adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
09 Yanvar 2019 00:07
4276
GÜNDƏM
A- A+

Sürücülər, sizin üçün!


(əvvəli ötən saylarımızda)

26) zədələnmiş nəqliyyat vasitələrinin müəyyən edilmiş yerlərə aparılmasını və sahibsiz qalmış əmlakın mühafizəsini, habelə qaçırılmış, oğurlanmış nəqliyyat vasitələrinin, yol-nəqliyyat hadisəsi yerlərindən qaçıb gizlənmiş yol hərəkəti iştirakçılarının axtarılmasını təşkil və təmin etmək;
27) yol-nəqliyyat hadisələrinin, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum olunmuş vətəndaşların, yol hərəkəti qaydaları pozuntularının, bununla əlaqədar görülmüş tədbirlərin uçotunu aparmaq, şəxslərin yol hərəkəti qaydalarının pozuntusu ilə əlaqədar barələrində tətbiq edilən inzibati tənbeh haqqında qərarlarla və onların nəticələri (cərimələr və onların ödənilməsi, balların sayı və ya silinməsi) ilə bağlı rəsmi internet informasiya ehtiyatlarından məlumat almasını təmin etmək;
28) hərəkət üçün ayrılmış yollara nəzarət etmək, hərəkət sürətinin məhdudlaşdırıldığı zonaları müəyyənləşdirmək, orada müvafiq yol nişanları qurmaq, habelə təhlükəli yüklərin daşınmasını və nəqliyyat dəstələrinin şəhərlərdən və digər yaşayış məntəqələrindən keçməsini təşkil və təmin etmək;
29) bu Qanunla müəyyən olunmuş digər tələbləri yerinə yetirmək.
Maddə 5. Yol hərəkəti sahəsində hüquqi şəxslərin vəzifələri
I. Yol hərəkəti sahəsində mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslərin aşağıdakı vəzifələri vardır:
1) yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi və yol hərəkəti qaydalarının tələblərinə riayət etmək;
2) yol hərəkəti qanunvericiliyinin tələblərinə əməl olunması üzrə əmək kollektivlərində profilaktik iş aparmaq;
3) həmkarlar ittifaqı təşkilatları ilə razılaşdırmaqla sürücülərin sağlamlıq vəziyyətinə, sürücülər tərəfindən əmək və istirahət rejiminə əməl olunmasına nəzarət etmək;
4) daşıma fəaliyyəti ilə məşğul olduqda daşımaların xüsusiyyətlərini nəzərə alaraq, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla, yol hərəkəti sahəsində qüvvədə olan qaydalar, normativlər və standartlar əsasında xüsusi qaydalar qəbul etmək;
5) yol-nəqliyyat hadisələrinin profilaktikası ilə bağlı tədbirlərin təşkili və maliyyələşdirilməsi, nəqliyyatın fövqəladə hallarda istismarı məsələlərini həll etmək;
6) bu Qanunla müəyyən olunmuş digər tələbləri yerinə yetirmək.
II. Hüquqi şəxslərin sürücüləri yol hərəkətinin təhlükəsizliyi tələblərini pozmağa hər hansı fomada sövq etməsi qadağandır.
Maddə 6. Yol hərəkəti sahəsində fiziki şəxslərin hüquq və vəzifələri
I. Yol hərəkəti sahəsində fiziki şəxslərin aşağıdakı hüquqları vardır:
1) müəyyən edilmiş qaydalara müvafiq olaraq avtomobil yollarında sərbəst və maneəsiz hərəkət etmək, müvafiq icra hakimiyyəti orqanlarından yol hərəkəti şəraiti haqqında məlumat almaq;
2) avtomobil yollarında hərəkətin məhdudlaşdırılmasının və ya qadağan edilməsinin səbəbləri barədə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarından məlumat almaq;
3) yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi ilə bağlı məmulatların və xidmətlərin keyfiyyəti haqqında məlumat almaq;
4) yol-nəqliyyat hadisələri zamanı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada pulsuz tibbi yardım və digər təcili kömək almaq;
5) yolların hərəkət təhlükəsizliyi tələblərinə uyğunsuzluğu nəticəsində baş vermiş yol-nəqliyyat hadisələri zamanı səhhətinə, eləcə də nəqliyyat vasitəsinə dəymiş zərərin ödənilməsini Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq qaydada tələb etmək;
6) yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin hərəkətlərindən məhkəməyə şikayət etmək;
6-1) barələrində yol hərəkəti qaydalarının pozuntusu ilə əlaqədar tətbiq edilən inzibati tənbeh haqqında qərarlarla və onların nəticələri (cərimələr və onların ödənilməsi, balların sayı və ya silinməsi) ilə bağlı rəsmi internet informasiya ehtiyatlarından məlumat almaq;
7) bu Qanunla müəyyən olunmuş digər hüquqlardan istifadə etmək.
II. Yol hərəkəti sahəsində fiziki şəxslərin aşağıdakı vəzifələri vardır:
1) yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi ilə bağlı tələblərə və yol hərəkəti qaydalarına əməl etmək;
(ardı var)