adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
08 Yanvar 2019 16:50
24161
HÜQUQ
A- A+

Prokuror alimentə görə qayınatasını qətlə yetirənə 19 il cəza istədi

Bakı Ağır Cinayətlər Məhkəməsində qayınatasını qətlə yetirməkdə təqsirləndirilən Samir Şabanovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Trend-in məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb və dövlət ittihamçısı təqsirləndirilən şəxsə cəza istəyib.

Prokuror S.Şabanovun 19 il azadlıqdan məhrum edilməsini tələb edib.

Proses yanvarın 15-də davam edəcək.

İttihama görə, ötən il aprelin 21-də Sabunçu rayonunun Maştağa qəsəbəsində qəsəbə sakini Hətəm Şabanovun küt alətlə qətlə yetirilmiş meyiti tapılıb. Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Samir Şabanov saxlanılıb.

Samir Şabanov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O deyib ki, hadisədən əvvəl həyat yoldaşı ilə boşanıb və alimentə görə aralarında mübahisələr olub: "6 min manat aliment pulu ödəməli idim. Ödəmədiyim üçün onlar şikayət etdilər. Məni icradan çağırdılar. Həmin vaxt mərhum da orada idi. Bu məsələyə görə aramızda mübahisə oldu. Həmin gün axşam onu qətlə yetirdim".