adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
09 Yanvar 2019 00:12
15253
GÜNDƏM
A- A+

Səlahiyyət savaşı yoxsa...

Ələmdar Məmmədov
Təqaüddə olan Baş ədliyyə müşaviri

(əvvəli ötən sayımızda)

Cavad Şıxəliyev CM-nin 214-cü maddəsinin 4-cü hissəsi ilə cinayət işi başladı və hər üç müqəssir barədə həbs qətimkan tədbiri seçildi. Bir neçə gündən sonra məlumat verdilər ki, müqəssirlərdən biri Cəmilin qohumudur. (İcra başçısından tutmuş, polis rəisinədək, ən yaxın münasibətdə olduğum dost-tanışlarım da yanacaq daşınması da daxil olmaqla müəyyən kateqoriya cinayətlərə görə məndən xahiş etmirdilər. Bilirdilər ki, belə hallarda "hamının qanun qarşısında bərabərliyi prinsipi"toxunulmazdır). Nəsir və Cəmilə inamım hədsiz olsa da, qəlbimə şübhə toxumu səpilmişdi. Yanacağın həcmini azalda, kasseti poza bilərdilər və s.
Müstəntiq Cavad Şıxəliyev işi məruzə edərkən, kasseti göstərməsini bildirdim. Cavad dedi ki, kasset Nəsir müəllimdədir. Cavada tapşırdım ki, kasseti götürsün və cinayət işinə əlavə etsin. İki gündən sonra Cavaddan yenə kasseti soruşduqda, hələ Nəsiri görmədiyini və ona görə də ala bilmədiyini bildirdi.Cavadı məzəmmət etdim. O, söz verdi ki, gedən kimi kasseti Nəsir müəllimdən alacaq. Bir gün də keçdi. Cavada zəng etdim. Hirslə kasseti Nəsirdən aldın?- deyə, soruşdum.
-Ələmdar müəllim, kasseti Nəsirdən almağa gedirəm. Dəstəyi asıb, səbrimi basa bilmədim. Nəsirə zəng etdim. (Mənim yalnız rəis və növbətçi hissə ilə birbaşa telefon əlaqəm var idi). Nəsir dəstəyi götürərkən aşağıdakı dialoqu eşitdim.
Cavad:
- Nəsir müəllim, neçənci dəfədir Sizə deyirəm ki, prokuror kasseti istəyir.
Nəsir:
- Ə, o kasseti mən prokurora verməyəcəm, -allo eşidirəm, dedikdə, mən Nəsirə, 5 dəqiqəyə kasseti gətirəcəksən və 24 saat ərzində rayondan çıxacaqsan- deyib, dəstəyi asdım. (Nəsir onun Cavada dediyi sözləri eşitdiyimi duymamışdı). Düzü sarsılmışdım. Nəsir İlk gündən səmimiyyəti və cəsarəti ilə mənim diqqətimi cəlb etmişdi...
Yarım saat keçmiş Nəsir polis rəisi Əmralı Dəmirovla kasseti götürüb yanıma gəldi. Qaşqabaqla qarşıladım onları. Nəsir, saat 12:30-dur. Sabah saat 13-dək rayondan getməlisən,-dedim. Onlar kasseti mənə verib getdilər. İlk dəfə baxdığım kassetdə heç nə pozulmamışdı. Səhərisi günü saat 13 radələrində Nəsirə zəng etdim. Nəsir otağında idi. Sən rayondan çıxmamısan?- deyə, soruşduqda Nəsir dedi:
- Ələmdar müəllim, mənim nazirim var, nə ixtiyarım var özbaşına rayonu tərk edim.
Dedim:
- Bəs sənin nə ixtiyarın var ki, istintaqa aid olan kasseti özündə saxlayıb, prokurora vermirsən?
Prokuror müvini Əlimirzə Əliyev prokuror işinin mükəmməl bilicisi olmaqla yanaşı, güclü yaddaşa və əməliyyat məlumatlarına malik adam idi. Əlimirzəni yanıma çağırıb, olmuş əhvalatı danışıb, Nəsirə aid nəyin var deyə, soruşduqda, Əlimirzə cavabında:
- Ələmdar müəllim, soruşun ki, Nəsirə aid nə yoxdur? Həftənin 4-cü günü idi. Üç-dörd gizlətmə faktı ilə əlaqədar Əlimirzə 5-6 nəfərin ərizəsini və izahatını aldı. Səhərisi günü mənim qərarımla Nəsir haqqında CM-nin 167-ci maddəsinin 1-ci hissəsi ilə (Hakimiyyətdən və ya qulluq mövqeyindən sui-istifadə) cinayət işi başlanılıb, məxfi poçtla DİN-in müavini adına xüsusi məlumat göndərildi. Cinayətlərin qeydiyyatı barədə vərəqə RPŞ-nə həftənin 1-ci günü göndərildi. Üç gündən sonra Nəsir vəzifəsindən azad edilib, sərəncama götürüldü.
Təxminən 15 gündən sonra növbəti məzuniyyətə çıxdım. Axşam Moskvaya uçacaqdım. Saat 12 radələrində Bakıda qaldığım otağa telefon zəngi olundu. Dəstəyi götürdüm. DİN-nin kadrlar idarəsinin rəisi Xalıq Mirzəyev idi. Bir-birimizə hörmətimiz var idi. Əslən Saatlı rayonundan olduğuna görə həmyerli sayılırdıq. Xalıq müəllim dedi ki, Nəsiri Qasım İsmayılov (indiki Goranboy) rayonuna SƏDM xətti üzrə baş əməliyyatçı təyin edirik. Barəsində cinayət işini xitam etsəniz, məsələ həll olunacaq. Bir-birimizə söz verdik. Əlimirzəyə zəng edib, cinayət işini xitam etməsini tapşırdım.
1997-ci ildə məni Goranboy rayon prokuroru vəzifəsinə təyin etdilər. O vaxt Nəsir qonşu rayonda RPŞ-nin rəisi vəzifəsində işləyirdi. Tez-tez yanıma gəlir, qulluğumda dururdu. Bir dəfə ikilikdə olanda dedi:
- Ələmdar müəllim, mən sizi həm prokuror, həm də bir insan kimi həmişə çox istəmişəm. Bu gün də istəyirəm. Amma mənim haqqımda cinayət işi başlayıb, Zaqatala rayonundan çıxmağa vadar etmənizin səbəbini anlaya bilmədim.
Dedim:
- Nəsir, mən öz qulağımla eşitdim ki, sən Cavada deyirsən ki, "ə, bu kasseti prokurora verməyəcəyəm". Sən də bilirsən ki, səlahiyyət mənim üçün həyati məsələdir. Mən səlahiyyətimi heç kimə, heç nəyə güzəştə getməmişəm. Mən də sənin xətrini çox istəsəm də, ayrı yol qoymamışdın.
Nəsir səhvini yalnız indi başa düşdü.

P.S. Bu gün də hesab edirəm ki, mən düzgün hərəkət etmişəm. Oxucu özü qiymət versin. Bu səlahiyyət savaşı idi, yoxsa...
(ardı gələn sayımızda)