adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
09 Yanvar 2019 18:36
20169
MƏDƏNİYYƏT
A- A+

Dahi hekayəçi uşaqları sevindirəcək

Yanvarın 26-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında yeni ilin ilk premyerası - Frans Şubertin musiqisi əsasında səhnəyə qoyulmuş "Dahi hekayəçi" baletinin ilk tamaşası keçiriləcək.

Kiçik yaşlı tamaşaçılar üçün nəzərdə tutulmuş baletin son dərəcə gözəl musiqisi, orijonal xoreoqrafiyası və baxımlı dekorasiya və səhnə kostyumları heç şübhəsiz ki, uşaqlar və onların valideynlərinin çox xoşuna gələcək.

Balet görkəmli Danimarka yazıçısı Hans Xristian Andersenin nağıllarına həsr olunub. Tamaşanın süjet xəttini yazıçının "Kənd xoruzu və flyüger", "Qar kraliçası", "Düyməcik", "Qalay əsgər", "Sehirli dibçək", "Kralın təzə libası" kimi dünyada çox məşhur olan nağılları təşkil edir.

Andersenin nağılları əsasında baletin librettosunu Əjdər Ulduz yazmışdır. Tamaşanın quruluşçu baletmeysteri Opera və Balet Teatrı balet truppasının bədii rəhbəri, Xalq artisti, "Zirvə" və "Qızıl dərviş" mükafatları laureatı Kamilla Hüseynova, dirijoru - dirijorların Antal Dorati adına beynəlxalq müsabiqəsinin laureatı Orxan Həşimov, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi Tehran Babayevdir.

Tamaşada Teatrın balet truppasının artistləri iştirak edəcəklər. Əsas rollarda Əməkdar artistlər Samir Səmədov, Nigar İbrahimova, Makar Ferştandt, Fərid İbrahimov, solistlərdən Elmira Süleymanova, Anar Mikayılov, Timur Oduşev, Ayan Eyvazova, Cəmilə Kərimova və b. çıxış edəcəklər.