu üçün yazılır. Heç kimin yanında gözükölgəli, üzüqara qalmaq istəmirdi. Bütün bunlara baxmayaraq, Mustafa müəllim bir ədib, redaktor kimi çox diqqətli, məsuliyyətli idi. Hər şeydən əvvəl bu gözəl insanın bir kişi sözü vardı. Dediyi sözün, fikrin, təklifin ağası idi. Onu axıra kimi müdafiə etməyə çalışırdı.
Bəlkə də elə bu gözəl insani keyfiyyətlər onları yaxınlaşdırdı, dost, qardaş elədi. Mustafa müəllimə vaxtaşırı zəng çalmasa, əlaqə yaratmasaydı, darıxardı. Bu adam əsl mənada madiyyat yox, mənəviyyat adamı idi. Yadına gəlmir ki, nə barədə isə ölçüdən kənara çıxsın, artıqtamahlıq eləsin. Onun yeganə fikri, qayəsi ortalığa dəyərli əsər, kitab çıxartmaq idi. İlahi, o əlinə aldığı, götürdüyü bir işə necə də məsuliyyətlə yanaşar, onu deyilən vaxtda redaktə edib qurtarmağa çalışardı.
Nəşriyyat işi onun fəaliyyət sahəsi olsa da, Mustafa Çəmənli həqiqi mənada gözəl, böyük yazıçıdı. Onun "Xallı gürzə", "Ölüm mələyi", "Fred Asif" kitabları çox xoşuna gəlmişdi. Hekayələrinin isə hər birinin dərin mənası, əvəzsiz şirinliyi, gözəl yaxınlığı var adama. Musiqiçilərimiz haqqında çoxsaylı yazılar yazıb. Mərhum akademik Bəkir Nəbiyev onun "Leyli və Məcnun" - 100 il səhnədə" ensiklopedik tədqiqat əsərini necə də gözəl qiymətləndirdi!
Sənətkar onda xalqa yaxın, doğma olur ki, onun sənəti ilə şəxsiyyəti bir-birini tamamlasın. Bəlkə də bunun nəticəsi idi ki, Mustafa Çəmənlidə təkəbbürlülükdən əsər-əlamət yox idi. Sadə, səmimi bir insan kimi tanıyır onu. Gözəl bir el misalı var: " Soruşurlar ki, filənkəsi tanımırsan? Deyir ki, yoldaş olmamışam." Bəli, insan nə qədər sirli məxluq olsa da, yoldaş olanda az-çox ona yaxın, bələd ola bilirsən.
1997-ci ildə Siyəzəndə rayon İcra Hakimiyyətinin dəstəyi ilə yaradıcılıq gecəsi hazırlanıb keçiriləndə onu da dəvət etmişdi. İstəyirdi ki, "Gənclik" nəşriyyatında 30.000 tirajla çap olunmuş "Gecəyarı sui-qəsd" kitabından söhbət açılsın. Onda Mustaf müəllim: "Çalışacağam ki, hökmən iştirak edim" - desə də, bunu gəlişi gözəl sözlər kimi başa düşdü. İş adamı idi. Onun vaxtı harada idi ki, Siyəzənə getsin. O vaxt üzdə olan "Gənclik" nəşriyyatının baş redaktoru vəzifəsində işləyirdi.
Tədbirə Fikrət Sadıq, Oktay Rza, Rafiq Yusifoğlu, Məmməd Namaz və başqaları gəlsə də, yazıçı Mustafa Çəmənli görünmədi. Elə tədbir yenicə başlamışdı ki, Mustafa müəllim içəri girdi və üzürxahlıq edərək dedi:
- Gərək bağışlayasız da...
Bir azdan ona söz veriləndə içəridə gur alqış qopdu. Ünvanına xoş sözlər deyərək, onun əsərlərinin, kitablarının özünəməxsusluğundan, məziyyətlərindən danışdı. Sonra da ona "Leyli və Məcnun" əsərinin farsca yenicə çap olunmuş nüsxəsini hədiyyə etdi.
Aralarında az yaş fərqi olsa da, bunu heç vaxt büruzə verməzdi. Təbiəti etibarilə görüb-götürmüş adama oxşayırdı. Hiss olunurldu ki, ailələri, yaxınları, çıxdığı mühit onun formalaşmasında əvəzsiz rol oynayıblar. O, Ağdam, doğma torpaqları, yurd yerləri Çəmənli kənd üçün necə də darıxar, vaxtaşırı ailəliklə həmin kəndə səfər edərdilər.
Qarabağ müsibəti, münaqişəsi ilə əlaqədar aralarında xeyli söhbət, müzakirə olsa da, "Əsgər anası" povesti onu təsirləndirən kimi olmuşdu. Bunu onun həmin kitaba yazdığı "Faciələrimizin mənzərəsi" ön sözündən də görmək olardı.
Sonra da, o, onun Şuşanın müdafiəsindən, təslimindən bəhs edən "Qanlı gündəlik", rayonlarının yeganə Sovet İttifaqı Qəhramanı Məmiş Şahbaz oğlu Abdullayevin keçdiyi döyüş yolu barədə yazdığı "Qürbət ellərdə" romanını redaktə elədi.
Mustafa Çəmənlinin kitablarının redaktoru olmasında özü daha çox maraqlı idi. İstəyirdi ki, yazısı əvvəl bir təcrübəli qələm sahibinin əlindən keçsin. Kitaba, onun redaktə olunmasına, nəşrinə o heç vaxt laqeyid ola bilməzdi. Kitab onun üçün ana südütək ləziz, həm də müqəddəs idi! Bu müqəddəsliyə Mustafa Çəmənli kimi adamlar heç vaxt xələl gətirməzlər!
Bir filosofun gözəl bir sözü, fikri var: "Böyük işlər görmək üçün dahi olmaq, insanlardan yüksəkdə durmaq lazım deyil, onlarla bir yerdə olmaq lazımdır". Mustafa müəllim bütün həyatı boyu belə bir adam idi. Xeyrə - şərə yarımağa çalışırdı, dostlara yaxın idi.
Onun anası rəhmətə gedəndə torpaqlarının xeyli hissəsi düşmən əlində olan Ağdam rayonuna, Çəmənli kəndinə gedəsi oldu. Bəlkə də Mustafa müəllim gələcəyini gözləmirdi. Ancaq o bunu, həmin yas məclisində iştirak etməyi özünə mənəvi borc bildi. Bu ağır gündə Mustafa müəllimə yaxın, bir yerdə olmaq istədi. Hətta yas məclisindən geri qayıdanda onların kəndi yaxınlığındakı torpaq səddin, təpənin üstə qalxmaq həvəsinə düşdü. Mustafa müəllim etiraz etməsə də, dedi:
- Ə, bu yağılar buradadı ey... Lap yaxınlıqda... Ehtiyatlı olaq...
Bəli, bax beləcə dəhşətli müharibə ab-havası o yerlərin hər tərəfində, hər addamında beləcə duyulmaqda idi...
Onun yetmiş illik yubileyi tədbirində söz deməyə imkan olmasa da, ancaq bir nisgil sıxdı qəlbini. Mustafa Çəmənli kimi yazıçının bu gözəl yubileyi tədbirində AYB-nin katiblərindən heç biri iştirak etmirdi. Mətbuat xidmətinin katibi təbrik məktubunu oxudu. Bəlkə də oxumasaydı ondan yaxşı idi. Neçə dəfə karıxdı, səhv oxudu, fasilə verdi...
Mustafa müəllim, onsuz da sənin belə sözlərə ehtiyacın yoxdur! Özünü təsdiq etmiş, sağlığında ululaşmış sənətkarlardan, gözəl yazıçılarımızdan birisən. Nə edəsən, çox təəssüf ki, bunu hələ bilməyənlər də var. Yoxsa Yazıçılar Birliyinin nəsr bölməsini bu sahədə bir o qədər təcrübəsi olmayan adama tapşırmazdılar. Ora əsl mənada elə sizin yerinizdi. Gələcəyimiz, nəsrimizin inkişafı üçün!..
Yadındadı da Yazıçılar Birliyinin qurultayında Ulu Öndərimiz Heydər Əliyevin çıxışı? Arada rəyasət heyətində pıçıldaşanlara bir nəzər saldı, sarılarını udan kimi oldular. Bu o demək idi ki, ziyalısınız, yerinizi, harada olduğunuzu, hərəkətlərinizi bilin! Bəli, cəmiyyətin həmişə nizam-intizama ehtiyacı olub. Yazıçılar Birliyinin qurultayında Heydər Əliyevin o tarixi çıxışını həmişə böyük minnətdarlıq hissi ilə xatırlayır. Bəlkə də üç saata yaxın bu böyük insan ayaq üstə, heç xitabət kürsüsünə toxunmadan, söykənmədən nitq söylədi. Hamı onu necə də maraqla, həvəslə dinləyirdi. Heydər Əliyev cəmiyətimizin uğurları ilə yanaşı, ağrılı məsələlərdən də danışır, şair və yazıçıların fikrini, diqqətini bu istiqamətə yönəltmək istəyirdi:
- Yadınızdadı da, Şuşada, Cıdır düzündə o qarlı qış günündə böyük şairimiz Molla Pənah Vaqifin şərəfinə ucaldılmış heykəl abidəsinin açılışına topalaşmağımız?!. İnşallah, yenə orada belə möhtəşəm tədbirlərimiz olar, yenə də ora qayıdarıq!.. O torpaqlar bizim doğma, əzəli torpaqlarımızdı!..
Sonra da sonrakı qurultayda... Burada elə bir məsul adam gözünə dəyməsə də, həmin qurultay onun yadında yazıçı Vidadi Babanlının üsyankar çıxışı ilə qalıb. Hər nə deyirdisə, düz deyirdi. Yazıçılar Birliyini bu ətalətdən qurtarmaq, hərəkətə gətirmək lazım idi! Gənclərlə, yaradıcı qüvvələrlə əlaqə çox zəif idi.
Yazıçı Vidadi Babanlını çoxdan tanısa da, Kürdəmirə gələndə şəxsən tanış olmuşdular. Hətta onda kitab mağazasından "Vicdan susanda" romanını alıb, üstünü yazaraq, ona yadigar verdi. O da "Gecəyarı sui-qəsd" povestlər kitabını ona hədiyyə etdi.
İllər sonra bu gözəl, şöhrətli yazıçını şəhərin zirzəmisində olan kitab mağazalarından birində gördü. Kitablarından satılan olmadığını biləndə halı dəyişən kimi oldu. Onu da heç tanımadı. Axı, Azərbaycan yazıçısı niyə bu günə düşməli idi?!. Bu günlərdə "Azərkitabın" binasında olanda ürəyi açıldı. Şükür, kitablarımız zirzəmilərdən işıq üzünə çıxır!.. Belə insanları sağ olsunlar ki, Vidadi Babanlı, Mustafa Çəmənli kimi yazıçıların özünə, yaradıcılıqlarına lazımı qiyməti verirlər.
Bu günlərdə "Ədalət" qəzetində "Ana kitab!..", "Sevdiyim yazıçı" yazıları dərc olundu. Bu yazılar elə-belə yazılmayıb, ürək ağrısı içində yazılıb. Niyə biz dəyərləndirilməməli, öz qiymətimizi almamalıyıq?! Sağ olsun, onun yazısını oxuyub, birinci zəng çalanların içində yazıçı Mustafa Çəmənli də vardı. Dedi:
- Tamamilə haqlı yazmısan. Belə olmaz axı. Niyə ayrı-seçkilik edirlər...
Bəli, belə olmasaydı yetmiş illiyində Mustafa Çəmənli kimi istedadlı, tanınmış yazıçı öz qiymətini alar, Dövlət təltifi üçün təqdim olunardı. Prezident haradan bilsin ki, onun yetmiş yaşı tamam olur, kifayət qədər kitabları çap olunmuş, xidmətləri olan yaradıcı bir adamdı?..
Bu ağrılı məsələ tək yazıçı Mustafa Çəmənli üçün yox, çoxları üçün belədi. Təltif məsələsində sanki Prezident Administrasiyasında bu təşkilata bir sərin münasibət var. Elə bu münasibəti doğuran Yazıçılar Birliyinin özü, fəaliyyətsizliyidi. Gündə, həftəbaşı, ayda bir tədbir keçirib, kiminsə xətrini əziz eiməklə deyil, Yazıçılar Birliyinin, şair və yazıçıların fəaliyyəti regionlarda, yerlərdə bir o qədər lazımınca hiss olunmur, duyulmur.
Altmış beş illiyində Mustafa müəllim Kürdəmirdə keçirilən tədbirinə gəlmişdi. Şairə, yazar, əməkdar jurnalist Flora Xəlilzadə, şair Kərəm Kürqıraqlı ilə. Çıxış zamanı yenə də onun ünvanına xoş sözlər deyərək, bir daha redaktoru olduğu kitablarından, yaradıcılıq məziyyətlərindən danışdı.
Tədbirdən sonra süfrə açılmışdı. Əyləşəndə, o, sağlıq dedi. Doğrusu onu heç vaxt içki içən görməmişdi. Halbuki düz iyimi il idi ki, onun kitablarına redaktorluq edirdi. Başqası olsaydı hər kitabı çap olunub çıxanda bir sanballı qonaqlıq, ziyafət arzusunda olar, tələb edərdi.
Mustafa müəllim belə təmənnasız adamdı. Onun haqqında həyəcansız danışa bilmir. Əsl mənada ədəbiyyatımızın, sənətimizin yorulmaz fədailərindən biridi. Bu günə kimi yaradıcılığından əlavə, yüzlərlə kitaba redaktorluq edib. Yalan olmasın, bəlkə də onların sayları artıq mini keçib.
Onun özünəməxsus, yazılmaqdan, işlənməkdən artıq püxtələşmiş qələmi necə işləyirsə, o yazılar həmişə adama şirin, əvəzsiz, qiymətli gəlir. Mustafa müəllim həqiqi mənada ədəbiyyatımızın, sənətimizin bilicilərindən, yaxşı, etibarlı, namuslu keşikçilərindən biridi. Qardaş, yaşa, var ol səni! Ailənlə, oğlunla, gəlininlə, nəvələrinlə var ol həmişə!
Gün gələcək, vurğunun olduğu Qarabağ, Ağdam torpaqları da işğaldan azad olunacaq! Onda o qədim yurd yerlərinə beləcə uzaqdan - uzağa yox, yaxından, açıq ürəklə baxacaq! O müqəddəs torpaqların əsl sahibi kimi qayıdacağıq ora! Ağdam zirvəsində onun yaxından tanıdığı, söz- söhbətlərinə, yaradıcılıqlarına, insanlıqlarına valeh olduğu üç adam varsa, onlar mərhum Əlfi Qasımov, Mustafa Çəmənli, Aqil Abbasdı... Biri ona mənəvi ata əvəzi, digəri əksər kitalarının redaktoru olmuş, dost, qardaş bildiyi, o biri də rəhbərlik etdiyi mətbuat səhifəsində ona yer ayıran bir insan, gözəl ziyalı, yazıçı, Millət vəkili...
Mustafa müəllim, atan doğulanda Sovet hökumətinin şərəfinə onun adını Şura qoysalar da, sən o hökumətlə heç barışana oxşamadın, onun gördüyü işləri bir o qədər öymədin, təqdir edib tərifləmədin. Sənin qələmin Müstəqilliyi vəsf etdi, yazdın, gecə-gündüz çırpındın. Bu yolda nurlu bir mayaka çevrilib, yollarımıza işıq saçanlardan biri oldun!.. İnanıram ki, sənin layiq olduğun xalq yazıçısı adı tez-gec veriləcək, öz layiqli qiymətini alacaqsan! Necə ki, qızıl pul heç vaxt dəyərini itirmir! Neçə il qara torpaq altında qalsa da! Bu, sağlığında olsa nə gözəl olar! Bu gün yurd, torpaq həsrətli olan Ağdam camaatını da sevindirmiş olarsan!
Nahaq deməyiblər ki, ədəbiyyat sözlərin köməyilə özünü ifadə etmək sənətidir. Elmi ədəbiyyat insanları nadanlıqdan, bədii ədəbiyyat isə kobudluq və bayağılıqdan xilas edir. Əsl yazıçılar isə həyatda öz qəhrəmanlarına, onları yaratdıqdan sonra rast gəlirlər. Sən "Mübariz" əsərinlə belə bir qəhrəmanı, onun ölməz qəhrəmanlığını vəsf etdin! İnşallah, bütün ağrı-acılarımıza son qoyacaq, müqəddəs torpaqlarımızı xilas edəcək əsl qəhrəman, Xilaskar- Fateh surəti də yaradacaqsan!